Dövlət və müəlliflik hüququ sistemi
Azərbaycan qədim və zəngin mədəniyyət ölkəsidir, görkəmli alimləri, yazıçıları və bəstəkarları ilə bütün dünyada məşhurdur. Mənəvi mədəniyyət ənənələri, yaradıcılıq nailiyyətlərinin himayə olunması və stimullaşdırılması müasir Azərbaycanda qayğı ilə qorunub saxlanmaqda və çoxaldılmaqdadır. Məhz bu səbəbdən gənc Azərbaycan dövləti respublika rəhbərliyinin düşünülmüş və uzaqgörən siyasəti sayəsində intellektual mülkiyyətə böyük diqqət yetirir. Azərbaycan Respublikasının yeni Konstitusiyasının bu hüquqların əhəmiyyətini qeyd edən 30-cu maddəsində deyilir ki, «hər kəsin intellektual mülkiyyət hüququ vardır. Müəlliflik hüququ qanunla qorunur».
Məlumdur ki, milli müəlliflik hüququ institutu üç mühüm komponentlə: qanunvericilik və normativ hüquqi baza, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən orqan və bu hüquqların pozulması hallarında onların bərpa olunması və müdafiəsi üzrə tədbirlər sistemi ilə müəyyən edilir. Müəlliflik hüququnun və bütövlükdə intellektual mülkiyyətin daim artmaqda olan əhəmiyyət dairəsi, dövlətdaxili və beynəlxalq qanunvericiliklərin fəal inkişafı və nəhayət, texniki tərəqqi problemləri dövlətin, həmin sahədə ənənəvi qanunvericilik və tənzimləyici funksiyaları həyata keçirməklə yanaşı, həm də əlaqələndirici və nəzarətedici funksiyalara xüsusi diqqət yetirməsini tələb edir.
Əgər siyasət mümkün olanı bacarmaq sənətidirsə, hüquq zəruriyyət elmi kimi çıxış edir. İntellektual mülkiyyət sahəsində dövlət siyasəti bu zaman qoruyub saxlamaq meyli ilə yaxşılaşdırmaq bacarığını özündə birləşdirməli, eyni vaxtda mütəhərrik və stabil olmalıdır. Nəzərə alsaq ki, müəlliflik hüququ sistemini, eləcə də mədəniyyəti birdən-birə yaratmaq olmaz, ona irsən yiyələnmək, onu qoruyub saxlamaq, yeni ənənələr və beynəlxalq təcrübə ilə zənginləşdirmək olar, bu xüsusilə vacibdir.
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanun bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini möhkəmləndirir və özündə aşağıdakıları ehtiva edir:
• elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması ilə bağlı yaradıcılıq fəaliyyətinin təşviq edilməsi və stimullaşdırılması və millətin mənəvi dəyərlərinin çoxaldılması;
• qabaqcıl beynəlxalq təcrübə əsasında müəllif hüquqlarının müəyyən edilməsi və qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması;
• müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəsinin təşkili;
• beynəlxalq əlaqələri inkişaf etdirməklə, digər ölkələrin ərazisində milli hüquq sahiblərinin müəlliflik hüquqlarının qorunması.
A.Mitskeviçin obrazlı ifadəsi ilə desək; «Ölkənin yaşaya bilməsi üçün onun qanunları yaşamalıdır». Qanunların tətbiqinə, hüquqların təmin edilməsində onların təsirliliyinə zəmanət verən qüvvə dövlətdir.
Dövlətin qanunvericilik funksiyası elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüquqları), ifaların, fonoqramların və verilişlərin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə bağlı münasibətlərin möhkəm hüquqi qabığı kimi çıxış edən normativ-hüquqi bazanın inkişafını təmin edir. Göstərilən norma qruplarının vahid hüquqi institutda birləşdirilməsi əlaqəli hüquqların yaradıcılıq əsərləri müəlliflərinin hüquqlarından asılı olraq əmələ gəlməsi və həyata keçirilməsi, habelə müvafiq münasibətlərin vahid qanunla tənzimlənməsi ilə izah edilir.
Azərbaycanda təşəkkül tapmış ənənələrə uyğun olaraq, hüquqların qorunması (hüquqların təsdiq edilməsi və ümumi hüquqi rejimin yaradılması) ilə hüquqların müdafiəsi (hüquqların pozulması və yaxud tələb edilməsi hallarında görülən tədbirlər) bir-birindən fərqləndirilir. Yeni məcəllələrin müddəaları da daxil edilməklə müəlliflik hüququ qanunvericiliyi hüquqların, o cümlədən qanun pozucularına qarşı tətbiq edilən mülki, cinayət və inzibati məsuliyyətlərin təmin edilməsi sahəsində geniş kompleks tədbirlər nəzərdə tutur. Bununla da, müdafiə dövlətin müstəsna hüququ kimi onun məcburiyyət aparatının hərəkətə gətirilməsi imkanlarını təmin edir.
Dövlətin digər ənənəvi funksiyası milli müəlliflərin hüquqlarının xaricdə və xarici müəlliflərin hüquqlarının ölkə daxilində milli səviyyədə qorunmasını təmin etməyə şərait yaradan geniş beynəlxalq əməkdaşlıqdır.
Müasir dünyada dövlətin rolu yalnız hüquqların qorunması və müdafiəsi sahəsində daxili qanunvericilik normalarını işləyib hazırlamaqla, habelə intellektual mülkiyyətin beynəlxalq təminatı ilə məhdudlaşa bilməz. Bu ənənəvi funksiyalara artıq bəzi yeni funksiyalar da əlavə olunur…
Bunlardan birincisi, kollektiv əsasda müəlliflik və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarını idarə edən təşkilatlara münasibətdə əlaqələndiricilik funksiyasıdır. Dövlətin öz əlaqələndirici rolundan imtina etməsi qanun pozuntularının artmasına gətirib çıxara bilər, çünki hər bir belə təşkilat bütün hüquq sahiblərini təmsil etməyi və istifadəçilərdən müvafiq haqq tələb etməyi mümkün hesab edir. Bununla bərabər, əlaqələndirici rolun yoxluğu qanunauyğun qaydada kollektiv idarəçiliyi həyata keçirən təşkilatların normal işini çətinləşdirir. Əlaqələndirici rolun yerinə yetirilməsi müəlliflik hüququ qanununda nəzərdə tutulmuşdur və özü də bu rol qonarar toplanması fəaliyyətinə lisenziyalaşdırma sisteminin tətbiq edildiyi halda daha da gücləndirilə bilər. Bu cür təcrübə inkişaf etmiş ölkələrin əksəriyyətində (Fransa, AFR, İspaniya və s.) mövcuddur. Həmin ölkələrdə əmlak hüquqları üzrə kollektiv idarəçiliyin yaranması və fəaliyyəti qanunvericilik yolu ilə xüsusi səlahiyyətli dövlət orqanından alınan icazədən asılı vəziyyətə salınmışdır.
Dövlətin çox mühüm tənzimləyici funksiyalarından biri qanunda da nəzərdə tutduğu kimi, ictimaiyyətin (dövlətin) malı olmuş əsərlərdən istifadənin idarə olunması ilə bağlıdır. Bu funksiya dövlət xəzinəsi aləti olub, mədəniyyətin inkişafı xeyrinə haqq (mədəniyyət rentası) tutulmasını nəzərdə tutur və xüsusi səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Bu halda, ictimaiyyətin malı olmuş əsərlərdən istifadə mədəniyyətin büdcədən kənar əlavə maliyyə mənbəyi kimi çıxış edir.
Belə bir sistemin üstünlüyü qorunmayan əsərlərdən istifadənin «faydalı olmaması» və bu səbəbdən də qorunan əsərlərin stimullaşdırılması, yaradılması və istifadəsi ilə bağlıdır. Bununla bərabər, bu zaman dövlət hakimiyyəti orqanlarının, hüquqi və fiziki şəxslərin müəlliflik hüququ və əlaqəli hüquqlara riayət olunmasına marağı, habelə əmlak hüquqlarını kollektiv idarə edən təşkilatları dəstəkləmək istəyi meydana çıxır. Nəhayət, ictimaiyyətin malı olmuş pullu əsərlərdən, buna heç bir aidiyyatı olmayanların istifadə imkanları aradan qalxır.
Dövlətin heç də az əhəmiyyətli olmayan əlaqələndirici və tənzimləyici funksiyalarından biri əsərlərin könüllü qeydə alınması mexanizminin təşkili və onun işləməsilə bağlıdır. Qanunla nəzərdə tutulan bu fəaliyyət də xüsusi səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Qeyd etmək lazımdır ki, hər bir əsər yarandığı andan qorunsa da, bir sıra ölkələrin hüquq sistemləri öz hüquqlarının müdafiəsi ilə əlaqədar müəyyən əməli iş görən – öz əsərlərini qeydiyyatdan keçirən şəxslərə əlverişli şərait yaradır. Hüquq sahibi olmaq prezumpsiyasından və sanksiyalaşdırılmamış istifadəyə görə məsuliyyət daşımaları barədə üçüncü şəxslərin xəbərdar edilməsindən tutmuş qeydiyyata alınmamış əsərlə müqayisədə bu hüququn pozulmasına görə iddiaçıya daha böyük həcmdə kompensasiya ödənilməsinə qədər qeydiyyatdan keçməyə görə verilən üstünlüklər müəlliflik hüququnun səmərəli müdafiəsi üçün son dərəcə vacib şərtlərdir. Bununla bərabər, qeydiyyata alınmış əsərlərin arxivləşdirilməsi, o cümlədən elektron arxivləşdirilməsi, həm əsərlərin özlərinin, həm də onların hüquqlarının idarə edilməsinə, eləcə də beynəlxalq səviyyədə operativ informasiya mübadiləsinə xidmət edən katoloqların, məlumat bazasının təşkili üçün ilkin şərait yaranır.
Həmçinin hüquqların təmin edilməsi ilə bağlı dövlətin vacib nəzarət funksiyasını da xüsusilə vurğulamaq lazımdır. Müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsinin əksər hallarda şəxsi hüquq sistemi üzrə, yəni hüquq sahibinin istəyi üzrə qurulmasına baxmayaraq, bir çox hallarda, ictimai-hüquq metodlarını tətbiq etməklə dövlətin bu məsələlərə müdaxilə etməsi hüquqların təmin olunması sisteminə mühüm əlavədir. Heç şübhəsiz ki, söhbət şəxsi və ictimai ittihamın bir-birinə ağıllı uyğunlaşdırılmasından gedir, özü də burada piratçılıq təhlükəsinin xüsusilə yüksək olduğu şəraitdə daha sadə yolla və daha tez realizə edildiyinə görə tətbiqinə üstünlük verilən inzibati tədbirləri və sanksiyaları ayrıca qeyd etmək lazımdır. Hüquqlara riayət olunmasının təmin edilməsi müəlliflik hüququ qanunvericiliyinin ən vacib hissələrindən biri olduğuna görə (istənilən, hətta ən layiqli intellektual mülkiyyət sistemi belə, əgər onda öz hüquqlarının müdafiəsini kifayət qədər təmin imkanı yoxdursa, müəlliflik və ya əlaqəli hüquq sahibləri üçün qeyri-mükəmməl hesab olunur) dövlətin, hüquqların təmini sahəsindəki əlaqələndirici funksiyasına xüsusi tələblər irəli sürülür. Burada piratçılığa qarşı xüsusi mübarizə proqramları, hüquq pozuntu¬la¬rının sistemləşdirilməsi, səlahiyyətli dövlət orqanı bazasında müvafiq nazirlik və idarələrin birgə fəaliyyəti, bazarın, efirin və məhkəmə instansiyalarındakı iddiaların nəticələrinin və s. monitorinqi mühüm rol oynayır.
Dövlətin mühüm qanunverici, əlaqələndirici və tənzimləyici funksiyalarından biri folklorun, xalq yaradıcılığının hüquqi əsaslarla qorunmasıdır. Mədəni irs kimi haqlı olaraq «insan ruhunun arxeologiyası» adlandırılan folklor təkcə etnosun mədəni özünəməxsusluğunun təsdiqini təmin etmir, həm də ümumbəşəri dəyər, bütün dünyanın mədəni sərvəti kimi çıxış edir. Folklor ifadələri müəlliflik hüququnun obyektləri olmasa da, onların qorunması «ictimaiyyətin (dövlətin) malı olmuş əsərlər» çərçivəsində təmin edilə bilər. Bununla bərabər, ÜƏMT və YUNESKO-nun son illərdəki aktiv fəaliyyəti, belə güman etməyə əsas verir ki, beynəlxalq vasitə və folklorun xüsusi mühafizəsi («sui generis») ilə bağlı təklif edilən milli qanunvericiliklər yaxın dövrlərdə beynəlxalq və dövlətdaxili qanunvericiliklərin reallığına çevriləcəkdir.
Yuxarıda sadalanan problemlər baxımından dövlət siyasətinin təmin edilməsi, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı metodikaların və real vasitələrin mövcudluğu son dərəcə aktualdır. Dövlət hakimiyyət orqanı olan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin işləyib hazırladığı və praktikada həyata keçirdiyi «Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin təmin edilməsi proqramı» məhz bu məqsədlərə xidmət edir.
K.İmanov, 2005