Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti


2017-06-01     01:45:57

 

http://www.sherg.az/

 

 

Müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi anlayışdır. Belə ki, müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusu və qorunma aləti kimi çıxış edir. Müəlliflik hüququ, əlaqəli hüquqlar, patentlər, əmtəə nişanları hazırda texnologiyaların və cəmiyyətin inkişafında mühüm yer tutur. Bununla yanaşı, əqli mülkiyyət hüquqlarının təminatında problemlər də mövcuddur. Bu problemlərlə daha az rastlaşmaq üçün əqli mülkiyyət hüquqlarının müdafiə sisteminə bələd olmaq lazımdır. Müəlliflik hüququ nədir? Müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir.

Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi və əmlak hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Bəs əqli mülkiyyət hüquqları nə deməkdir? Ümumi mənada əqli mülkiyyət hüquqları obyektiv formada əks olunmuş əqli fəaliyyət nəticələrinə olan hüquqlardır. Azərbaycanda əqli mülkiyyət hüquqlarının rəsmi qeydiyyatı və reyestri yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır. Özəl reyestrlərdə və məlumat bazalarındakı qeydiyyat heç bir halda hüquqi qorunma və müdafiə üçün əsas sayılmır.

 

Əqli mülkiyyət sahəsinin inkişafına xüsusi diqqət...

Dövlətin önəm verdiyi hüquqlardan biri də əqli mülkiyyət hüququdur.Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır. Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur. Azərbaycanda da əqli mülkiyyət hüququ tanınır və müdafiə edilir. Ölkənin əsas qanunu olan Konstitusiyada da əqli mülkiyyət hüququ ilə bağlı ayrıca maddə var. Həmin maddədə qeyd edilir ki, hər kəsin əqli mülkiyyət hüququ var. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Azərbaycanda ayrıca Müəllif Hüquqları Agentliyi də var. Müəllif Hüquqları Agentliyi 2005-ci ildə yaradılıb.Agentlik müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi bu sahədə dövlət siyasətini və idarəçiliyini həyata keçirir. Hazırda agentliyin inzibati idarəçiliyində 5 Qanun, o cümlədən "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, "Məlumat toplularının hüquqi qorunması haqqında”, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlar var.

Qeyd edək ki, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanılıb, 1995-ci ildə qəbul edilən Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub, Azərbaycanda onun sovet dövrü də daxil olmaqla ilk dəfə olaraq "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun (1996) qəbul edilib.

 

Son 20 ildə əqli mülkiyyət sürətlə inkişaf edən fenomen kimi

 

Agentliyin məlumatına görə, milli müəllif-hüquq institutunun inkişafı və təkmilləşdirilməsi sonrakı illərdə davam etdirilib, əqli mülkiyyət hüquqlarının qorunmasına aid bir sıra yeni qanunvericilik aktları qəbul edilib. 2002-ci ildə qəbul edilən "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun MDB məkanında, 2003-cü ildə qəbul edilən "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun isə Şərqi Avropa və Asiyada ilk qanunlar olub. Buraya 2004-cü ildə qəbul edilən "Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunu, 2012-ci ildə qəbul edilən "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunu da əlavə etsək, görərik ki, Azərbaycan hazırda MDB ölkələri arasında ən zəngin qanunvericilik bazasına malikdir. Bundan başqa, 2015-ci ildə "Reklam haqqında” Qanunun qəbulu da əqli mülkiyyət hüququnun qorunmasında mühüm rol oynayır.Bununla belə, əqli mülkiyyət sahəsindəki müasir inkişaf tendensiyaları nəzərə alınmaqla Azərbaycanın əqli mülkiyyət qanunvericiliyi daim inkişaf edir və təkmilləşdirilir.

Əqli mülkiyyətin iqtisadi inkişafa böyük töhfəsi olur.Son 20 ildə əqli mülkiyyət sürətlə inkişaf edən və ictimai rəyi xüsusilə cəlb edən mürəkkəb fenomen kimi çıxış edir.Əqli mülkiyyətin iqtisadi kateqoriya kimi araşdırılmasının nəticələrinə əsasən müəyyən edilib ki, əqli mülkiyyət əmlak dəyəri olan qeyri-maddi nemətlərdir.Onun iqtisadi xarakteristikası və funksiyaları göstərir ki, əqli mülkiyyət iqtisadi münasibətlərdə fəal iştirak edir, əqli mülkiyyət qanunvericiliyi isə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların istehsalı və yayılması arasında tarazlıq yaradır.

 

Müəlliflik və digər əqli mülkiyyət hüquqları beynəlxalq aləmdə...

 

1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub.Əqli mülkiyyətin qanunla qorunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öz əksini tapıb.Azərbaycan Respublikası əqli mülkiyyət sahəsində beynəlxalq təcrübədən yararlanmaq, əlaqələri dərinləşdirmək məqsədilə 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmuş, Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminarda çıxışında qeyd edib ki, əqli mülkiyyət hüquqlarına xüsusi diqqət ayıran cənab Prezident İlham Əliyevin neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. K.İmanov onu da göstərib ki, "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilərək 6 bənddə əqli mülkiyyətin inkişafı ilə vacib məsələlər nəzərdə tutulur.

Azərbaycan 138 dövlət arasında 37-ci yeri tutub

 

Son illər dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, dayanıqlı inkişafı təmin edən ölkəmiz hazırda dövlət başçısı cənab İlham Əliyevin ötən ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Onun təşəbbüsü əsasında "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patent almasına xüsusi diqqət ayrılıb. İqtisadi sahədə islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda Müəllif Hüquqları Agentliyinin fəaliyyət sahəsi ilə bağlı nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik hesabatında Azərbaycan 2016-2017-ci illərə görə 138 dövlət arasında 37-ci yeri tutub.Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması göstəricilərinə görə 71-ci yeri tutaraq MDB üzrə ilk üçlüyə daxil olub, Cənubi Qafqaz ölkələri arasında lider dövlətə çevrilib.İnnovasiyalara görə, Azərbaycan 44-cü yeri tutaraq MDB-də birinci olub. Son zamanlar aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz Ümumi Daxili Məhsulunda sonuncu il istisna olmaqla, müəllif hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artıb. Agentliyin hesablamalarına görə, kreativ sənaye sahələrinə istehsal həcmi 2003-cü ildə olan 220,5 min manatdan 2016-cı ilin 1 yanvarına olan vəziyyətə görə 2815,0 min manat səviyyəsinə çatıb.

 

Beləliklə, 2003-2005-ci illər ərzində ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3,1 faizdən 5,1 faizə yüksəlmişdir ki, bu da 60 faizdən çox artım deməkdir. Əqli mülkiyyət iqtisadi kateqoriya kimi iqtisadi münasibətlərdə iştirak edən, dəyərə, xarakteristika, funksiya və iqtisadi xarakterli nəticələrə malik olan və xüsusi növ kimi müəyyən olunmuş mülkiyyətdir.Əqli mülkiyyətə müstəsna hüququn sahibi özünün əmlak hüquqlarını maddi mülkiyyət sahibi kimi sərbəst həyata keçirilməsinə icazə verə, sata və ya ondan imtina edə bilər.Əqli mülkiyyət hüquqları üçüncü şəxslərin müdaxiləsindən qorunur.

 

Müəlliflik hüququnun iqtisadi önəmi

Müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti mövcuddur, çünki cəmiyyətin aldığı xeyir və fayda bu hüquqların tanınmasının başlıca səbəbidir.Müəllif hüquqlarının qorunması - mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır.Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı var. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqları ilə birgə "biliklərə əsaslanan iqtisadiyyatın” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilib. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı dünya iqtisadiyyatında 7,3 faiz təşkil edir. Əqli mülkiyyət təkrar olunan vəsait (resurs), bilavasitə gəlir gətirməyən, lakin vasitəli yollarla böyük maddi gəlirin təminatçısıdır.Əqli mülkiyyət hüquq sahibinin icazəli istifadəsi zamanı riskin minimal və gəlirin maksimal olması şərtlərini yaradan mənbədir və inhisarçılığa baxmayaraq rəqabətə mənfi təsir göstərməyən, əksinə, digər şəxsləri fərqli həlləri tapmağa həvəsləndirən "kiçik inhisardır”.Respublikamızda müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması yeni-yeni ixtiraların, elmi kəşflərin, yaradıcılıq əsərlərinin yaranmasına səbəb olur.Bu da son nəticədə ölkənin ümumi inkişafında əhəmiyyətli rol oynayır.

Ermənilərin maddi-mədəni irsimizə göz dikməsi...

Müəlliflik hüququnun pozuntusu hallarına bütün dünyada tez-tez rast gəlinir. Azərbaycanın maddi-mənəvi irs nümunələrinin ermənilərin özününküləşdirmək cəhdlərinin isə sayı-hesabı yoxdur. Bu baxımdan Azərbaycan Müəllif Hüquqları Agentliyi mədəniyyətimizə sahib çıxmaq üçün yorulmadan iş aparır.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən qələmə alınmış "Erməni yadelli nağılları” kitabı erməni ədəbi oğurluqlarını, o cümlədən "Sarı gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən sanballı elmi əsərdir. Azərbaycan Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, oğurlanan əsərlərin ilk sırasında Üzeyir Hacıbəyovun "Arşın mal alan” və "Məşədi İbad” operettalarından ariyalar və musiqi parçaları yer alır. Ermənilər, həmçinin, Qara Qarayevin "Yeddi gözəl” baletindən musiqi parçalarını, Tofiq Quliyevin "Sənə də qalmaz”, Emin Sabitoğlunun "Neylərəm”, Ələkbər Tağıyevin "Sən gəlməz oldun”, Aygün Səmədzadənin "Məktəb illəri”, Eldar Mansurovun "Gecə zəngləri”, "Melodiya”, Bəhram Nəsibovun "Ay qız”, Oqtay Kazımovun "İndi məni tanımadı”, İbrahim Topçubaşovun "Söz olmasaydı”, Rauf Hacıyevin "Saçlarına gül düzüm” mahnılarını, Fikrət Əmirovun "Kor Ərəbin mahnısı” əsərini, Brilliant Dadaşovanın "Vokaliz” musiqi toplusunu öz adlarına çıxıblar. Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlığına həsr olunmuş "Çırpınırdı Qara dəniz” mahnısı da Sayat Novanın əsəri kimi "kamança” adı ilə təqdim edilməkdədir. Və ən qəribəsi ermənilər bu mahnının "Daşnaksütyun” partiyasının himni olduğunu iddia edirlər. Ən əsası odur ki, indiki ermənilərin, əslində isə haykan xalqının (və ya hay xalqının) əcdadları Qafqazda yerləşərək həm türklərin lavaşını ("lay aş” sözündən yaranıb, lay-lay yemək deməkdir), həm dolmalarını, kabablarını və digər türk yeməklərini özününküləşdirdilər, hətta onlar özlərinə məxsus üslubda erməni məzhəbindən götürdükləri sözlə özlərini ermənilər adlandırmağa başladılar. Bu baxımdan əgər tezliklə ermənilər UNESCO-nun siyahısına "erməni şaftalısı”, "erməni havası” kimi maddi irs nümunələri salmağa cəhd etsələr, bu, heç də təəccüblü görünməz. 

 

Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən erməni restoranlarının menyusuna daxil edilən "erməni pizzası”, "ermənisayağı təzə meyvə şirəsi” anlayışları müştərilərin ancaq istehzalı gülüşünə səbəb ola bilər. Bu qədər primitiv oğurluğu zorla qəbul etdirmək üçün öz xalqına nə qədər hörmətsiz yanaşmaq lazımdır! Lakin sevindirici haldır ki, Ermənistan ziyalıları artıq buna qarşı öz etirazlarını bildirməyə başlayıblar.Bu, İrəvan Kukla Teatrının bədii rəhbəri Ruben Babayanın bu yaxınlarda verdiyi bəyanatdan da aydın görünür. O bildirib ki, ermənilər açıq şəkildə azərbaycanlıların mədəni irs nümunələrini mənimsəməklə məşğuldurlar”.

 

 

Ayyət Əhməd

 

Yazı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür