İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Baş Assambleyasının 57-ci toplantısı keçirilir
Cari ilin 2-11 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 57-ci toplantısı keçirilir. 2-4 oktyabr tarixlərində həmin tədbirdə cənab Kamran İmanovun rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti iştirak etmişdir.
Toplantıda ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarri təşkilatın fəaliyyət istiqamətləri üzrə ötən il həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər, o cümlədən qlobal İP sistemlərinin səmərəli idarə edilməsi sayəsində Təşkilatın qazandığı uğurlar barədə məluat verdi. Son illər bir sıra sahələrdə, o cümlədən əsasında əqli mülkiyyətin durduğu innovasiya fəaliyyətinin bir çox ölkələrin iqtisadi və sənaye inkişafı strategiyasının başlıca elementinə çevrildiyini, qlobal məlumat bazalarının, informasiya-texnoloji platformaların istifadə sahələrində böyük tərəqqiyə nail olunduğunu qeyd edərək, “ÜƏMT-nin biliklər şəbəkəsi”nin yaradılması zamanının yetişdiyini vurğuladı.
Tədbirdə çıxış edən Regional qrup koordinatorlarının, həmçinin üzv-dövlətlərin nümayəndələrinin çıxışlarında da əqli mülkiyyətin dünyanın müasir inkişafındakı roluna xüsusi diqqət yetirildi və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı. Toplantıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək, son vaxtlar Azərbaycanda əqli mülkiyyət sahəsində görülən işlər barədə məlumat verdi.
Səfər çərçivəsində oktyabrın 3-də ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarri ilə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsi Səfir Vaqif Sadıxov iştirak etdilər.
Görüşdə Azərbaycan ilə ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması, inkişafının təşviqi və əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olundu. Cənab Qarri əqli mülkiyyətin təminatı sahəsində ölkəmizdə həyata keçirirlən tədbirləri yüksək qiymətləndirərək, bu sahədə aparılan işlərə bundan sonra da ÜƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğuladı. Görüşdə həmçnin ölkəmizdə ÜƏMT-nin xarici ofisinin yaradılması məsələsinə toxunuldu. Yekun olaraq Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və ÜƏMT-nin Baş direktoru cənab Fransis Qarry Birgə bəyanat imzaladılar.
Görüş zamanı Kamran İmanov ÜƏMT-nin son illər həyata keçirdiyi tədbirləri və irəli sürdüyü təşəbbüsləri məmnunluqla qeyd edərək, ölkəmizdə “Əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya”ya və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yaradılan rəqəmli hüquqların idarə edilməsi və “one stop shop” rejimində onlayn lisenziyalaşma sistemi barədə məlumat verdi, son vaxtlar ÜƏMT ilə birgə əməkdaşlıq çərçivəsində ölkəmizdə innovativ sistemlərin və elmi nəticələrin tətbiqi üzrə həyata keçirilən tədbirlərin yaradıcılıq və yenilikçilik üçün daha əlverişli şəraitin təmin edilməsinə böyük töhfə verdiyini xüsusi qeyd etdi.
Cənab Qarri əqli mülkiyyətin təminatı sahəsində ölkəmizdə həyata keçirirlən tədbirləri yüksək qiymətləndirərək, bu sahədə aparılan işlərə bundan sonra da ÜƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğuladı.
Sonda Kamran İmanov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının müasir çağırışları ilə bağlı Agentliyin son nəşrlərini Frensis Qarriyə təqdim etdi. Cənab Qarri bu nəşrləri yüksək qimətləndirdi və onların aktuallığını vurğulayaraq, Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafına mühüm töhfə verəcəyinə inam ifadə etdi.
Toplantının ikinci günü ÜƏMT-nin rəhbər orqanlarına keçirilən seçkilərdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin vitse-prezidenti seçildi.
Sessiyanın keçirildiyi günlərdə ÜƏMT-nin vəzifəli şəxsləri ilə keçirilən işçi görüşlərdə də müəllif-hüquq sahəsində əməkdaşlığın müxtəlif istiqamətlərinə toxunuldu və ölkəmiz üçün prioritet olan məsələlər önə çəkildi. Bununla yanaşı, ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentinin, həmçinin Kreativ industriyalar Departamentinin əməkdaşları ilə “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində 2018-2021-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirə olundi, həmçinin növbəti ildə əqli mülkiyyət sahəsində birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan tədbirlər barədə ilkin razılaşmalar əldə olundu.
Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə eyni zamanda ölkəmizin daxil olduğu Regional qrup çərçivəsində ÜƏMT üzv-dövlətlərinin nümayəndələri ilə keçirilən işçi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi və Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verildi.
Agentliyin nümayəndə heyəti həmçinin oktyabrın 3-də Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibəti ilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” heykəltəraşlıq abidəsinin açılışında iştirak etmişdir.
05.10.2017