İki əlamətdar tarix ərəfəsində iki aktual konfrans
08.05.2018
https://525.az/site/?name=xeber&news_id=99182#gsc.tab=0
Firuzə NADİR
“23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ölkəmizdə 1996-cı ildən, “26 aprel - “Beynəlxalq Əqli Mülkiyyət Günü” isə 2001-ci ildən hər il təntənə ilə qeyd olunur. Müəllif Hüquqları Agentliyi bununla bağlı müxtəlif beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar təşkil edir. Hər dəfə də bu tədbirlər cəmiyyətin, alimlərin, KİV-lərin diqqətini öz üzərində cəmləyə bilir. Bu il aprelin 20-də Agentlik “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda növbəti konfransını keçirdi. Aprelin 23-də isə yaradaçı, yenilikçi insan əməyini, kreativ düşüncəni, mədəni və hüquqi şüurun təntənəsini, iqtisadi inkişafı tərənnüm edən “Beynəlxalq Əqli Mülkiyyət Günü” ilə bağlı daha aktual mövzunu gündəmə gətirdi. Günün Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə elan edilən builki “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə dəyirmi masada müzakirəyə çıxardı. Məqsəd əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əqli mülkiyyətin əvəzedilməz rolunu qabartmaq idi. Hər iki tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu.
“Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır...”
“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” adlı tədbir ötən il keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri” mövzusunda konfransın davamı idi. Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanov bu konfransda da nitqi ilə diqqəti çəkdi. Əvvəlcə bu il qürurla qeyd etdiyimiz hər iki əlamətdar yubileydən danışan sədr tarixin “tanıdığı” qələbənin Ulu öndər Heydər Əliyevin qələbəsi olduğunu, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrildiyini əsaslandırdı. Onun fikrincə, bu qələbə, həm də Prezident İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla həyata keçirilən varislik xəttindədir. Bu qələbə xalqın ona ləyaqətlə xidmət edən dövlət başçısına dərin ehtiram və sevgisindədir. ”İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur”. Bunu aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkiləri də təsdiqləyir. Azərbaycan xalqı öz gələcəyinə böyük ilham və inamla baxır, dövlətin taleyi məsuliyyətli rəhbərdə, cənab İlham Əliyevdədir.
ADR-in 100 illik yubileyinə gəlincə isə, alim Prezident İlham Əliyevdən sitat gətirdi: “Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi... Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır... Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alındı.”
Agentlik sədri hesab edir ki, Cümhuriyyətin süqutunda kommunist libası geyinmiş erməni millətçilərinin, daşnakların əli var idi. Kifayət qədər güclü olmadığımız və erməni-daşnakların ərazi iddialarına son qoyacaqları barədə vədlərinə inandığımız üçün bir sıra ərazilərimiz o zaman ermənilərə verildi. Prezident İlham Əliyevin dediyi kimi, “1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir”. Bu gün dövlətimizin başçısı qüdrətimizə və iradəmizə əsaslanaraq bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır.”. Bu bəyanatın əsasında təcavüzkarlıq meyli yox, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq... Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. ...İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...”.
“Nə Şərqi Armeniya, nə də Qərbi Armeniya bilavasitə hay-ermənilərin torpaqları olmayıb və bunlar hay-erməni mifləridir...”
“Hay-ermənilərin “Armeniya” ərazisinə aid olan uydurmaları və bu ərazinin həqiqi sakinləri haqqında” mövzunun ətraflı təhlilini verən MHA-nın sədri erməni yalanlarını, hay-erməni mifologiyasının qonşu xalqların ərazilərini işğal etməyə, onların mədəni irsinin mənimsənilməsinə yönəlmiş iddialarını bu dəfə də tutarlı tarixi fakt və dəlillərlə alt-üst etdi. O, qədim mətnlərə, klassik mənbələrə, dünyada tanınmış alimlərin qənaətlərinə əsasən “Armeniya” termininin toponimik, etnonimik və linqvistik mənşəyi haqqında məlumat verdi, onun mənimsənilməsi və XX əsrdən başlayaraq, “Hayastan” sözünün sinonimi kimi işlənməsi, “Şərqi Armeniya” və “Qərbi Armeniya” adlandırılan torpaqların hay-ermənilərə aid olmaması, hay-erməni əlifbasının Aran mənşəyi, hayların etnik xüsusiyyətləri, turanlı sülalələrin erməni sülalələri kimi qələmə verilməsi, Azərbaycana aid kitabələrin erməni mətnləri kimi oxunması cəhdləri, ermənilərin Urartu və Armina dövlətlərinin tarix və mədəniyyətinə olan iddialarına aydınlıq gətirdi. Alimin sözlərinə görə, bu məsələlərə müxtəlif yanaşmaları birləşdirən danılmaz fakt odur ki, “Armeniya” haqqında yanaşmaların bugünkü hay-ermənilərə heç bir aidiyyəti yoxdur.
Hay-erməni tarixşünaslığı haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimi mənimsəyərək, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanmasından sonra “Şərqi və Qərbi Ermənistan”ın, hətta uydurma “böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirib. Ermənilərin tirajladığı “Şərqi Ermənistan” bizim tarixi torpaqlarımız – İrəvan xanlığının ərazisi və hay-ermənilərin könlünü almaq üçün Azərbaycandan qoparılıb Ermənistana verilən Zəngəzur qəzası və Göyçə (Şərur-Dərələyəz) torpaqlarıdır. Torpaqsız Sovet Ermənistanı, məhz bu cür, Azərbaycan əraziləri hesabına yaradılıb. Lakin bu, azmış kimi, sonradan erməni tarixşünaslığı sovet tarix elminin dəstəyi ilə hayların bu torpaqlardakı qədimliyinə dair yalanlar uydurub, “hay çar sülalələri yaradıb”, “Şərqi Ermənistanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin müddəaları təhrif olunub. Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi mənimsənilib. İkinci dünya müharibəsindən sonra aktuallaşan uydurma “parçalanmış erməni torpaqları” isə “Qərbi Armeniya” cəfəngiyyatı ilə bağlıdır. Türkiyənin tərkibində qalan Doğu Anadolu, əsasən Kars vilayəti, “Şərqi və Qərbi Armeniyalar” birgə hayların “sübut etməyə” çalışdığıı xəyali “Böyük Ermənistan”ı təşkil edir.
Konkret misallar gətirən professor “Böyük Ermənistan”ın xəyali siyasi sərhədlərini ictimai rəyə “sırımağa” çalışanlardan biri, Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, şərqşünas-türkoloq Ruben Safrastyanın bu yaxınlardakı bəyanatını diqqətə çatdırdı: “Türkiyə hakimiyyəti Naxçıvanın hesabına ölkələrinin ərazisini genişləndirməyə ümid edir”. Kamran İmanovun fikrincə, təxribat xarakterli, yalan və riyakarlıqla dolu bu məlumat ona görə ortaya atılır ki, Naxçıvan torpaqlarına göz dikən və xam xəyallar quran hay-ermənilər onun Azərbaycandan alınmasını çox istəyirlər. Və özlərinin gücü çatmadığından bunu başqalarının əli ilə etməyə çalışırlar. Məsələ bundadır ki, Türkiyə Naxçıvanın statusunu dəyişərsə, 1921-ci il Moskva və Qars sülh müqavilələri pozulmuş sayıla və onların ləğvi üçün hüquqi zəmin yarana bilər. Belə olduqda, erməniçilik Naxçıvana qarşı öz ekspansiya iddialarına legitimlik imkanı əldə edər. Ermənistana gəlincə isə onun ərazisi sovet dövründə Sovet hakimiyyətinin qərarları ilə Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur qəzası və Göycə mahalının hesabına xeyli genişləndirilib, lakin bu ərazi güzəştləri Qars müqaviləsində öz əksini tapa bilməzdi. Bu, o deməkdir ki, Azərbaycan ən azından Ermənistanın Qarabağın işğalına qədərki sərhədlərini tanımamaq hüququna malikdir. Rusiyalı politoloq-tarixçi Oleq Kuznetsovun da erməni fitnəkarlıqlarını ifşa etdiyini söyləyən professor Kamran İmanov sonra diqqəti daha bir tarixi mənbəyə yönəltdi. Bu dəfə erməni riyakarlığını elə erməni mənbəyinə əsasən üzə çıxardı. Erməni alimi və keşişi İosif Sandalgianın 1917-ci ildə Romada fransızca nəşr edilən “Ermənistanın bütpərəst dövrünün sənədli tarixi (e.ə.1410–e.305 illər)” kitabında adı çəkilən 13 qəbilə (xalqın) əksəriyyəti türk mənşəli xalqlardır. Buna görə də türk tarixçisi Fəxrəddin Kırzıoğlu yazır ki, “erməni (haylara) Ərməniyyə torpağında yer qalmır”. Və 100 ildən çox erməni şovinist dairələri bu kitabı “qəbul etmir”, onun əldə olunan nüsxələrini məhv ediblər, müəllifin adını isə biblioqrafiyalarda heç vaxt yada salmırlar. Beləliklə, Kamran İmanov bu qənaətə gəlir: nə Şərqi Armeniya, nə də Qərbi Armeniya bilavasitə hay-ermənilərin torpaqları olmayıb və bunlar hay-erməni mifləridir...
“Kimlərsə başqalarını aldatmaq üçün yalan səpir, başqaları isə aldadılmış olduğuna görə yalanı yayır...”
Ermənilərin ərazi iddiaları ilə yanaşı, əqli mülkiyyətimizi oğurlamaq cəhdləri və üsulları da hamıya məlumdur. Rəvayət, dastan, bayatı, atalar sözləri və məsəllərimizin, musiqimizin, rəqslərimizin mənimsənilməsi, mətbəximizin oğurlanması, xalçalarımızın özününküləşdirilməsi ermənilər üçün artıq gülünc vərdişə çevrilib.
MHA-nın sədri Kamran İmanov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli sənət incilərimizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs nümunələri siyahısına salınması istiqamətində mühüm fəaliyyətinə diqqət çəkdi. 2008-ci ildən bəri Qeyri-Maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın 11 elementi daxil edilib. Bu say bədnam qonşularımızın qeydə alınan elementlərinin sayını iki dəfədən çox üstələyir. Ermənilərin bu gün də xalqımızın maddi və qeyri-maddi irs nümunələrinə iddialarından əl çəkmədiyini, əqli mülkiyyətimizə göz dikdiyini deyən alim bu riyakar, aqressiv fitnələrə sipər çəkməyin vacibliyini vurğuladı: “Belə iddiaların əsassızlığını göstərmək üçün hər birimiz səylərimizi artırmalıyıq!”. Məhz bu cür səylər nəticəsində “Köçəri” rəqsini Qeyri-maddi Mədəni İrs siyahısına salmaq üçün erməni cəhdlərinin qarşısını bir neçə il almaq mümkün oldu. Lakin 2017-ci ildə UNESKO “Köçəri”ni erməni rəqsi kimi siyahıya daxil etdi. Bununla bağlı təəssüfünü bildirən MHA-nın sədri “Köçəri” rəqsi ilə bağlı araşdırmalarını təqdim etdi. Bir daha bu rəqsin türk xalqlarına məxsus olduğunu, onun minilliklərdir ki, Qobustanın yaddaşında həkk edilmiş milli rəqsimiz “Yallı”nın bir növü olduğunu, eyni zamanda “köçəri” sözünün türklərə məxsusluğunu elmi əsaslarla sübut etdi.
Ermənilər bu gün də UNESKO-nun siyahısına daxil etmək üçün yeni fitnəkar təkliflər hazırlayır. “Sputnik Armeniya”nın xəbərinə görə, Yerevan qədim Azərbaycan diyarında qalan yeganə Göy məscidi Dünya mədəni irsinin ilkin siyahısına təqdim etmək fikrindədir. İşğal olunmuş torpaqlarımızda məscidləri dağıdan vandal ermənilər bu addımı iranlılara hədiyyə şəklində, İran məscidi adı altında təklif edirlər. Üstəlik, erməni qatığını, erməni meyvə arağını (çox güman ki, işğal olunmuş Qarabağ tutundan), hətta erməni xalçaçılığını və tar musiqi alətini də UNESKO-nun siyahısına salmaq sevdasına düşüblər. Bədnam qonşularımızın bu açıq-aşkar plagiatçılığı qarşısında professor Kamran İmanovun səsləndirdiyi ritorik sual da çox yerinə düşür: “Bəs görəsən, ermənilər nə vaxt kimdənsə öyrəndiklərini, mənimsəyib özününküləşdirdiklərini, riyakar, aqressiv fitnəli təkliflərini yox, erməni xalqının həqiqi zəka və sənət məhsulunu təqdim etmək istəyinə düşə biləcəklər?” Yəqin ki, heç vaxt!..
Bizim isə məqsədimiz birdir: “Kimlərsə başqalarını aldatmaq üçün yalan səpir, başqaları isə aldadılmış olduğuna görə yalanı yayır. Odur ki, vicdanımızın qulu, iradəmizin sahibi olmaqla, aldadılmışların sayını azaltmaq məqsədilə gücümüzü əsirgəməyəcəyik...”
****
Konfransda Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək dəyərləndirdi. Milli Məclisin deputatı Elmira Axundova erməni yalanlarının ifşa olunmasında kitabların əhəmiyyətindən danışdı, mənfur qonşularımıza qarşı müxtəlif ölkələrdən olan alimlərlə birgə mübarizə aparılmasının vacibliyini vurğuladı. Alimlərimizin “Armeniya” coğrafi adının etimologiyası haqqında”, “Erməni əlifbasının Aran mənşəyi”, “Hayların etnik xüsusiyyətləri”, “Azərbaycana aid kitabların erməni mətnləri kimi oxunması cəhdləri”, “Ermənilərin Urartu və Armina dövlətlərinin mirasına iddiaları”, “Özlərini hay adlandıran və bizim “erməni dediyimiz” millətin etnoeponimi, etnotarixi və etnoyazısı olubmu?”, “Erməni təbliğatı və Azərbaycan həqiqətləri” mövzularında məruzələrində də erməni tarixçilərinin uydurmaları elmi faktlarla ifşa olundu, maraqlı müzakirələr aparıldı.
Kamran İmanov: “Bəşər kitabının mündəricatı qadınlardır...”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunan “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” adlı dəyirmi masa da Müəllif Hüquqları Agentliyinin uğurlu tədbirlərinin sırasına yazıldı. Bu mövzu da təsadüfən seçilməmişdi. “Qadınlar yeni ideya, faydalı kəşf və ixtiraları, yaradıcılıqları, uğurlu axtarışları ilə həyatımızı zənginləşdirirlər” deyən MHA İdarə Heyətinin sədri Kamran İmanov hesab edir ki, “bəşər kitabının mündəricatı qadınlardır”. Azərbaycan qadınları da güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu çoxdan sübuta yetiriblər.
Azərbaycan Demokratik Respublikası tərəfindən qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib. Ulu öndər Heydər Əliyev qadınlarla bağlı tarixi qərarlar qəbul edib. Bu siyasət indi də davam etdirilir. Prezident İlham Əliyevin dediyi kimi: “Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, dövlət məmuru, görkəmli elm xadimi, iş adamı, xalqın inanıb səs verdiyi millət vəkilidir. İndi qadınlar elm və texnologiyalar sahəsinin fəal iştirakçılarıdırlar, innovasiya və yaradıcılıqla məşğul olan qadınların sayı ildən-ilə artmaqdadır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir”.
Professor Kamran İmanov məruzəsində diqqəti gender faktorlarının iqtisadi inkişafa və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə və innovativliyinə təsiri, Dünya İqtisadi Forumunun “Gender fərqliliyi İndeksi” və BMT-nin “Gender Bərabərliyi İndeksi”nin, ÜƏMT-nin və UNESKO-nun gender bərabərsizliyi barədə materiallarının təhlilinə, həmçinin ixtiraçı qadın təbəqəsi və Azərbaycanda təhsil və elmdə gender pariteti məsələlərinə yönəltdi. Əqli mülkiyyət fenomeninin dərk olunması məsələsinə toxunan alim bildirdi ki, bu fenomen heç vaxt öz-özünü təmin edən hədəf, öz-özlüyündə abstrakt vasitə olmayıb. O, xidmətçi sahə kimi “mövcud biliklərdən yaranan və yeni biliklərlə nəticələnən” fenomendir. “Biliklər cəmiyyəti”ndə, “biliklərə əsaslanan iqtisadiyyatda” əqli mülkiyyətin qorunması kreativlik və innovasiyaçılığın stimullaşdırılması, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsi, innovasiyalı mühitin formalaşmasında əsas vasitədir. Əqli mülkiyyətin qorunmasında dövlət siyasətimizin iki istiqaməti nəzərə çarpır: fərdi kreativliyi (müəlliflik, patent hüququ) və qrup kreativliyini (folklor, ənənəvi biliklər) stimullaşdırmaq, inkişaf etdirmək və qoruyub saxlamaq. Son 25 ildə əqli mülkiyyət fenomeni nəzərəçarpan dərəcədə inkişaf edib. Agentlik sədrinin fikrincə, bu, əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir. Prezident İlham Əliyevin sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. Odur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamətlərdən biri kimi qəbul olunur. Dövlət başçısının dediyi kimi, “Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.
Ölkəmizin uğurlarını diqqətə çatdıran natiqin sözlərinə görə, bu, əqli mülkiyyət sahəsinə də müsbət təsir edir. Azərbaycan Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə 4,8 bal toplayaraq 37-ci yeri tutur, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib.
Professor Kamran İmanovun fikrincə, qadınlar hər bir millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir. Son illərdəki müşahidələr göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur. Aydındır: yüksək savadlı qadın cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı ilə iqtisadiyyata müsbət təsir edir. Bu, gender bərabərliyinin iqtisadi əhəmiyyətidir. Məruzədə elm və tədqiqat sahəsində gender pariteti, ixtiraçı qadın təbəqəsi, rəqəmli gender fərqliliyi, Azərbaycanda təhsil və elmdə gender pariteti və digər məsələlər maraqlı fakt, rəqəm və məlumatlarla ətraflı təhlil olundu. Azərbaycan Dünya İqtisadi Forumunun “Gender Fərqliliyi İndeksi” və BMT-nin “Gender Bərabərliyi İndeksi”nin bəzi göstəriciləri üzrə MDB-də lider olduğu da nəzərə çatdırıldı.
Hicran Hüseynova: “UNESCO-nun hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçıların arasında qadınların xüsusi çəkisi daha çox olan ölkələr sırasındadır...”
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın dəyirmi masadakı çıxışı da maraqlı məqamları ilə yadda qaldı. Aprelin 11-də keçirilən prezident seçkilərində qadınların fəallığına toxunan sədr bildirdi ki, onlar bir daha sübut etdilər ki, hələ XX əsrin əvvəllərində bu hüququ əldə etməklə cəmiyyətimizin həyatında aparıcı qüvvədirlər. Qadınların ailə və cəmiyyətdəki, dövlət quruculuğundakı fəal mövqeyindən danışan natiq ölkəmizdə dövlət qadın siyasətinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu minnətdarlıqla xatırladı. “Həmin siyasətin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daha da gücləndirilməsinin şahidiyik” deyən Hicran Hüseynova hesab edir ki, müxtəlif dövlət proqramlarının reallaşması qadınların ictimai, iqtisadi, elmi, mədəni həyatdakı rolunu artırır. Onun sözlərinə görə, dövlətin innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiqi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur. Tərəqqi insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Bu prosesdə qadınların payı az deyil. UNESCO-nun 2013-cü il üçün hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçıların arasında qadınların xüsusi çəkisi daha çox olan ölkələr sırasındadır. 2016-cı ildə Dünya İqtisadi Forumunun metodikası əsasında gender bərabərsizliyi indeksi müəyyənləşdirilib. Bu indeks müxtəlif dəyişənlər üzrə qadınlar və kişilər arasındakı gender fərqinin səviyyəsini ölçür. Azərbaycan 144 ölkə arasında 86-cı yerdədir. Ölkə rəhbərinin qayğısı qadınlarımızı elmi biliklərin yayılmasında ardıcıl iş aparmağa ruhlandırır. Yüksək intellektual potensiala malik qadın alimlərimiz novator ideyaları, dəyərli araşdırmaları ilə indi də Azərbaycan və dünya elminə mühüm töhfələr verir, yeni nəsil üçün əsl nümunəyə çevrilirlər. Sitat: “Bu gün gənc tədqiqatçılar onların elmi irsini, zəngin təcrübələrini həvəslə öyrənirlər. Dünyada şöhrət qazanmış Reynerci (Rainergy) start apının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə buna gözəl nümunədir və ölkəmizdə belə bir yeni nəslin formalaşması ilə fəxr edirik.”
Dəyirmi masada alim və mütəxəssislərin məruzələrində qadınların elmi nəticələrindən, innovasiya və yaradıcılıqdakı uğurlarından, müasir dövrdə qadının cəmiyyətdə yerinin qiymətləndirilməsi meyarlarının məzmun və xarakterinin tamamilə yenilənməsindən, insan kapitalının formalaşmasında, gender bərabərliyinin təmin olunmasında elmin və təhsilin rolundan bəhs olundu, yaradıcı qadınların əməyinin beynəlxalq aləmdə təbliği ilə bağlı rəy və təkliflər səsləndirildi. Ümumdünya Əqli Mülkiyyət Gününün qeyd olunmasının yeni ideyaların reallığa çevrilməsi imkanlarını genişləndirdiyi xüsusi vurğulandı.
Tədbirdə innovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına Müəllif Hüquqları Agentliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə Fəxri fərmanları təqdim edildi.
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova: “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” adlı dəyirmi masa innovativ düşüncəli qadınları bir müstəvidə birləşdirməklə, əslində yenilikçi və yaradıcı qadınların dəstəklənməsini bir daha gündəmə gətirdi” deyə tədbirə yekun vurdu.
Uğurlu 25 il
Bu il Müəllif Hüquqları Agentliyi, həm də 25 illiyini qeyd edir. Agentliyin bu 25 ildə xalqımızın ənənəvi mədəni nümunələrinin, ənənəvi biliklərinin sistemli şəkildə öyrənilməsi, hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətində gördüyü işlər danılmazdır. MHA Ermənistanın Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalarına, təndirin ermənilər tərəfindən özününküləşdirməsinə qarşı tarixi faktlara, elmi və etimoloji əsaslara, mənbələrə istinadən arayış və şərhlər hazırlayıb, xaçkar erməni iddialarının əsassızlığını sübut edib. Agentliyin təşkilatçılığı, dəstəyi və iştirakı ilə keçirilən müxtəlif milli və beynəlxalq konfranslarda ermənilərin ərazilərimizə, maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə iddialarını ifşa edən məruzələr təqdim olunub.
1996-cı ildən 2018-ci il yanvarın 1-dək Agentlikdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.
Agentliyin fəaliyyətinin təmin olunması məqsədi ilə 5 qanun, Nazirlər Kabinetinin 30-a yaxın qərarı, habelə beynəlxalq və iktərəfli sazişlərdən ibarət effektiv normativ-hüquqi baza formalaşıb. Beynəlxalq əlaqələrinin genişləndirilməsi də xüsusi diqqətdə olub. Azərbaycan ÜƏMT-nın idarəçiliyində olan beynəlxalq müqavilələrin əksəriyyətinə qoşulub. ÜƏMT və Avropa İttifaqı mütəxəssislərinin rəyinə görə, Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik ölkələrdən biridir. 2017-ci ildə ÜƏMT üzv-dövlətlərinin Assambleyasının Cenevrədə keçirilən 57-ci toplantısında ÜƏMT-nin rəhbər orqanlarına keçirilən seçkilərdə Azərbaycan ÜƏMT-nin Koordinasiya və Büdcə və Proqram Komitələrinə seçilib, Müəllif Hüquqları Agentliyinin nümayəndəsi “ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi”nin vitse-prezidenti seçilib.
Hazırda Agentlik Prezident İlham Əliyevin 24 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət daşıyan, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən əqli mülkiyyətin bütün sahələrini özündə cəmləşdirən Əqli Mülkiyyət Agentliyi yaradılır. Bunlar dövlətimizin başçısının bu sahənin institusional quruluşuna olan diqqət və qayğısının növbəti təzahürüdür.