Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir


25.09.2018 [19:19]

 

https://azertag.az/xeber/Azerbaycanin_numayende_heyeti_Cenevrede_Umumdunya_Aqli_Mulkiyyet_Teskilatinin_Bas_Assambleyasinda_istirak_edir-1198097

 

 

Sentyabrın 24-dən oktyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin ilk günündə ÜƏMT-nin baş direktoru Frensis Qarrinin hesabatı dinlənilib. ÜƏMT-nin ötənilki Baş Assambleyasının sonuncu toplantısından sonrakı bir il ərzində təşkilatın müxtəlif sahələrdəki uğurları haqqında məlumat verən F.Qarri qeyd edib ki, sürətli texnoloji tərəqqi əqli mülkiyyət hüquqlarına tələbatın artmasına və ÜƏMT-nin qlobal əqli mülkiyyət sistemlərinin inkişafına gətirib çıxarır. ÜƏMT-nin qlobal əqli mülkiyyət sistemlərinə, xüsusilə də Patent Əməkdaşlığı Müqaviləsinə (PCT), Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üzrə Madrid sisteminə və sənaye nümunələrinin beynəlxalq qeydiyyatı üzrə Haaqa sisteminə qoşulanların sayı artır və bu tendensiya cari ildə də müşayiət olunur. Keçən il ərzində təşkilatın əldə etdiyi müsbət nəticələri qeyd edən F.Qarri üzv dövlətləri yeni texnologiyalar sahəsində fəaliyyətlərə, həmçinin gündəlikdə duran bir sıra əsas məsələlərin, o cümlədən sənaye nümunələri müqaviləsi və yayım təşkilatları üzrə diplomatik konfransın keçirilməsi məsələsinin həll olunmasına çağırıb.

Baş Assambleyanın açılış sessiyasında çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT baş direktorunun innovasiya, yaradıcılıq və dayanıqlı inkişafa töhfələri təşviq edən, beynəlxalq əqli mülkiyyət sisteminin inkişafına yardım edən yüksək səmərəli fəaliyyətini dəstəklədiyini bildirib. O, Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsinin inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin ölkəmizin prioritet istiqamətlər kimi qəbul edildiyini və dövlət başçısının bu sahədə həyata keçirilən bütün tədbirləri dəstəklədiyini qeyd edib.

Azərbaycanın əqli mülkiyyət sistemində bu yaxınlarda baş vermiş əhəmiyyətli struktur dəyişikliyinə toxunan Kamran İmanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmasını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası ilə birlikdə vahid struktur yaradılıb.

Müxtəlif ölkələrdən min nəfərdən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizin uğurlarına toxunan Kamran İmanov qeyd edib ki, struktur dəyişiklikləri Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafına və sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasına yeni impuls verilməsinə şərait yaradıb. Daha sonra K.İmanov vurğulayıb ki, Azərbaycan Respublikası innovativ inkişaf yolu ilə inamla irəli gedir. Prezident İlham Əliyevin diqqət və səyləri nəticəsində ölkədə əqli mülkiyyət sahəsi inkişaf edir və Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün hesabatına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksi üzrə 35-ci, əqli mülkiyyətlə bağlı alt-indeks üzrə 37-ci, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksi üzrə isə 3-cü yeri tutur. İnkişafın innovativ yolu investisiyaların cəlb olunmasını təşviq edən və innovasiyaları qoruyan əqli mülkiyyət sisteminin inkişafı olmadan mümkün deyil. Əqli mülkiyyət sistemi qarşısında duran məsələlər ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

F.Qarrinin “əqli mülkiyyətin beynəlxalq quruluşu və forması gələcəkdə texnologiyalar vasitəsilə diktə ediləcək və idarə olunacaq” fikrinin tərəfdarı olduğunu bildirən Kamran İmanov əqli mülkiyyətin müasir mənzərəsinin texnologiyaların təsirinə uyğunlaşmasına məhkum olduğuna əminliyini vurğulayıb. Bu məqsədlə universitetlərin 3.0 (təhsil+tədqiqat+biliklərin kommersiyalaşdırılması) istiqamətində köklü transformasiyası və beləliklə, texnologiyaların kommersiyalaşdırılmasının və transferinin önə çıxarılması nəzərdə tutulur.

Kiçik və orta biznes subyektlərinin artan iqtisadi rolu əqli mülkiyyət siyasətinin dəstəklənməsi və texnoloji innovasiyaların stimullaşdırılması, eləcə də universitetlərdə texnologiyaların kommersiyalaşdırılması və innovasiyaların dəstəklənməsi bölmələrinin inkişafı vəzifələrini qarşıya qoyur. Texnologiyaların transferi mərkəzlərinin və texnologiya və innovasiyalara dəstək mərkəzlərinin yaradılması işlərinə başlanılıb. Agentlik nəzdində əqli mülkiyyət sahəsində siyasətin tədrisi üçün müasir təlim mərkəzləri yaradılıb və ilk axtarış və ekspertiza üzrə çoxsaylı broşürlər və bukletlər dərc edilərək potensial ərizəçilərə təqdim olunub.

Patent Əməkdaşlığı Müqaviləsi (PCT), Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişində ölkəmizin daha geniş iştirakı məsələsinə toxunan K.İmanov qeyd edib ki, bu məqsədlə dövlət zəruri xərclərin bir hissəsini öz üzərinə götürür, start-up və spin-out, o cümlədən milli brendlərin təşviqi üçün vergi imtiyazlarını nəzərdə tutur. Müəlliflik hüququ sahəsində “one-stop-shop” prinsipi üzrə rəqəmsal hüquqların idarə olunması üçün milli sistemin yaradılması başa çatdırılıb, həmçinin Respublika Elmi-Texniki Kitabxananın tam rəqəmsallaşdırılması işlərinə başlanılıb.

Piratçılıq və saxtamalçılığa qarşı mübarizənin Agentliyin diqqət mərkəzində olduğunu vurğulayan Kamran İmanov nəzarət markaları sisteminin tətbiqindən sonra müxtəlif sektorlar üzrə piratçılığın 10-30 faizədək aşağı düşdüyünü, ÜDM-də kreativ industriyanın xüsusi çəkisinin 5.1 faizə çatdığını söyləyib. Azərbaycanın əqli mülkiyyət sahəsində baş verən dəyişikliklər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində öz əksini tapıb.

Vurğulanıb ki, Azərbaycanın ÜƏMT ilə birgə universitetlərdə və elmi tədqiqat müəssisələrində həyata keçirdiyi əqli mülkiyyət siyasəti üzrə layihənin və şübhəsiz ki, ÜƏMT-nin baş direktoru F.Qarrinin bu ilin yayında Bakıya səfərinin əqli mülkiyyət sahəsində ölkəmizdə görülən işlərə əhəmiyyətli dəstəyi olub.

Qeyd edək ki, ÜƏMT-nin Baş Assambleyasının Cenevrə şəhərində keçirilməsini nəzərə alaraq Kamran İmanov çıxışını fransız dilində edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə