Gəray Dadaşov : “Mədəni irsimizin saxtalaşdırılması cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyətimizi daha da gücləndirməyə çalışırıq”
2018-04-06 10:05:05
http://fact-info.az/news?id=4946
Fact-info.az saytının suallarını Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Gəray Dadaşov cavablandırır:
-Son vaxtlar ölkəmizdə aparılan islahatlar çərçivəsində Müəllif Hüquqları Agentliyinin təşkilati-hüquqi forması dəyişmiş, Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlamışdır. Bununla əlaqədar, Agentliyin fəaliyyətinin məqsəd və istiqamətləri, həmçinin vəzifə və hüquqları barədə məlumat verməyinizi xahiş edirik.
-Ölkəmizdə aparılan struktur islahatları çərçivəsində “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanı ilə “mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılmısdır. Agentliyin fəaliyyət dairəsi müəlliflik hüququ və digər oxşar hüquqlar sahəsində mövcud olan Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən 5 qanun, Azərbaycan Respublikası Prezidentinin aidiyyəti üzrə fərmanları və Nazirlər Kabinetinin qərarlarından ibarətdir. Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli və 2017-ci il 6 sentyabr tarixli fərmanları Agentliyin fəaliyyətinin yeni yanaşmalar üzərində qurulmasına, bu fəaliyyətin daha da səmərəli aparılmasına güclü dəstək olaraq, bütövlükdə Agentliyin qarşısında yeni imkanlar açmışdır. Həmin fərmanlara uyğun olaraq reallaşdırılan struktur dəyişiklikləri çərçivəsində Agentliyin təşkilati-hüquqi forması, struktur vahidlərinin adları dəyişdirilmiş, əməkdaşların vəzifə səlahiyyətləri daha da dəqiqləşdirilərək, faydalı nəticələrin əldə olunmasına təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsi təşkilatın fəaliyyətinin məqsəd və istiqamətlərini, həmçinin vəzifə və hüquqlarını müəyyən edir. Nizamnaməyə əsasən, Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına dair əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Üzərinə qoyulan bu ümdə məsələlərlə bağlı, Agentlik aidiyyəti sahə üzrə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinin təmin olunmasında iştirak edir, qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirir. Bu fəaliyyətin zəminində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcılığa və innovativ inkişafa verdiyi önəm və dəstək, ölkənin bu günü və gələcəyini mütərəqqilik, maarifçilik, sosial yönümlülük, “biliklər iqtisadiyyatı” və kreativlik meyarları əsasında formalaşdırılması tələbləri durur. Məhz belə yanaşmanın nəticəsində əqli mülkiyyət sahəsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına prioritet sahələrdən biri kimi daxil edilmişdir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən islahatların tələblərinə uyğun olaraq, Agentlik öz Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kreativ düşüncə və fəaliyyətləri stimullaşdırmaq məqsədi ilə yaradıcı şəxslərin, müəlliflərin və digər hüquq sahiblərinin yaradıcılıq fəaliyyətinə yardım və dəstək verərək, onların əqli mülkiyyət hüquqlarının təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində işlər görür, o cümlədən əsərlərinin dövlət qeydiyyatını aparır və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Şəhadətnamə verir, zəruri hallarda məhkəmə çəkişmələrində iştirak edir, müvafiq rəylər hazırlayır, əqli mülkiyyətin iqtisadi rolunun artırılması üçün zəruri tədbirlər həyata keçirir. Agentliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də rəqəmli şəbəkələrdə hüquqların, “bir pəncərə” sisteminin tətbiq edilməsi də daxil olmaqla, təminatı sisteminin qurulması və müasir nailiyyətlərdən yararlanaraq təkmilləşdirilməsi, bu çərçivədə müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə olunmasını daha yüksək effektivlik səviyyəsinə qaldırmaqdır. Bu məqsədlə həm yeni qanunvericilik aktlarının layihələri hazırlanır, həm də blokçeyn texnologiyasına əsaslanan yeni platformaların hazırlanması üzrə təcrübələr öyrənilir və tətbiqi ilə bağlı işlər görülür. Rəqəmli şəbəkələrdə hüquqların təminatı üzrə aparılan işlərdə Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsinin yüksəldilməsi və piratçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin səmərəsinin artırılması məqsədi ilə Agentlik tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə yapışdırılmasi üçün nəzarət markalarının (holoqramların) hazırlanaraq hüquq sahiblərinə verilməsi prosesinə başlanılmışdır. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hüquqi qorunmasını təmin etmək məqsədinə xidmət edən nəzarət markalarının hər biri belə obyektlərdə unikal rəqəmli koda malikdir. Həmin kodlar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının mənşəyi haqqında informasiyanı eyniləşdirməyə imkan verir. Eyni zamanda xüsusi vurğulamaq yerinə düşər ki, ölkəmizdə aparılan struktur islahatları çərçivəsində Agentliyin təşkilati-hüquqi formasının, həmçinin əqli mülkiyyət sahəsi ilə bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi Agentliyin bütövlükdə fəaliyyətinə böyük təsir göstərmiş, onun qarşısında qoyulmuş vəzifələrin daha səmərəli yerinə yetirilməsinə əlavə imkanlar yaratmışdır.
-Qeyd olunan proseslər, o cümlədən aparılan islahatlar eyni zamanda bilavasitə qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə müşayiət olunur. Bu sahədə aparılan işlər barədə nə deyə bilərsiniz?
-Yuxarıda qeyd olunduğu kimi, ölkəmizdə aparılan struktur islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmiş, Nazirlər Kabinetinin 10 noyabr 2017-ci il tarixli 482 nömrəli Qərarı ilə Agentliyin strukturu və işçilərinin say həddi təsdiq edilmişdir. Adıçəkilən Fərmanın icrası ilə bağlı Agentliyin fəaliyyət sahəsinə aid Nazirlər Kabinetinin 6 qərarı qəbul edilmiş, həmçinin Nazirlər Kabinetinin 2 qərar layihəsi, Azərbaycan Respublikasının 6 qanun layihəsi və həmin qanunların tətbiqi ilə bağlı 5 fərman layihəsi hazırlanaraq, müvafiq qaydada təqdim edilmişdir. Həmçinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında yer almış əqli mülkiyyət sahəsi üzrə müəllif hüquqları və qeyri-maddi irsin qorunması məsələlərinə dair 8 tədbirin həyata keçirilməsi istiqamətində konkret işlər görülmüş, həmin tədbirlərin reallaşdırılması məqsədi ilə Agentlik tərəfindən hazırlanmış 3 qanun, 1 strategiya, 1 konsepsiya, 2 dövlət proqramı, 1 tədbirlər planı və Nazirlər Kabinetinin 8 qərar layihəsi aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatlarının təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş, bir sıra qanunvericilik aktlarının layihələri müzakirələrdən sonra yenidən müvafiq qaydada təqdim olunmuş, əqli mülkiyyət sahəsində hüquqi maarifləndirmə xarakterli müxtəlif formatlı tədbirlər, o cümlədən bir sıra konfrans və seminarlar keçirilmişdir. Bununla yanaşı, əsərlərdən isifadəyə görə qonorar ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Agentliyin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarı ilə həmin orqanın 1997-ci il tarixli 38 nömrəli Qərarına müəyən dəyişikliklər edilmiş, bununla bir sıra məsələlər, o cümlədən restoranlarda, kafelərdə, barlarda və şadlıq evlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə və hüquq sahiblərinə qonorarın hesablanması, kimin tərəfindən ödənilməsi və ödəniş qaydaları ilə bağlı məsələlər öz həllini tapmışdır. Ümumiyyətlə, qanunvericiliyin təkmilləşdirilməsi dinamik prosesdir və daim yeni zaman çağırışlarını, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafını nəzərə almaq lazım gəlir və bu məsələ ölkəmizdə daim diqqət mərkəzində saxlanılır.
-Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsinin artıq bir erməni ənənəsinə çevrildiyi hər kəsə bəllidir və buna qarşı ölkəmizdə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə Agentliyin ötən il gördüyü işlər barədə bir az ətraflı məlumat verə bilərsinizmi?
-Agentlik özünün ümdə məqsəd və vəzifələrindən birini Azərbaycan xalqının tarixi xəzinəsi və özünüdərkinin özülü olan zəngin qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə dəyişməz-saf çatdırılmasında görür. Bu istiqamətdə xalqımıza məxsus folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulması hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülür. O cümlədən Azərbaycan folklor nümunələrinin ölkədaxili və ölkənin hüdudlarından kənarda istifadə qaydalarına riayət olunmasına nəzarət həyata keçirilir. Təbii ki, yaşadığımız tarixi dövrün təhdidləri nəzərə alınaraq, xüsusən ermənilər tərəfindən mədəni irsimizin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyətimizi daha da gücləndirməyə, səylərimizi artırmağa çalışırıq. Qeyd edək ki, ötən il ərzində bununla bağlı bir sıra tədbirlər, o cümlədən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilmiş, tədbirdə ermənilərin mədəni irsimizə və maddi və qeyri-maddi irs nümunələrimizə iddiaları təkzibedilməz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilmiş, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Путешествие за вкусом” verilişinin 2017-ci ilin 08 yanvar tarixində efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının musiqisinin fon musiqisi kimi səsləndirilməsi ilə bağlı şərh hazırlanaraq, KİV-də yayılmış, beynəlxalq öhdəliklərə və ikitərəfli razılaşmalara əsasən müvafiq tədbirlərin görülməsi üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilmişdir. Həmçinin ermənilər tərəfindən erməni müsiqi mədəniyyətinin nümunələri kimi qələmə verilən və ya ifa olunan Azərbaycan xalq mahnılarının (“Sarı gəlin”, “Süsən sünbül” və s.), milli oyun havaları və rəqslərinin (“Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” və s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə Agentlik tərəfindən tarixi, elmi və etimioloji əsaslara söykənən arayışlar hazırlanaraq, Agentliyin saytında yerləşdirilmiş, həmçinin “Sputnik Armeniya” saytında verilmiş "Сари ахчик" или "Сары гелин". Зри в армянский корень” adlı məqalə ilə bağlı şərh hazırlanaraq KİV-də yayılmışdır. Bundan əlavə, erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Об азербайджанской модели мультикультурализма (на основе данных об идентичности)”, “Заметки о мультикультурализме”, “Армянский геноцид” или армянский террор?”, “Моральный террор: против нематериального и материального культурного наследия” və s. kitabçalar, həmçinin “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” kitabçaları hazırlanmış və yayılmış, “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşrl edilərək, il ərzində Agentliyin keçirdiyi tədbirlərdə, o cümlədən xarici nümayəndələrə paylanmışdır. Bununla yanaşı, “Köçəri” rəqsinin beynəlxalq strukturların ikili standartları nəticəsində ermənilərə məxsus nümunə kimi YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilməsinin heç bir əsasının olmadığı və həmin rəqsin Azərbaycan xalqına məxsusluğu barədə materiallar hazırlanmışdır. Bir sözlə, xalqımızın mədəni irsinin mənimsənilməsinə, o cümlədən erməni plagiatçılığına qarşı mübarizə fəaliyyətimizin ən prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.
-Agentlikdə əsərlərin rəsmi qeydiyyatının tətbiqi barədə nə deyə bilərsiniz?
-Agentlik qanunvericiliklə müəyyən edilmiş qaydada əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını aparır, müəlliflərə və hüquq sahiblərinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən Əsərin qeydiyyatı haqqında Şəhadətnamə verir. Qeyd etmək yerinə düşər ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilmişdir. Yalnız 2017-ci ildə 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 680 Şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 40 müraciəti əsasında 31 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 31 Şəhadətnamə verilmişdir. Bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilmişdir.
-Azərbaycan Müəllif Hüquqları Agentliyinin beynəlxalq əlaqələri barədə də məlumat verməyinizi xahiş edərdik. Agentlik beynəlxalq təcrübədən necə yararlanır?
-Agentliyin fəaliyyət dairəsi sahə üzrə ölkə qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilir. Həmin Nizamnaməyə əsasən, Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyəti həyata keçirərkən, bunu, o cümlədən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə edir və əqli mülkiyyət hüquqları (müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları) sahəsində beynəlxalq mübadiləni və əməkdaşlığı təmin edir. Ölkəmizin əqli mülkiyyət sahəsində dünyada gedən proseslərdə fəal iştirakının təmin edilməsi, beynəlxalq təcrübədə mövcud olan mütərəqqi ideya və praktikalardan yararlanması üçün Agentlik səlahiyyətlərinə aid edilən aidiyyəti sahə üzrə beynəlxalq qurumlarla geniş əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycan Ümüdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən idarəçiliyi həyata keçirilən müəllif-hüquq sahəsi üzrə bütün əsas saziş və müqavilələrə, o cümlədən, “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası”na, “ÜƏMT-nın Müəlliflik Hüququna dair Müqaviləsi”nə, “ÜƏMT-nın İfalar və Fonoqramlara dair Müqaviləsi”nə qoşulmuş, həmçinin YUNESCO-nun sahə üzrə müqavilələrində iştirak edir. Eləcə də Avropa İttifaqı ilə yeni Tərəfdaşlıq və Əməkdaılıq Sazişi və Avropa Qonşuluq Siyasəti çərçivəsində müzakirələr və onların nəticəsində əldə olunan təcrübələr müəlliflik hüququ və digər oxşar hüquqlar sahəsinin inkişafı üçün müsbət amillər sırasındandır. Bu istiqamətlərdə fəaliyyət milli qanunvericiliyin daha da təkmil və praktiki cəhətdən təsirli olmasına imkan və şərait yaradır və Agentlik bu amillərdən öz fəaliyyətində geniş istifadə edir. Bundan əlavə, Azərbaycan Respublikasının MDB üzv-dövlətləri ilə geniş əməkdaşlığı çərçivəsində “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Saziş”i imzalaması Agentliyin bu beynəlxalq sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsində fəal iştirak etməsinə zəmin yaratmışdır. Agentlik bu çərçivədə hazırlanan sənədlərin layihələrinin müzakirəsində və qəbul edilməsində ölkəmizin maraqlarından çıxış edərək, zəruri fəaliyyətləri həyata keçirir. Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində ikitərəfli əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirilir. Agentlik bu sahədə iktərəfli hökumətlərarası sazişlərin layihələrinin hazırlanması və qəbul edilməsi prosesində də fəal iştirak edir. Bir sıra dövlətlərlə, o cümlədən Qazaxıstan Respublikası, Türkiyə Respublikası, Özbəkistan Respublikası, Tacikistan Respublikası, Ukrayna Respublikası ilə ikitərəfli hökumətlərarası sazişlər imzalanmış və bu sazişlər qüvvəyə mindikdən sonra sahə üzrə əməkdaşlıq bu sənədlərin əsasında həyata keçirilir. Bu qəbildən olan sənədlər arasında həmçinin "Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə olunması və qarşılıqlı yardım göstərilməsi sahəsində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında" Saziş də olduqca əhəmiyyətlidir. Bunlarla yanaşı, Agentliyin, o cümlədən nüfuzlu benəlxalq və yerli təşkilatlarla birgə təşkil etdiyi beynəlxalq tədbirlərdə - konfranslarda, seminarlarda, təlimlərdə - müəlliflik hüququ və digər oxşar hüquqlar sahəsinin mühüm və aktual məsələləri ilə bağlı faydalı təcrübə mübadiləsi aparılır, sahənin problemli nöqtələri, perspektiv istiqamətləri məyyənləşdirilir, mövcud problemlərin həlli üçün zəruri mexanizmlərin tapılması və tətbiqi yolları araşdırılır. Həmin tədbirlərdə nüfuzlu yerli və beynəlxalq ekspertlərin səslənən fikirləri yeni ideyaların, kreativ düşüncənin formalaşmasına təkan verir və sahə üzrə cavan nəsil kadrlar üçün əvəzolunmaz təlimə çevrilir, onların fəaliyyətini stimullaşdırır, qabaqçıl, müasir hüquqi şüurun və mədəniyyətin bərqərar olmasına dəstək olur. Təbii ki, Agentlik bütün yuxarıda göstərilən beynəlxalq təcrübələrin həm subyekti, eləcə də obyekti kimi bu müstəvidə olduqca faydalı nəticələr əldə edir, öz növbəsində təşkilatın fəliyyətinin effektivliyində keyfiyyətli irəliləyişə nail olur. Bu, ölkəmizin əqli mülkiyyət sahəsində beynəlxalq təsir dairəsini və nüfuzunu artırır, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbər orqanlarında təmsil olunmasına və bu təşkilat çərçivəsində mühüm qərarların qəbul olunması prosesində təsiredici səsə malik olmasına gətirir. Bu gün ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində, “ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti vəzifəsində təmsil olunmuşdur. Belə mötəbər mövqe Azərbaycanın dünyada pozitiv təbliğ olunması üçün olduqca əhəmiyyətlidir və Agentliyin nümayəndələri bu imkanlardan hərtərəfli səmərəli istifadə etmək üçün səylər göstərirlər. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim ki, Bakı şəhərinin 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun (BSB) ümumdünya sərgisinə ev sahibliyi etməsi üçün Azərbaycan Respublikası Hökumətinin Bakı şəhərinin namizədliyinin dəstəklənməsi ilə əlaqədar məsələlər barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 10 oktyabr 2017-ci il tarixli məktubunda verilmiş tapşırıqların icrası ilə bağlı beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulan Agentliyin nümayəndələri görüşlər və tədbirlər zamanı ölkəmizin dəstəklənməsi istiqamətində təbliğat və təşviqat işi aparırlar. Bununla bağlı xüsusi broşura da hazırlanmışdır. Bir sözlə əqli mülkiyyət sahəsində beynəlxalq əlaqələrin genişəndirilməsi Agentliyin fəaliyyətində həmişə diqqət mərkəzində saxlanılır.
Toğrul
Fact-info.az