Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
26.01.2018
https://azertag.az/xeber/Ferdi_jurnalist_yazilari_musabiqesinin_qalibleri_mukafatlandirilib_VIDEO-1131666
Yanvarın 26-da Müəllif Hüquqları Agentliyində (MHA) bu qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqənin qalibi olan jurnalistlər iştirak ediblər.
MHA-nın sədri Kamran İmanov müasir Azərbaycan mediasının daha da püxtələşdiyini, peşəkarlığının artdığını, müsabiqəyə marağın böyük olduğunu vurğulayıb. Bildirilib ki, builki müsabiqə əqli mülkiyyət sahəsinin fəaliyyətinin, dayanaqlı inkişafının və şəffaflığının təmin olunması, Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin bilik və informasiya cəmiyyətinə təsirinin artırılması, o cümlədən bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi işinə kütləvi informasiya vasitələrinin cəlb edilməsi məqsədi daşıyıb.
K.İmanov qeyd edib ki, müasir dövrdə kütləvi informasiya vasitələrinin təsiri, əhəmiyyəti, inkişafı və gələcəyindən söz düşəndə “TV radionu məhv edəcək”, “İnternet qəzetləri aradan qaldıracaq”, “Mobil telefonlar kompüterlərə qalib gələcək” kimi deyimləri eşidirik. Bu deyimlər media formalarının yenilənməsinə və dəyişməsinə gətirib çıxaran inkişaf çağırışının əks-sədasıdır. Lakin hansı media formasının qalib gəlməsindən asılı olmayaraq, ənənəvi jurnalistika peşəsi ölkənin həyatında “dördüncü hakimiyyət” rolunu davam etdirir və nəticə etibarilə qalib gələn kütlədir, cəmiyyətdir, onların məlumatlandırılması və biliklərin artmasıdır. Eynilə uğurla baş tutan müsabiqənin də yalnız qalibləri var, uduzanlar yoxdur. Belə ki, jurnalistlərin hamılıqla qalibiyyəti mükafatlarla ifadə olunursa, müəlliflik hüququ sahəsi də əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasına jurnalistlərin təkanı və töhfələri ilə zənginləşir.
Yaşadığımız “biliklər cəmiyyəti” dövrü texnologiyaların sıçrayışı dövrüdür. Əhəmiyyətli texnoloji dəyişikliklər zamanıdır. Rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdırıb və rəqəmsal innovasiyalar “rəqəmsal imperativ” adlanan yeni davranış qaydası yaradaraq yeni tələblər irəli sürür. Üstəlik rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır. Belə ki, hər gün 2,5 kvintilyon həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90 faizi yalnız son iki ildə yaradılıb. Bütün bunlar istər jurnalistikaya, istərsə də əqli mülkiyyət sahəsinə, müəllif hüququna böyük təsir göstərir. Çünki yeni rabitə vasitələri, verilənlərin və kontentin ötürülməsinin yeni növləri ilə yararlanan kommunikasiya inqilabı istənilən mediakontentin real zamanda yayılmasına şərait yaradıb. İnformasiya yayılmasının interaktiv təbiəti isə mediada ənənəvi olan kommunikasiya yayım modelini interaktiv modelə çevirir və bununla da istehlakçının cavab reaksiyasına imkan yaradır.
Belə ki, əvvəl informasiya axın yayımı gündəmə gəldi, sonradan isə istehlakçının istəyi ilə məlumat axınlara cərəyan etdi. Bir sözlə, media istehlakda və kommunikasiya formalarında dəyişikliklər iradəmizdən asılı olmayaraq, peşə kimi jurnalistikaya da təsir göstərir. Təbiidir ki, ənənəvi “jurnalist” anlayışı “müəllif” anlayışı ilə təmasdadır. Baxmayaraq ki, KİV-lərdə vizual komponent artmaqdadır, istər nəşr olunan internet saytlarda, istərsə də TV və radioda jurnalist kommunikasiyasının mərkəzində duran mətndir və onun müəllifliyidir və jurnalist əsəri (məqalə, foto, telereportaj, birbaşa bağlantı, canlı məlumat) kütləyə çatdırılandan sonra həqiqi əqli məhsula çevrilir.
K.İmanov vurğulayıb ki, biz dünyada maraqlı keçidin şahidi oluruq və bu proses qeyri-dövlət subyektlərinin səlahiyyət və imkanlarının artması ilə bağlıdır. Belə ki, internet dövlətlərin informasiya olan monopoliyasını (təkəlliyini) dağıdaraq müxtəlif sosial şəbəkələr vasitəsilə qeyri-dövlət subyektlərinin informasiya və bilikləri əldə etməsinə, ondan müxtəlif məqsədlər üçün istifadə etməsinə şərait yaradıb. Bunun təsirini əqli mülkiyyətdə də görürük. Məsələn, online piratçılığa qarşı SOPA və rəqəmli əqli mülkiyyətin qorunması üzrə PİPA qanun layihələri ABŞ-da hər iki partiya tərəfindən dəstəkləndiyi halda, konqres tərəfindən qəbul edilmədi. Bunun səbəbi kütləvi etiraz aksiyaları idi: 115 min veb-sayt, o cümlədən “Vikipediya” kontentinin əldə edilməsi yollarını bağladı, “Google” loqotipini qaraltdı, “Reddit”, “Twitter” və s. aksiyanın fəal iştirakçısına çevrildi. Nəticədə 162 milyon insan bu çətinliklərlə rastlaşdı, 2,4 milyon insandan etiraz ismarıcları göndərildi, 4,5 milyon insan “Google”un online petisiyasını imzaladı və nəhayət, “Anonymos” haker qrupu etiraz kimi bəyan edildiyinə görə ABŞ-ın Federal Təhqiqat Bürosunun, Ədliyyə Nazirliyinin saytlarını və bir neçə əyləncə industriya saytını dağıtdı. Sosial şəbəkələrin gücünü nümayiş etdirən digər misal, ACTA (Kontrafaksiyaya qarşı Ticarət Sazişinin) Avropa İttifaqı tərəfindən qəbul edilməməsi ilə bağlıdır.
Qeyd olunub ki, dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatlar reallaşdıran, iqtisadiyyatını şaxələndirən və innovativ inkişafa yol açan dövlətə çevrilir. Bir neçə gün öncə Prezident İlham Əliyev Davos İqtisadi Forumunda vurğuladığı kimi, “Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.
2009-cu ildən başlayaraq Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır. Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, tərəfdaş dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin meydançasıdır.
Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən “Siyasətçilərə ictimai etimad” kateqoriyasında Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi iqtidarla xalq arasında böyük etimadın olduğunu göstərir və təsdiqlənən bu etimad bir tərəfdən idarəetmənin gücünü, digər tərəfdən isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. Dövlət başçımızın dediyi kimi, ölkədə sabitliyin mənbəyi xalqdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Həmin beynəlxalq, nüfuzlu sənədə görə rəqabətliyə əsasən Azərbaycan öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək, MDB məkanında şəksiz liderdir. Davos İqtisadi Forumunda yeni elan olunan “İnklüziv inkişaf indeksi-2018”ə əsasən ölkəmiz inkişaf edən ölkələr arasında üçüncü yer tutub, bu indeks isə iqtisadi inkişafı yalnız ümumi daxili məhsulun (ÜDM) artması ilə ölçmür, üstəlik əhalinin həyat səviyyəsinin dayanıqlı artımını da göstərir.
Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə öz müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyində möhkəmlənib. Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Belə ki, agentlik dövlətimizin başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət daşıyan, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.
Müasir dövrdə beş qanundan, o cümlədən “ƏMH təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” unikal qanunlardan, 100-dək normativ-hüquqi sənəddən ibarət Azərbaycan müəllif-hüquq bazası var. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı beş faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz aşağı düşüb.
Hazırda Azərbaycan Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) Koordinasiya və Büdcə Komitələrində təmsil olunur. Həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsi və nümayəndəmizin müəllif hüququna dair DƏMT-in Müqavilə Assambleyasının vitse-prezidenti seçilməsi artan nüfuzumuza dəlalət edir. Hazırda Müəllif Hüquqları Agentliyi tam kompüterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART təlim distant sistemi, müasir Hüquqların Təminatı Mərkəzi və Rəqəmli Hüquqların İdarə Olunması Xidməti, yeni tələblərə uyğun olan mətbəə ilə təchiz edilmiş və “Elektron hökumət” portalına qoşulmuş, beş növ elektron xidmət həyata keçirən strukturdur.
K.İmanov vurğulayıb ki, Azərbaycan mədəni ənənələrinin mənimsəmə və özününküləşdirmə erməniçilik ənənəsinin ifşa edilməsində MHA-nın özünəməxsus xəttinin, tarixi-etimoloji və hüquqi əsaslara söykənən fəaliyyətinin işıqlandırılması və yayımlanmasında jurnalistlərin böyük əməyi var. Biz gələcəkdə də əməkdaşlığımızın bəhrəsini görmək ümidindəyik. Müəllif hüquqları sisteminin Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında özünəməxsus yeri var, əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və həmin unikal sənədin altı bəndində əqli mülkiyyət sisteminin qarşısında qoyulan mühüm vəzifələr əksini tapıb. Bunları layiqincə həyata keçirmək arzusundayıq və əminəm ki, iradəmizə əsaslanaraq birgə gücümüzü səfərbər edəcəyik. Necə deyərlər, “İradəmizin sahibi, vicdanımızın qulu olmağa” hazırıq.
MHA-nın sədri müəllif hüququ ilə bağlı müsabiqənin yekunlarına həsr olunan tədbirin iştirakçılarına və müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib, qalibləri təbrik edib, daha böyük uğurlar arzulayıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, doqquz ildir fəaliyyət göstərən fondun əsas məqsədi ölkəmizdə fikir, söz, məlumat azadlığının inkişaf etdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, medianın maddi-texniki bazasının gücləndirilməsi, maliyyələşdirilməsi, eyni zamanda, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu illərdə fond tərəfindən bir sıra işlər həyata keçirilib. Həmçinin jurnalistlərin peşəkarlığının artırılması sahəsində çoxlu treninq və müsabiqələr təşkil olunub. Azərbaycanda söz, fikir, mətbuat azadlığı var. Bu günlərdə Prezident İlham Əliyev Davosda jurnalistlərin suallarını cavablandırarkən bu sahədə verilən suallara da əhatəli cavab verdi və Azərbaycanda söz, mətbuat azadlığının yüksək səviyyədə olduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu gün Azərbaycan əhalisinin səksən faizi internet istifadəçisidir. Azad internet varsa, sosial şəbəkələr azaddırsa, deməli, bu ölkədə mətbuat, söz azadlığı var.
KİVDF-nin icraçı direktoru bildirib ki, bu sahədə bir sıra layihələr həyata keçirilib, əsasən çap mediası maliyyələşdirilib. Bu gün fondun dəstəyi hesabına ölkəmizdə bir sıra qəzetlər fəaliyyət göstərir. Azərbaycanda nəşr olunan bütün qəzetlərin veb-səhifələri var və onlar internet vasitəsilə öz məlumatlarını ictimaiyyətə çatdırır. KİVDF bir sıra dövlət qurumlarının, icra hakimiyyətlərinin media ilə əlaqələrinin genişləndirilməsində, bu sahədə görüşlərin təşkilində mühüm rol oynayır, nazirlik və dövlət qurumları ilə birgə müsabiqələr keçirir.
V.Səfərli diqqətə çatdırıb ki, MHA ilə birgə keçirilən “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi 2017-ci ildə elan edilib. Müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazı təqdim olunub. Hər bir yazı üç ekspert tərəfindən qiymətləndirilib və onların qiymətlərinin ümumi balı əsasında qaliblər müəyyənləşdirilib. Eyni zamanda, MHA-nın ekspertlərinin də rəyləri nəzərə alınıb.
Qiymətləndirmənin nəticələrinə əsasən, bir nəfər birinci yerə, iki nəfər ikinci yerə, üç nəfər üçüncü yerə, on nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Birinci yer 1000, ikinci yer 800, üçüncü yer 600 manat, həvəsləndirici mükafat isə 200 manatdır. Qaliblər müəyyənləşdikdən sonra müsabiqəyə təqdim olunan digər yazıların müəllifləri isə Kamran İmanovun təşəbbüsü ilə MHA-nın fəxri fərmanı və yüz manat pul ilə mükafatlandırılıblar.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov MHA tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirib, ölkəmizdə söz, mətbuat azadlığı sahəsində görülən işlərdən söz açıb.
S.Novruzov deyib: “Müəllif hüquqları, əqli mülkiyyət sahəsində daim üç məsələ müzakirə olunmalı və mətbuatda işıqlandırılmalıdır. Bunlardan birincisi ölkənin təhlükəsizliyi və müdafiəsi, ikincisi Dağlıq Qarabağ münaqişəsi, üçüncüsü isə əqli mülkiyyət məsələləridir. Çünki bunların üçü də bir-biri ilə bağlı olan məsələdir. Daim düşmənlərimiz tərəfindən əqli mülkiyyət məsələlərimizə müdaxilə olunur. Hazırda həm ərazi prinsipimiz, təhlükəsizlik sistemimiz pozulub, həmçinin əqli mülkiyyətimizə qarşı mütəmadi iddiaların şahidi oluruq. Biz tez-tez milli musiqimizin, mətbəximizin, müxtəlif mədəni irsimizin bədnam qonşularımız tərəfindən özününküləşdirilməsi halları ilə rastlaşırıq. Maddi-mədəni abidələrimizin qorunması istiqamətində Heydər Əliyev Fondu və MHA tərəfindən çox böyük, ciddi işlər aparılır. Milli mədəni irsimizin ermənilər tərəfindən özününküləşdirilməsi MHA tərəfindən müxtəlif vasitələrlə, yerli və beynəlxalq tədbirlərdə ifşa olunur. Bu gün hamımız İKT-dən istifadə etməklə müxtəlif sosial şəbəkələrdə bu məsələlərin iştirakçısı olmalı və onları ciddi şəkildə işıqlandırmalıyıq”.
S.Novruzov K.İmanovun rəhbərliyi ilə MHA tərəfindən bu istiqamətdə çox böyük işlərin görüldüyünü söyləyib. Qeyd edilib ki, hər zaman agentlik tərəfindən müxtəlif kitabların, şeir və mahnıların qeydiyyatdan keçirilməsinin, xalqımıza mənsub olan qədim adət-ənənələrin, milli mənəvi dəyərlərin, mətbəximizin, mədəni irsin tam şəkildə öyrənilməsinin və onların sənədlər vasitəsilə təqdim edilməsinin şahidi oluruq. S.Novruzov müsabiqə iştirakçılarının gələcəkdə bu məsələlərdə fəallıq göstərəcəklərinə əminliyini bildirib.
Ölkəmizdə mətbuatın hər zaman azad olduğunu, azad fəaliyyət göstərdiyini söyləyən S.Novruzov Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin hələ 1875-ci ildə nəşr edildiyini, Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun Azərbaycanda verildiyini söyləyib. O, müsabiqə qaliblərini təbrik edib, uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov əqli mülkiyyətin qorunmasında araşdırmaların aparılması, Azərbaycanın əqli mülkiyyət nümunələrinin mənfur qonşularımız tərəfindən oğurlanmasının qarşısının alınması və bu məsələlərə münasibət bildirilməsində MHA-nın fəaliyyətini xüsusi qeyd edib. Ölkəmizdə söz və mətbuat azadlığının tam təmin olunduğunu söyləyən Ə.Amaşov jurnalistlərin peşəkarlığının artmasında belə müsabiqələrin əhəmiyyətini diqqətə çatdırıb, qalibləri təbrik edib.
Sonda müsabiqə qalibləri mükafatlandırılıblar.