Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Bu məsələ tək bir qurumun, agentliyin işi deyil – Deputat


26.01.2018

 

http://teleqraf.com/news/siyaset/163234.html

 

 

Müəllif hüquqları bizim üçün milli məsələdir.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Müəllif Hüquqları Agentliyi (MHA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

Onun sözlərinə görə, üç məsələ diqqətdə saxlanmalıdır:

"Ölkənin təhlükəsizliyi və müdafiəsi, Qarabağ məsələsi, eləcə də əqli mülkiyyətə qarşı əsassız iddiaları nəzərdə tuturam. Milli mətbəximizin, musiqimiziin ermənilər tərəfindən oğurlandığına şahid oluruq. Bu kimi erməni oğurluqları dəfələrlə ifşa edilib".

Deputat deyib ki, müəllif hüquqları məsələsi tək bir qurumun, agentliyin, təşkilatın işi deyil:

"Bir xalq olaraq bütün neqativ hallara qarşı mübarizə aparmalıyıq. Müəllif hüquqları ilə bağlı Heydər Əliyev Fondu da böyük işlər aparır. Qədimdən Azərbaycan xalqına məxsus olmuş mədəni irsin öyrənilməsində Müəllif Hüquqları Agentliyinin mütəmadi apardığı işləri, fəaliyyəti izləyirik".

Millət vəkili qeyd edib ki, vaxtilə ABŞ-da vətəndaş müharibəsi gedəndə Azərbaycanda mətbuat fəaliyyət göstərib: "Azərbaycan xalqı həmişə mətbuata meyilli olub, bütün azadlıqlardan etik çərçivədə istifadə edib. ABŞ-dan, bir sıra Avropa ölkələrindən fərqli olaraq Azərbaycan öz mətbuatına qayğı göstərir.

Avropa ölkələrində stabilliyin olmamasını da mətbuat vasitəsi ilə öyrənirik. NATO-nun nəzarətində olan ölkələr belə, öz mətbuatına dəyər vermir, mətbuat nümayəndələrini və KİV-ləri sıxışdırır.

Azərbaycanda müəllif hüquqlarının qorunmasına hər dövrdə yüksək diqqət göstərilib, qiymət verilib".