Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Bakıda kitab nəşri və rəqəmsal nəşriyyat mövzusunda beynəlxalq seminar başlayıb


20 Aprel, 2017

 

https://report.az/medeniyyet-siyaseti/bakida-kitab-nesri-ve-reqemsal-nesriyyat-movzusunda-beynelxalq-seminar-baslayib/

 

 

Azərbaycanın Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə Bakıda “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminar başlayıb. 

“Report” xəbər verir ki, seminarı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov açıb.

O bildirib ki, 23 aprel – YUNESKO tərəfindən elan edilən "Ümumdünya kitab və müəlliflik hüququ Günüdür". Aprelin 26-sı isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) bəyan etdiyi "Beynəlxalq Əqli Mülkiyyət Günü" kimi qeyd olunur.

K.İmanov deyib ki, Azərbaycanda "Ümumdünya kitab və müəlliflik hüququ Günü" 1997-ci ildən, "Beynəlxalq əqli mülkiyyət Günü" isə 2001-ci ildən qeyd olunur: “Bugünkü tədbir elektron nəşrlərə həsr olunub. Seminarda elektron kitabın və rəqəmli inqilabın çağırışları, elektron kitabxanalarda yaranan durumla bağlı müəllif hüquqları problemləri müzakirə ediləcək. Aprelin 26-da keçirəcəyimiz tədbirdə isə erməni plagiatını ifşa edən qədim mətnlər və klassik mənbələr haqqında söhbət açılacaq və bir neçə tarixşünaslıq əsərlərindəki yeni məlumatlar ictimaiyyətə çatdırılacaq.Vacib beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyil.Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyevin səyləri nəticəsində müəllif hüquqlarımız sahəmiz ÜƏMT-in ekspertlərinin rəyinə görə, nümunəvi sistemlərdən biridir. 25 ilə yaxın böyük inkişaf yolu keçmiş Azərbaycanın müəllif hüquqları sisteminə qiymət verilərkən, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunmasını, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsini və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsini qeyd etməliyik”.

K.İmanov bildirib ki, Azərbaycan ən tanınmış beynəlxalq reytinq strukturunun – Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında lider mövqeyindədir, Cənubi Qafqazda isə 1-ci yerdədir: “Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötərək, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur”.

Milli Məclisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə vurğulayıb ki, elektron nəşrlərin yaranması inkişafı situmllaşdırmaqla yanaşı, plagiatlığın daha da artması problemini də ortaya çıxarır: "Buna qarşı mübarizə aparmaq vacibdir".