Azərbaycanda piratçılıq edənlər necə cəzalandırılır…
Dərsliklərin, kitabların, ümumiyyətlə nəşrlərin piratçılığına qarşı mübarizə aparılsa da, problem hələ ki aradan qalxmayıb.
Bəs nəşrlərin piratçılığı ilə məşğul olanlara qarşı hansı tədbirlər görülür? Piratçılıqla məşğul olanlara qanunla hansı məsuliyyət nəzərdə tutulub?
Müəllif Hüquqları Agentliyindən Modern.az saytına verilən məlumata görə, plagiata qarşı mübarizənin gücləndirilməsi istiqamətlərində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər həyata keçirilir:
“Bu çərçivədə hüquq sahiblərinin müraciətləri əsasında Müəllif Hüquqları Agentliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülüb, müraciət edən fiziki və ya hüquqi şəxslərin nümayəndələrinin iştirakı ilə kitab satışı ilə məşğul olan obyektlərə baxış keçirilərək pirat üsulla hazırlanması ehtimal edilən nüsxələrdən ekspertizanın aparılması üçün Agentliyin vəsaiti hesabına nümunələr alınıb, müəllif-hüquq qanunvericiliyi baxımından rəylər hazırlanıb və keçirilən məhkəmə iclaslarında Agentliyin nümayəndəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakı təmin edilib.
Eyni zamanda piratçılığa qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə bir neçə il öncə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edilib, qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 qərar qəbul edilib, bir sıra normativ-hüquqi aktlara isə dəyişikliklər edilib. Bu dəyişikliklərlə, o cümlədən nəzarət markaları yapışdırılmayan nüsxələrin istehsalı və satışının inzibati və cinayət məsuliyyəti yaratması təsbit olunub”.
Piratçılıqla məşğul olanları hansı cəzalar gözləyir?
Müəllif Hüquqları Agentliyindən verilən məlumata əsasən, həmin şəxslər üçün müəyyən məsuliyyətlər nəzərdə tutulub:
“Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413-cü maddəsinə görə nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmçinin, Məcəllənin 451-ci maddəsinə əsasən, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 150 manat məbləğində cərimə edilir.
Cinayət Məcəlləsinə əsasən (205-2-ci maddə), hüquq pozuntusuna yol vermiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ağırlaşdırıcı hallarla törədildikdə (təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud külli miqdarda ziyan vurmaqla), cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
“110 manatdan 55 min manatadək…”
Agentliyin verdiyi məlumatda qeyd edilir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Qanunun 47-ci maddəsinə əsasən, müəlliflik hüquqlarının və əlaqəli hüquqların pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır:
“Qanunun 45-ci maddəsinə əsasən, müəlliflik hüququ ilə bağlı mübahisələrə baxarkən məhkəmə iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi və ya hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən qeyri-qanuni nüsxələrin müsadirə olunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər.
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 13.1-ci və 15.3-cü maddələrinə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə Müəllif Hüquqları Agentliyi tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır”.
“Piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 28%-ə düşüb”
MHA-dan bildirilib ki, hazırda çap məhsullarına nəzarət markalarının verilməsi üçün bir sıra ali təhsil müəssisəsinin Agentliyə müraciətlərinə baxılır:
“Agentlik tərəfindən Qanuna uyğun olaraq, nəzarət markalarının tətbiqinə başlanılıb, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların müraciətləri əsasında 21560 ədəd nəzarət markası verilib.
Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 28%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb.
Ötən il ərzində piratçılığa və plagiatçılığa qarşı mübarizə tədbirləri çərçivəsində müəlliflərin müraciətləri əsasında piratçılıq və plagiat faktları üzrə 10 ekspert rəyi hazırlanıb, əqli mülkiyyət məhsulları bazarının monitorinqi davam etdirilib, müxtəlif formatlı maarifləndirmə tədbirləri keçirilib.
Bununla yanaşı, pozulmuş müəlliflik hüquqlarının bərpası, piratçılıq, plagiat faktları, habelə əsərlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı müəlliflərə və digər hüquq sahiblərinə köməklik edilməsi üçün Agentlikdə müvafiq şərait yaradılıb, o cümlədən ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”, “960” nömrəli Qaynar xətt və elektron xidmətlər fəaliyyət göstərir.
Təkcə 2017-ci ildə müəlliflərin, digər hüquq sahiblərinin, müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Agentliyə 1400-dən artıq müraciət və sorğuları operativ şəkildə cavablandırılıb, Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilib”.