İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti
02.06.2016 00:48
http://www.baki-xeber.com/sosial/61996.html
Texniki tərəqqi informasiya cəmiyyətinin inkişafına, formalaşmasına ciddi təsir göstərir. İnformasiya cəmiyyətində yaşayırıq və əldə etdiyimiz hər bir bilginin, informasiyanın yanında onun müəllifi, yaradıcısı dayanır. İndi elə bir dövrdə yaşayırıq ki, qloballaşma dalğasından yayına bilmirik. Sanki günü-gündən bu dalğanın təsirini daxilən daha çox hiss etməyə başlamışıq. İnsan dərk etdikcə, daha çox informasiya aldıqca, onun çox şeyə münasibəti pis və yaxşı mənada dəyişir. İnformasiya cəmiyyətində müəlliflik məsələsi ən çox diqqət çəkən nüanslardan biridir. Ancaq bəzən müəyyən müəlliflərin bilərəkdən, yaxud bilməyərəkdən müəlliflik hüquqları tapdanır.
Maddi-mənəvi dəyərlərimiz, mədəniyyətimizin ayrı-ayrı nümunələri zaman-zaman erməni saxtakarlığına məruz qalır. "Qafaz evi"nin sakini olmayan ermənilər Qafqaza köçürüldükdən sonra burada özlərinə ev-eşik, yurd-yuva qurdu. Torpaqlarımıza sahiblənməkləri bir yana qalsın, mədəniyyətimizə, folklorumuza, söz sənətimizə, musiqi alətlərimizə də əl uzatdılar. Bölgənin "qara yarası"na çevrilən ermənilər xalqımızın taleyində mənfi rol oynayıb.
Erməni xisləti bütün dünyaya ziyan vurub.Bu gün nəzər salsaq görərik ki, onlardan yalnız biz deyil, digər xalqlar da əziyyət çəkib.Belə deyək, ermənilər özlərindən mədəni cəhətdən yüksək olan bütün xalqların, o cümlədən də azərbaycanlıların maddi-mənənvi dəyərlərinə iddialıdır.
Aşıq sənəti, muğam Azərbaycan xalqına məxsusdur və bu fakt bütün dünyada öz təsdiqini tapıb.Ermənilər Azərbaycan xalqının folklor örnəklərini, xalq mahnılarını, xalçalarını, hətta adət-ənənələrini də mənimsəməyə cəhd edir.Bu yaxınlarda internetdə təsadüfən erməni "xalq çalğı alətləri" kollektivinin ifalarına rast gəldik.Həm musiqiçilər, həm də müğənnilər bizim milli geyimlərdə idi.Ansamblda saz, tar, kamança, ud, dəf, qoşanağara (hətta müasir Türkiyə sazı da vardı) və digər musiqi alətlərimiz yer almışdı.Səsləndirilən musiqi də, təbii, bizə mənsub idi.Sadəcə, müğənni erməni dilində oxuyurdu. Təsəvvür edin ki, adam bu mənzərəni görəndə dəhşətə gəlir. Sənə aid olmayanlara necə sahib olmaq olar?Bax, bu, erməni xislətidir.
İndiyə qədər, "Sarı gəlin" daxil olmaqla, onlarla xalq mahnımız ermənilər tərəfindən oğurlanıb.Onlar bizim atalar sözləri və məsəllərinə, hətta bayatı, tapmaca kimi örnəklərimizə "yiyə"lənib.Azərbaycan tərəfi erməni plagiatlığını dəfələrlə ifşa etsə də, yenə də onlar öz xain əməllərini davam etdirməkdədir.
Vurğulayaq ki, erməni saxtakarlığı sayəsində Azərbaycan mədəniyyəti də təcavüzə uğrayıb. Bu məsələlərlə bağlı beynəlxalq hüquqi müstəvidə hələ köklü bir iş görülməsə də, təbliğat vasitələrindən, informasiya resurslarından istifadə edərək onlara qarşı mübarizədə aktivlik göstərə bilirik.
Qeyd edək ki, Azərbaycan Respublikasının müstəqillik illərində əldə etdiyi nailiyyətlər, dövlətin qüdrətli yerişi cəmiyyətin həyatının bütün sahələrində tarix boyu görünməmiş tərəqqi və inkişafla müşahidə olunur.Ekspertlər qeyd edir ki, qanunun aliliyi tam bərqərar olmuş demokratik və azad dövlət, şaxələnmiş müasir iqtisadiyyat, daha da zənginləşmiş mədəniyyət insan resurslarının inkişafına, əhalinin rifah halının yüksəldilməsinə möhkəm dayaq olaraq, bütün sahələrdə yaradıcı fəaliyyətə güclü təkan verir.
Bütün bunlar ümummilli lider Heydər Əliyevin uzaqgörən strategiyasının reallaşması, yeniləşən şəraitdə onun ölkə rəhbəri İlham Əliyev tərəfindən müntəzəm və ardıcıl davam etdirilməsinin bəhrələridir.Gələcəyə yönəlmiş bu strateji kursun zəfəri Azərbaycanı XXI əsrin olduqca kəskin çağırışlarına sinə gərməyə, qlobal siyasətin qurduğu mürəkkəb, ziddiyyətli-dəyişkən beynəlxalq, regional və dövlətdaxili şəbəkədə milli maraqlara qulluq edən dürüst və düzgün istiqamətlər seçməyə və addımlar atmağa qadir edib.Çağdaş dövr üçün ölkə rəhbərliyinin müəyyən etdiyi inkişaf istiqamətləri də bu strateji yanaşmadan doğaraq, onun təbii davamı olan konkret proqramlar və sənədlər vasitəsilə reallaşır. Bu sənədlər arasında əsrin ikinci onilliyi üçün öz əhatəliliyi ilə seçilən, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əqli mülkiyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, gələcəyə yönəlmiş strategiyasını müəyyənləşdirərkən, ilk növbədə, fəaliyyət proqramı xarakteri daşıyan həmin Konsepsiyanın müddəalarını rəhbər tutur. Prezident İlham Əliyevin İnkişaf Konsepsiyasının təsdiq olunması haqqında imzaladığı fərmanda xüsusi qeyd olunan Azərbaycanda "inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq" məqsədinə nail olmaq üçün əqli mülkiyyət sistemi münbit şəraitin yaradılmasında müstəsna (əvəzolunmaz) əhəmiyyətə malikdir. Bu, əqli mülkiyyətin və ona əsaslanan fəaliyyət növlərinin yaradıcılıq, yenilikçilik, kreativlik meyarları üzərində köklənməsindən irəli gəlir.Dövlətimizin məhz bu cür fəaliyyəti öz qayğısı ilə stimullaşdırması nəticəsində Azərbaycanda çoxşaxəli əqli mülkiyyət sistemi yaranıb, onun iki qolundan biri olan müəllif-hüquq sistemi (müəlliflik hüququ və əlaqəli hüquqlar, inteqral sxem topologiyaları, məlumat topluları, ənənəvi mədəni ifadələr (folklor nümunələri) və ənənəvi biliklərə hüquqlar) uğurla inkişaf etdirilir.Səmərəlilik və yüksək fayda tələbləri əsasında qurulmuş müəllif-hüquq sisteminin inkişafı nəinki müasir çağırışlara adekvat cavab kimi çıxış edir.Eyni zamanda, o, dünya ölkələri sırasında Azərbaycanın layiqli statusunun, tərəqqinin yaratdığı imkanlardan yararlanaraq yenilikləri fəal mənimsəmək və özünəməxsus milli çalarlarla inkişaf etdirmək qabiliyyətinin göstəricisidir. Müstəqillik dövründə qısa bir müddətdə müəllif-hüquq sisteminin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşması, sahəyə aid qanunların və digər aktların yaranma prosesinə Agentlik tərəfindən peşəkarcasına pozitiv müdaxilə, işgüzar beynəlxalq əlaqələrin qurulması, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) tədbirlərində fəal mövqe nümayiş etdirmə Azərbaycanda müəllif-hüquq münasibətlərini effektiv idarə edən sistemin yaranmasının təsdiqidir. Bununla yanaşı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunan "qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin" müddəasını rəhbər tutaraq, biz dərk edirik ki, müasirliyin dinamizmi, ölkələrin və cəmiyyətlərin mümkün inkişaf cərəyanlarının müxtəlif vektorluğu və daxili ziddiyyətliyi, elmin, texnologiyanın, iqtisadiyyatın inkişafı və qlobal cəmiyyətin gələcəyi əqli mülkiyyət, o cümlədən müəllif-hüquq institutu qarşısında bir sıra ciddi çağırışlar qoyur, həmin institutun ilkin çıxış nöqtəsi olan əqli mülkiyyət fenomenini ictimai diqqətin və təhlillərin fokusuna çevirir, onun inkişafı üçün çeviklik və peşəkarlığın artırılmasını tələb edir. Yeni əqli mülkiyyət obyektlərinin yaradılması və onlardan səmərəli istifadənin stimullaşdırılması, beynəlxalq əməkdaşlıqda ölkəmizin bərabərhüquqlu və etibarlı tərəfdaş kimi qəbul olunması, sahənin modernləşdirilmiş infrastrukturunun, daha mükəmməl normativ-hüquqi bazasının yaradılması, hüquqların təminatının və informasiya mübadiləsinin gücləndirilməsi, olduqca mühüm olan əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, hüquq sahiblərinin (müəlliflər, onların vərəsələri, ifaçılar, fonoqram istehsalçıları, yayım təşkilatları və s.) hüquqlarının qorunması Agentlik üçün əsas vəzifələrdən sayılır. Bu vəzifələrdən doğan məsələlərin həlli yollarını, bu məqsədlə atılan addımların ardıcıllığını və onların məntiqi nəticələrini vahid sistem formatında birləşdirmək Azərbaycanın müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiyanın strukturunu və məzmununu təşkil edir."Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsini təmin etmək üçün belə sənədin hazırlanmasını ölkə rəhbəri İlham Əliyevin həmin Konsepsiyanın təsdiq edilməsi haqqında fərmanı da tələb edir.Milli Strategiya əsasında həyata keçiriləcək tədbirlər 2000-ci ildə ÜƏMT-nin yeni minilliklə bağlı yaydığı Ümumdünya Bəyannaməsində qeyd edildiyi kimi, "bəşəriyyətin inkişafında, elmi-texniki tərəqqinin və mədəni yaradıcılığın təminatında əsas amillərdən" olan və olmaqda davam edən əqli mülkiyyətin bütün növlərinin hüquqi qorunması, müdafiəsi hüquqların təminatına geniş şərait yaratmalıdır.Beləliklə, Milli Strategiya müəllif hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsində, xüsusilə sistemin qarşıdakı illərdə daha sürətli inkişafı ilə bağlı əsas vəzifələrin və strateji məqsədlərin yerinə yetirilməsində mühüm rol oynayacaq.
Müəllifi və müstəsna yaradıcısı ulu öndər Heydər Əliyev olan Azərbaycanın əqli mülkiyyət hüquqları sisteminin 20 ildən artıq tarixi var. Müstəqillik dövründə Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyətin digər növlərinə aid olan hüquqlar təsbit olunub (Konstitusiyanın 30-cu maddəsi), yaradıcılıq azadlığına tam hüquqi təminat verilib (Konstitusiyanın 51-ci maddəsi), hüquqların təminatı istiqamətində ardıcıl ciddi islahatlar həyata keçirilir, ümumilikdə, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları dövlətin prioritet istiqaməti kimi qəbul edilib. Bu dövrdə hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan Müəllif Hüquqları Agentliyi yaradılıb, müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları sahəsində hüquqi tənzimləməni təmin edən 5 qanun - "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" - qəbul edilib, müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin təmin olunması sahəsində mühüm addımlar atılıb. Uğurla beynəlxalq əqli mülkiyyət sisteminə daxil olmuş ölkəmiz geridə qalan dövr ərzində ÜƏMT-nin inzibati idarəçiliyi altında olan "Ədəbi və bədii əsərlərin qorunması üzrə Bern Konvensiyası"na və "Fonoqram istehsalçılarının mənafelərinin, onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında", "İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında" konvensiyalara, ÜƏMT-nin internet müqavilələri kimi tanınan "Müəlliflik hüququna dair" və "İfalar və fonoqramlar haqqında" müqavilələrinə, həmçinin, UNESCO-nun "Ümumdünya Müəllif müqaviləsi"nə və "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiyalarına qoşulub. Bununla yanaşı, müasir rəqəmli çağırışlara cavab verən və "biliklərə əsaslanan iqtisadiyyatda" rəqəmsal müəllif-hüquq sisteminin formalaşdırılması istiqamətində ciddi addımlar atılıb.Sistemin texniki təminat strukturu dəyişdirilib, xüsusən informasiya cəmiyyətində, "biliklərə əsaslanan kreativ iqtisadiyyatda", rəqəmsallaşan müəllif-hüquq məkanında yaranmış vəziyyət təhlil olunaraq öyrənilib, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər qulluğu yaradılıb.
Əlbəttə, bir yazıda bu sahədə görülən işlər haqqında tam məlumat vermək mümkün deyil.Hesab edirik ki, bundan sonra da bu istiqamətdə uğurlu tədbirlər həyata keçiriləcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.