Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: "Keçən ildən bu günə qədər 656 əsər qeydiyyatdan keçirilib"


24 Aprel, 2015 14:31

REPORT.AZ

"Müstəqillik dövrü ərzində Azərbaycanda insanların yaradıcılıq fəaliyyətinin stimullaşdırması və müəllif hüquqlarının qorunması sahəsində olduqca mühüm işlər görülüb". "Report" xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illər müəllif hüququ sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesi uğurla davam etdirilib. K.İmanov qeyd edib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir: "Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində keçən il ölkədə piratçılığın səviyyəsi kitab nəşri sahəsində cari illə müqayisədə 31%, audio-video məhsulları bazarında 24%, proqram təminatında 11% aşağı düşüb".
Müəlliflərin hüquqlarının qorunmasının təminatının mühüm amili olan əsərlərin Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmasına gəldikdə, H.İmanov bildirib ki, 1996-2014-cü illərdə qeydiyyatdan keçirilən əsərlərin ümumi sayı 10 minə yaxın olub: "Keçən il və bu ilin 3 ayı ərzində 656 əsər (o cümlədən, 37 əsər elektron qaydada) qeydiyyatdan keçirilib".