Əqli Mülkiyyət Agentliyi dövlətimizin başçısının göstərişlərini həyata keçirir
15.06.2018 [03:20]
İyunun 14-də Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov yeni qurumun fəaliyyətinin təşkil edilməsi məqsədilə formalaşma prosesi çərçivəsində Patent və Əmtəə Nişanları Mərkəzinin rəhbər heyəti və kollektivi ilə görüş keçirib.
Müəllif Hüquqları Agentliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun əməkdaşlarının da iştirak etdiyi yığıncaqda birləşmə məsələsinin detalları, yeni qurumun dövlətimizin başçısının etimadını doğruldacaq yaradıcı, şəffaf və peşəkar iş prinsipləri və vəzifələri, həmçinin gələcək perspektivlər müzakirə olunub.
Tədbirdə çıxış edən Kamran İmanov Azərbaycanda sənaye mülkiyyətinin mühafizəsinə dair uzunmüddətli strategiyanın və onun əsasında qurum siyasətinin olmamasından söz açıb, bu çatışmazlığın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin və vahid əqli mülkiyyət strategiyasının hazırlanmasının zəruriliyini qeyd edib. K.İmanov yeni yaradılan qurumun qarşısında duran ən vacib vəzifələrin dövlətimizin başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə müəyyən edildiyini və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa uyğun xidmət etməsindən ibarət olduğunu vurğulayıb.
O qeyd edib ki, yeni çağırışlar əqli mülkiyyətin istər elmi təsisatlarla, istərsə də KOS strukturları ilə iş prinsiplərinin yeniləşməsini, daxili fəaliyyətin isə müasir göstəricilər vasitəsilə dəyərləndirilməsini tələb edir.
Qurumun sədri kiçik və orta sahibkarlara dəstək verilməsi məsələsinə də toxunub. O, əqli mülkiyyətin yaradıcı iqtisadiyyat və kiçik və orta sahibkarlığın innovasiyalı inkişafında rolu haqqında qısa məruzə edib və yaxın vaxtlarda “Kiçik və orta sahibkarlara (müəssisələrə) dəstək” mövzusunda konfransın təşkil olunmasına dair tapşırıqlarını verib.
İdarə Heyətinin sədri, həmçinin dövlət quruculuğunda və əqli mülkiyyət sahəsinin inkişafında artıq yeni statusla iştirak edən Agentliyin gələcək vəzifələri barədə fikirlərini bölüşüb.
Kamran İmanov Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrası istiqamətində, o cümlədən “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı yeni strategiyanın hazırlanmasına dair tapşırıqlarını da verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 20-də imzaladığı “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.