Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: "Köçəri" rəqsinin "qoçaq arilər" rəqsi kimi ifadə edilməsi saxtakarlığın zirvəsidir


13 Dekabr 2017 12:56 (UTC+04:00)

 

https://az.trend.az/azerbaijan/karabakh/2834708.html

Bakı. Hüseyn Vəliyev - Trend:

 

 

"Köçəri" rəqsinin "koç-ari", yəni "qoçaq arilər" rəqsi kimi ifadə edilməsi saxtakarlığın zirvəsidir. Bunu Trend-ə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, “Köçəri” haqqında YUNESKO saytında sözün etimologiyası verilməsə də, erməni alimləri özləri də etiraf edir ki, terminin kökü türk sözü “köçel”dən əmələ gəlmədir (S.S.Lisisian “Erməni xalqının qədim rəqsləri və teatr tamaşaları”). Bundan başqa, “Köç” – “koç” türk kökünün özününküləşdirmə istəklərinə uyğun olaraq, bir neçə erməni mütəxəssis türkizm olan “qoç” şəklini (türkcə buradan “qoçu” sözü əmələ gəlir) istifadə edərək “köçəri” rəqsini guya “qorxmazların (qoçaqların) rəqsi” kimi qələmə verir. Lakin aydın olmur, hansı səbəbə görə həmin rəqsdə də qadınlar iştirak edə bilirlər. Odur ki, bu saxtakarlıqla yaranan anlaşılmazlıqdan çıxmaq üçün bir sıra erməni mənbələrində “köçəri” – kütləvi, kişi rəqsi kimi ifadə olunur (Y.X.Petrosyannın Musiqi ensiklopediyasında “Köçəri” adlı məqaləsi). Saxtakarlığın zirvəsi isə “köçəri” rəqsinin “koç-ari”, yəni “qoçaq arilər” rəqsi kimi ifadə edilməsidir.

K.İmanov qeyd edib ki, türk dillərində, xüsusən Azərbaycan dilində “köç” “köçmə”, “yerdəyişmə” deməkdir və buradan rus alimlərin yekdil fikirlərinə əsasən, “кочевник” sözü əmələ gəlir. Bu sözün kökünə “əri” şəkilçisi etməklə, “köçəri” sözü yaranır (isim və sifət). “Köçəri” rəqsində ermənilərin qədimliyə getməsi də uydurmadır. Məsələ ondadır ki, 1633-cü ildən başlayaraq XX əsrin birinci yarısı da daxil olmaqla, 7 ən məşhur izahlı lüğətdə bu söz tapılmır, hətta “köç” köklü söz də yoxdur. Əlimizdə olan sözlüklərdən yalnız E.Ağayanın 1976-cı ildəki lüğətində ikili mənada işlənməsi tapılır (erməni kollektiv rəqsi və rəqs üslubunda musiqi). Halbuki, Mahmud Qaşqarinin (Qaşqarlı) “Divani lüğəti-türk”də (XI əsr) sözün mənası “köçmək” və “qoç” olması təsdiqlənir. Həmçinin, qədim türk lüğətində (“Древнетюркский словарь”, V.M.Nedelyayev və d., 1969-cu il) “köç” mənası “köçmə” (rusca “кочевье”) kimi tanınır. Beləliklə, erməni lüğətlərində XVII əsrdən başlayaraq XX əsrin ikinci yarısına qədər “köçəri / кочари” sözünün nə özü, nə də “köç / koç” kökü olmayıb və yalnız 1976-cı ildə rast gəlindiyi halda, türk lüğətlərində bu söz və kökü XI əsrdən başlayaraq mövcuddur. "Bu rəqs kimə məxsusdur" sualının cavabını axtarmağa dəyməz.