İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti
26 May 01:16
http://www.baki-xeber.com/sosial/61734.html
Qloballaşma və inteqrasiya fonunda hər bir xalqın milli özünəməxsusluğunu şərtləndirən ən vacib amil kimi mədəni irsinin tədqiqi və mühafizəsi dünyanı düşündürən aktual mədəni problemə çevrilib. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir.
Qeyd edək ki, xalqımızın maddi-mənəvi irsi ölkəmizin uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda onun milli pasportu hesab edilə bilər. Milli-mədəni irsimiz Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir. Maddi-mənəvi irsimiz xalqımızın bu torpaqların qədim sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir.
Milli-mənəvi sərvətlərimiz tarixən keçdiyi yolda müəyyən çətinliklərlə, qadağalarla qarşılaşsa da, xalqımız bu dəyərləri bütün dövrlərdə qoruyub saxlaya bilib. Hətta SSRİ dövründə bu qadağalar xalqın ruhunu sarsıda bilmədi. Milli-mənəvi dəyərlərimiz qorundu, yaşadıldı və müstəqil Azərbaycanımıza ərməğan edildi.
Onu da qeyd edək ki, biliklər və mədəniyyət, iqtisadiyyat və informasiya cəmiyyəti arasında müsbət təsirli vasitə kimi əqli mülkiyyət sahəsinin davamlı inkişafına diqqət yetirilməsi bu gün vacib siyasi amillərdən birinə çevrilib.
Müəllif hüquqlarına dair ən mühüm beynəlxalq razılaşmalar 1883-cü ildə imzalanmış Paris Konvensiyası və 1886-cı ildə imzalanmış Bern Konvensiyasıdır. Bu konvensiyalarla sənaye yenilikləri, bunlarla bağlı yaranan kommersiya məsələləri, əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda beynəlxalq əməkdaşlıq, bu sahədə ehtiyac duyulan hüquqi tənzimləmələr əhatə olunub. İlk vaxtlar yalnız müqavilələrin həyata keçirilməsini izləmək məqsədilə yaradılan bir sıra bürolar isə zamanla inkişaf edərək Ümumdünya Əqli Mülkiyyət Təşkilatına çevrilib.
ÜƏMT-yə üzv olan dövlətlərin sayı 200-ə yaxındır. Azərbaycan Respublikası isə 1995-ci ildə ÜƏMT-yə üzv olub və bu təşkilatın əqli mülkiyyət hüquqlarının fərqli sahələrini tənzimləyən 23 razılaşmasından 17-sinə tərəfdir. Ölkəmizdə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunu isə 1996-cı il iyunun 5-də qəbul olunub, oktyabrın 23-dən qüvvəyə minib.
Müasir dövrdə əqli mülkiyyət hüquqlarının təminatı milli irsin, milli özünəməxsusluğun və adət-ənənələrin qorunub saxlanması və yaradılmasının mühüm şərti kimi çıxış edir. Eyni zamanda, güclü mədəni sənayenin yaradılması və biliklərin tətbiqi, əqli mülkiyyətin vacib iqtisadi alətə və iqtisadi dövriyyənin fəal elementinə çevrilməsi, informasiya texnologiyalarının əqli mülkiyyət hüquqları ilə qorunması bu sahədə zamanın çağırışlarına uyğun olan qanunvericilik və idarəçilik sisteminin olmasını tələb edir. Azərbaycanın müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət hüquqları sisteminin artıq 20 ildən artıq tarixi var. Müəllifi ümummilli lider Heydər Əliyevin olduğu bu sistem hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri sayəsində intensiv surətdə inkişaf edir və Azərbaycan Avropa və MDB məkanında ən zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir. Əqli mülkiyyət sistemi yüksək templərlə inkişaf edir və cəmiyyətin inkişafında əhəmiyyəti durmadan artır.
Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması
Müasir dövrün ən vacib problemlərindən biri əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasıdır. Ekspertlərin fikrincə, bunun üçün piratçılığa və saxtamalçılığa qarşı mübarizə gücləndirilməli, müəlliflər, onların vərəsələri, ifaçılar, fonoqram istehsalçıları, yayım təşkilatları və digər istehsalçıların qanuni maraqlarının və istehlakçıların hüquqlarının qorunması təmin edilməlidir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası piratçılığa və saxtamalçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Ölkəmizdə bu sahədə bir sıra tədbirlər, o cümlədən əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizəyə və saxtamalçılığa həsr edilmiş beynəlxalq simpoziumlar keçirilib. Piratçılıqla mübarizə sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" Qanun qəbul edilib.
Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən mühüm tədbirlər nəticəsində ölkəmizdə bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Müəlliflik hüququnun inkişafına dəstək
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, Azərbaycanda müəllif-hüquq sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət yetirilir. Bu, ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi islahatların və məqsədyönlü siyasətin uğurlu nəticələrindəndir. Ölkəmizdə əqli mülkiyyətə yönəldilən diqqət və qayğı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu sahənin prioritet istiqamət kimi qəbul edilməsi Azərbaycanda müəlliflik hüququnun inkişafına böyük dəstək verir: "Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan 2020-gələcəyə baxış" inkişaf konsepsiyasında əqli mülkiyyət sahəsi prioritet istiqamət kimi qəbul edilib. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə" haqqında Qanun əqli mülkiyyətin bütün növləri üçün yeni imkanlar açır. Azərbaycanda əqli mülkiyyət sahəsində bir sıra qanunlar olsa da, bu qanunun əqli mülkiyyət hüquqlarının qorunmasında və piratçılığa qarşı mübarizədə xüsusi rolu var.
Hazırda Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində MDB məkanında şəriksiz lider mövqeyindədir. Ölkəmiz bu sahədə bir çox ölkələri qabaqlayaraq ön sırada yer alıb.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində beynəlxalq əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu istiqamətdəki uğurlarını yüksək qiymətləndirir".
İqtisadiyyatda əqli mülkiyyətin rolu
Azərbaycan üçün əqli mülkiyyətin iqtisadi əhəmiyyəti şübhəsizdir. Bu gün elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi və informasiya cəmiyyətinin inkişafında geniş istifadə olunması vacib əhəmiyyət daşıyır. Əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amillərdən biri olduğu da şübhəsizdir.
İqtisadiyyatda əqli mülkiyyətin artan rolu müəssisə, firma və digər təşkilatlarda qeyri-maddi aktivlərin payının artması və maddi aktivlərin isə nisbət payının azaldılması ilə müşahidə olunur. İqtisadi subyektlərin aktivlərinin oriyentasiyasının dəyişilməsi və əqli mülkiyyətin ən dəyərli aktiv kimi kommersiya əqdlərində iştirakı aktivlərdə olan əqli mülkiyyət obyektlərinin dəyərləndirilməsini tələb edir. Bununla əlaqədar Agentlikdə əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsi üzrə "Biznes və əqli mülkiyyət obyektləri" praktiki tövsiyələr hazırlanıb. Son 20 ildə əqli mülkiyyət fenomeni sürətlə inkişaf edərək, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində və bu intellektual məhsulların yayılmasında ən vacib amil kimi çıxış edir. Beton və dəmirə əsaslanan iqtisadiyyat "biliklərə və ideyalara əsaslanan iqtisadiyyata" çevrilib və bu iqtisadiyyatın əqli mülkiyyətində cəmləşən intellektual kapital özünü əsas valyuta kimi aparır. Qeyd edək ki, Azərbaycan hökuməti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının təminatını prioritet sahə kimi qəbul edərək, dünyadakı dəyişiklikləri diqqətlə izləyir və bu sahədə dinamik inkişafı təmin etmək üçün bir sıra kompleks tədbirlər həyata keçirir.
Qeyd edək ki, elm və texnikanın inkişafı, rəqəm və texnologiyaların tətbiqi və yaradıcılıq nəticələrinin istifadə miqyasının genişlənməsi, əqli mülkiyyət hüquqlarının iqtisadi əhəmiyyətinin artması, ölkə daxilində və beynəlxalq qanunvericilikdə müəlliflərin və digər hüquq sahiblərinin maraqlarını təmsil edən çoxsaylı ictimai təşkilatların fəaliyyətinin koordinasiya edilməsi və nəzarətin zərurəti, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində hüquq pozuntularının sayının artması və nəhayət, ictimaiyyətdə bu hüquq pozuntularına qarşı münasibət və s. ona gətirib çıxarıb ki, dövlətin ənənəvi qanunvericilik, tənzimləyici və idarəçilik funksiyaları ilə yanaşı, həmin sahələrdə koordinasiya və nəzarət funksiyalarının da əhatə olunmasını tələb edir. Agentliyin fəaliyyətinin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi göstərir ki, dövlətin bu sahədəki artan rolu bir sıra yeni istiqamətləri əhatə edəcək.
Onu da bildirək ki, hazırda ölkəmizin əhalisinin 80 faizi internet istifadəçisidir. Beynəlxalq Elektrorabitə İttifaqı hesabatında göstərir ki, cari ilin sonuna qədər dünya əhalisinin 50 faizi internetə qoşulacaq. Hazırda virtual aləmdə müşahidə edilən meyllərdən biri əqli mülkiyyətin və xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyasıdır, virtual şəbəkədə istifadəsinin artmasıdır. İnternetdə satılan malların 50 faizindən çoxu əqli mülkiyyət obyektləridir və onların hər beşindən dördü müəlliflik hüququ ilə qorunur.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.