Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Əlaqələndirmə Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü seçilib


2:08 14-10-2015

Bakı. Cavid Zeynallı - APA.

Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 55-ci toplantısı keçirilib. Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, tədbirdə qurumun sədri Kamran İmanovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Səfər çərçivəsində ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə görüş keçirilib. Görüşə Müəllif Hüquqları Agentliyinin nümayəndələri ilə yanaşı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin nümayəndələri də qatılıb. 

F. Qarri ötən il ölkəmizə səfəri etdiyini, dövlət başçısı İlham Əliyevlə görüşdüyünü bildirərək qeyd edib ki, görüş ikitərəfli əməkdaşlığa töhfə verib. 

Kamran İmanov ötən il Azərbaycan Hökuməti ilə ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunu xatırladıb və agentliyin müəllif hüququ (rəqəmli hüquqlar) üzrə yeni informasiya texnologiyaları nəzərə alınmaqla həyata keçirdiyi müasir işlər barədə danışıb. K. İmanov qeyd edib ki, Azərbaycanda rəqəmli hüquqların idarə edilməsi strukturu yaradılıb və bu, bir neçə vacib komponentlərin birləşməsindən ibarətdir. Nəzəri araşdırmalara əsaslanan işlər hazırda implementasiya mərhələsindədir və bununla əlaqədar ÜƏMT-nin Qlobal məlumat bazası və Azərbaycan əsərlərinin rəqəmsal məlumat bazasının əlaqələndirilməsi səmərəli olar.

ÜƏMT-nin rəhbər orqanlarına builki seçkilər zamanı Azərbaycan təşkilatın fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə (Koordinasiya) Komitəsinin və Proqram və Büdcə Komitəsinin 2 il müddətinə üzvü seçilib.

Eyni zamanda Müəllif Hüquqları Agentliyinin sədri K. İmanov iki il müddətinə ÜƏMT-nin Müəllif Hüququna dair Müqavilə Assambleyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, Müqavilə yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan beynəlxalq sazişdir və hazırda 100-dən artıq dövlət ona qoşulub.