Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Rəqabətqabiliyyətlilik İndeksinin yayılması ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilkin şərhi


Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc etmişdir.

Bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlmişdir. Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – “Təsisatlar” və on ikinci göstərici – “İnnovasiyalar” vacib əhəmiyyət daşıyırlar. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur.

Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlmişdir.

“Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur, Cənubi Qafqaz ölkələri arasında şəksiz lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.

“Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir.

 

 27.09.2017