Kamran İmanov: "Kitab satışı sahəsində piratçılıq 61%-dən 29%-ə düşüb"
29 İyun, 2017 10:14
https://report.az/elm-ve-tehsil/kamran-i-manov-10-sened-layihesi-hazirlanaraq-nazirler-kabinetine-teqdim-edilib/
Müəllif Hüquqları Agentliyində 1996-cı ildən 2017-ci ilin birinci rübünədək 10 989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar Agentliyin “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilib.
“Report” xəbər verir ki, bunu Agentliyin sədri Kamran İmanov deyib.
Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılıq kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 84%-ə düşüb: “Aparılan islahatlar çərçivəsində Agentlikdə publik hüquqi şəxslər barədə dünya təcrübəsi öyrənilib, təhlil edilib, müqayisələr aparılıb və araşdırmaların nəticəsi olaraq “Publik hüquqi şəxslər haqqında qeydlər (kontinental Avropa və postsovet məkanının bir sıra ölkələrinin təcrübəsi)” adlı kitabça buraxılıb. Prezidentin müvafiq sərəncamının icrası ilə bağlı “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi“nin layihəsi, həmçinin publik hüquqi şəxslərin hüquqi təminatı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 10 sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.