Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Görmə qüsurlu şəxslərin əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri müzakirə edilib


Bakı, 1 dekabr, Kifayət Əliyeva, AzərTAc

Dekabrın 1-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, konfransın açılışında MHA-nın sədri Kamran İmanov bildirib ki, ölkə rəhbərliyinin dəstəyi ilə Azərbaycanda müəllif-hüquq sistemi və ümumiyyətlə, əqli mülkiyyət problemləri ilə bağlı mütəmadi beynəlxalq və milli tədbirlər keçirilir. Belə tədbirlər müəlliflik hüququnun, əqli mülkiyyət hüquqlarının tanınmasına və inkişafına xidmət edir. Bunların sırasında məhdud imkanlı insanların problemlərinin həll olunmasına yönəlmiş seminar və konfranslar xüsusi qeyd edilməlidir.

Daha sonra K.İmanovun “İstisnalar, məhdudiyyətlər və milli müəllif – hüquq qanunvericiliyi” mövzunda məruzəsi dinlənilib.

Bildirilib ki, dünyada yüz milyonlarla kor və görmə qabiliyyəti qüsurlu insan kitablardan, çap olunan məlumatlardan məhrumdur, informasiya aclığı şəraitində həyat sürür. Texnoloji yeniliklər yaşadığımız dünyanı sıx əlaqələrlə bağlayır, internet kitabların, jurnal məqalələrinin, musiqi və digər yaradıcılıq əsərlərinin rəqəmsal variantlarının saniyələrlə ölçülən vaxt kəsiyində dünyaya yayılmasına imkan verir. Yeni texnologiyalar onlayn rejimdə biliklərin ötürülməsini asanlaşdırsa da, görmə qüsurlu insanların təhsil-tədris, oxumağa və əylənməyə istəyi problem olaraq qalır. Bu insanların ehtiyacları yalnız xüsusi adaptasiya olunan çap materialları ilə təmin edilməlidir. Lakin biliklərə meylin əlyetərliliyi qarşısında duran müəllif hüququnun beynəlxalq rejimi buna mane olur. Müəlliflik hüququ yaradıcı şəxsə öz əsərinin istifadəsi ilə bağlı inhisarçılıq, monopoliya verir, icazəsindən asılılığa gətirib çıxarır. Müəllif hüququnun tarixi yaradıcı şəxslərin mənafeyinin dəstəklənməsi ilə kütlənin, cəmiyyətin biliklərə marağı arasındakı tarazlığın axtarışıdır. Bunlar müəllif hüququndan istisnalar və məhdudiyyətlər vasitəsilə həyata keçirilir.

K.İmanov qeyd edib ki, digər qabaqcıl dövlətlərlə yanaşı, Azərbaycanın müəllif-hüquq qanunvericiliyi görmə qabiliyyəti qüsurlu olan insanlara bu istisnaları verir. Ölkədə bu kateqoriyaya aid olan insanlar xüsusi qayğı ilə əhatə olunur. Bununla belə, dünya miqyasında milli qanunvericilik normalarında görmə qüsuru olan insanların xeyrinə ya müvafiq normalar yoxdur, ya da uyğunluq və unifikasiya aparılmayıb.

MHA-nın sədri bildirib ki, görmə qabiliyyəti qüsurlu olan insanlar üçün əlyetərli formatda əsərlərin dərc edilməsi və transsərhəd mübadiləsi imkanlarının yoxluğu əhəmiyyətli resurslar tələb edir. Belə şəxslər üçün əlyetərli formatlarda əsərlər çatmır. Bunları aradan qaldırmağa kömək edən, 2013-cü ildə imzalanmış “Kor, görmə qüsurlu və ya çap informasiyasını qavramaqda digər məhdud imkanlı şəxslərin dərc olunmuş əsərlərinə girişini asanlaşdırmaq haqqında” Mərakeş Müqaviləsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu müqavilə görmə qabiliyyəti qüsurlu insanlar üçün Brayl çapı, böyük, qabarıq şrift, rəqəmsal audio və digər uyğun formatlarda əsərlərin daha çox olmasının zəmanətidir.

Son 20 ildə Azərbaycanın müəllif-hüquq sisteminin dinamik inkişaf etdiyini diqqətə çatdıran K.İmanov ölkədə bu sahədə 40-dan artıq normativ-hüquqi akt və altı qanun, o cümlədən analoqu olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun qəbul edildiyini vurğulayıb.

Bildirilib ki, Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı müvafiq hesabatlarında Azərbaycanın əqli mülkiyyət institutları MDB məkanında 2013-2014-cü illərdə liderdir. 2010-cu ildən başlayaraq, Azərbaycan bu hesabatlarda əqli mülkiyyət sahəsində Cənubi Qafqazın ən qabaqcıl dövləti kimi təqdim olunur. Azərbaycan DƏMT-in rəhbər orqanında – Koordinasiya Komitəsində təmsil olunur. Azərbaycan nümayəndəsi MDB məkanında ilk dəfə DƏMT-in 100-dək dövlətin təmsil olunduğu “Müəlliflik Hüququna dair” Konvensiyası Müqaviləsi Assambleyasının sədri seçilib. Bu nəticələrin əldə edilməsi, uğurların səbəbi və ən mühüm zəmini Prezident İlham Əliyevin yürütdüyü siyasətdir, dövlət başçısının təfəkkürü və düşüncə tərzinin kreativliyi, müstəqilliyidir, gələcəyi görmək məharətidir, onun yaratdığı davamlı inkişafın “Azərbaycan modeli”dir.

K.İmanov kor və görmə qabiliyyəti zəif olan insanlar üçün inşa olunmuş regional informasiya mərkəzlərinin açılmasından, əlillərin normal həyata inteqrasiyası üçün Azərbaycanda çox böyük işlərin görülməsindən də danışıb. Bu istiqamətdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi vurğulanıb. Fondun son on ildə həyata keçirdiyi layihə və tədbirlərdən söz açılıb. Bildirilib ki, 2005-ci ildə BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında imzalanan Saziş əsasında görmə qabiliyyəti qüsurlu olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına (İKT) çıxışın təmin edilməsi, Azərbaycanda yaşayan təxminən 40 min kor və görmə qabiliyyəti qüsurlu insanın cəmiyyətə inteqrasiyası, bilik və məlumat əldə etmək imkanlarının genişlənməsi və məşğulluğunun artırılması sahəsində mühüm addım atılır.

BMT-nin “Minilliyin Bəyannaməsi”nə uyğun olaraq dövlət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə İKT-nin hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun hazırlanmış layihə üç mərhələdə həyata keçirilib.

MHA-nın sədri bildirib ki, Heydər Əliyev Fondu məhdud imkanlı insanlara Azərbaycanın hüdudlarından kənarda da diqqət yetirir. 2013-cü ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Fondun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak edib. Həmin mərkəzdəki tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, xarici dillər, riyaziyyat, musiqi, idman və s. daxildir.

Qeyd olunub ki, cari ildə Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi mühüm yenilik kimi dəyərləndirilməlidir. Bu sıraya Respublika Gözdən Əlillər Kitabxanasını, bu kateqoriyalı şəxslər üçün “Sərhədsiz incəsənət” layihəsinin həyata keçirilməsini və s. tədbirləri əlavə etmək lazımdır.

MHA-nın sədri rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış milli müəllif-hüquq sisteminin və Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinin cari ildə 21 yaşı tamam olub. Ötən illərdə respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılıb, müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb.

K.İmanov vurğulayıb ki, Azərbaycan nəzəri hazırlıq səviyyəsində Mərakeş Müqaviləsinə qoşulmaqla yanaşı, gözdən əlillər üçün böyük praktiki iş aparıb və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

DƏMT-in müəllif hüququ bölməsinin əməkdaşı xanım Geidy Lunq konfransın vacib mövzuya həsr olunduğunu, təmsil etdiyi qurumun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bu mövzuya həsr olunan tədbir və layihələrin keçirilməsinə dəstək göstərdiyini vurğulayıb.

Konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxış edərək Azərbaycanda gözdən əlillərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

Daha sonra “Mərakeş müqaviləsinin təhlili”, “Korların və digər görmə qüsurlu əlillərin cəmiyyətə sosial inteqrasiyası”, “Mərakeş müqaviləsi görmə qüsurlu şəxslərin perspektivindən”, “Milli qanunvericiliklərdə görmə qüsurlu şəxslər üçün məhdudiyyətlər və istisnalar”, “Gözdən əlillər üçün informasiya əlyetərliliyinin təmin edilməsi” və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilib.

Beynəlxalq konfrans dekabrın 2-də işini “Azərbaycan Respublikasında müəlliflik hüquqlarının cari çağırışları”, “Mərakeşə və ratifikasiya prosesinə gedən yol” mövzularında “dəyirmi masa”larla davam etdirəcək.