Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ermənilərin mədəni irsimizi mənimsəməsi və saxtalaşdırması cəhdlərinin ifşa edilməsində növbəti uğurlu addım


14 may 2017-ci il

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/16817-ermaenilaerin-maedaeni-irsimizi-maenimsaemaesi-vae-sakhtalashd-rmas-dzaehdlaerinin-ifsha-edilmaesindae-noevbaeti-ughurlu-add-m

 

2017-ci il aprelin 20-də Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə Bakıda növbəti mötəbər tədbirə imza atdı. “Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş beynəlxalq seminar keçirdi. “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda tədbirdə elektron nəşrlər, elektron kitabın və rəqəmli inqilabın çağırışları, elektron kitabxanalarda yaranan durumla bağlı müəllif-hüquq problemlərini müzakirəyə çıxardı...

 “Azərbaycan son illər əqli mülkiyyətin qorunması indeksinə görə MDB məkanında lider, Cənubi Qafqazda isə birincidir...”.

Azərbaycan innovativ inkişafa qədəm qoyur, bu isə Əqli Mülkiyyətə diqqəti artırır. MHA-nın davamlı olaraq təşkil etdiyi aktual mövzulu beynəlxalq, milli konfrans və simpoziumlar, dəyirmi masalar da bu diqqətin göstəricisidir. Əslində, bu cür vacib beynəlxalq tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanda təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müəllif-hüquq sistemi Prezident İlham Əliyevin səyləri nəticəsində dinamik inkişaf edib, beynəlxalq sistemə yol açıb və ölkəmiz ÜƏMT-nin Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunur, alimlərimiz beynəlxalqekspert səviyyəsində çıxış edir, MHA-nın nümayəndəsi ÜƏMT-nin “Müəlliflik hüququna dair” Beynəlxalq Assambleyasının vitse-prezidenti seçilib. 25 illik müstəqillik tarixi olan Azərbaycanın müəllif-hüquq sistemi, ÜƏMT ekspertlərinin rəyinə görə, artıq dünyada nümunəvi sistemlərdən biridir.Azərbaycanın müasir əqli mülkiyyət bazası 10 qanun, 100-ə qədər normativ-hüquqi sənəddən ibarətdir. 5 qanun müəllif hüququ və oxşar hüquqlarla bağlıdır və onların sərəncamçılığına Müəllif Hüquqları Agentliyi cavabdehdir. Mötəbər əcnəbi qonaqların, ekspertlərin, ictimai-siyasi xadimlərin, nüfuzlu alim və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq seminarda MHA-nın sədri, professor Kamran İmanovun qürurla səsləndirdiyi faktlar da deyilənləri təsdiq edir: “Tədbirin Bakıda keçirilməsinin Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın müəllif-hüquq sisteminin inkişafının təzahürü, bu inkişafın beynəlxalq strukturlar tərəfindən etirafı, gələcək nailiyyətlərə dəstək verməsi kimi qəbul edir və bundan böyük məmnunluq hissi duyuruq. ...Ölkəmiz ən tanınmış beynəlxalq reytinq strukturunun - Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı Hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında lider, Cənubi Qafqazda isə birincidir. Azərbaycanın kreativ iqtisadiyyatının ÜDM-dəki payı 5%-i ötərək, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Azərbaycan o nadir ölkələrdəndir ki, dövlət başçısının imzaladığı “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib, həmin unikal sənədin 6 bəndində əqli mülkiyyət sisteminin, həmçinin bir sıra iqtisadi islahatlarla bağlı Yol Xəritələrində, Dövlət proqramlarında sistemin qarşısında qoyulmuş mühüm vəzifələr öz əksini tapıb...”.

Elektron nəşrlər və müəllif-hüquq problemləri, elektron kitabxanalar və elektron-kitabxana sistemləri haqqında dəyərli təqdimat...

Bu aktual mövzunu paytaxtımızda - beynəlxalq müstəvidə müzakirəyə çıxaran MHA-nın məqsədi elə tədbirin adından da aydın görünürdü: müəllif hüququna riayət etməklə, elektron nəşrlərə dəstək vermək, elektron kitabxanalarda yaranan müəllif-hüquq problemlərini çözmək, qabaqcıl dünya təcrübəsini Azərbaycanda tətbiq etmək. Konfransın iştirakçısı kimi, əvvəlcədən demək istəyirəm ki, sanballı təqdimat və çıxışlar, aparılan müzakirələr, səsləndirilən təklif və rəylər təşkilatçıların öz məqsədlərinə çatdığını söyləməyə əsas verir.Daha bir mühüm məqam odur ki, seminar müəllif-hüquq sisteminin bu gününü, MHA-nın xalqımızın ənənəvi mədəni nümunələrinin və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması sahəsindəki təqdirəlayiq fəaliyyətini bir daha göz önünə gətirdi, bu sahədə dünya səviyyəli alimlərimizin olması faktını təsdiq etdi, yenilikləri nümayiş etdirdi. Və ən əsası, Agentliyin erməni plagiatçılığına qarşı mübarizəsində, mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması və bu cür əməllərin ifşa edilməsi istiqamətində növbəti uğurlu addımı oldu. MHA bu dəfə də erməni plagiatçılığı ilə bağlı yeni fakt və dəlilləri, sənədləri ortaya qoydu...

MHA-nın sədri, professor Kamran İmanovun seminardakı çıxışı isə iştirakçıların böyük marağına səbəb oldu, yerli və beynəlxalq ekspertlərin diqqətini çəkdi. Bu, elektron nəşrlər və müəllif-hüquq problemləri, elektron kitabxanalar və elektron-kitabxana sistemləri haqqında olduqca sanballı təqdimat idi. 

Rəqəmli texnologiyalar naşirlərə daha böyük auditoriyaya yol açır. Bu qloballaşma proseslərinin əsasında isə nəşr bazarının tənzimləyicisi olan müəlliflik hüququ dayanır...

Təhsil, əyləncə və informasiya-maarifçi funksiyalarını yerinə yetirən nəşr işi düzgün seçilmiş biznes-modeli əsasında müəlliflərə və kontentin yaradıcılarına əqli fəaliyyət nəticələrinin satışından gəlir əldə etmək imkanı yaradır. Rəqəmli texnologiyalar isə yeni və maraqlı formatları ilə nəşr fəaliyyətinin sferasını daha da genişləndirir, oxucunun yerindən və dövründən asılı olmayaraq naşirlər üçün daha böyük auditoriyaya yol açır. Son 10 ildə dünyada elektron nəşrlər bazarı genişlənib. Avropada elektron kitab nəşri çap üsulu ilə nəşrlərin 3%-dən 15%-ə qədərini təşkil edir. Ölkəmizdə də elektron kitab nəşr edilir, dövri nəşrlər elektron versiyadan istifadə edir, kitabların elektron satışı təşkil olunur. Kitabxanalarımız rəqəmləşib. Təhsil Nazirliyinin elektron dərslikləri İnternetdə açıq rejimdə təklif olunur. Bütün bunlara baxmayaraq, naşirlər üçün iki ayrılmaz ideoloji prinsip dəyişmir: müəlliflik hüququna hörmət və nəşr işində sərbəstlik. Heç şübhəsiz, bu qloballaşma proseslərinin əsasında nəşr bazarının tənzimləyicisi olan müəlliflik hüququ dayanır. Məruzəsində bu məsələləri gündəmə gətirən professor Kamran İmanov, həm Avropa, həm də Azərbaycanda nəşr bazarının vəziyyəti, ixtisaslaşmış mövcud forma və meyilləri, elektron ticarətin elektron nəşrlərə təsiri, yeni nəşr biznes-modellərini, elektron kitabların təsnifatı və bununla bağlı nəşr xüsusiyyətlərini ətraflı təhlil etdi. Təqdimatının böyük hissəsini elektron kitabların yaradılması, nəşri və istifadəsi məsələlərinin beynəlxalq-hüquq və milli xüsusiyyətlərinə həsr edən professorun fikrincə, kompüter şəbəkələrində müəllif hüququ ilə qorunan əsərlərin üç istifadə mərhələsinə iki hüququn - surətçıxarma və interaktiv bildiriş hüququnun əldə edilməsi zəruridir. Alim müəllif hüququna məhdudiyyətlərin və istisnaların tətbiqi, müxtəlif növ əqli mülkiyyət obyektlərinin qanuni elektron nəşrlərinin izahını da verdi: elektron nəşr öz-özlüyündə müstəqil, tərkibli müəllif-hüquq obyektidir, naşir tərtibat əsərinin hüquq sahibi qismində çıxış edir. Kitabların nəşri zamanı mümkün olan müəllif-hüquq pozuntuları, elektron kitabların yayımında müəllif hüququna riayət edilməsi qaydaları da təqdimatda əsaslı şəkildə araşdırıldı. Elektron kitabxanalar və elektron-kitabxana sistemləri barədə maraqlı informasiyalar da auditoriyaya çatdırıldı: proqnozlara əsasən, 2020-ci ilə qədər dünyanın bütün kitabxana, arxiv və muzey fondları rəqəmləşdiriləcək. Elektron kitabxanalar və elektron-kitabxana sistemlərinin beynəlxalq və MDB məkanındakı təcrübəsini, müxtəlif milli Avropa proqramlarını təhlil edən Kamran İmanov ümumavropa rəqəmli kitabxanasına və rəqəmləşdirilmiş Google kitabxanasına xüsusi yer ayırdı. Kitabxanaların müəllif-hüquq problemlərindən də danışdı, kitabxanalardakı rəqəmləşdirmə prosesinin leqal, qanuni, yəni müəllif-hüquq pozuntuları olmadan həyata keçirilməsinin yollarını göstərdi. 
Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir...

MHA sədrinin məruzəsi, həm də torpaqlarımızın ermənilər tərəfindən işğalı, bədnam qonşularımızın öz ərazi iddialarını “əsaslandırmaq” məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimizə təcavüzü, onun xüsusi qəddarlıq və həyasızlıqla talan və məhv edilməsi, “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsinin erməni ənənəsi” haqqında daha bir “həyəcan təbili” idi. ÜƏMT-nin “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi” şüarını xatırladan natiq onun bütün insanlara, o cümlədən Ermənistandan deportasiya olunan 250 min, öz ölkəsində məcburi köçkünə çevrilən 750 min azərbaycanlıya da aid olduğunu söylədi. “Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 mln. nüsxə kitab və qiymətsiz əlyazmalar məhv edilib, bu, nəinki Azərbaycanın, bütün bəşər cəmiyyətinin qiymətsiz mədəniyyət nümunələridir”. Bütövlükdə, sivil dünya bu fakta biganə qalmamalıdır. Amma təəssüflər olsun ki, dünya bir yana, üstəlik, beynəlxalq təşkilatlar da onların qərarlarına məhəl qoymayan ermənilərin bədnam əməllərinə göz yumur, onlara heç bir təzyiq göstərmir. İşğalçı “ərköyün” Ermənistan isə sülhə gəlmir, əksinə, yaranan vəziyyəti uzatmaq istəyir... 

Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiya dayandığını deyən alim xalqımızın zəngin mədəni irsinin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsinin bu gün artıq maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq, sırf siyasi-hüquqi problemə çevrildiyini də bəyan etdi. “Odur ki, maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən “zərərsiz plagiat” cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqlarına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus mədəni irsi özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “ən qədim köklü sakinləri” olmasına, “böyük hay mədəniyyəti”, “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir”.

MHA-nın sədri son qənaətində də olduqca haqlı idi: “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” “Gəldim, gördüm, , mənimsədim” prinsipi ilə gerçəkləşsə də, onun qarşısına sipər çəkilməlidir. Biz hər zaman erməni əqli oğurluqlarına qarşı mübarizə aparmışıq və aparacağıq!..” professor Kamran İmanovun liberal dəyərlərə riayət edənlərə ideoloji liberalizmin, liberal hüquq məktəbinin banisi İyeremiya Bentamın sözlərini xatırlatması da çox yerinə düşürdü: “Prinsiplərə və qaydalara riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar...”

Konfransda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndəsi, Müəlliflik hüququ infrastrukturu departamentinin direktor müavini, Kreativ sənaye sektorunun müdiri Dimiter Qantçevin “Rəqəmsal inqilab və onun kreativ sənaye ekosisteminə təsiri”, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müşaviri Cens Bammelin “Nəşr sahəsində rəqəmsal inqilab: inkişaflara, meyilə və dəyişiklik təkanvericilərinə qlobal baxış” adlı məruzələrində, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun çıxışlarında müəllif hüquqlarının qorunması ilə bağlı maraqlı fikirlər yer aldı. Əcnəbi ekspertlərin ölkəmizin əqli mülkiyyət sistemindən məmnunluqlarını eşitmək isə ikiqat xoş idi.Konfrans iştirakçılarına təqdim olunan “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ”, “Erməni yadelli nağılları”, “Gəldim, gördüm..., mənimsədim” kitablarının isə erməni saxtakarlığı ilə bağlı məlumatları daha geniş auditoriyaya çatdıracağı şəksiz idi...

“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir...”
Bu isə MHA-nın “Beynəlxalq Əqli Mülkiyyət Günü” ilə əlaqədar təşkil etdiyi konfransın mövzusudur. Beynəlxalq seminarın bir növ davamı olan tədbirdə qurumun sədri Kamran İmanovun “24 aprel qondarma “erməni genosidi günü”dür və məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir” fikri bu dəfə də tutarlı elmi araşdırmaların şahidi olacağımıza dəlalət edirdi. Belə də oldu. Həqiqətən də, professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda məruzəsi erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə, tutarlı mənbələrə istinadla və danılmaz faktlarla ifşa etmək missiyasının davamı idi. Buna görə də məruzənin üzərində məxsusi dayanmağa dəyər... 

Erməniçiliyi səciyyələndirən alim ermənilərin “sivilizasiyanın erməni ilk ocağı” haqqında yaratdığı “mif”ləri, ümumilikdə, erməni “mif yaradıcılığı”nı tamamilə alt-üst etdi: “Erməniçilik “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsinin erməni ənənəsi” ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına da çox meyillidir. Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” qazanmaqdır. Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin dünyagörüşünü müəyyənləşdirir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur”. 

Kamran İmanovun fikrincə, erməni identlikliyini formalaşdıran məhz bu amillərdir. Multikultural ənənəyə uyğun olan pozitiv sxem çərçivəsində Azərbaycan xalqının identikliyini formalaşdıran amillər isə digərlərinə qarşı düşmən baxışı yox, digər milli və etnik qruplarla münasibətlərdə kompromis axtarışı, konsensusun tapılmasıdır. Nəticədə 3 identiklik qrupu (etnik - “icma”, “ölkə” - milli vətəndaş və “dünya” - ümumbəşəri) üzrə insanların identiklik seçimi “ölkə” - milli vətəndaş və “dünya” - ümumbəşəri qruplara meyillidir və etnik - “icma” seçimi üstələyir. Bunun əksinə olaraq, neqativ sxem əsasında qurulan identiklik digərlərinin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, yadelli münasibət bəsləyir və digərlərinə aqressiv yanaşır, onu qəbul etmir, etnik təmizlənməyə üstünlük verir. Belə vəziyyətdə etnik (“icma”) seçim digər “ölkə” və “dünya” seçimi üstələyir.
UNESCO-nun 76 ölkədə identikliklə bağlı apardığı “World Values” sorğusundakı rəqəmlər əsasında araşdırma aparan alim bu nəticəyə gəlir: “Azərbaycanlıların multikultural, tolerant əlamətlərini təsdiqləyən çox aşağı səviyyədə olan “icma” (24%) və çox yüksək olan “dünya” (21%) identikləridir, mənzərəni tamamlayan yüksək “ölkə” identikliyidir (55%). Bu isə o deməkdir ki, ölkə, milli-vətəndaş identikliyi icma, lokal, etnik identikliyini qat-qat üstələyir. O ki qaldı Ermənistana, onun “icma” - etnik identifikliyi göstəricisi isə çox yüksəkdir: 38%, “dünya” identifikliyi isə yalnız 11%-dir.

Professor Kamran İmanovun fikrincə, erməniçilik mifomaniyası bununla bitmir. Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflərin yazdığı çoxlu sayda “əsər” riyakarlığa əsaslanmaqla tarixi saxtalaşmaya yol açır, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdırır. Uydurmalar qəbul edilmədiyi halda isə “çox əzabkeş” xalqın millətçiləri aqressiya və terrora əl atırlar. Müəllif sözün bu yerində tanınmış tarixşünas-coğrafiyaçı Erik Fayqldan sitat gətirir: “Erməni terrorizminin kökləri tarixə yanlış baxımdan irəli gəlir... Müasir erməni terroristlərin “unikallığı” ondadır ki, tarix (daha doğrusu, tarixə öz baxışı) onlar üçün yeganə bəraətdir”.

Tədqiqatlar göstərir ki, istər hay-erməni xalqının kollektiv yaddaşında, istərsə də institusional (akademik və tədris) nəşrlərdə tarix və etnik-coğrafi yaşayış arealı mifoloji köklərə əsaslanır və digər, xüsusilə qonşu xalqların hüquqlarına xələl gətirir. Çünki dahi etnoloq Qumilyevin dediyi kimi, bu, “tarixi-coğrafi saxtakarlıq və yalan, mədəni və sosial mühitə təsir göstərən antisistemdir”, bəşəriyyətin inkişafına zidd olan amildir. Tarixi saxtakarlığın üsullarına gəldikdə isə, iki imkan hay tarixşünaslığı tərəfindən məharətlə istifadə olunub. Hay-erməni institusional (akademik və dərslik) tarixi ədəbiyyatına retrospektiv nəzər göstərir, erməni tarixi mifinin yaradılması dörd mərhələdən keçib və qısaca olaraq, “miqrantlardan avtoxtonlara doğru” düsturu ilə ifadə edilə bilər. Bu fikir tanınmış alim V.Şnirelmana məxsusdur və həmin mütəxəssisin dəqiqliklə qeyd etdiyi kimi, “Ermənistanda mif və siyasət bir-birinə sıx bağlanaraq, bu və ya digər formada “miqrantlıqdan avtoxtonluğa doğru” şüarına işləyir. Hay-erməni tarixşünaslığının keçdiyi mərhələlərin formalaşması daimi və müvəqqəti siyasi amillərlə bağlıdır.

Bu ciddi araşdırma və təhlildən sonra professor Kamran İmanov aşağıdakı qənaətə gəlir: “Nəticə etibarı ilə tarixi saxtalaşdırma mifi öncəki təsəvvürlərə əsasən, Kiçik Asiyanın avtoxton, sonradan ilk arilərin vətəni olan Ermənistanı, özü də qafqazlı olmayan hay-ermənilərin Balkandan miqrant olan və eyni zamanda Anadolunun avtoxton xalqına çevrilməsinə, daha sonra Anadolunun və Cənubi Qafqazın avtoxton millətinə və nəhayət, Hind-Avropa xalqlarının beşiyinə, ilk xristian ölkəsinə və “Böyük Armeniya” ərazisinin mədəni irsinin sahibinə gətirib çıxarmaq məqsədinə qulluq edir”.

Bundan sonra alim müasir politoloqların tədqiqatlarına diqqət çəkir: S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsi geosiyasi xarakter daşıyır və ermənilərin yaşadıqları yerlər əsasında müəyyən coğrafi xəritə “yaradıb” və həmin yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Həqiqətən, xalqların tarixi, adətən yaşadıqları ərazi ilə sıx bağlıdır: odur ki, “Azərbaycan tarixi” və ya “Gürcüstan tarixi” yazıldıqda, təbii olaraq, yaşadığı arealla birgə müvafiq millətin tarixi də ehtiva edilir. Lakin hay-ermənilər yaşadıqları ərazini bir neçə anlayış, tərif vasitəsilə ifadə edirlər, bununla da hay-erməni tarixi-etnik ərazisi, faktiki olaraq, virtual anlayış qismində çıxış edir və bu ərazinin lokallaşdırılması siyasi konyunkturaya əsasən, “lazım olan” və ya qonşularına ərazi iddialarına əsasən, “mümkün olan” yerdə məskunlaşdırılır.

Hay-ermənilərin yazdıqları tarix avtoxton xalqın tarixi olmur, bunu avtoxtonlar yazmırlar, avtoxton, miqrant xalqın tarixidir, miqrantlar tərəfindən yazılmış tarixdir. Elə erməni alimlərin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qrup təşkil edir və 35 tarixi “Armeniya” sayırlar. Bu qədər “Ermənistan” olduğu halda, hansı “Ermənistanın tarixi”ndən danışmaq olar? Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmağa məcburdur, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən, tarixindən söhbət açırlar.
Şübhəsiz, “Armeniya”ların çoxluğu və yazılan hay-erməni xalqının tarixləri siyasi aspektdən sönməyən ərazi iddialarından xəbər verir. Bununla belə, erməni yazarları “Armeniya”ların çoxluğuna əsaslanaraq, Aralıq, Qara və Xəzər dənizləri arasındakı “böyük Ermənistan” xülyasını yaşadır, bu mifologem ayrı-ayrı, parça-parça olan uydurma “Armeniya”ları yeni bir uydurma “kompleksinə” çevirməyə dəstək verərək, buraya Türkiyə, Gürcüstan və Şimal-Cənubi Azərbaycan torpaqlarını daxil etmiş olur. Bu, bir tərəfdən digər xalqların tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə, hay-erməni “qədimliyinin” qurulmasına xidmət edir, digər tərəfdən isə Ermənistanın bizə qarşı təcavüzünün kökündə dayanır.

Professor Kamran İmanov mükəmməl məruzəsini Prezident İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüşündəki nitqindən sitat gətirməklə bitirdi: “...İndiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik...”.

“Ermənilər olmayan keçmişlərini “zənginləşdirmək” istəyir, faktlar bu “zənginliyin” saxta olduğunu sübut edir...”

Konfransda MHA-nın eksperti Elşad Əlilinin “Qədim Mesopotamiyanın Akkad mətnlərində türk leksikası”, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədlinin “Kiçik etnosun böyük iddiaları”, BDU-nun dosenti Kərəm Məmmədovun “Antropologiya və hay harayı” adlı məruzələri də erməni yalan və uydurmalarını elmi, tarixi faktlarla ifşa edən məlumatlarla zəngin idi. “Ermənilər olmayan keçmişlərini “zənginləşdirmək” istəyir, faktlar isə bu “zənginliyin” saxta olduğunu sübut edir. Tarixi yazmaq üçün xalqın sabit ərazisi, sabit dövləti, dövlətçiliyi olmalıdır. Bunları təsdiq edən arxeoloji materiallar olmalıdır... Ermənilərdə isə bunun heç biri yoxdur! Elm erməni saxtakarlıqlarını, yalan və uydurmalarını təsdiq yox, rədd edir”. Alimlərin gəldiyi nəticə belədir...
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu konfransın çox önəmli mövzuya həsr olunduğunu qeyd edərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında MHA-nın fəaliyyətini yüksək qiymətləndirdilər... 
MHA-nın təşkilatçılığı ilə keçirilən hər iki tədbir göstərdi ki, qurum “mif yaradıcılığı”nda “xüsusi istedad”a malik ermənilərin mədəni irsimizi mənimsəməsi və saxtalaşdırması cəhdlərinin qarşısının alınması və ifşa edilməsində, erməni plagiatçılığına qarşı mübarizəsində davamlıdır. Erməni saxtakarlıqları ildən-ilə daha ciddi şəkildə araşdırılır, üzə çıxarılır və ifşa edilir. Fakt qarşısında qalan ermənilərin əlindən isə MHA-nı, onun sədrini və ekspertlərini hədəf seçərək onlara qarşı kampaniya aparmaqdan başqa heç nə gəlmir. MHA-nın sədri Kamran İmanovun ermənilərə cavabı və sabahkı savaşın anonsu isə belədir. “Qoy olsun, demək, əməyimiz hədər getmir, sözümüz ünvanına çatır. İnformasiya savaşı isə davam edir. Biz əqli mülkiyyətdən məharətlə istifadə edərək arqumentlərinizi dünyaya çatdırmalıyıq...”.

 

Firuzə NADİR.