Beynəlxalq seminarda kreativlik və milli inkişaf mövzusu müzakirə olunub
17.03.2016 [21:21]
Bakı, 17 mart, K.Əliyeva, P.İmanova, AZƏRTAC
Martın 17-də Bakıda Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) “Kreativ sənayelərdən faydalanaq: kreativlik və milli inkişaf” mövzusunda birgə beynəlxalq seminar keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MHA-nın sədri Kamran İmanov seminarın əhəmiyyətindən danışıb. Bildirilib ki, məqsəd kreativ sənayelərin planlaşdırılması və onların milli inkişafa töhfəsi haqqında icmalın təqdimatı, yaradıcı insanlar üçün müəllif hüququnun idarə olunması barədə DƏMT proqramlarının təşviqi, bu qurumun şəffaflıq və kollektiv idarəetmənin təşkili üzrə təşəbbüsləri ilə tanışlıqdır.
Qeyd olunub ki, aktual mövzuya həsr olunan seminarda DƏMT-in təmsilçiləri, bir sıra ölkələrin nümayəndələri, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər məruzələrlə çıxış edəcəklər.
Seminarda K.İmanovun “Kreativ iqtisadiyyat və Azərbaycan iqtisadiyyatının inkişafı” mövzusunda məruzəsi dinlənilib.
MHA-nın sədri bildirib ki, bugünkü tədbir kreativ iqtisadiyyata, yəni müəllif hüququna əsaslanan iqtisadiyyata, onun müasir dövrdə Azərbaycandakı roluna və imkanlarına həsr olunub. “Kreativ iqtisadiyyat” sinkretik anlayışdır, vahid formada bir neçə mənanı cəmləşdirən, yaradıcılığa, əqli fəaliyyətə əsaslanan iqtisadiyyatın xüsusi sektorudur. Bu sektor kreativ, yaradıcı sahələri əhatə etməklə, intellektual məhsul və xidmətlərlə nəticələnir və adətən müəlliflik hüququ obyektləri kimi qorunur.
Kreativ iqtisadiyyatın dinamikası, onun artımı ölkənin müəllif-hüquq sahəsinin dəyərləndirilməsindən, müəllif hüququnun qorunma səviyyəsindən xəbər verir. Bununla yanaşı, müəllif-hüquq sahəsinin ən vacib göstəriciləri sırasına daxil olan kreativ iqtisadiyyatın səviyyəsi innovasiya mühitinin əlverişliliyini formalaşdırır və sosial sahənin inkişafını təmin edir. Azərbaycan dövləti kreativ iqtisadiyyatı daim nəzərdə saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilir ki, “əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şərait yaradılması və əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı, ölkənin ÜDM-ində onun payının artırılması üçün tədbirlər həyata keçiriləcəkdir”.
Müəllif Hüquqları Agentliyi bir neçə ildir ki, DƏMT ilə razılaşdırılmış xüsusi metodika əsasında Azərbaycanın kreativ iqtisadiyyatı ilə bağlı araşdırmalar aparır, kreativ iqtisadiyyatın ÜDM-dəki payını müəyyənləşdirir, monitorinqlərin nəticələrini təhlil edir və məlumatları hökumətə təqdim edir. Araşdırmalar göstərir ki, Azərbaycanın son illərdəki qüdrətli sosial-iqtisadi inkişafı, yüksək iqtisadi artım tempi kreativ iqtisadiyyatın artımına da böyük təsir göstərib.
K.İmanov vurğulayıb ki, Azərbaycan son illərdə çox uğurlu sosial-iqtisadi inkişaf yolu keçib. Dövlətimizin başçısının düşünülmüş “Azərbaycan modeli” bütün dünya tərəfindən dayanıqlı, sosialyönümlü inkişaf modeli kimi qəbul edilib və onun həyata keçirilməsi nəticəsində Azərbaycan makroiqtisadi sabitliyə nail olub, gəlirlərin ədalətli bölünməsinə zəmin yaradıb, yoxsulluğu nəzərəçarpan dərəcədə aşağı salıb və iqtisadiyyatda keçid dövrünü 2009-cu ildə başa çatdıra bilib.
Bu dövrə nəzərə salsaq görərik ki, qazanılan nailiyyətlər, innovativlik və modernləşdirmə iqtisadiyyatın şaxələndirilməsi ilə müşayiət olunub və nəticədə 2013-cü ildə adambaşına düşən ÜDM-in həcmi 2003-cü illə müqayisədə üç dəfə artıb. Prezident İlham Əliyev “Gələcəyə baxış” Azərbaycan-Amerika Forumunda biliklərə və insan potensialına əsaslanan innovativ inkişafın vacibliyini vurğulayaraq deyib: “Hərdən müəyyən mütəxəssislər Azərbaycanın inkişafını enerji ilə əlaqələndirirlər. Əlbəttə, sirr deyildir ki, enerji Azərbaycanın transformasiyasında böyük rol oynamışdır. Amma bunu təhlil etsək görərik ki, bu, tam olaraq belə deyildir. Biz öz neft dəyərlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq. Biz bu gəlirləri müxtəlif sahələrə yönəltmişik. İnfrastruktur layihələri həyata keçirmişik. Mən deyərdim ki, radikal iqtisadi islahatlar həyata keçirmişik. Bu, bizim strategiyamızın tərkib hissəsidir. Çünki siyasi və sosial islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır. Çünki hər hansı bir sahə bir balaca geridə qalsa, biz uzunmüddətli inkişafı və uğuru təmin edə bilmərik”. Prezident İlham Əliyevin dərin məzmunlu, eyni zamanda lakonik çıxışlarındakı bir sıra açar sözləri diqqəti çəkir: “iqtisadi inkişaf”, “stabillik”, “sosialyönümlülük”, “qeyri-neft sektorunun inkişafı”, “çoxşaxəli iqtisadiyyat”, “diversifikasiya”, “innovasiya”, “insan kapitalı”, “İKT” və s.
MHA-nın sədri deyib: “Apardığımız araşdırmalara əsasən, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan iqtisadiyyatın ÜDM-də payı 2003-cü ildəki 2,1 faizdən 2012-ci ildə 4,5 faizə yüksəlib və hazırda 2014-cü ilin nəticələrinə görə 5 faizdir, yəni inkişaf etmiş ölkələrin orta səviyyəsinə yaxındır. Bu isə 2003-cü ildən bəri kreativ iqtisadiyyatın 13 dəfə artması, 220,5 milyon manatdan 2973,6 milyon manatadək yüksəlməsi deməkdir. Həmin illərdə ÜDM-in 8,2 dəfə artması kreativ iqtisadiyyatın 13 dəfə artımına səbəb olub və beləliklə, ölkəmizin qüdrətli və dayanıqlı inkişafını təmin edən müəlliflik hüququ sahəsində qanunvericilik və idarəçilik tədbirlərini gücləndirən dövlətimizin başçısının “Azərbaycan modeli” kreativ iqtisadiyyatın artımına təkan verib.
Diqqəti kreativ iqtisadiyyatın bir vacib xüsusiyyətinə yönəldən K.İmanov qeyd edib ki, Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” və “qeyri-neft sektorunun prioritet inkişafı” kimi tapşırıqlarının icrasında kreativ industriyanın mühüm rolu var. Bu iqtisadiyyatın məşhur tədqiqatçısı Riçard Floridanın sözü ilə desək, “kreativ iqtisadiyyat kreativ sinfə əsaslanır, bunlar isə gələcəyi dəyişən insanlardır”. Deməli, kreativ iqtisadiyyatın inkişafı kreativ insanların dəstəklənməsidir, kreativ peşəkarların çoxalmasıdır, onların dairəsinin genişlənməsi ilə cəmiyyətin kreativliyinin, yeni dəyərli formaların yaradılmasında ümumi qabiliyyətin artırılmasıdır.
Həqiqətən, kreativliyi, onun törəməsi olan kreativ iqtisadiyyatı dəstəkləmək əqli mülkiyyətə, müəllif hüquqlarına önəm vermək deməkdir. Əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq isə insan hüquqlarının vacib tərkib hissəsi olan mədəni hüquqları yaşatmaq deməkdir. Bu da öz növbəsində mədəni müxtəlifliyi inkişaf etdirmək, mədəniyyətlərə qarşılıqlı tanınma, tolerantlıq və bərabərhüquqluluq mövqeyindən yanaşmaqla, inteqrasiya yollarını axtarmaq, bir sözlə, multikultural siyasət yeritmək deməkdir. Azərbaycan dövləti bu siyasətə sadiqdir və ölkəmizin multikultural modeli dünya ictimaiyyəti tərəfindən örnək kimi qəbul edilir.
Məruzəçi vurğulayıb ki, işğalçı Ermənistanın siyasətinin sütunlarında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiya dayanır. Eyni zamanda, millətin “əzabkeşliyi” təşviq olunaraq, onun “müstəsnalığı” və “xüsusi missiyası” təbliğ edilir. Bir neçə müasir politoloqun, o cümlədən S.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyır, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir. Burada yaşayan avtoxton əhalinin, onun kreativliyinin nəticəsi olan mədəni irs mənimsənilir, özününküləşdirilir və nəticədə kreativlik əvəzinə uydurmalar, saxtakarlıq və plagiat dəstəklənir.
Hələ 2010-cu ildə BMT-nin bir neçə strukturu, o cümlədən DƏMT “Kreativ iqtisadiyyat Hesabat”ını hazırlayıb. Hesabatda göstərildiyi kimi, kreativ industriya digər ənənəvi sənaye sahələri ilə müqayisədə dünyanı bürüyən qlobal iqtisadi böhrana qarşı daha böyük müqavimət, davamlılıq göstərə bilib və bununla da, qlobal iqtisadiyyatın bərpasına stimul yaradan yeni iqtisadi tendensiya kimi qiymətləndirilib.
Kreativ iqtisadiyyatın digər bir xüsusiyyəti də onun iqtisadi, ictimai, mədəni, elmi-texniki, ekoloji və digər sferalarla bağlılığı, sektorlararası əlaqələndirmə tələb etməsidir. Üstəlik, kreativ sənaye siyasəti yalnız iqtisadi ehtiyaclarla kifayətlənmir, sosial, təhsil, mədəni identifiklik, sosial bərabərsizlik, ekoloji faktorlar və digər xüsusi tələbləri nəzərə alır. Bir sözlə, kreativ iqtisadiyyat elmin, incəsənətin, mədəniyyətin, biznesin, yenilikçilik və innovasiyaların, yeni biznes-modellərin kəsişməsi və inteqrasiyasıdır.
Hazırda dünyadakı iqtisadi durum heç də qənaətbəxş olmadığını diqqətə çatdıran K.İmanov deyib ki, 2008-ci ildə başlayan qlobal iqtisadi-maliyyə böhranı inkişaf etmiş ölkələrə daha çox ziyan vurub. Bu gün də böhranın dalğaları yatmayıb və onun mənfi təsirini daha çox inkişaf etməkdə olan, xüsusən neft hasil və ixrac edən ölkələr hiss edirlər. İnkişaf etmiş ölkələr yumşaq monetar və ucuz pul vasitəsilə son ildə böhrandan çıxmaq imkanlarını qazansalar da, dünya istehlakının və ticarətinin zəifləməsi inkişaf etməkdə olan ölkələri sarsıdır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında dediyi kimi, bu vəziyyətin səbəbi “Azərbaycandan kənarda yaranmışdır, çünki neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini… sırf iqtisadi amillərlə bağlamaq düzgün deyil…, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb”. Bütün bunlara baxmayaraq, 2015-ci ildə Azərbaycanın iqtisadi inkişafı təmin edilib, ÜDM 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb.
Martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatın biznes-modelini dəyişdirməsi ilə bağlı suala belə cavab verib: “Əslində, biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin hazırda – neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir”.
Bu sözlər yeni postneft dövrünün gələcək uğurlarına işarədir və dövlət başçısının dediyi kimi, bu dövr “…inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq”.
K.İmanov bugünkü seminarın kreativ iqtisadiyyatın müasir vəziyyətini təhlil etməklə, onun gələcəkdə milli və dünya iqtisadiyyatının inkişafına töhfələrinin daha da artmasına kömək edəcəyinə əminliyini bildirib.
Seminarda DƏMT Departamenti direktorunun müavini, əqli mülkiyyət üzrə mütəxəssis Dimiter Qantçev “Kreativ sənayelər sosial iqtisadi artımın və milli inkişafın amili kimi” və “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinin iqtisadi əhəmiyyəti. Kollektiv idarəetmənin şəffaflığı”, Madrid Muxtar Universitetinin professoru Joze Luis Zofio “Müəllif hüququ sənayelərinin iqtisadi töhfəsinin təhlili üzrə DƏMT-in yenilənmiş bələdçisi – yeni funksiyalar” mövzularında məruzələrlə çıxış ediblər.