Kamran İmanov: “Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır”
13.12.2017
“Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil”.
APA-nın məlumatına görə, bunu Bakıda təşkil olunan “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
K. İmanov qeyd edib ki, belə səylərin arxasında siyasi maraqların dayandığı birmənalıdır: “Məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “avtoxton”, “ən qədim köklü sakinləri” olmasına, “Böyük hay mədəniyyəti”, “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta faktoloji materiallar toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır.
Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Lakin o da bir həqiqətdir ki, Azərbaycan folklorunun və ənənəvi biliklərinin oğurlanması ilə yanaşı, erməniçilik folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyllidir, bu bir növ “milli istedaddır”.
“Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir və çəkilir. Hay-erməni saxtakarlıqları və uydurmaları qədim mətnlərə və klassik mənbələrə söykənərək, tarixi sübutlar, elmi dəlillərlə və danılmaz faktlarla ifşa olunmalı, bu missiya davam etməlidir. Agentlik onlarla kitab və broşuralar hazırlayaraq, mütəxəssis və cəmiyyət nümayəndələri arasında paylayıb”.