Kamran İmanov: Elmi-tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır
05 İyul 2017 14:24
«Elmi-tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır». Bu fikri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
K.İmanov bildirib ki, əqli mülkiyyət siyasətinin bu işlərdə dəstək olması danılmaz faktdır. Onun sözlərinə görə, Dünya Əqli Mülkiyyət Mülkiyyət Təşkilatı tərəfindən əməkdaşlığın gücləndirilməsinə dəstək verilərək xüsusi Saziş sənədi hazırlanıb.
«Elmi tədqiqatların tətbiqi və kommersiyalaşması ilə bağlı əqli mülkiyyət biliklərini artıran müəyyən məlumat bazası yaradılmaqdadır. Agentlikdə tədris bazası və müvafiq tədris kursları da hazırdır. Elmin səmərəliyini artırmaq işinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu da qoşulub. Atılan addımlar qarşımızdakı vəzifələri layiqincə yerinə yetirməyə müəyyən əminlik yaradır. Dünyada baş verən böhranlar fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında rəqabətqabiliyyətinə görə 37-ci yerə layiq görülərək hazırda dövlət başçısının təşəbbüsü ilə neqativ tendensiyaları qabaqlamaq məqsədilə iqtisadi islahatlar mərhələsini uğurla keçir»- deyə, K.İmanov vurğulayıb.