“İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti”
2017-05-31
http://www.sherg.az/
Hüquqi-demokratik dövlət olan respublikamız vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın fəaliyyətini qanunvericilik çərçivəsində qurur. Bu gün inkişaf etmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da milli informasiya resurslarının mühafizəsi, müəlliflik və intellektual yaradıcılıq məhsullarının hüquqi baxımdan tənzimlənməsi olduqca aktualdır.Bir çox dövlətlər vətəndaşlarının və iqtisadi maraqlarının təhlükəsizliyi ilə yanaşı, mədəniyyətlərini, ənənələrini, mənəvi dəyərlərini qorumaq uğrunda tədbirlər görür.Məhz müəlliflik və əqli mülkiyyət hüquqlarının tənzimlənməsi baxımından mühüm hüquqi sənədlər-qanunlar və prezident sərəncamları qəbul edilmişdir.
Ölkəmizdə müəllif hüququ ənənələri hələ lap qədim dövrlərdən mövcud olub.Belə ki, keçmiş dövrdə söz ustadı olan aşıqlarımız adlarını və ya ləqəblərini əsərlərindəki son beytlərə yazırdı.Məhz orta dövr aşıqlarına məxsus olan beytlərdə adların dəyişdirilməsi halları baş verir və plagiatçılıq edən şəxslər qınaq obyektinə çevrilirdi.Hələ o dövrlərdə informasiya texnologiyaları mövcud deyildi və bu gün texnologiyanın inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirən amillərdən biridir.Yəni, məqsədindən asılı olmayaraq intellektual mülkiyyətin qeyri-qanuni mənimsənilməsi elektron vasitələrin inkişafı ilə əlaqədar olaraq daha da geniş yayılmışdır.Hazırda isə zaman və məkan məhdudiyyəti olmadan dünyanın istənilən yerində və istənilən saatında hansısa çap məhsulunu, informasiyanı və digər şəxsi yaradıcılıq nümunələrini əldə etmək asandır.Beləliklə, bu cür əlçatanlıq bəzən neqativ hallara, müəyyən hüquqi sistemsizliyə gətirib çıxarır.
Müəlliflik hüququ ilə bağlı dövlət siyasəti
Əvvəllər ölkəmizdə müəlliflik hüququnun tənzimlənməsi adi hüquq çərçivəsində həyata keçirilirdi.Lakin respublikamızın müstəqillik qazanması və son illər baş verən sosial-iqtisadi yeniliklər vəziyyətin dəyişməsinə səbəb oldu.Xüsusilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1993-cü ildən başlayaraq, Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanmış, 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunmuş, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun (1996) qəbul edilmişdir.Milli müəllif-hüquq institutunun inkişafı və təkmilləşdirilməsi sonrakı illər də davam etdirilmiş, əqli mülkiyyət hüquqlarının qorunmasına aid bir sıra yeni qanunvericilik aktları qəbul edilmişdir.Ümumilli liderimiz Heydər Əliyev müstəqilliyimizin ən çətin məqamlarında bütün atributları ilə hüquqi, demokratik dövlət qurdu, elm, mədəniyyət və hüququn kəsişməsində müəllif-hüquq institutunu yaratdı.
Bu gün ölkəmiz Cənubi Qafqazda əqli mülkiyyət sahəsində ən qabaqcıl dövlət kimi təqdim olunur.Cənab Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində dünya əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu sahədəki uğurlarını tanıyır.Ümumiyyətlə, müəlliflik və əqli mülkiyyət sahəsində fəaliyyətin təhlili göstərir ki, dövlətin əqli mülkiyyət sahəsində rolu getdikcə daha da artaraq, bir sıra yeni istiqamətləri əhatə edir.İntellektual yaradıcılıq məhsullarının qorunması istiqamətində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin fəaliyyətini də xüsusilə vurğulamaq yerinə düşərdi.Agentlik müəllif hüquqlarının qorunmasında mühüm addımlar atmış, müxtəlif seminarlar, beynəlxalq simpoziumlarla çıxış edərək informasiya cəmiyyətində vətəndaşların əqli mülkiyyət hüquqlarını yetərincə qorumuşdur.Sevindirici haldır ki, agentlik bu gün də öz fəaliyyətini davam etdirir, hüquqi, demokratik prinsiplərə əsaslanaraq müəllif və digər əqli mülkiyyət hüquqlarının dayanıqlığını və inkişafını, şəffaflığını təmin edir.
Şəxsi mülkiyyət hüququnun səmərəli fəaliyyəti
Müəlliflik hüququ müstəsna hüquq kimi əsərlərin, fikirlərin ifadə formasını qoruyur, digər tərəfdən sərbəst şəkildə informasiya xarakterli məlumatların yayılmasına şərait yaradır.Çünki müəllif hüquqları milli irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır.Hansısa yaradıcılıq məhsulunun qorunması da məhz əsərin yaranması ilə başlayır.Azərbaycanın milli qanunvericiliyi müəyyən ölkələrdə olduğu kimi, əsərlərin rəsmi qeydiyyatının mümkünlüyünü nəzərdə tutur.Bu imkan müəlliflərin və hüquq sahiblərinin maraqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən təşkil olunur və əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır.Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyat mexanizminin mahiyyəti və onların inkişafına tələbat ilk növbədə onunla diktə olunur ki, qeydiyyat icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən həyata keçirilən hüquqların qorunması və hüquqların müdafiəsi arasında çox vacib körpü yaradır.Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı var. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqları ilə birgə biliklərə əsaslanan iqtisadiyyatın əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilmişdir.Konstitusiyaya uyğun olaraq müasir qanunvericilikdə müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, ifadə formasından və üsulundan asılı olmayaraq, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
Bəs müəllif hüquqlarının dayanıqlı inkişafını və şəffaflığını tənzimləmək üçün nə kimi tədbirlər görülməlidir?Ümumiyyətlə, bu sahədə olan neqativ halların qarşısını almaq hər zaman mümkün olurmu?
Millət vəkili Fazil Mustafa ölkəmizdə müəllif hüquqları ilə bağlı kifayət qədər qoruyucu mexanizmlərin mövcud olduğunu bildirib. Deputatın sözlərinə görə, informasiya cəmiyyətində müəllif hüquqları ilə bağlı mübahisəli məsələlər yalnız Azərbaycanda deyil, eyni zamanda bir sıra Avropa ölkələrində var: "Lakin Avropa ölkələrində təkmilləşmiş məhkəmə sistemi və bu sahədə ixtisaslaşmış hakim ordusu güclü olduğuna görə problemləri asanlıqla həll etmək mümkün olur. Ölkəmizdə isə bu sahədə maarifçilik nisbətən aşağı səviyyədədir.İnsanların əksəriyyəti hüquqlarının tənzimlənməsi üçün məhkəməyə müraciət etmirlər.
Məsələ ilə bağlı müəyyən müraciətlər olsa, problemin hüquqi sistem vasitəsilə həlli mümkündür.Hər halda cəmiyyətdə müəlliflik hüququnun pozulmasına görə cəza mexanizmi təbliğ olunmur. Əgər cəza mexanizmi təbliğ olunarsa, yaxşı effektlər verər, bu zaman insanlar bilər ki, kimsə əqli mülkiyyət hüququnu pozub başqasının haqqına girirsə, kiminsə sənət əsərini oğurlayıb öz adına çıxarırsa, o şəxs kifayət qədər ciddi, həm maddi, həm də digər formada cəzalarla üzləşə bilər. Əsas məsələ budur.Vətəndaşlar hüquqlarını tam olaraq tələb etmədiklərinə görə, həmçinin cəmiyyətdə bununla bağlı yetərli təbliğat aparmadıqlarına görə vəziyyət bəzən qaneedici olmur”.
Hüquqşünas Əliməmməd Nuriyev isə müəlliflik və digər əqli mülkiyyət hüquqları ilə bağlı Müəllif Hüquqları Agentliyinin rolunu xüsusilə vurğulayıb: "Bu gün agentlik intellektual və digər əqli mülkiyət hüquqlarının qorunmasında və şəxsi yaradıcılıq məhsullarının mühafizəsi istiqamətdində kifayət qədər aktiv fəaliyyət göstərir. Lakin əsas məsələ budur ki, müəllif hüquqlarının pozulması zamanı gərək vətəndaşlar bu quruma müraciət etsinlər.Şəxsi intellektual və müəllif hüququnun təmin edilməsi ilə bağlı agentliyə müraicət edib sertifikatların alınması olduqca vacib məsələdir.Təəssüf ki, bəzi hallarda intellektual mülkiyyət obyektləri vaxtında rəsmiləşdirilmədiyinə görə, o, gələcəkdə mübahisə obyekti olur, bu da müəllif hüquqlarının tanınması ilə bağlı məsələlərdə problem yaradır.Əlbəttə ki, intellektual mülkiyyət hüququnun qorunması ilə bağlı problemlər yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində var. Çox vaxt intellektual mülkiyyətin müxtəlif üsullarla ələ keçirilməsi baş verir və onlar satılır.Hətta kompüter proqramları bir çox təşkilatlar tərəfindən lisenziyasız istifadə olunur.Bu baxımdan müəllif hüquqlarının qorunması çox ciddi problemdir.Çünki bu qanunsuzluğu hər zaman aşkar etmək asan deyil”.
Ə.Nuriyev həmçinin müəlliflik hüququnun pozulması zamanı bir sıra iqtisadi göstəriciləri də qeyd edib: "Əgər vaxtında lisenziyalar, patentlər verilirsə, bu, heç bir problem yaratmaz. Ölkə olaraq böyük gəlir əldə edilir, ona görə də müəllif hüquqlarının qorunmaması ilə qaçaqmalçılıq nəticəsində milyonlarla dollar ayrı-ayrı şəxslərin cibinə gedir. İntellektual yaradıcılıqla bağlı oğurluğun geniş yayılması iqtisadi baxımdan hər il böyük şirkətlərə milyonlarla ziyan vurur. Buna səbəb olan əsas amil isə vaxtında lisenziyalaşdırılmış əmlakın alınmamasıdır.Eyni zamanda bu, fiziki şəxslərə, bütövlükdə isə dövlətə böyük iqtisadi ziyan gətirir.Çünki burda rüsumlar və vergilər var, bunlar əgər oğurluq yolu ilə əldə edilirsə, heç biri dövlət büdcəsinə getmir”.
Erməni plagiatçılığına qarşı mübarizə
Müxtəlif dövrlərdə xalqımızın milli-mədəni irsi, incəsənət və folklor nümunələri başqaları tərəfindən mənimsənilmişdir.Müəlliflik hüquqlarının qorunması istiqamətində müvafiq işlərin görülməsinə baxmayaraq, məsələni köklü surətdə həll etmək olduqca çətindir. Milli dəyərlərimizin, xalq nümunələrimizin ermənilər tərəfindən mənimsənilməsi hər zaman olub və bu proses yenə də davam edir. Bəs milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən oğurlanması hallarının qarşısını necə almaq olar?
Erməni plagiatçılığına qarşı mübarizənin beynəlxalq müqavilələrlə tənzimlənməli olduğunu deyən millət vəkili Fazil Mustafa milli mahnılarımızın Türkiyədə oxunduğu zaman müəllif hüquqları ilə bağlı problemlərin meydana çıxdığını qeyd edib: "Həmçinin incəsənət əsərləri ilə bağlı müəyyən neqativ hallar var. Bu məsələdə beynəlxalq müqavilələr təkmilləşməli və ölkələr arasında qarşılıqlı etimad yaranmalıdır ki, belə hallar olanda hər bir ölkənin müvafiq məhkəmə qurumu məsələ ilə bağlı obyektiv qərar verə bilsin. Amma bütövlükdə erməni plagiatçılığına qarşı mübarizəni tənzimləmək olduqca çətindir, məsələ intellektual fəaliyyətlə bağlı olduğuna görə, hüquq pozuntusunu aşkara çıxarmağın özü ciddi problemlər yaradır”.
Mübaliğəsiz olaraq qeyd etməliyik ki, bu gün Müəllif Hüquqları Agentliyi xalqımıza, dövlətimizə məxsus milli dəyərlərin, mədəni irsin, zəngin incəsənət nümunələrinin qorunması istiqamətində əsaslı şəkildə fəaliyyət göstərir. Təsadüfi deyil ki, agentliyin sədri, professor Kamran İmanov bu sahə ilə bağlı dərin tədqiqatlar aparmış, erməni plagiatçılığını, onların iç üzünü ifşa etməyə müfəssəl olmuşdur. Professor mühüm seminarlarda folklor nümunələrimizin qorunması və erməni plagiatçılığı ilə bağlı çıxışlar edərək, xalqımıza məxsus yaradıcılıq nümunələrinin mənimsənilməsində ermənilərin yerinə yetirdiyi məkrli siyasəti dolğun əsaslarla şərh edib.
Yeganə Bayramova
Məqalə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.