Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

İl ərzində müəlliflərin 1400-dən artıq müraciət və sorğusuna baxılıb


15.01.2018 [17:46]

 

https://azertag.az/xeber/Il_erzinde_muelliflerin_1400_den_artiq_muraciet_ve_sorgusuna_baxilib-1128454

 

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində ötən il müəlliflərin müraciətləri əsasında piratçılıq və plagiat faktları üzrə 10 ekspert rəyi hazırlanıb, əqli mülkiyyət məhsulları bazarının monitorinqi davam etdirilib, müxtəlif formalı maarifləndirmə tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 28 faizə, audio-video məhsul bazarında 90 faizdən 65 faizə, proqram təminatında 96 faizdən 75 faizə düşüb.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 2017-ci ildə görülmüş işlər barədə yekun hesabatında əks olunub. Hesabat ilində “Microsoft Azərbaycan” şirkətinin rəhbərliyi və nümayəndələri ilə bir neçə işçi görüş keçirilib, proqram təminatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq proqram təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirlərinin koordinasiya edilməsi üçün Agentliyin və şirkətin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nda il ərzində müəlliflərin və digər hüquq sahiblərinin 1400-dən artıq müraciət və sorğusuna baxılıb, onlara qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərilib.