Kamran İmanov: “Əqli mülkiyyət hüquqları sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amildir”
24 Aprel, 2015 11:37
Report.az
Bu gün Bakıda 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib. “Report” xəbər verir ki, konfransı giriş sözü ilə açanStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkədə son illərdə xüsusilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib.
Onun sözlərinə görə, artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir: “İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir”.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından danışıb.
O deyib ki, belə bir zamanda elmi-tədqiqat fəaliyyəti ilə məşqul olan təşkilatların və institutların əldə etdiyi nəticələri öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnozlaşdırmaq tələb olunur: “Bu xüsusiyyət ixtiraçılara ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək hər hansısa mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın”.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu qeyd edib.
Konfransda həmçinin Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və digər qonaqlar məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, tədbir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutub.