Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
2018-06-05 10:07
Heydər Əliyev Mərkəzində “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. APA-nın məlumatına görə, konfrans Əqli Mülkiyyət Agentliyi və Təhsil Nazirliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), o cümlədən Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə keçirilir.
Beynəlxalq konfransda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil naziri Ceyhun Bayramov, Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova, universitet və elmi-akademik dairələrin nümayəndələri iştirak edir.
Tədbir çərçivəsində sessiya və panellər təşkil olunacaq. Panellərdə ÜƏMT, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Gürcüstan və Yunanıstanın əqli mülkiyyət sahəsi üzrə tanınmış ekspertləri çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür. 2006-cı ildə Azərbaycan Hökuməti ilə ÜƏMT arasında əqli mülkiyyət sahəsində Əməkdaşlıq Proqramı, 2014-cü ildə isə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.