İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti
30.05.2017
http://www.bizimyol.info/news/98657.html
Bəşər tarixinin öyrənilməsində tarixi abidələr misilsiz rol oynayır. Bəzən tarix səhifələrindən itib getmiş bir xalqın, mühüm bir həqiqətin haqqında o dövrə məxsus hansısa bir mədəni abidə geniş məlumat verir, qaranlıq səhifələrə işıq salır. Bu bir memarlıq abidəsi də ola bilər, həzin bir bayatı da, əsrlərin sınağından süzülüb gələn bir xalq mahnısı da ola bilər, bir zərgərlik əşyası da, bir sənətkarın əl işi də.
Apardı tatar məni,
Qul edər, satar məni,
Yarım vıfalı olsa,
Axtarar tapar məni.
Azərbaycan folklorunun bu zərif nümunəsi bizə monqol tatarlarının ölkəmizə əsrlər öncə etdiyi hücum, soydaşlarımızın əsir götürülərək dünyanın müxtəlif ölkələridə qul kimi satılması barədə tarixi anladır. Bu kimi qiymətli nümunələr minlərlədir.
Folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi Qanun qəbul edib.Həmin Qanuna əsasən xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir.Dünyaya səs salan hər hansı bir əsərin mütləq şəkildə iqtisadi faydası da vardır.
Bu mənada milli mədəni irsin qorunub saxlanılması hər bir xalq üçün hər bütün dövrlərdə böyük əhəmiyyət kəsb etmişdir. İnformasiya texnologiyalarının az qala möcüzələr törətdiyi müasir dövrdə isə milli mədəni irsin və müəlliflik hüquqlarının qorunması daha da aktuallaşıb və çətinləşib. Azərbaycan dövləti öz qədim abidələrinə və zəngin mədəniyyətinə sahib çıxmaq üçün ardıcıl tədbirlər görür. Bu məsələ ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunur. Çövkən milli oyunumuzun, muğamımızın, kələğayı milli baş örtüyümüzün, Qarabağ atlarının və bu kimi onlarla maddi mənəvi irs nümunəmizin vitse- prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə dünyaya təqdim edilməsi çox vacib addım idi.
Müəlliflik hüququnun Azərbaycanda və dünyada qorunması
Müəllif hüququnun əqli mülkiyyətin qorunması və idarə edilməsi ilə iki beynəlxalq təşkilat - Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT ) və UNESCO məşğul olur.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb, 1993-cü ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradılıb. Respublikamız 1996-cı ildən ÜƏMT-in üzvü olmaqla yanaşı, “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına,“Müəllif hüququ haqqında” Ümumdünya Konvensiyasına, UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında Konvensiyası”na qoşulub. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin konvensiyanın həyata keçirilməsi üç dövlət strukturuna - Mədəniyyət və Turizm Nazirliyinə, Müəllif Hüquqları Agentliyinə və Milli Elmlər Akademiyasına tapşırılıb.
Konstitusiyamızın 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ var”. Müəlliflik hüququ əsərin yazılması ilə yaranır, müəllifin bütün həyatı boyu və ölümündən sonra (bəzi hallar istisna olmaqla) 70 il qüvvədə qalır. Qanuna əsasən istənilən bir ixtira, kəşf, əsər müəllifinin adı ilə Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmalıdır.
Cinayət məcəlləsinin 165-ci maddəsinə əsasən özgənin əsərini öz adı ilə nəşr etdirmə, habelə şərikli müəllifliyə məcbur etmə, yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır. Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ermənilərin maddi mədəni irsimizə hücumları və erməni saxtakarlığının ifşası
Müəlliflik hüququnun pozuntusu hallarına bütün dünyada tez-tez rast gəlinir. Azərbaycanın maddi- mənəvi irs nümunələrinin ermənilərin özününküləşdirmək cəhdlərinin isə sayı- hesabı yoxdur. Bu baxımdan Azərbaycan Müəllif Hüquqları Agentliyi mədəniyyətimizə sahib çıxmaq üçün yorulmadan iş aparır.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən qələmə alınmış "Erməni yadelli nağılları" kitabı erməni ədəbi oğurluqlarını, o cümlədən "Sarı gəlin" xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən sanballı elmi əsərdir.
Azərbaycan Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, oğurlanan əsərlərin ilk sırasında Üzeyir Hacıbəyovun “Arşın mal alan” və “Məşədi İbad” operettalarından ariyalar və musiqi parçaları yer alır. Ermənilər, həmçinin, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi parçalarını, Tofiq Quliyevin “Sənə də qalmaz”, Emin Sabitoğlunun “Neylərəm”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Aygün Səmədzadənin “Məktəb illəri”, Eldar Mansurovun “Gecə zəngləri”, “Melodiya”, Bəhram Nəsibovun “Ay qız”, Oqtay Kazımovun “İndi məni tanımadı”, İbrahim Topçubaşovun “Söz olmasaydı”, Rauf Hacıyevin “Saçlarına gül düzüm” mahnılarını, Brilliant Dadaşovanın “Vokaliz” musiqi toplusunu, Fikrət Əmirovun “Kor Ərəbin mahnısı” əsərini öz adlarına çıxıblar. Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlığına həsr olunmuş “Çırpınırdı Qara dəniz” mahnısı da ( Əhməd Cavadı və Üzeyir Hacıbəyov) Sayat Novanın əsəri kimi “kamança” adı ilə təqdim edilməkdədir. Və ən qəribəsi ermənilər bu mahnının “Daşnaksütyun” partiyasının himni olduğunu iddia edirlər.
Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov :
“Əgər bizim qərb qonşularımızın Qafqaza gəlmə xalq kimi özünəməxsus olan nəyisə varsa, o da “gəldim, gördüm, götürdüm” prinsipidir və bu, mütləq mənada onların gözlərinin gördüyü hər şeyə şamil edilir, istər qonşu millətlərin yeməkləri olsun, istər musiqisi, istərsə də torpaqları. Azərbaycan dəfələrlə buna şahid olub” Ermənilərin özlərininki kimi təqdim etdikləri praktiki olaraq hər şey qonşu xalqlarda - azərbaycanlılarda, türklərdə, gürcülərdə və başqalarında etiraza səbəb olur.Buna görə də yalnız bizim regionda deyil, regionun hüdudlarından kənarda da yayılmış lavaşın erməniləşdirilməsi ilə bağlı bütün bu hadisələr belə fikir yaradır -“utanmasan, oynamağa nə var ki”.
Ən əsası odur ki, indiki ermənilərin, əslində isə haykan xalqının (və ya hay xalqının) əcdadları Qafqazda yerləşərək həm türklərin lavaşını (“lay aş” sözündən yaranıb, lay-lay yemək deməkdir), həm dolmalarını, kabablarını və digər türk yeməklərini özününküləşdirdilər, hətta onlar özlərinə məxsus üslubda erməni məzhəbindən götürdükləri sözlə özlərini ermənilər adandırmağa başladılar.
Bu, islam xalqlarından hansınınsa öz dinini millətin adı kimi istifadə etməsi və məsələn, özbək və ya azərbaycanlı deyil, müsəlman adlanması qədər absurddur
“Gözlənildiyi kimi, lavaş və düdüyə həsr olunmuş ilk iki testin ardınca “erməni dolması” da bizim “Yalan detektoru”muzdan keçmədi. Araşdırmalar çərçivəsində 20-yə yaxın qədim erməni lüğəti və digər mənbələr, o cümlədən orta əsrlərə aid sənədlər araşdırılıb, onların heç birində ümumiyyətlə “tolma” adlı “qədim erməni” sözünə rast gəlinməyib, bütün türk lüğətlərində isə bu söz var. Erməni tərəfinin “tolma” sözünün mənşəyini “toli” (üzüm yarpağı) sözü ilə əlaqələndirmək cəhdi də öz təsdiqini tapmadı, belə ki, bu sözə də orta əsrlər və daha sonrakı dövrlərə aid lüğət və mənbələrdə rast gəlinmədi.
Bu baxımdan əgər tezliklə ermənilər UNESCO-nun siyahısına “erməni şaftalısı”, ”erməni havası” kimi maddi irs nümunələri salmağa cəhd etsələr, bu, heç də təəccüblü görünməz. Bununla yanaşı Rusiyada fəaliyyət göstərən erməni restoranlarının menyusuna daxil edilən “erməni pizzası”, “ermənisayağı təzə meyvə şirəsi” anlayışları müştərilərin ancaq istehzalı gülüşünə səbəb ola bilər.
Bu qədər primitiv oğurluğu zorla qəbul etdirmək üçün öz xalqına nə qədər hörmətsiz yanaşmaq lazımdır! Lakin sevindirici haldır ki, Ermənistan ziyalıları artıq buna qarşı öz etirazlarını bildirməyə başlayıblar.Bu, İrəvan Kukla Teatrının bədii rəhbəri Ruben Babayanın bu yaxınlarda verdiyi bəyanatdan da aydın görünür. O bildirib ki, ermənilər açıq şəkildə azərbaycanlıların mədəni irs nümunələrini mənimsəməklə məşğuldurlar”.
Abidələrin Müdafiəsi İctimai Birliyinin sədri AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı, professor Faiq İsmayılov: “Qafqazda köklü tarixləri olmayan ermənilər məqsədli şəkildə Alban abidələrini mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək uğrunda yorulmadan “mübarizə” aparırlar. Ən çox mənimsənilməyə və dəyişikliyə məruz qalan abidələr isə bazilika, sovmə və kilsə tikintiləridir.Burada ermənilər belə tipli abidələr üzərindəki xristian dininin rəmzləri və simvolları, eləcə də daş və divar rəsm nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elementlər kimi tanıdırlar.
Kəlbəcərdə Xudavəng memarlıq kompleksi - XIII əsr, Talış kəndində Urek məbədi , Qozlu kəndində Xudavəng məbədi, Laçının Kosalar kəndindəki Ağoğlan məbədi, Varazuğun məbədi , Xocavəndin Sos kəndindəki Amaras monastrı , Ağdərənin müqəddəs Yelisey məbədi, Vəng kəndində Gəncəsər məbədi , Qubadlıdakı Gavurdərə məbədi, Ağdamın Maqadiz kəndində Yegiş Arakel məbədi , Xocalının Xansıx, Xaçmaç , Armudlu məbədləri, Xocavəndin Tuğ kəndində Qırmızı məbəd , Qərbi Azərbaycan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərçivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi ermənilər tərəfindən dünyaya erməni kilsələri və monastırları kimi təqdim edilir.
Ermənilərin dağıdıcı işğa siyasəti nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinə külli miqdarda ziyan dəyib.
Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə 84 883 726$, dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə 46 066 086$, işğal olunmuş ərazilərdəki daşınan tarix və mədəniyyət abidələrinə 47 050 188$, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə 177 000 000$ məbləğində ziyan vurulub.
BMT Baş Assambleyasının 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” qanununun 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir . Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onların mühafizə edilərək, gələcək nəsillərə çatdırılması bütün dünya xalqlarının borcu və ümdə vəzifəsi hesab edilməlidir”
Ermənilər işğal altında olan torpaqlarımızda xalqımıza məxsus bir çox irs nümunələrini məhv ediblər. Lakin Azərbaycan Respublikası ərazisində ermənilərə, eləcə də digər xalqlara məxsus maddi mənəvi irs nümunələrinə hörmətlə yanaşılır, mühafizə edilir. Bunun da sadə bir səbəbi var- Biz vəhşi deyilik və tariximizdən qorxmuruq.
Bu gün qədim Misir ehramları, Qobustan Qayalıqları, Qız Qalası, Tac Mahal abidəsi, Çin səddi, Mayya piramidaları, Kəbə evi və s. abidələr bir xalqın deyil bütün insanlığın tarixini anladır, bütün sivil insanları qürurlandırır. Dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş bir xalq olaraq bizim də bu sevincdə payımız var. Böyük istedadlar yetişdirən xalqımız min illər öncə dünyaya Nizamilər, Memar Əcəmilər bəxş etdi, əsrlər sonra bu ənənəni davam etdirən dühalar yenə də var və olacaq. Onlar bizim milli sərvətimizdirlər və biz sərvətimizi dünyaya təqdim etdiyimiz kimi, sahiblənməyi də bacarırıq.
İlhamə Rəsulova
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün