Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti


01.06.2017 | Saat: 18:30:00

 

http://hafta.az/index2.php?m=yazi&id=200518


 

İnformasiya cəmiyyəti, nanotexnologiyalar, sosial şəbəkələr və s. həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Yaşanan sürətli inkişaf özlüyündə arzuolunmaz müdaxilələrin qarşısını almaq üçün daimi olaraq təkmilləşməli olan önləyici tədbirlərin görülməsi zərurətini meydana çıxarıb. Təbii ki, burada müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması məsələsi ön plana çıxır. Çünki hər bir dövlət müasir zamanda özünün əldə etdiyi və yalnız ona məxsus olan yenilikləri, ixtiraları və innovativ kəşfləri ilə iqtisadi, siyasi, hüquqi inkişafa nail ola bilər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, müasir qloballaşan dünyada, informasiya texnologiyalarının sürətlə gündəlik həyatımıza daxil olduğu bir dövrdə müəlliflik, eləcə də əqli mülkiyyət hüququnun qorunmamasının ciddi mənfi tərəfləri mövcuddur. Onun sözlərinə görə, bu gün qarşısına iqtisadi inkişafa nail olmaq yolunu qoymuş hər bir cəmiyyətdə istər müəlliflik, istərsə də, əqli mülkiyyət hüquqlarının maksimum dərəcədə qorunması prioritet sayılır: "İnkişaf etməkdə olan ölkələr bu və ya digər şəkildə saxta və qeyri-leqal yolla müəyyən müəlliflik hüququ və patentlərə görə ödəniş etmədən hansısa ideyalardan yararlana bilər. Sözsüz ki, bu qeyri leqaldır.Qeyri-qanuni olduğu üçün də iqtisadi baxımdan arzuolunan deyil". 

Ekspert vurğulayır ki, müəlliflik hüququ, eləcə də əqli mülkiyyətlə bağlı patent hüququnun qorunmaması başqaları tərəfindən qeyri-qanuni yolla mənimsənilən ixtira və təşəbbüs müəlliflərinin öz ideyalarından tam olaraq bəhrələnməsinə imkan vermir: "Belə ki, prosesin bu səpkidə inkişafı həmin ideyaların müəlliflərinin gəlir əldə etməməsinə gətirib çıxarır. Qeyri qanuni yolla həmin tapıntılardan bəhrələnənlər isə gəlir əldə etmək imkanına malik olurlar.Bu da innovasiyaları zəiflədir.Yeni ideyaların təbliği və kəşflərə maraq azalır.Müasir informasiya cəmiyyyətində müəlliflik və əqli mülkiyyət hüququ maksimum dərəcədə qorunmalıdır ki, müəlliflər üçün iqtisadi baxımdan cəlbedici olsun və daimi gəlir əldə edə bilsinlər.Bu da cəmiyyəti yeni kəşflərə və tapıntılara istiqamətləndirir.İxtiraçının özünü də stimullaşdırır.Qorunmadığı halda isə bu stimul xeyli dərəcədə azalır".

Müəlliflik hüquqlarının qorunması həm də biznes mədəniyyətidir

İqtisadçı alim bildirir ki, bu gün istənilən şirkət və ya təşkilat, biznes dairələri informasiya texnologiyalarının yaratdığı imkanlardan maksimum dərəcədə yararlanmağa çalışır.Lakin müəyyən biznes sahələri var ki, iqtisadi gəlir gətirə bilən ixtiralardan qeyri-qanuni şəkildə faydalanır.Belə olan halda isə, etik prinsipləri gözləyən biznes markaları müəlliflik hüquqlarının qorunmamasından zərər çəkir".


Onun sözlərinə görə, bəzi biznes nümayəndələri müəlliflik hüquqlarını pozaraq ödəniş etmir.Müəyyən məhsulların və xidmət sahələrinin saxta brendini hazırlayır.Nəticədə müəlliflik hüququndan istifadə edən, onun üçün pul ödəyən şirkətin daha çox xərci çıxır.Bu da biznes mühitində qeyri-sağlam mühitin yaranmasına səbəb olur.Müəlliflik hüququnu qorumayanlar üçün rəqabət mühütü qeyri-sağlam olur. Onların xərcləri az olduğu üçün qeyri-sağlam rəqabətdə üstünlük qazanırlar. Bu da rəqabətin müdafiəsi və xalis rəqabət baxımından heç də yaxşı hal deyil. Eyni zamanda bu biznes prinsiplərinə zidd hesab olunur: "Müəlliflik hüquqlarının qorunması həm də bir ənənədir, biznes mədəniyyətidir. Bu mədəniyyət qorunmadığı halda, təbii ki, biznes mühiti zədələnir.Biznes mədəniyyəti aşağılanır.Sonradan onun toparlanması isə böyük vaxt itkilərinə səbəb olur". 
Ekspert bildirir ki, müəllif hüququnu qorumayan dövlətlər informasiya cəmiyyətinin yaratdığı üstünlüklərdən istifadə edərək qısa müddətə xeyli gəlir əldə edə, imkanlarını yaxşılaşdıra bilərlər.Amma bu prosedur həmin ölkələrdə dayanıqlı biznesin inkişafını ləngidir.Hər bir dövlət bu gün qlobal dünyanın tərkib hissəsidir.İqtisadi inkişaf üçün əlverişli biznes mühiti nəticəsində xarici investisiyaları cəlb etməyə çalışır.Müəllif və əqli mülkiyyət hüquqlarının qorunmadığı, dayanıqlı biznes mühitinin formalaşmadığı ölkələrə xarici investisiyaların cəlbi isə çox çətindir. 

V.Bayramovun sözlərinə görə, bəzi hallarda ideya sahibləri tapıntılarına patent almaqda başısoyuuqluq nümayiş etdirirlər. Son nəticədə həmin ixtiralar informasiya texnologiyalarından sui-istifadə nəticəsində bu və ya digər yollarla biznes plagiatçılarının əlinə keçir.Bu səbəbdən ixtira müəllifi öz ideyasının təsdiqində maraqlı olmalıdır.Patentin alınması ən ümdə şərtdir. Bu baxımdan aidiyyatı qurumlar tərəfindən maarifləndirmə işləri gücləndirilməlidir: "Lakin müəyyən hallarda hətta patent aldığı halda onun müəllifi olduğu kəşflərdən qeyri-leqan yolla istifadə edilir. Bu da müəlliflik hüququna nəzarətin gücləndirilməsinə ehtiyacı şərtləndirən əsas amillərdən sayılır.Bu cür halların baş verməməsi üçün müvafiq qaydada cərimələr, cəzalar artırılmalıdır.Belə olan halda şirkətlər müəlliflik hüququnu pozmaqda deyil, qorumaqda maraqlı olacaqlar".

Ən çox şikayətlər sosial şəbəkələrlə bağlıdır

Azərbaycan İnternet Forumunun prezideti Osman Gündüz bizimlə söhbətində bildirdi ki, sözügedən sahədə müəyyən maarifləndirməyə ehtiyac var: "Bu işdə maraqlı olan insanlar, əqli mülkiyyət subyektləri, müəllif hüququ subyektləri üçün geniş maarifçilik işlərinin təşkil olunması yaxşı olardı. Yəni, ideyaların rəsmiləşdirilməsinin hüquqi, təşkilati baxımdan üstün tərəfləri maraqlı tərəflərə geniş şəkildə izah olunmalıdır.Bu sahənin nümayəndəsi əqli mülkiyyət hüququnun üstünlüklərini, onu necə əldə etməsini aydın şəkildə bilməlidir.İkinci məqam isə məsələnin qanunvericilik tərəfi ilə bağlıdır.Özüm də dəfələrlə şahidi olmuşam ki, əqli və mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Həmin qanunlar beynəlxalq standartlarına uyğun olmalıdır.Eyni zamanda sadələşdirilməlidir.Prosedurların elektron formaya keçirilməsinə ehtiyac var. 
Üçüncü məqam isə ondan ibarətdir ki, rəqəmsal sahə ilə bağlı müəllif hüquqlarının qorunması məsələsində ciddi islahatların aparılmasına ehtiyac duyulur. Müəyyən proqram vasitələri, eləcə də online kitablar, proqram məhsulları və s. buraya daxildir. Qeyd etdiyim sahə ilə bağlı da daha çox məlumatsızlıq var. Nəyin necə əldə olunması, hansı məlumat bazasının yaradılması, bu və ya digər addımların atılmasını subyektlər bir o qədər də dərindən bilmirlər". 

O.Gündüz bildirir ki, bu gün müəlliflik və əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı şikayətlər arasında sosial şəbəkə amili xüsusilə qabarıq şəkildə özünü göstərməkdədir.İstifadəçilər bu və ya digər materialların “özününüküləşdirilməsindən” şikayətlənirlər: Hətta lisenziyasız məhsulların üzünün çıxarılaraq satılması ilə bağlı mütəmadi şikayətlər eşidirik.Ümumiyyətlə beynəlxalq statistikaya əsasən deyə bilərik ki, Azərbaycanda piratçılığın faizi olduqca yüksəkdir.Bu problemin həlli üçün istifadəçilərin üzərinə gəlmək, birbaşa məhdudiyyətlər tətbiq etmək, o qədər də uğurlu nəticə verməyəcək.Məncə, ilk növbədə, lisenziyalı məhsullardan istifadə ilə bağlı dövlət qurumlarının qarşısında tələb qoyulmalıdır.Yəni, dövlət qurumları da birmənalı şəkildə lisenziyalı məlumatlardan istifadə etməlidir.Nəhəng şirkətlərin kompüterlərində yüzlərlə, minlərlə lisenziyasız proqram tapmaq olar.İlk növbədə, onların cəzalandırılmasından başlamaq lazımdır.Sadə istifadəçilər isə maarifləndirmə yolu ilə başa salınmalıdır".

Dövlət zəruri addımlar atır

Bu gün Azərbaycanda müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması prosesinə Müəllif Hüquqları Agentliyi nəzarət edir. Bu qurum tərəfindən vətəndaşların məlum hüquqlarının qorunması istiqamətində çox mühüm addımlar atılır və normativ hüquqi baza formalaşdırılır. 

Bu baxımdan, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədrinin “01” avqust 2016-cı il tarixli 89 nömrəli əmri ilə təsdiq edilmiş Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiyada yer alan müddəalar olduqca vacibdir. Strategiyada da vurğulanır ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əqli mülkiyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, gələcəyə yönəlmiş strategiyasını müəyyənləşdirərkən ilk növbədə fəaliyyət proqramı xarakteri daşıyan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarını rəhbər tutur. Prezident İlham Əliyevin İnkişaf Konsepsiyasının təsdiq olunması haqqında imzaladığı Fərmanda xüsusi qeyd olunan Azərbaycanda “inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq” məqsədinə nail olmaq üçün əqli mülkiyyət sistemi münbit şəraitin yaradılmasında müstəsna əhəmiyyətə malikdir. Bu, əqli mülkiyyətin və ona əsaslanan fəaliyyət növlərinin yaradıcılıq, yenilikçilik, kreativlik meyarları üzərində köklənməsindən irəli gəlir. Müstəqillik dövründə qısa bir müddətdə müəllif-hüquq sisteminin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşması, sahəyə aid qanunların və digər aktların yaranma prosesinə Agentlik tərəfindən peşəkarcasına pozitiv müdaxilə, işgüzar beynəlxalq əlaqələrin qurulması, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının tədbirlərində fəal mövqe nümayiş etmə Azərbaycanda müəllif-hüquq münasibətlərini effektiv idarə edən sistemin yaranmasının təsdiqidir. 

Agentliyin hesabatlarına nəzər saldıqda sözügedən sahədə atılan addımların nə dərəcədə zəruriliyinin bir daha əyani şahidi olarıq. Belə ki, İKT obyektlərinin müasir dövrdə elektron ticarətdə fəal iştirakı nəzərə alınmaqla, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədi ilə “Qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi yaradılıb, elektron bazanın formalaşdırılması məqsədi ilə indiyə kimi 1900-dən çox, o cümlədən 584 mətn əsəri, 655 audio material, 225 videomaterial, 114 foto, 411 müəllif və digər hüquq sahibi haqqında məlumat rəqəmsallaşdırılıb və elektron bazaya yerləşdirilib. 
2003-2015-ci illər ərzində ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3.1%-dən 5.1%-ə yüksəlib ki, bu da 60%-dən çox artım deməkdir. 
Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2017-ci il 1 yanvar tarixinədək Agentlikdə 10 887 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 79 müəllifin 146 əsəri qeydiyyatdan keçirilib.

 

 

Azad Əliyev

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.