Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

AzVision.az-dan Müəllif Hüquqları Agentliyinə daxil olmuş 3 iyul 2015-ci il tarixli sorğuda Soso Pavliaşvili tərəfindən ifa edilmiş “Tost” mahnısında Azərbaycan müəlliflərinə məxsus “Tarla qızları” mahnısından plagiatlıq edilib-edilməməsi barədə məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdir


Bununla əlaqədar aşağıdakıları bildiririk:

1. Soso Pavliaşvili tərəfindən ifa edilmiş “Tost” mahnısında Azərbaycan müəlliflərinə məxsus “Tarla qızları” mahnısından plagiatlıq edilməsi barədə məsələ Agentlik tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, “Tarla qızları” mahnısının musiqisi bəstəkar Oqtay Kazımova, sözləri isə Həmid Abbasova məxsusdur. Bu mahnı 1975-ci il 22 mart tarixində Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır. 
Müəllif Hüquqları Agentliyinin eksperti Azərbaycanın xalq artisti, professor, bəstəkar Xəyyam Mirzəzadə tərəfindən “Tost” mahnısı ilə “Tarla qızları” mahnısı müqayisəli şəkildə ekspertizadan keçirilmişdir. Bununla bağlı ekspert belə hesab edir ki, “Tarla qızları” mahnısı Azərbaycan folklor musiqisinin motivləri əsasında yazılmışdır. Jor Meloyanın bəstələdiyi və Soso Pavliaşvilinin ifa etdiyi mahnı isə Tiflis şəhərində formalaşmış duxan folkloruna əsaslanır, yəni bu mahnının əsasını və intonasiyasını duxan musiqisi təşkil edir. Sözügedən duxanlarda müxtəlif milli mahnılar, xüsusən Azərbaycan mahnıları da səslənir. Bu səbəbdən yuxarıda adları göstərilən mahnılarda oxşarlıq, bənzətmə tapmaq mümkündür. Onu da qeyd edək ki, bu cür bənzətmə və oxşarlığa erməni mahnılarında da rast gəlmək olar. Lakin qeyd olunan konkret musiqilərin müqayisəsi göstərir ki, burada plagiat yoxdur”. 
Bu fikirlərə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də qoşulmuşdur: “Bu mahnılarda, xüsusən onların nəqarətlərində bənzətmə və oxşarlıqlar var, lakin bunlar plagiat ittihamı irəli sürmək üçün yetərli deyildir”.

2. Bu cür bənzətmə və oxşarlıqların mahiyyətini izah etmək üçün bir neçə misala baxaq. Qeyd edək ki, bəstəkarların çoxu öz yaradıcılıqlarında xalq musiqisinə əsaslanırlar. Erməni bəstəkarları isə çox hallarda Azərbaycan xalq musiqisindən istifadə etmişlər. Təsadüfi deyildir ki, əslən Tiflisdən olan tanınmış erməni bəstəkarı A. Xaçaturyan xalq musiqisinin istifadəsi və onun klassik musiqi ilə sintezi barədə qeyd etmişdir ki, “müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj vardır.” A. Xaçaturyanın hələ 1940-cı ildə yazdığı skripka üçün konsertinin şöbələrinin adları: “Köçəri” rəqsi, yaxud “Gələ-gələ” mahnısı da bunu təsdiq edir. 
Musiqişünas Q. Xubov yazır: “Xaçaturyan da hamı kimi, sadə oxşatmadan başlamışdır” (Q. Xubov “Aram Xaçaturyan”, M., “Sovetskiy kompozitor”, 1983). Həmin müəllif qeyd edir ki, bu bənzətmədə Xaçaturyan “aşıqların musiqi və poeziyasının bədii aləmi”ni təkrar etmişdir. Onun bu aləmi İ. Proxorov və Q. Skudinanın “Sovet musiqi mədəniyyəti” (M., “Muzıka”, 1987) dərsliyində bu şəkildə səciyyələndirilir: “[Uşaqlıq və gənclik] çağlarında ifalarında Azərbaycan, Gürcüstan və Ermənistan mahnıları səslənən xalq müğənni və aşıqlarının sənəti unudulmaz təəssürat qoymuşdur... Sazın və ya tarın müşayiəti altında onlar [aşıqlar] qəhrəmanlar və aşiqlər haqqında özlərinin sonsuz nağıllarını danışardılar... Fərhad və Şirinin sadiq, fədakar məhəbbəti ... nəinki mahnılarda, eləcə də şeir və poemalarda tərənnüm edilirdi.” Gənc Xaçaturyanın aldığı təəssürat o qədər güclü imiş ki, o, çardağa qalxaraq, “xoşuna gələn ritmləri saatlarla mis ləyənin üstündə taqqıldadarmış”. 
A. Xaçaturyanın öz etirafına görə, bu, “onun musiqi sahəsində ilk fəaliyyəti olmuşdur”. O qeyd edirdi: “Mən erkən uşaq yaşlarımdan çoxlu sayda erməni və Azərbaycan mahnılarını bilən anamın oxumağını eşitmişdim. Sonralar mənim musiqi zövqüm və biliklərim nə qədər dəyişsə və təkmilləşsə də, uşaqlıq dövrümdə xalq incəsənəti ilə canlı ünsiyyətimdən qavradığım ilkin milli əsas sonrakı yaradıcılığım üçün təbii bir mənbə olaraq qalmışdır. Bu, ilk növbədə, Azərbaycan tarı və sazında Azərbaycan aşıqlarının çatdırdığı Azərbaycan milli musiqi aləmi idi. Məhz buna görə 200-dın çox ad olan A.Xaçaturyan haqqında biblioqrafiyada həmin işin müəllifləri tez-tez “Azərbaycan muğamları”, “Azərbaycan xalq musiqisi” və s. terminləri işlətmişlər. Elə buna görə də böyük erməni bəstəkarı özünün məşhur Yerevan haqqına mahnı-himnində (“Yerevan haqqında mahnı”,1948) həmin musiqi zövqünə sadiq qalmışdır.
A. Xaçaturyan bir bəstəkar kimi muğamatın spesifik xüsusiyyətini qavramağı bacarmışdı. “SSRİ xalqlarının musiqi tarixi”ndən (c.3, M.,1972) gətirdiyimiz bir sitatda çox dəqiq göstərilir ki: “Qayane”də xalq musiqisi yalnız folklordan alınmış mövzularda səslənmir. O, baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olmuşdur. Məsələn, xalq nümunələrinə çox yaxın olan “Armenin rəqsi”, “Karen və Nunenin rəqsi”, “Erməni-kürd rəqsi”, “Ləzginka” kişi rəqsləri; adajio və Qayane beşik mahnılarını, “Spartak” baletində “Qılınclarla rəqs”i göstərmək olar...”. Əvvəllər yazılmış “Xoşbəxtlik” baletindəki ən yaxşı nömrələr “Qayane”yə daxil edilmişdir. “Sovet musiqi mədəniyyəti” (“Muzıka”, 1987) dərsliyində İ.Proxorov və Q.Skudinanın qeyd etdikləri kimi, buradakı “xalq intonasiyasına və havalarına əsaslanan melodik mövzuların zənginliyi”dir. Məhz burada erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” Azərbaycan rəqsləri istifadə olunmuşdur. Eyni üsuldan sözügedən “Tost” mahısı yaradılarkən da bəhrələnmişlər. Belə məlumatlarla Kamran İmanovun “Erməni yadelli nağılları” kitabında daha ətraflı tanış olmaq olar. Kitab Azərbaycan, rus, ingilis, fransız dillərində çap olunmuş və yayılmış, müxtəlif informasiya saytlarında yerləşdirilmiş, dünyanın bir sıra kitabxanalarında verilmişdir.

3. Qeyd etmək lazımdır ki, qeyri-qanuni istifadəyə və plagiatçılığa qarşı Müəllif Hüquqları Agentliyində sistemli iş aparılır. Azərbaycan müəlliflərinin əsərləri haqqında məlumatlar mütəmadi olaraq, xarici ölkələrin əməkdaşlıq etdiyimiz müəllif-hüquq təşkilatlarına göndərilir. Misal üçün, Rusiyanın Müəllif Təşkilatı, həmçinin keçmiş SSRİ-nin əksər respublikaları ilə əməkdaşlıq əlaqələri qurulmuş, müəlliflər və əsərlər haqqında məlumatlar onlara təqdim olunmuş, hüquqların qarşılıqlı şəkildə qorunması təmin edilmişdir. Bununla yanaşı, Türkiyənin Telif Haqları Genel Müdürlüyü, Musiqi Əsəri Sahibləri Məslək Birliyi (MESAM), həmçinin Prodüser və Fonoqram istehsalçıları Birliyi ilə musiqili əsərlərin müəlliflərinin adlarının göstərilməsi, yəni anonim halların aradan qaldırılması istiqamətində əməkdaşlıq edilməsi ilə bağlı Agentliyin nümayəndələri tərəfindən dəfələrlə Türkiyədə danışıqlar aparılmışdır. Əlavə edək ki, “anonim” istifadəni aradan qaldırmaq üçün hələ 2003-cü ildə Azərbaycan müəlliflərinin daha çox istifadə olunan 4074 əsəri barədə məlumatları özündə əks etdirən elektron formatlı xüsusi siyahı MESAM-a göndərilmiş, sonrakı illərdə bu siyahı əlavə məlumatlarla zənginləşdirilmişdir. 
Bununla yanaşı, Agentliyin nümayəndələri tərəfindən müxtəlif yayım kanalları və digər KİV-lər vasitəsi ilə verilmiş açıqlamalarda televiziya və radio kanallarında səsləndirilən mahnıların müəlliflərinin adlarının mütləq qaydada göstərilməli olduğu dəfələrlə qeyd olunmuşdur. Bu məsələ Agentliyin nümayəndəsinin lap bu yaxınlarda cari ilin 02 iyul tarixində İctimai Televiziyada efirə getmiş “Telemizan” verilişində də xüsusi vurğulamışdır. Sadalananlar profilaktik tədbirlərdir. 
O ki qaldı plagiatla bağlı faktlara, hər bir plagiat faktı üzrə, o cümlədən, uzun illər ermənilər tərəfindən erməni nümunələri kimi qələmə verilmiş və ya ifa edilmiş Azərbaycan xalq mahnılarının (“Sarı gəlin”, “Süsən sünbül” və s.), milli oyun havaları və rəqslərinin (“Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” və s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılmış və saytlarda yerləşdirilmiş, həmçinin bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubları göndərilmişdir. Misal üçün, bu yaxınlarda “Köçəri” xalq rəqsi və “Ay qız kimin qızısan” xalq mahnısı ilə bağlı geniş şərhlər hazırlanmış və informasiya saytlarda yerləşdirilmişdir.
Eyni zamanda müəllif əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad” operettalarının, “Çırpınırdı Qara dəniz” mahnısı, Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Ələkbər Tağıyev, Eldar Mansurov, Nadir Əzimov və başqalarına məxsus mahnıların oğurlanmasına cəhd göstərilməsi faktları ilə bağlı Agentlik tərəfindən araşdırmalar aparılmış, şərhlər, bəyanatlar və etirazlar bildirilmişdir.

4. Əsərlərin dövlət qeydiyyatından keçirilməsi və plagiat faktları ilə bağlı müəlliflərə və digər hüquq sahiblərinə köməklik edilməsi üçün Agentlikdə müvafiq şərait yaradılmış, o cümlədən burada ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”, “960” nömrəli Qaynar xətt və elektron xidmətlər fəaliyyət göstərir. Məlumat üçün deyək ki, təkcə 2014-cü ildə 1200-dən artıq müəllifin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılmış, Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilmişdir. Qeydiyyat sisteminin tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 10 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir, onlardan 3033-ü mətnli və mətnsiz musiqi əsərləridir. 
Son 5 ildə Agentliyin nümayəndələri müxtəlif məhkəmə instansiyalarının iclaslarında iştirak etmiş, 30-dan artıq iddia ərizəsi tərtib olunmuş və ya tərtib olunmasında kömək göstərilmiş, müəllif-hüquq məsələləri ilə bağlı dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 45 ekspert rəyi hazırlanmışdır.
Qanunvericiliyə əsasən, hər bir əsərin sahibi müəlliflər və ya hüquqları əldə etmiş digər şəxslərdir. Hüquqların pozulması faktı barədə onlar məhkəmə iddiası qaldıra bilərlər. Digər tərəfdən, əsər dövlət qeydiyyatından keçiriləndən və plagiat faktı ilə bağlı Agentliyə rəsmi müraciət ediləndən sonra Agentlik özü də məhkəməyə müraciət edə və ya ekspert qismində iştirak edib rəyini bildirə bilər. 
O ki, qaldı Sizin saytınız vasitəsi ilə səslənən bəzi tənqidi fikirlərə, biz hər hansı bir fakta əsaslanmayan, emosional, subyektiv fikirləri şərh etmirik və hər kəsi qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş qaydalar və onların həyata keçirilməsi üçün Agentlikdə yaradılmış şərait çərçivəsində hərəkət etməyə çağırırıq. Həmin fikirləri söyləyən müəllif indiyədək heç bir əsərini rəsmi qeydiyyatdan keçirməmiş və Agentliyə hər hansı bir hüquq pozuntusu barədə rəsmi müraciət etməmişdir. 


06.07.2015