İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti
Tarix: 30.05.2017 | Saat: 19:30:00
http://hafta.az/index2.php?m=yazi&id=200386
“Son illər Azərbaycan iqtisadiyyatının inkişafında əqli mülkiyyətin rolu əhəmiyyətli dərəcədə artmışdır. Eyni zamanda, əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu, səbəbsiz deyil: müəlliflik hüququ, əlaqəli hüquqlar, patentlər, əmtəə nişanları hazırda texnologiyaların və cəmiyyətin inkişafında mühüm yer tutur. Bununla yanaşı, əqli mülkiyyət hüquqlarının təminatında problemlər də mövcuddur.Bu problemlərlə daha az rastlaşmaq üçün əqli mülkiyyət hüquqlarının müdafiə sisteminə bələd olmaq lazımdır”.Azərbaycan Respublikasında Əqli Mülkiyyət Hüquqları broşüründən götürülmüş bu ifadələr haqqında bəhs edəcəyimiz mövzumuzun ilk anlayışlarıdır.
Bəribaşdan qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində deyilir: I. Hər kəsin əqli mülkiyyət hüququ vardır. II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Müəlliflik hüququ nədir?Müəlliflik hüququ – elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir.Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır.
Bəs əqli mülkiyyət hüquqları nə deməkdir?Ümumi mənada əqli mülkiyyət hüquqları obyektiv formada əks olunmuş əqli fəaliyyət nəticələrinə olan hüquqlardır.
Azərbaycanda əqli mülkiyyət hüquqlarının rəsmi qeydiyyatı və reyestri yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır. Özəl reyestrlərdə və məlumat bazalarındakı qeydiyyat heç bir halda hüquqi qorunma və müdafiə üçün əsas sayılmır.
Əqli mülkiyyət hüquqlarına müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə, audiovizual əsərlərə, fonoqramlara, ifalara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına və məlumat toplularına, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə, firma adlarına, istehsalat, elmi və ədəbi-bədii sahədə əqli fəaliyyət nəticəsində yaradılan digər obyektlərə olan hüquqlar aid edilir.
Əqli mülkiyyətin qorunması məqsədilə onların müəlliflərinə və yaradıcılarına müstəsna hüquq verilir.Müstəsna hüquqlar digər hüquqi vasitələrlə və digər hüquqi mexanizmlərdən istifadə etməklə maddi obyektlərə olan mülkiyyət hüquqlarının funksiyasını yerinə yetirir.
Ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda milli müəlliflik hüquq institutunun yaradılmasına start verilmişdir. Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısı, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Müəllif Hüquqları Agentliyi həyata vəsiqə almışdır.
Müəllliflik və digər əqli mülkiyyət hüquqları beynəlxalq sazişlərdə və qanunlarda
1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub.Əqli mülkiyyətin qanunla qorunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öz əksini tapıb. Azərbaycan Respublikası əqli mülkiyyət sahəsində beynəlxalq təcrübədən yararlanmaq, əlaqələri dərinləşdirmək məqsədilə 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmuş, Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaratmışdır.
Müəlliflik və digər əqli mülkiyyət hüquqları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında” və digər qanunlarda Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir. “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlar sənaye mülkiyyətinə aiddir və onların icrasını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, kənd təsərrüfatına aid “Seleksiya nailiyyətləri haqqında” qanunun icrasını isə Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.“Haqsız rəqabət haqqında” və “Kommersiya sirri haqqında” qanunlar isə dolayı yolla əqli mülkiyyət hüquqlarını qoruyaraq, ikinci qorunma xəttini təşkil edir və onların icrasını İqtisadi İnkişaf Nazirliyi təmin edir.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminarda çıxışında qeyd edib ki, əqli mülkiyyət hüquqlarına xüsusi diqqət ayıran cənab Prezident İlham Əliyevin neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. K.İmanov onu da göstərib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilərək 6 bənddə əqli mülkiyyətin inkişafı ilə vacib məsələlər nəzərdə tutulur.
Əqli mülkiyyətin iqtisadi inkişafda yeri
Son illər dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, dayanıqlı inkişafı təmin edən ölkəmiz hazırda dövlət başçısı cənab İlham Əliyevin ötən ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Onun təşəbbüsü əsasında “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patent almasına xüsusi diqqət ayrılmışdır. İqtisadi sahədə islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda Müəllif Hüquqları Agentliyinin fəaliyyət sahəsi ilə bağlı nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilmişdir.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik hesabatında Aazərbaycan 2016-2017-ci illərə görə 138 dövlət arasında 37-ci yeri tutmuşdur.Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması göstəricilərinə görə 71-ci yeri tutaraq MDB üzrə ilk üçlüyə daxil olmuş, Cənubi Qafqaz ölkələri arasında lider dövlətə çevrilmişdir.İnnovasiyalara görə Azərbaycan 44-cü yeri tutaraq MDB-də birinci olmuşdur.
Son zamanlar aidiyyatı dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz Ümumi Daxili Məhsulunda sonuncu il istisna olmaqla, müəllif hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artmışdır. Agentliyin hesablamalarına görə, kreativ sənaye sahələrinə istehsal həcmi 2003-cü ildə olan 220,5 min manatdan 2016-cı ilin 1 yanvarına olan vəziyyətə görə 2815,0 min manat səviyyəsinə çatmışdır.
Beləliklə, 2003-2005-ci illər ərzində ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3,1 faizdən 5,1 faizə yüksəlmişdir ki, bu da 60 faizdən çox artım deməkdir.
Əqli mülkiyyət iqtisadi kateqoriya kimi iqtisadi münasibətlərdə iştirak edən, dəyərə, xarakteristika, funksiya və iqtisadi xarakterli nəticələrə malik olan və xüsusi növ kimi müəyyən olunmuş mülkiyyətdir.Əqli mülkiyyətə müstəsna hüququn sahibi özünün əmlak hüquqlarını maddi mülkiyyət sahibi kimi sərbəst həyata keçirilməsinə icazə verə, sata və ya ondan imtina edə bilər.Əqli mülkiyyət hüquqları üçüncü şəxslərin müdaxiləsindən qorunur.
“Yaradıcılıq və yenilikçilik əqli mülkiyyətin ən yüksək zirvəsidir”
Texniki elmlər namizədi Natiq Talıbov göstərdi ki, əqli mülkiyyət yalnız hüquqi və ya mədəni konsepsiya deyil, o dəyəri olan xüsusi mülkiyyətdir. Yaradıcılıq və yenilikçilik əqli mülkiyyətin ən yüksək zirvəsidir. Sənaye sektorunda əqli mülkiyyətin əsas təsiri avadanlığın və istehsalat üsullarının yeniləşdirilməsindədir.
Ömrünün 47 ilini istehsalata həsr etmiş Natiq Kazım oğlu Talıbov söhbətə lap əvvəldən başladı:
- Hələ sovetlər dönəmində belə ölkəmiz iqtisadiyyatın müxtəlif sahələrində bir sıra yeniliklərə, ixtiralara imza atmışdır. İxtira-texnikanın mövcud səviyyəsini yüksəltməklə, məsələnin yeni texniki həllidir. Əqli mülkiyyət olan ixtira həmçinin, dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun mühafizə etdiyi texniki nəticədir. Mənim hazırda İnşaat Mühəndisləri İnstitutunun professoru olan, 25-dən çox ixtiranın müəllifi Həsən Qulu oğlu Feyzullayevlə birgə iki ixtiram olub. Həsən müəllim təkcə doktorluq dissertasiyasında özünün 14 ixtirasına söykənib. Onun İstilik Elektrik Stansiyalarında suyun tullantısız duzlaşdırılması ixtirası daha təqdirəlaiqdir. Onunla birgə ixtiramızın ilki Mg-Na-maqnezium-natri kationlaşdırma üsuludur ki, bununla dəniz suyunun şirinləşdirilməsi mümkündür. Bu üsulla buxar qazanlarının bəslənməsinə lazım olan böyük miqdarda dəniz suyu şirinləşdirilir. Bu üsul vaxtı ilə Sumqayıt 2 saylı İstilik Elektrik Mərkəzində tətbiq edilmişdir. Nəticədə suyun şirinləşdirilməsinə sərf edilən külli miqdarda kimyəvi riogentlərə qənaət edilmiş, sənayemizə xeyli fayda gətirilmişdir. İkinci ixtiramız da bu mövzuya yaxındır. Məlumdur ki, İstilik Elektrik Stansiyalarının əsas avadanlığı olan qazan qurğularının istehsal etdiyi buxarın turbindən keçərkən kondensatlaşması zamanı soyuducu suyun qazana düşmə ehtimalı böyükdür. Biz bunu aradan qaldırmaq üçün elə bir kondensator konstruksiyası hazırlamalı idik ki, zərəri böyük olan duzlu dəniz suyunun qazana düşməsinin qarşısı alınsın. Biz ekspermental qurğu hazırlayaraq bu konstruksiyasının iş qabiliyyətli olmasını praktiki və elmi surətdə sübut etdik, konstruksiyaya müəlliflik şəhadətnaməsi aldıq. Bu üsulla, həm də biz soyuducu suyu buxarlandırmaqla çox ucuz kondensat almağa nail olduq.
Energetika sahəsində böyük istehsalat təcrübəsi olan Natiq müəllim ölkəmizin yenidən qazandığı müstəqillik illərində də elmi axtarışlarından qalmayıb.2007-ci ildə “Su qəbuledici qurğu” adı altında ixtiraya imza atıb. Yeni yaradılmış və daha təkmil olan bu su qəbuledici qurğu İstilik Elektrik Stansiyalarındakı kondensatorlara soyuducu su ilə daxil olan dəniz otlarını kənarlaşdırmağı laiqincə bacarmaq gücündə idi. 2009-cu ildə bu mövzuya yenidən qayıdan Natiq müəllim daha faydalı və effektli olan bu su təmizləyici qurğunun bir sıra üstünlüklərini də sübut edib. Hər iki ixtira Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən patent almışdır.
N.Talıbov Azərbaycanın ilk ixtisaslı patentşünası, tibb elmləri doktoru, professor, Moskva İctimai Patentşünaslıq İnstitutunu bitirmiş, 1 kəşfin, 6 dərman preparatı və vasitənin müəllifi, 120-ə yaxın elmi işin 25-ə qədər ixtiranın sahibi, “Patent Qanunu”nu hazırlayıb Milli Məclisin Elm-Təhsil daimi komissiyasına təqdim edən Loğman Abbas oğlu Məmmədovun da əməyini yüksək qiymətləndirdi. Onu intellektin, əqli mülkiyyətin bariz nümunəsi kimi qeyd etdi.
Müəlliflik hüququnun və əqli mülkiyyətin iqtisadiyyatda əhəmiyyəti
Müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti mövcuddur, çünki cəmiyyətin aldığı xeyir və fayda bu hüquqların tanınmasının başlıca səbəbidir. Müəllif hüquqlarının qorunması – mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı vardır. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqları ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatın” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı dünya istisadiyyatında 7,3 faiz təşkil edir.
Əqli mülkiyyət təkrar olunan vəsait (resurs), bilavasitə gəlir gətirməyən, lakin vasitəli yollarla böyük maddi gəlirin təminatçısıdır.Əqli mülkiyyət hüquq sahibinin icazəli istifadəsi zamanı riskin minimal və gəlirin maksimal olması şərtlərini yaradan mənbədir və inhisarçılığa baxmayaraq rəqabətə mənfi təsir göstərməyən, əksinə, digər şəxsləri fərqli həlləri tapmağa həvəsləmndirən “kiçik inhisardır”.
Respublikamızda müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması yeni-yeni ixtiraların, elmi kəşflərin, yaradıcılıq əsərlərinin yaranmasına səbəb olur.Bu da son nəticədə ölkənin ümumi inkişafında əhəmiyyətli rol oynayır.
Səxavət Məmmədli
“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”.