Əqli Mülkiyyət Agentliyinin “Aman Tello” mahnısının tarixi və erməni musiqi plagiatçılığının üsulları ilə bağlı şərhi
“Aman Tello” Azərbaycan xalq mahnısının ABŞ-da yaşayan etnik ermənilərin yaratdığı “System of A Down” rok-qrupu tərəfindən ifası və sosial şəbəkələrdə yayımlanması cəmiyyətdə və KİV-də müzakirələrə və narazılığa səbəb olmuşdur.
Erməni mənbələrindən də bəlli olduğu kimi, XX əsrin əvvəllərində erməni musiqişünas S. Komitas indiki Ermənistan ərazisində məhz azərbaycanlıların yaşadığı kəndləri dolaşaraq yüzlərlə Azərbaycan və türk mahnılarını nota almışdır və bu mahnılardan biri də “Aman Tello” əsəridir. Professor Kamran İmanovun araşdırmalarına əsasən, nəinki XX əsrin əvvəllərində, hətta XVII-XVIII əsrlərdə “elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır... Erməni xalq mahnıları və havalarının tam əksəriyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır. Qədim Azərbaycan nəğmələri nəinki erməni mühitində geniş istifadə edilir, nəinki toplanaraq arxivlərdə saxlanılır və imkan daxilində tərcümə olunur, həm də onlar digər folklor nümunələrimiz kimi, ermənilər tərəfindən nəşr olunurdu” (K. İmanov, “Erməni (yad) el(li) nağılları”, Bakı, 2013, səh. 99).
1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə əsasən “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S. Komitas üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılmaqdadır. Əslində, S. Komitas erməni musiqisinin banisi olmaqdan daha çox, gələcəkdə baş verəcək erməni plagiatının istinad nöqtəsinə çevrilmişdir. Hələ 1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılmışdır. Bu bölməyə S.Komitasın şagirdi S.Məlikyan rəhbərlik edirdi və bu qurumun işi əsasən Azərbaycan xalq musiqi əsərlərinin toplanması və onları erməni folklorunun nümunələri kimi təqdim olunmasından ibarət idi.
Müasir erməni musiqişünasları da S. Komitas və S. Məlikyanın yolunu davam edirlər. Komitasın XX əsrin əvvəlində nota aldığı “Aman Tello” ilə 80 il sonra O. Kazıminin “Aman Tello” (sözləri V. Əzizin: “...Bulaqların gözü doldu, İncitmədim özü doldu və s.) mahnısını qarşılaşdıraraq özlərinkini qədimləşdirməyə cəhd göstərirlər. Amma onların bilmədiyi və ya bilərəkdən gizlətdiyi məqam ondan ibarətdir ki, O. Kazıminin “Aman Tello” müəllif mahnısı və plagiata uğrayan “Aman Tello” xalq mahnısı tamamilə fərqli əsərlərdir. Belə ki, Əqli Mülkiyyət Agentliyinin eksperti, xalq artisti, professor Faiq Sücətdinovun rəyinə əsasən musiqisi Oktay Kazımi, sözləri Vahid Əzizə, ifası M. Bağırzadəyə aid olan “Aman, Tello” mahnısı şur pərdəsində, xalq mahnısı “Aman, Tello” isə mahur pərdəsindədir.
Plagiata uğrayan “Aman Tello” mahnısının Türkiyədə də Ərdahan və Ərzurum versiyaları mövcuddur (“Tello gider, yan gider, Tello” və s.).
“Aman Tello” Azərbaycan xalq mahnısı 1908-ci ildə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev kimi tanınmış xanəndələrin də daxil olduğu xor ansamblı tərəfindən ifa olunub. Azərbaycan Dövlət səsyazma arxivinin direktoru Həsənxan Mədətovun Agentliyə verdiyi məlumata əsasən həmin ifa 1909-cu ildə “Varşava sport rekord” studiyası tərəfindən vala yazılmışdır. Bundan başqa, 1912-ci ilə aid həmin arxivin kataloqunda da “Aman Tello” mahnısı qeyd olunub. Xalq artisti F. Sücətdinovun rəyinə görə, “Aman Tello” Azərbaycan xalq mahnısı XIX əsrdə “Əlimdə sazım, qurbanım”, “Süsən sünbül” və bir çox simfonik orkestr əsəri və bəstəkar mahnıları kimi mahur (keçidində) təsnifində yazılmışdır.
Ümumiyyətlə Azərbaycan folklorunda “Telli” antroponiminə, “telli” termininə bir çox mahnı həsr olunubdur: “Telliyar”, “Üç telli durna”, “Qara tellər”, “Tellər” (Aşıq Məhəmməd) və s.
“Tello” sözünün semantikasına gəlincə, “Telli” qız adının nəvazişli deyilişi “Tello” kimi səslənir. Belə ki Azərbaycanda və Anadoluda xalq dilində azyaşlıların və gənclərin adlarının sonuna nəvaziş, yaxınlıq ifadə edən “o” şəkilçisi əlavə edilir. Məsələn Nazlı–Nazo, Güllü–Gülo və s. Erməni dilində də “sap”, “ipək” mənalarını ifadə edən türkcədən alınma “tel” (թել) sözü mövcuddur, lakin bu söz erməni lüğətlərində “telli”, “gözəl saçlı”, “yaraşıqlı” mənalarında işlənilmir.
Beləliklə, istər tarixi, istər etimoloji, istərsə də musiqişünaslıq baxımından “Aman Tello” mahnısının ermənilərə aidiyyəti yoxdur. Heç də təsadüfi deyil ki, ənənəvi erməni qız adları siyahısında “Telli” adına rast gəlinmir.
18/10/2018