Kamran İmanov: Azərbaycanda milli antiplagiat sisteminin yaradılmasına ehtiyac var
Bakı, 7 aprel, Kifayət Əliyeva, AZƏRTAC
http://azertag.az/xeber/940956
Aprelin 7-də Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), nazirliklərin nümayəndələri, ali məktəblərin rəhbərləri iştirak ediblər.
Əvvəlcə son günlər təmas xəttində Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olmuş hərbçilərimizin və mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MHA-nın sədri Kamran İmanov plagiat və onun qarşısının alınması yollarına həsr olunan tədbirin əhəmiyyətindən, mövzunun aktuallığından danışıb. Bildirilib ki, gələcəyə baxışın kreativ və innovasiyalı cəmiyyətlə əlaqələndirilməsi üçün plagiatçılıqla mübarizə güclənməlidir. Tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir.
Təhsil naziri M.Cabbarov qeyd edib ki, müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır. Bu baxımdan təhsil sahəsində fəaliyyət göstərən alimlər, təhsil alanlar və təhsil verənlər qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır. Bu çağırışlara cavab verməyin yolları “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb. Bu sənəddə nəzərdə tutulan tədbirlər sırasında təhsil sahəsində plagiatın qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Təhsil sistemimizdə plagiatın olmaması hər birimizin qarşısında duran əsas məqsəd və vəzifədir. XXI əsrdə, elm və təhsilin inkişaf etdiyi bir zamanda plagiat qətiyyən qəbuledilməzdir. Bu, həm hüquqi, həm də mənəvi nöqteyi-nəzərdən düzgün hesab edilmir. Xüsusilə təhsil sahəsində buna yol vermək olmaz. Təhsil sistemində vacib amillərdən biri də yeni biliklərə yiyələnmək və bu bilikləri gənc nəslə ötürməkdir.
M.Cabbarov vurğulayıb ki, plagiatın qarşısını almaq üçün beynəlxalq təcrübəyə əsaslanmaqla bir çox tədbirlər həyata keçirilir. Bu mübarizədə hər birimizin fəal iştirakı vacibdir. Rəhbər şəxslər, yaradıcı insanlar, alimlər bu sahədə birgə fəaliyyət göstərməlidirlər.
Tədbirdə K.İmanovun “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşının alınması yolları” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, plagiata istər tələbələrin kurs işlərində, istərsə də elmi monoqrafiya, məqalə və dərsliklərdə rast gəlmək olar. Yenilikçilik və yaradıcılıq nəticələri mövcud biliklər əsasında yaranaraq yeni biliklərlə nəticələnir. Bunlar insanların tükənməz yaradıcılıq resurslarına əsaslanır və bu keyfiyyətlərin inkişafı elm və təhsil sistemlərinin əsas məqsədidir. Yarandığı zaman qeyri-maddi olan ideyalar, elm, ədəbiyyat və incəsənət əsərləri obyektiv ifadə olunaraq əqli mülkiyyət vasitəsilə qorunur.
Beləliklə, “əqli mülkiyyət” əşya mülkiyyətini tamamlayan anlayışdır. Lakin plagiat heç bir yeni bilik yaratmır, əksinə, kiminsə əqlinin məhsulunu özününküləşdirir, mülkiyyətini mənimsəyir. Plagiatın elm və təhsil təsisatlarına vurduğu zərbə bilik sisteminin əsaslarını sarsıdır, ona inamı qırır, şübhə və ədalətsizliyi yayır, bununla da cəmiyyətə və dövlətə heç bir müqayisəsi olmayan ziyan vurur.
Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə dediyi kimi, “… həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək”.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamına uyğun olaraq, “Azərbaycan dilində antiplagiat sisteminin yaradılması” nəzərdə tutulub. Bugünkü tədbir həmin istiqamətdə atılan addımlara təkan verəcək.
Vurğulanıb ki, plagiat hər zaman maraq dairəsində olub, xüsusən söz ustaları plagiat haqqında maraqlı fikirlər söyləyib, əməli addımlar atıblar.
Plagiatın yaranma səbəblərinə gəlincə, K.İmanov deyib: “Bunu internetin açıqlığı və əlyetənliyi, rəqəmli mətnlərin surətinin asanlıqla çıxarılması ilə izah edirlər. Lakin bəzi mütəxəssislər bu fenomenin yayılmasının sosial kökləri sırasında cəmiyyətdə preferensiyalar və sosial fərqliliklərin, saxta yollarla qazanmaq istəyən və buna yatırım yönəldən bir sıra varlı insanların olmasını da nəzərdə tuturlar. Lakin zənnimizcə, plagiatın akademik kökləri çox böyük rola malikdir. Hazırda plagiatın aşkarlanmasında informasiya texnologiyalarının rolu danılmazdır. Müxtəlif növ kompyuter antiplagiat proqramları və internet servisləri bir sıra müasir model və alqoritmlər əsasında plagiatı aşkarlamağa imkan yaradır. Azərbaycanın bir neçə ali təhsil müəssisəsi artıq bu proqram sistemlərinin icarəçi qismində istifadəçisidir və bu sistemlərin geniş istifadəsi MHA tərəfindən hər zaman dəstəklənir. Bununla belə, ölkədə milli antiplagiat sisteminin yaradılmasına ehtiyac var. Agentlik müəllif-hüquq qanunvericiliyi nöqteyi-nəzərindən həmin sistem üçün ümumi prinsipləri, alqoritm və tələbləri hazırlayıb. Eyni zamanda, proqram təminatının texniki şərtləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri də artıq hazırdır”.
MHA-nın sədri qeyd edib ki, rəqəmli antiplagiat sistemləri yalnız müəlliflərin yaratdıqları mətnlərin müstəqillik səviyyəsinə yönəldilməməli, müəllif hüququnun pozulub-pozulmamasına cavab axtarmalıdır. Hazırda müasir sistemlərin çoxu əsərin daxili obrazlarda əksini tapmış ideyaların mənimsənilməsi ilə zəif işləyir, hətta bunun qarşısında aciz qalır. Şübhəsiz ki, gələcəkdə internet-servislərin, antiplagiat proqramların inkişafı yaranan çətinlikləri aradan qaldıracaq.
K.İmanov bildirib ki, plagiat yaradıcılıq oğruluğudur və bunu törədən şəxs qanunvericiliyə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti daşıyır.
Plagiat məsələsi araşdırılarkən, elmi əsərləri ədəbi əsərlərdən fərqləndirən müəyyən xüsusiyyətlər nəzərə alınmalıdır. Məzmun elementləri (mövzu, material, süjet nüvəsi, ideya məzmunu və s.) elmi problemin qoyuluşu, elmi araşdırmaların üsulu, elmi faktlar, interpretasiya, sistemləşdirmə, fərziyyələr, nəzəriyyə, konsepsiyalar və digər elementlərlə əvəz olunur və bunlar qorunma üçün müstəqil hüquqi əhəmiyyət daşımır. Müstəqil hüquqi əhəmiyyət daşıyan daxili forma elementləri (obrazlar) elmi anlayışların ifadə təsvirinin ardıcıllığı, məntiq, elmi ideyaların açıqlama sistemi, materialın quruluş və düzülməsi və s. ilə əvəz olunur. Burada ədəbi əsərlərdən fərqli olaraq, obrazlar abstraktdır, anlayışlar kimi verilir. Elmi əsərlərdə plagiat (köçürmə) məsələlərində çox vaxt ideya oğurluğundan söhbət aparırlar. Əslində isə ideya əsərin əsas fikri deməkdir və bütün obrazlar sistemi vasitəsilə təsvir olunur. Ədəbi və elmi əsərin ideyası təsvir üsulu ilə fərqlənir, belə ki, elmi ideya daha dəqiq isbatını tələb edir. Beləliklə, ideya oğurluğu obrazların mənimsənilməsidir.
Ən çətin müəyyən edilən plagiat ideyadan istifadəyə görə plagiatçılıq hallarıdır. Bu “intellektual” piratçılıq növündə adətən ideyanın semantik mənası mənimsənilir və sinonim, ümumiləşdirici sözlərlə əvəzetmə nəticəsində mətn və terminologiyaya uyğunlaşdırılır. “Süjet”in, xüsusən əsərin “ideya”sının oğurlanmasını sübut etmək hər zaman çətin məsələ olub.
Məruzəçi bununla bağlı bəzi misallar çəkib. Məsələn, rus ədəbiyyatından bəlli olduğu kimi, tanınmış yazıçı İ.Qonçarov İ.Turgenyevin məşhur “Dvoryanskoye qnezdo” və “Nakanune” romanlarındakı süjet və ideya xətlərinin onun hələ dərc olunmamış, lakin əsas məqamlarını yazıçıya söylədiyi “Obrıv” romanından götürülməsi iddiaları ilə çıxış edib. Lakin iddianı araşdıran nüfuzlu komissiya bununla razılaşmayıb.
Böyük yazıçılar plagiatın, “həyatda rast gələn” süjetlərin və “havadan asılan” ideyaların istifadəsi haqqında paradoksal rəylər də səsləndiriblər. Dahi Volterin belə bir məşhur kəlamı var: “Kitablar ocaqlarımızdakı oda bənzərdir: onu qonşudan götürürük, özümüzdə alovlandırırıq, digərlərinə çatdırırıq və beləliklə nəticədə onlar hamıya məxsusdur”.
Çoxlu mütaliə edən və fenomenal yaddaşa malik A.Frans “Plagiatın apologiyası” məqaləsində şair M.Monteqyunun A.Dodeyə qarşı plagiat ittihamı ilə bağlı qeyd edirdi ki, süjetlərin oxşarlığı “adətən fikirləşdiyimizdən və istədiyimizdən daha dərin qatlara aparır”. O, göstərirdi ki, süjetin orijinallığını iddia edən şair Monteqyunun həmin süjetini XIX əsrin tanınmış yazarlarının dördündə tapmaq mümkündür.
Plagiat haqqında Amerika dramaturqu Miznerin də orijinal fikri var: “Birindən götürmək plagiatdır, çoxundan götürmək isə yaradıcılıqdır”.
Daha sonra plagiatın yaranma səbəbləri, onunla aparılan mübarizə tədbirləri, bu sahədəki dünya təcrübəsi və müvafiq qanunvericiliklə bağlı fikirlər səsləndirilib, mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüsynov bildirib ki, plagiatın qarşısının alınması hazırda diqqət mərkəzində saxlanılması vacib olan məsələlərəndir. Xüsusilə dissertasiya şuralarında plagiatla mübarizəyə ciddi fikir verilməlidir. Plagitın ən geniş yayılmış forması köçürmə və tərcümədir. Lakin digər formalar da var. Elmi əsərlərdə plagiatın qarşısının alınması olduqca vacibdir. Ali Attestasiya Komissiyası bu sahədə mühüm tədbirlər həyata keçirir və gələcəkdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın akademil-katibi, akademik Rasim Əliquliyev, “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və başqaları tədbirin əhəmiyyətini qeyd edib, elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiatın qarşısının alınmasının vacibliyini vurğulayıblar.