Bakıda "Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları" movzusunda tədbir keçirilib
7 Aprel 2016 16:27
REPORT.AZ
Bu gün Bakıda Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları" movzusunda dəyirmi masa keçirilib.
"Report" xəbər verir ki, tədbirdə agentliyin sədri Kamran İmanov, təhsil naziri Mikayıl Cabbarov, yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və digərləri iştirak edib.
K.İmanov çıxışında bildirib ki, plagiat heç bir yeni bilik yaratmır, əksinə, kiminsə əqli nəticəsini özününküləşdirir, mülkiyyətini mənimsəyir: "Plagiatı yalnız müəllif-hüquq pozuntusu, kiminsə intellektual məhsuluna, zəka yaradıcılığına, əqli fəaliyyətinə hörmətsiz və təcavüzkar yanaşma kimi qiymətləndirmək olmaz. Plagiatın elm və təhsil təsisatlarına endirdiyi zərbə bilik sisteminin əsaslarını sarsıdır, ona inamı qırır, şübhə və ədalətsizliyi yayır. Cəmiyyətə və dövlətə müqayisəsi olmayan ziyan vurulur".
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, plagiatın mövcudluğu yeni ixtiraları, yeni fəaliyyətlə məşğul olmağı məntiqsiz və mənasız edir. Nazir bildirib ki, əgər plagiata göz yumulursa, vicdanlı ailmlə vicdansız alim arasında bərabərlik işarəsi qoyulursa, bunun məntiqi nəticələri də aydındır.
Onun sözlərinə görə, plagiata qarşı mübarizə o zaman uğurla həyata keçirilə bilər ki, bu sahədə maarifləndirmə sistemini yeni bir səviyyəyə çıxarmaq mümkün olsun.
Tədbirin davamında plagiatın yaranma səbəbləri, aparılan mübarizə tədbirləri, bu sahədəki dünya təcrübəsi, mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.