Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib
05-06-2018 19:39
https://milletinsesi.info/index.php?view=article&id=76584&dil=az
Kamran İmanov: “Piratlığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz azalıb”
Ceyhun Bayramov: “"Sahibkar universitet" modeli hazırda daha da aktullaşır”
Akif Əlizadə: “Elm və biznes arasında əməkdaşlığın inkişafını davam etdirmək lazımdır”
Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfrans Əqli Mülkiyyət Agentliyi və Təhsil Nazirliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), o cümlədən Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə keçirib.
Beynəlxalq konfransda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil naziri Ceyhun Bayramov, Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova, universitet və elmi-akademik dairələrin nümayəndələri iştirak edib.
ÜƏMT-in baş direktoru Frensis Qarri rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrini yüksək qiymətləndirib. O, bildirib ki, əqli mülkiyyət dünyası çox dinamik inkişaf edir, bir sıra vacib tendensiyalar müşahidə olunur: “Əqli mülkiyyət və innovasiyaların coğrafiyası dəyişir. Beynəlxalq patent ərizələrinin 49 faizi Asiya ölkələrindən gəlir. Artıq tərəflər arasında innovasiya rəqabəti gedir. Bütün bu inkişaf prosesi nəticəsində əqli mülkiyyət dünyası mürəkkəb bir aləmə çevrilib”.
Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova ötən il təşkilata müvafiq sahə üzrə 37 ərizənin daxil olduğunu deyib. Onun sözlərinə görə, ümumilikdə isə 320 ərizə verilibsə, 240 ixtira qeydə alınıb: “Azərbaycandan hazırda 7300 patent dəstəklənir. Ölkədən daxil olan ərizələrin 80 faizi elmi müəssisələr və institutların payına düşür”.
AMEA-nın prezidenti Akif Əlizadə beynəlxalq konfransda çıxışında deyib ki, Azərbaycanda elm və biznes arasında əməkdaşlığın inkişafını davam etdirmək lazımdır.
A.Əlizadə bildirib ki, bu istiqamətdə mühüm addımlardan biri AMEA yanında 13 rezidentin qeydiyyata alındığı Yüksək Texnologiyalar Parkının yaradılması oldu.
AMEA prezidenti qeyd edib ki, Azərbaycanda əqli mülkiyyətin qorunması və ümumiyyətlə, onun geniş vüsət alması böyük bir problemdir: “Biz ölkənin böyük elmi təşkilatı olaraq, bu problemlə qarşılaşmışıq. Bu baxımdan geniş müzakirələrin aparılması, görüşlərin keçirilməsi çox əhəmiyyətlidir”.
O deyib ki, intellektual kapitalın, eləcə də innovativ mühitin inkişafı və bilik iqtisadiyyatının formalaşdırılması üçün elm və innovasiyaların tətbiqi sahəsində ciddi islahatların aparılması ön plana çıxır.
A.Əlizadə əlavə edib ki, müasir dövrün tələblərinə əsasən, elm-biznes əməkdaşlığının qurulması bu prosesdə ən vacib məqamlardan biridir.
Təhsil naziri Ceyhun Bayramov isə konfransda çıxışında deyib ki, hazırda universitetlərdə və elmi təşkilatlarda ümumilikdə 33 mindən artıq alim elmi tədqiqatlarla məşğul olur. Nazirin sözlərinə görə, tədqiqatla məşğul olan alimlərin 35 faizi fəlsəfə doktoru, 8 faizi elmlər doktorudur.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. Patent alan ixtiraların sayı isə 159-dur ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda olub: "İnnovativ sistemin inkişafında ən əhəmiyyətli model kimi qəbul edilən "sahibkar universitet" modeli hazırda daha da aktullaşır. Bu baxımdan son illərdə ali təhsil müəssisələrində yeni sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb.
“Son zəng”in keçirilməsi ilə bağlı bu il ötən illə müqayisədə hər hansı xüsusi yeniliklərin tətbiqi nəzərdə tutulmur.”
Nazir “Son zəng”lə bağlı təhsil müəssisələrinə tövsiyə verib: “”Son zəng” tədbiri təhsil bayramıdır. Təhsil Nazirliyinin bütün təhsil müəssisələrinə olan tövsiyəsi ondan ibarətdir ki, bu təhsil bayramını təhsil müəssisəsinin ərazisində keçirsinlər. Düşünürük ki, bu təhsil bayramı hər il olduğu kimi bu il də yüksəl səviyyədə təşkil olunacaq”.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, kreativ iqtisadiyyatın ÜDM-dəki payı 5%-i ötüb və bu, dünya üzrə orta səviyyədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur:
“Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu - innovativ inkişafa qədəm qoyur. Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan və “Made in Azerbaijan” brendini təşviq edən dövlətimiz qısa müddətdə böhran vəziyyətini arxada qoyaraq, iqtisadi artım dinamikası əldə edib, qeyri-neft sektorunda 2018-ci ilin 4 ayında 11% irəliləyiş olub.
Piratlığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratlığın səviyyəsi müxtəlif sahələrdə 20-30% aşağı düşüb. Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vəzifələri nə cür görürük? Qarşıda duran vəzifələr dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü siyasəti ilə formalaşdırılır".
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür. 2006-cı ildə Azərbaycan Hökuməti ilə ÜƏMT arasında əqli mülkiyyət sahəsində Əməkdaşlıq Proqramı, 2014-cü ildə isə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.