Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda dəyirmi masa keçirilib


Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının (IFAP) birgə təşkilatçılığı ilə “İnnovasiya həftəsi 26-30 oktyabr” çərçivəsində Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya həftəsi” beynəlxalq sərgi və konfransı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.  O, bildirib ki, “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan 20-yə yaxın tədbir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qarşıya qoyulan hədəflərə çatmaq üçün aparılan tədbirlərin bir hissəsidir.

Açılış nitqi ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində müasir çağırışlara cavab verən, islahatlarla zəngin olan və gələcəyə yönəldilən “Azərbaycanın inkişaf modeli”nin formalaşdığını, bu modelin biznes mühitinin inkişafını, sərmayə qoyuluşunun stimullaşdırılmasını, innovasiyalara açıq olan və sosial yönümlüyünü nəzərə alan yeni iqtisadiyyat modeli olduğunu vurğulayıb, ölkəmizin yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyduğunu, qeyri-neft sektorunu inkişaf etdirdyini, diversifikasiyanı uğurla həyata keçirdiyini və “Made in Azerbaijan” brendini təşviq etdirdiyini bildirib.

Kamran İmanov qeyd etmişdir ki, dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilmiş və sahənin inkişafı ilə bağlı 8 tədbir daxil edilmişdir və bir sıra yol xəritələrində ƏM sahəsinə aid tapşırıqlar əks olunmuşdur. Dövlət başçısının apardığı institusional islahatlara uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-texniki Kitabxanasından ibarət olan ixtisaslaşmış vahid dövlət qurumu yaradılmışdır. Yeni yaradılmış strukturda ölkə Prezidentinin tapşırığı ilə geniş islahatlar aparılır.

Nitqinə davam edən K.İmanov vurğulamışdır ki, ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənaye) ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30% aşağı düşüb. Azərbaycan ÜƏMT-nin rəhbər orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində təmsil olunur. Azərbaycanın nümayəndəsi “ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti seçilmişdir. ÜƏMT ilə əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Azərbaycan Respublikası hökuməti və ÜƏMT arasında Əməkdaşlıq Proqramı, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti və ÜƏMT arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu və hal-hazırda yenilənmiş Memorandum imzalanmışdır.

Ölkəmizdə Müəllif Hüquqları Agentliyi, indi isə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə hazırladıqları “Universitet və elmi tədqiqat  institutlarında əqli mülkiyyət siyasəti” Proqramının həyata keçirildiyini qeyd edən Kamran İmanov bu layihənin elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət etdiyini diqqətə çatdırıb.

Artıq nəticələr də görünür: aparıcı ali təsisatlarda startaplar, inkubatorlar, kommersiyalaşma mərkəzləri yaradılır, müsabiqələr, startap festivalları təşkil olunur. Son böyük startap sərgisi ÜƏMT-nin Baş direktoru d-r F.Qarrinin Bakıya səfəri və “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” adlı beynəlxalq konfrans zamanı, 2018-ci ilin iyun ayında Əqli Mülkiyyət Agentliyi tərəfindən təşkil edilmişdi. Hazırda bu istiqamətdə nəzərə çarpan canlanma müşahidə olunur və Əqli Mülkiyyət Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə bu ilin 21 noyabr tarixində Cenevrə şəhərində ÜƏMT və İTU beynəlxalq strukrurları ilə birgə ölkəmizin yeni simasını – startapların və spinautların sərgisini nümayiş etməyə hazırlaşırlar.

İnnovasiyalı inkişafın əqli mülkiyyət məsələlərinin, texnologiyaların kommersiyalaşmasına aid və innovasiyalara dəstək problemlərinin birgə, sistemli həllini tələb etdiyini xüsusi qeyd edən Agentliyin sədri dünya təcrübəsinin göstərdiyi kimi, kommersiyalaşmanı sürətləndirmək və bununla da innovasiyalı inkişafı təmin etmək məqsədilə birincisi, yeni kiçik innovasiyalı müəssisələrin (start-ap kompaniyaların) yaradılmasının stimullaşdırılmasının, ikincisi, kiçik və orta müəssisələrin innovasiyaların istifadəsi imkanlarının artırılmasının və üçüncüsü, Universitetlər və dövlət elm təşkilatlarının kompaniyalarla, sənaye sektoru ilə əməkdaşlığının sürətləndirilməsi və sənaye kompaniyalarının yeni texnologiyaların istifadəsinə həvəsləndirilməsinin əlverişli olduğunu bildirib.

Sonra Kamran İmanov “İnnovasiyalı inkişaf və əqli mülkiyyət” mövzusunda təqdimatını edib. Dünya Bankının 2012-ci il hesabatına əsasən, Azərbaycanın «bilik iqtisadiyyatı» İndeksinə (EKEI&KI Indexes, 2012) görə, 146 ölkə sırasında 79-cu yeri tutduğunu vurğulayan Agentliyin sədri ölkəmizdə bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payının 8% civarında (əsasən «kreativ iqtisadiyyat hesabına: 5,1%»), Rusiyada 15%, Avropanın inkişaf etmiş ölkələrində – 35%, ABŞ-da – 45% olduğunu bildirib.

Dünya Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksini (Global Competitiveness Index 2016-2017) ətraflı analiz edən Kamran İmanov iki il öncəki hesabatda Azərbaycanın innovasiyalar bazis göstəricisinə görə, MDB məkanında 1-ci (dünyada 49-cu yer) olduğunu və bunun əsasən «innovasiya imkanları» göstəricisinin çox yüksək (dünya miqyasında 42-ci yer) pillədə durduğuna görə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, elmi fəaliyyət imkanlarımız da var, belə ki, «elmi-tədqiqat təsisatlarının keyfiyyəti» indeksinə görə, Azərbaycan 68-ci yeri tutur və əqli mülkiyyət hüquqlarının qorunmasına görə o zaman ölkəmiz dünyada 68-73-cü yerləri tutaraq, MDB məkanında lider üçlüyündə idi.

Qlobal İnnovasiya İndeksin  (Global Innovation Index) 2016-cı və 2017-ci il hesabatlarına əsasən, Azərbaycan PCT sifarişlərinə görə, müvafiq olaraq, yalnız 94 və 99-cu yerləri tutduğunu qeyd edən Kamran İmanov bildirmişdir ki, arzu edilən hal – patentlərin, əqli mülkiyyət obyektlərinin çoxalmasıdır. Lakin deviz də dəyişməlidir: «Patent çox, gəlir yox» şüarı quvvədən düşməlidir. Bütün bunları digər Qlobal İnnovasiya İndeksi də təsdiqləyir. Belə ki, Qlobal İnnovasiya İndeksində Azərbaycan 2016-cı ildə 85-ci yerdə, 2017-ci ildə isə 82-ci yerdə olmuşdur. K.İmanov xüsusi vurğulamışdır ki, Qİİ-nin Azərbaycanın yeri ilə bağlı bir sıra ziddiyyətləri, hesabatdan irəli gələn uyğunsuzluqları bir kənara qoysaq, aydın olur ki, bizim işləməli böyük ehtiyatlarımız mövcuddur. “İnnovasiya resursları” altindeksində (innovasiya imkanları) 2016-cı ildə 81-ci yeri tutduğumuz halda (2017-ci ildə 78-ci yeri), “innovasiyaların nəticələri” altindeksində müvafiq olaraq, 13 və 12 pillə aşağı nəticə - 94-cü (89-cu) yer müşahidə olunur ki, bu da innovasiya potensialının reallaşdırılmasının kifayət qədər ehtiyatlarının olmasının işarəsidir.

Daha sonra Kamran İmanov Davos İqtisadi Forumunun yeni metodika üzrə hesablanmış 2018-ci il Qlobal Rəqabətqabiliyyətlilik İndeksini detallarla təhlil etmişdir. «Təsisatlar keyfiyyəti» sütununun «Mülkiyyət hüquqları» altindeksinin «Əqli mülkiyyətin qorunması» göstəricisi üzrə Azərbaycan 4.8 bal yiğaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutmuşdur). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir. “İnnovasiya potensialı” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq, ölkəmiz 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər.

Sonda Kamran İmanov innovasiyalara yönələn ƏM siyasətinin detallarını açıqlayıb, Əqli Mülkiyyət Agentliyi qarşısında duran əsas məqsədin innovasiyalara dəstək verən ƏM-sisteminin formalaşdırılması olduğunu bildirib.

Qeyd edək ki, təqdimat zamanı təqdim edilən məlumatlar bir tərəfdən beynəlxalq strukturların açıqlanmış reytinqlərinə, digər tərəfdən isə Əqli Mülkiyyət Agentliyində yeni yaradılan Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin ilk dəfə olaraq aparılan araşdırmalarına əsaslanır.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması problemlərinə toxunub. O, İnternet şəbəkəsindəki mövcud münasibətlər sistemində müəllif hüquqları ilə bağlı məsələlərin tənzimlənməsi, rəqəmsal piratçılığın iqtisadiyyata vurduğu zərərlər, Azərbaycanda hüquqların təminatı ilə bağlı, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həmçinin piratçılığa qarşı aparılan mübarizə tədbirləri barədə danışıb, bununla yanaşı, Əqli Mülkiyyət Agentliyi tərəfindən yaradılmış qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) və bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması barədə məlumat verib.

“Kreativ iqtisadiyyatın inkişafdakı rolu” mövzusunda təqdimat edən Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev son illər bütün dünya iqtisadiyyatını əhatə edən tənəzzülə və çətinliklərə baxmayaraq, ölkəmizdə uğurla həyata keçirilən islahatların və aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi qaydada həyata keçirilən tədbirlərin nəticəsi olaraq, ölkəmizin Ümumi Daxili Məhsulunda müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artmasını vurğulayıb.

Agentliyinin “Texnologiya transferi və kommersiyalaşmaya dəstək” şöbəsinin müdiri Aydın Hüseynov “Texnologiyaların transferi və kommersiyalaşdırılması məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Mərüzədə bir neçə problem - univeritetlərlə sənaye arasında biliklərin və texnologiya transferi kanallarının təhlili, ən müasir texnologiya transferi modellərin seçilməsi məsələləri əhatə olunub, innovasiya infrastrukturunun ən vacib elementi - Texnologiya Transferi və Kommersiyalaşma mərkəzlərin şəbəkəsinin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modellərin ekspertizası şöbəsinin müdiri Gülnarə Rüstəmova məruzəsində yüksək texnologiyalar sahəsində patentləşdirmə sferasının elm və texnikanın müxtəlif istiqamətlərindən olan ixtiralarının geniş spektrini əhatə etdiyini bildirib, tədbir iştirakçılarını ixtiraların nəinki Azərbaycan ərazisində, həm də xaricdə qoruna bilməsi ilə bağlı qanunvericilik ilə müəyyən edilmiş qaydalar barədə məlumat verib.

 

Əqli Mülkiyyət Agentliyinin mətbuat xidməti

 

30/10/2018