“Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilmişdir
Cari ilin aprelin 22-də Bakı şəhərində Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Agentliyin sədri Kamran İmanov UNESCO-nun təsis etdiyi 23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün Azərbaycanda 1997-ci ildən qeyd olunduğunu bildirmişdir. Müəllif Hüquqları Agentliyi artıq 20 ildir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təsis etdiyi 26 aprel “Beynəlxalq Əqli Mülkiyyət Günü”nü qeyd edir.
K.İmanov 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini vurğulayaraq müasir multikultural cəmiyyətin formalaşmasına yönəldilən və Azərbaycan dövlətinin başçısının iradəsinə əsaslanan siyasi qərarların, Azərbaycan xalqının əsrlər boyu qaynaqlanan tolerantlıq ənənəsinin hazırda “multikulturalizmə alternativ yoxdur” fikrini formalaşdırdığını qeyd etmişdir.
Ermənistanın mədəni hüquqlar “modelinə” toxununan K.İmanov başqalarının mədəni müxtəlifliyini inkar edən, onların mədəni hüquqlarını, insan haqlarını tanımayan və belə hüquqlara aqressiv yanaşan bu monoetnik dövlətdə yeganə olan öz etnosunun hüquqlarını absurd dərəcədə şişirdən erməniçilik siyasətindən danışmışdır. O, “Erməniçilik digər xalqların hüquqlarına xələl gətirir” mövzusunda məruzəsində Ermənistanın siyasətinin sütunlarında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiyanın durduğunu, bu millətin “əzabkeşliyi”, “müstəsnalığı” və “xüsusi missiyası”nın təbliğ olunduğunu bildirmişdir.
Məruzədə keçmişdə və son illər dərc edilən kitablarda erməni müəlliflərə istinadən onların tarix, coğrafiya, genetika ilə bağlı həqiqətə uyğun olmayan mülahizələri, uydurmaları və saxtakarlıq faktları qeyd olunmuşdur. Həmin erməni müəlliflərinin uydurmaları və saxtakarlıqlarının yalan olmaqla yanaşı, həm də başqalarının şərəf və ləyaqətinə toxunduğunu, intellektinə, əqli mülkiyyətinə və mədəniyyətinə qəsd etdiyini, dövlətçiliyinin tarixinin və ənənəsinin şübhə altında saxlanılmasına yönəldiyini qeyd edən K.İmanov erməni saxtakarlarının ifşa olunduğunu və bundan sonra da ifşa olunacağını bildirmişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova kitab, müəlliflik hüququ və əqli mülkiyyətə həsr olunan günlərin keçirilməsinin əhəmiyyətindən danışmış, Müəllif Hüquqları Agentliyinin bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirmişdilər.
Konfransda Agentliyin eksperti Elşad Əlili “Ararat mifologiyası və onun erməni tarixçiliyində rolu barədə” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzələrdən sonra mövzular ətrafında müzakirələr aparılmışdır.
Konfransda millət vəkilləri, müxtəlif dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali məktəblərin, ictimai təşkilatların nümayəndələri iştirak etmişdilər.
23.04.2016