Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Bakıda “Mətn və təsvir sahəsində hüquqların kollektiv idarəçiliyi. Reproqrafik hüquqlar” mövzusunda beynəlxalq seminar keçirilir


17.09.2015 [15:17]

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA), “Azərbaycan Müəllifləri” İctimai Birliyinin və Reproqrafik Hüquqlar Təşkilatlarının Beynəlxalq Federasiyasının (İFRRO) birgə təşkilatçılığı ilə “Mətn və təsvir sahəsində hüquqların kollektiv idarəçiliyi. Reproqrafik hüquqlar” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilən çap məhsulları ilə tanış olublar.
Tədbirdə MHA-nın sədri Kamran İmanov bildirib ki, beynəlxalq seminarın əhəmiyyəti İFRRO-nun əsas prinsiplərinə uyğun olaraq müəlliflik hüququnun ictimai və institusional vacibliyini təsdiq etmək, hüquqların kollektiv idarəedilməsini genişləndirmək və milli strukturların təcrübə mübadiləsi əsasında müasir rəqəmli çağırışlara cavabların axtarışından ibarətdir. K.İmanov qeyd edib ki, çap sözü və müəllifliyin tarixi elə bəşəriyyətin tarixidir. Azərbaycan xalqının bu sahədə minilliklər ənənəsi var.
Müasir dövrdə bunlara dəlalət edən on qanundan yüzə qədəri normativ-hüquqi sənədlərdən ibarət olan Azərbaycanın müasir əqli mülkiyyət bazasıdır. Bunların içərisində beş qanun müəllif hüququ və oxşar hüquqlarla bağlıdır və onların sərəncamçılığına MHA aiddir.
Kamran İmanov bildirib ki, müstəqil dövlətimizin müəllif-hüquq sisteminə qiymət verilərək, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunmuş və nümayəndələrimiz beynəlxalq ekspert səviyyəsində çıxış edirlər. Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətliliyi ilə bağlı müvafiq Hesabatlarında göstərildiyi kimi, əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərin hesabatına əsasən, lider mövqeyindədir. Hazırda MHA tam kompyuterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART-təlim distant sistemi, müasir Hüquqların Təminatı Mərkəzi və rəqəmli hüquqların idarə olunması xidməti, yeni tələblərə uyğun olan mətbəə ilə təchiz edilib və “Elektron Hökumət” portalına qoşulan, beş növ elektron xidmətlər həyata keçirən mərkəzi icra hakimiyyəti statusuna bərabər olan dövlət orqanıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş nümunəvi sistem kimi qəbul edilib. Bu sistemin gələcəyinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında özünəməxsus yeri var.
MHA-nın sədri qeyd edib ki, müəlliflik hüququ, institut və texnologiyalar, xüsusən informasiya-kommunikasiya texnologiyaları paralel inkişaf etsələr də, bir-birinə təsirini göstərirlər. Çap, səs yazıları, kinematoqrafiya yarananda da belə olub. Efir və kabel yayımı, fotosurət çıxartma, peyk və kabel yayımı və videoyazı yarananda da belə oldu. Təbii ki, bu gün də internetin dominant rolu ilə keçən zamanda da belə olur. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, hüquq hər zaman texnologiyaların ardınca gedib.
K.İmanov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi “Kollektiv əsasda, İnternet daxil olmaqla, hüquqların idarə edilməsi” Qanun layihəsi hazırlayıb. Qanun layihəsində “Müəllif və əlaqəli hüquqların kollektiv idarə edilməsi və daxili bazarda onlayn istifadəsi məqsədilə musiqi əsərlərdə hüquqların multi ərazi lisenziyalaşdırma haqqında” 2014-cü il Avropa Direktivinin əsas müddəaları əks etdirilir. Bizim əsas məqsədimiz kollektiv idarəetmə cəmiyyətlərin fəaliyyətini daha şəffaf və səmərəli etməkdən ibarətdir. Digər tərəfdən rəqəmli şəbəkədə rəqəmsal hüquqların idarə edilməsi ilə bağlı hüquqların qorunması və pozuculara, provayderlərə qarşı məsuliyyət məsələləri öz əksini tapır. İnfrastruktura gəldikdə, o hüquqdan az olmayan əhəmiyyətə malikdir. Kollektiv əsasda hüquqların idarəetməsi strukturlarını götürək. Azərbaycanda bizim tərəfimizdən müəyyən nəzarət və koordinasiya aparılan iki kollektiv idarəetmə təşkilatı mövcuddur. Onlar musiqili əsərlərin istifadəsi ilə bağlı və audiovizual əsərlərə aid qonorar yığan cəmiyyətlərdi. Mövcud olan kollektiv idarəetmə infrastrukturu artıq rəqəmsal dövrün tələblərinə cavab vermir, o, köhnəlib və inkişaf etməlidir, çünki bu cəmiyyətlərdən hər birinin fəaliyyət dairəsi, özünü ifadə etmək mühiti var. İnternetdə isə kontentin idarə olunması üçün onun musiqili, audiovizual, yaxud başqa bir əsərdən yaradılmasının əhəmiyyəti yoxdur. Bundan əlavə, İnternet çoxyurisdiksiyalıdır, sərhədsizdir.
Natiq bildirib ki, bizim tərəfimizdən hazırlanmış və həyata keçirilən infrastruktur layihəsinin birincisi “one-stop-shops” formatda onlayn lisenziyalaşmanı və monitorinqi (müəllif hüququ ilə qorunan hər hansı bir kontent üçün bir pəncərə prinsipi) nəzərdə tutur. Biz kollektiv idarəetmə cəmiyyətlərimiz ilə başqa qaydalarla qarşılıqlı əlaqələr quracağıq. Kontentin milli bazasını biz idarə edəcəyik və kontentin milli məlumat bazasında bu cəmiyyətlərin repertuarından, folklordan və digər obyektlərdən istifadə olunacaq. Bütövlükdə, internetdə qorunan kontentin ədəbiyyat, musiqi, audiovizual əsərlərdən, məlumat bazalarından, foto şəklində incəsənət əsərlərindən, folklor nümunələrindən və fonoqramlardan ibarət olacağı nəzərdə tutulur. Kontent onların axtarışı üzrə identifikatorlarla və təhlükəsizlik nişanları – onların qanuniliyini müəyyən etmək üçün su nişanları ilə təchiz olunur. Azərbaycanda digər hazırlanmış infrastruktur layihəsi xarici mütəxəssislərin fikrincə, müəllif hüququ obyektləri ilə distribüter şəbəkəsində realizə olunan intellektual məhsulun üzərinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə yaradılan rəqəmsal texniki-təşkilati sistem agentliyin əhəmiyyətli müvəffəqiyyəti hesab olunur.
K.İmanov Azərbaycanın iyirmi faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu, BMT Təhlükəsiz Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb. Bildirib ki, bütün bunlara baxmayaraq hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Bu gün ölkəmizin iqtisadi qüdrəti Cənubi Qafqazın 75-80 faiz ümumi qüdrətinə bərabərdir. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətlə inkişaf edir, dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.
Tədbirdə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov “Kollektiv əsaslarla hüquqların idarəçiliyi və onun Azərbaycanda inkişafı” mövzusunda təqdimatla çıxış edərək seminarın ölkəmizdə müəllif hüquqlarının və repoqrafik hüquqların inkişafına böyük dəstək olacağına ümidvar olduğunu söyləyib.
Reproqrafik Hüquqlar Təşkilatlarının Beynəlxalq Federasiyasının (İFRRO) baş direktoru Olav Stokkmo, Avropa Şurasının Azərbaycanda əməkdaşlıq bölməsinin rəhbəri Ceroen Villems mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, seminar müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunmasının səmərəliliyinin artıran kollektiv idarəetmə sisteminin inkişafına və təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Seminar işini sentyabrın 18-də davam etdirəcək.