Azərbaycan ÜDM-də müəllif hüquqlarına əsaslanmış sənayenin payı orta dünya göstəricisinə çatıb
24 APREL 2015, 15:41
Trend, müxbir Hüseyn Vəliyev
Son 7 il ərzində Azərbaycan ümumi daxili məhsulunda (ÜDM) müəllif və digər qarışıq hüquqlara əsaslanmış sənayenin payı 4,8 faizədək artıb ki, bu da orta dünya göstəricisinə uyğundur.
Trend-in məlumatına əsasən, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" konfransında deyib.
Onun sözlərinə görə, ölkədə müxtəlif seqmentlər üzrə piratçılığın səviyyəsi son 10 ildə 11-31 faiz azalıb: "Qarşıdakı 10-15 ildə internetin əhatə dairəsi daha da genişlənəcək, onlayn xidmətlərdən istifadə edənlərin sayı artacaq".
K.İmanov qeyd edib ki, müxtəlif proqnozlara əsasən, 2020-ci ilədək qlobal şəbəkəyə qoşulmuş qurğuların sayı təqribən 50 milyarda çatacaq. Hazırda beş əqli mülkiyyət obyektindən dördü müəllif hüququ obyektidir".