Azərbaycan son 10 ildə: rifah və kreativlik yolu ilə
Respublikamızda həyat sürətlə dəyişir. Bunun əlamətlərini insanların rifahının yaxşılaşmasında, qüdrətli iqtisadi inkişafda, yeni-yeni iqtisadi və sosial layihələrin həyata keçirilməsində, paytaxtda və bölgələrdə geniş miqyaslı tikinti-abadlıq işlərinin aparılmasında görməmək mümkün deyil.
Yeni yaranan sənaye, aqrar və xidmət müəssisələri, göydələnlər, nəhəng körpülər, müasir yollar, elm, təhsil, sağlamlıq, o cümlədən idman təsisatları ölkənin bugünkü iqtisadi imkanlarının təzahürü olaraq gələcəyin uzunmüddətli inkişafına yönəldilir. Bugünkü Azərbaycan getdikcə qüdrətlənir və daha parlaq gələcəyinin bünövrəsini qoyur.
İnnovativ əsasda qurulan dövlət siyasəti, yeniliklər və islahatlarla zəngin dövlət idarəetməsi insanlara xidmət edir, sosial yönümlüdür. Milli dövlət quruculuğumuz, Azərbaycançılıq ideyasından bəhrələnən siyasətimiz XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçidi, cəmiyyətin zamanla uyğunlaşan yeni duruma transformasiyasını sürətləndirir və bununla qarşımızda yeni hədəflər, istiqamətlər və prioritetlər qoyur. Bir sözlə, ötən illər ərzində dinamik sosial-iqtisadi inkişaf demokratik və müasir dövlət quruculuğunda çox vacib mərhələyə qədəm qoymuş və gələcək 2020-ci ilin Azərbaycanı üçün uğurlu zəmin yaratmışdır.
Bunları böyük qürur və fərəh hissi ilə deyirəm və yurdumuzun parlaq gələcəyinə heç bir şübhə etmirəm. Bu inamın əsasında Ulu Öndər Heydər Əliyevin «müasir Azərbaycan» adlı əsəri, müstəqil dövlətimizin memarı və qurucusunun imzası durur.
Əslində Ulu Öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Lakin o da bir həqiqətdir ki, Ümummilli liderimizin gələcəyimizə olan səxavəti özünü bütövlükdə yaşadığı zamana həsr etməyində idi. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün daim yeniləşən Azərbaycanın nüfuzunun artmasında görürük, dövlət başçısı cənab İlham Əliyevin son 10 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində görürük.
Ulu Öndər üçüncü minilliyin başlanğıcı ilə bağlı 2001-ci ildə xalqa müraciətində deyirdi: «İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır».
Heydər Əliyevin uzaqgörənliyinin izləri gələcəyimizə yol açdı, onun uzaqgörən fikir və düşüncələri bizim bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrildi. Odur ki, Ulu Öndərin irsi bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi də yoxdur.
“Azərbaycan modeli”.
Azərbaycan dövlətinin müstəqilliyinin son 10 ildə möhkəmlənməsinin ən mühüm zəmini Ulu Öndərin varisi Prezident İlham Əliyevin təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsidir. Burada U.Çerçilin məşhur bir kəlamının səslənməsi yerinə düşərdi: «…yalnız siyasətçi növbəti seçkilər, əsl dövlət xadimi isə gələcək nəsil haqqında fikirləşir». Dövlət başçımızın gələcəyə yönəldilmiş siyasətinin nəticəsidir ki, Azərbaycan dünyaya öz davamlı inkişaf modelini nümayiş etdirir. Bu yaxınlarda Filippinin məşhur “Biz news Asia” jurnalı İlham Əliyevi “İlin adamı” elan edərək, onun rəhbərlik illərini “Azərbaycanın qızıl erası” adlandırmış və dövlət başçısının istedadını və rəhbərlik bacarığını xüsusi qeyd etmişdi. Cənab Prezident İlham Əliyevin düşünülmüş «Azərbaycan modeli» və artıq dünyada «Azərbaycan möcüzəsi» kimi tanınan və uğurla həyata keçirilən siyasətinin əsas aspektləri nədən ibarətdir? Bunlara cavab vermədən öncə bir neçə haşiyə çıxaq.
«Azərbaycan modeli»ni artıq bütün dünya tərəfindən, qeyd etdiyim kimi, davamlı inkişaf modeli kimi qəbul edilir.
Bu isə o deməkdir ki, dövlət başçısının yürütdüyü siyasət bir-birinə bağlı 3 məsələnin həllinə yönəldilir, o cümlədən, iqtisadi artım nailiyyətləri, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təminatı, sosial ədalətin təmin edilməsi və yoxsulluğun azaldılması.
Bunlar isə öz növbəsində YUNESKO-nun tövsiyyə etdiyi «davamlı inkişaf» və ya «ədalətli cəmiyyət» anlayışlarına uyğundur və hazırda bəşəriyyətin əsas prioritetidir. Belə yanaşmanın mənası indiki nəslin rifahını getdikcə artırmaqla, gələcək nəsillərin inkişafına məhdudiyyət qoymamaqdır. Odur ki, iqtisadi inkişaf artımının, yoxsulluq səviyyəsinin və iqtisadiyyatda struktur dəyişiklikləri – diversifikasiyanın arasındakı qarşılıqlı təsir üzərində dayanaq.
1. İqtisadi inkişaf və yoxsulluq: yalnız iqtisadi inkişaf yoxsulluğun azalması üçün kifayətdirmi?
Təbii ki, yüksək səviyyəli iqtisadi inkişaf yoxsulluq problemi ilə mübarizəni asanlaşdırır, çünki bunun üçün vəsaitlərin əldə edilməsini təmin edir. Məsələn, Cənubi Koreya və ya Tayvanda yüksək intisadi artım daim yoxsulluq səviyyəsinin azalması ilə müşahidə edilib. Lakin dünya təcrübəsində belə bir situasiya da mövcud olur ki, o zaman iqtisadi artım, paradoksal da olsa, yoxsulluq səviyyəsini artırır. Məsələn, Meksika və Panamada yüksək artım templəri cəmiyyətdəki bərabərsizliyin dərinləşməsinə gətirib çıxartmışdır. Həqiqətən, hər bir cəmiyyətdə təbəqələr arasında müəyyən bərabərsizlik vardır və bu bərabərsizliyin müəyyən böyük səviyyəyə çatması iqtisadi artımın müsbət təsirini aradan götürür. Buna «yoxsulluq gətirən iqtisadi artım» da deyirlər. Odur ki, BMT yoxsulluğu aradan qaldıran, «yoxsulların xeyrinə artım» anlayışını işlədir. Bu növ artımı iqtisadiyyatçı alimlər tam (mükəmməl) və nisbi mənada nəzərdə tuturlar. Mükəmməl mənada kasıb, yoxsul təbəqənin xeyrinə artım o deməkdir ki, yoxsulluğu azaldan hər bir iqtisadi artım qəbul edilə bilər. Tutaq ki, iqtisadi artım 5% təşkil edirsə, 0,1% yoxsullar təbəqəsinin azalması da qəbul olunmalıdır.
Əgər fikirimi düzgün ifadə edirəmsə, deməli, bu cür yanaşma iqtisadi inkişafın səbəbi kimi resursların yalnız daha səmərəli istifadəsində görür. Nisbi konsepsiyanın tərəfdarları «yoxsulların xeyrinə artımı» ilk növbədə iqtisadi artıma əsasən əldə edilən gəlirin təbəqələr arasında paylaşması, bölüşməsi ilə bağlayırlar. Bir sözlə, iqtisadi artım ümumi gəlirin paylaşmasında kasıb təbəqənin payını artırmalıdır, yəni əhalinin yoxsul təbəqəsinin gəlirlərinin artımı üstünlük təşkil etməlidir. Bu yanaşma, şübhəsiz, cəmiyyətdəki bərabərsizliyin azalmasına gətirir. Bu «üstünlüyün dərəcəsi» kasıbların xeyrinə nə cür olmalıdır? Müasir iqtisadi elmdə bununla bağlı müxtəlif variantlar təklif olunur və müvafiq riyazi-iqtisadi modellər vasitəsilə həmin variantların məqsədəuyğunluğu əsaslandırılır.
Onu da qeyd edim ki, əslində «iqtisadi artım» «gəlirlərin yenidən ədalətli paylaşması» ilə birgə fəlsəfi cəhətdən cəmiyyətin rifahı nəzəriyyəsində məşhur eqalitar və utilitar modellərin mübahisəsinə gətirib çıxarır. Utilitarçıların fikrinə əsasən, ən mühüm meyar cəmiyyətin ümumi gəlirinin artırılması olduğu halda, eqalitarçılar isə ən vacib hədəf kimi ən yoxsul təbəqələrin gəlirinin artırılmasını nəzərdə tuturlar (bir şərtlə ki, ən yoxsul təbəqə varlıları üstələməsin).
Əslində ABŞ liberal inkişaf modeli utilitar, İsveç klassik sosial modeli isə eqalitar yanaşmadan irəli gəlir. Onu da qeyd edək ki, riyazi baxımdan ən əlverişli bölüşmə hər bir təbəqəyə ayrılıqda aid olan gəlirin maksimal olmasındadır. Bu isə çoxmeyarlıq deməkdir. Odur ki, meyarları müəyyən bir üsulla birləşdirməyə cəhd göstərilir. Əgər ümumi əldə edilən gəlirin bölüşdürülməsi zamanı birləşmiş meyar kimi cəmiyyətdəki müxtəlif təbəqələrin gəlirlərinin cəmi şəklində təsəvvür edilirsə və bu cəm maksimuma yönəldilirsə, deməli, biz utilitar yanaşmaya əsaslanırıq. Digər tərəfdən, birləşmiş meyar kimi ən az faydalanan təbəqənin gəliri maksimaldırsa, demək eqalitar yanaşma istifadə olunur.
Çoxmeyarlı optimallaşdırma nəzəriyyəsində isə göstərilir ki, müəyyən şərti nəzərə alaraq çoxmeyarlı məsələni bir meyara gətirmək üçün sonsuza qədər imkanlar var və bunların hər biri məşhur iqtisadçı-riyaziyyatçı Paretoya əsasən optimaldır.
Buradan bir vacib nəticə çıxır: liberalizmi, utilitar yanaşmanı fetiş kimi seçmədən, bacarıqla, ustalıqla sosial yönümlü modellərin istifadəsi ilə böyük nailiyyətlər qazanmaq mümkündür və bunları biz aşağıda Azərbaycan inkişaf modelinin timsalında görəcəyik.
2. İqtisadi artım və iqtisadiyyatın strukturu: diversifikasiya nə zaman zəruridir?
Məsələnin bu tərəfi isə ölkə iqtisadiyyatının strukturunun müəyyən istiqamətə yönəlməsi ilə bağlıdır. Tutaq ki, iqtisadiyyat əsasən xammal sahələrinin ixracına yönəlmişdir. O zaman ölkədə bərabərsizilk artır, çünki kasıb təbəqələrin gəlir əldə etmək imkanları çox azdır. Bunu (artan bərabərsizliyi) aradan qaldırmaq üçün iqtisadi artım diversifikasiya ilə müşahidə olunmalıdır, yəni ölkə iqtisadiyyatı xammal-eksport sektoru ilə yanaşı müxtəlif emal sahələrinin inkişafına dəstək verməlidir, xüsusən intensiv struktur dəyişiklikləri yüksək texnoloji və informasiya sektorunun üstünlüyü ilə həyata keçirilməlidir. Diversifikasiya və innovativliyi də aşağıda göstərildiyi kimi “Azərbaycan modeli” nümayiş etdirir.
Stabillik və iqtisadi inkişaf.
İndi isə bilavasitə Azərbaycan modelinə keçərək, ilk növbədə dövlət başçısına istinad edək və onun dərin, çoxşaxəli və bununla yanaşı, sadə – lakonik səciyyəli çıxış və nitqlərində, müsahibələrində bizi maraqlandıran bir neçə açar sözlərə diqqət yetirək. Bunlar hansılardır?
«İqtisadi inkişaf», «neft asılılığının aradan qaldırılması», «stabillik», «qeyri-neft sektorunun inkişafı», «çoxşaxəli iqtisadiyyat», «diversifikasiya», «informasiya-kommunikasiya sektorunun inkişafı», «innovasiyalar», «insan kapitalı», «sosial yönümlü» və s.
Bu sözlərin dövlət başçısı tərəfindən tam mənada işlənməsi ölkənin bugünkü inkişafının fakt və göstəriciləri təsdiqləyir.
Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq, hazırda müasir infrastruktur və çoxşaxəliliyi ilə səciyyələnir. Dövlət büdcəsi 2003-cü ildə 1,5 mlrd. dollar həcmində idisə, 2013-cü ildə bu rəqəm 25 mlrd. dollara çatdırıldı. Bu isə təxminən 19 dəfə artım deməkdir. Həmin dövrdə 1 mln.-dan artıq yeni iş yerləri açılaraq, işsizlik səviyyəsi 5,1%-ə salındı, bütövlükdə iqtisadiyyatımıza 140 mlrd. dollar həcmində sərmayə qoyuldu və ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dolları ötdü. Bu isə ÜDM-in 70%-i təşkil edir, siyasi və iqtisadi sabitliyə zəmin yaradır. İqtisadiyyatın 83%-i özəl sektor tərəfindən təmin edilir. Özü də 2005-2009-cu illərdə Azərbaycanın iqtisadi inkişaf tempi dünyada analoqu olmayan sürətlə artırdı. Həmin nailiyyətlər makroiqtisadi stabillik əsasında qurulmuş idi. Bəllidir ki, keçid iqtisadiyyatı birbaşa nəticə məqsədlərə nail olmağa yönəldilmir: ilk növbədə müəyyən makroiqtisadi stabilliyi əldə etmək tələbi ilə çıxış edir. Bu isə o deməkdir ki, öncədən inflyasiya cilovlanmalı (ən azı 10% səviyyəsi qədər), yüksək məşğulluq təmin olunmaqla, müvafiq iqtisadi artım (azı 5% artıq) əldə edilib saxlanmalı, gəlirlərin ədalətli bölüşməsinə zəmin yaranmalı, əhali sosial xidmətlərlə təmin edilməklə müvafiq infrastruktur formalaşmalı, dövlət büdcəsinin tarazlığı əldə edilməli və s. 2009-cu ildə Azərbaycan iqtisadiyyatı bunlara nail oldu və Azərbaycan bununla iqtisadiyyatda keçid dövrünü başa çatdıra bildi. Dövlət başçısının qeyd etdiyi kimi, «Həmin ildən başlayaraq biz əsas diqqətimizi ölkənin neftdən asılılığının azaldılmasına yönəltmişik və son üç ilin dinamikası aydın şəkildə göstərir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlmişik. Hazırda neft hasilatını sabit saxlamaqla, ölkənin iqtisadi artımını əsasən qeyri-neyt sektorunun hesabına həyata keçiririk. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9% artım olmuşdur. Keçən il Azərbaycanda neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2%-lik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10% yüksəlmişdir. Son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır», 10 ildə isə 2,7 dəfə.
Vacib məqamlardan biri də odur ki, digər dövlətlər iqtisadi tənəzzül ilə, böhran vəziyyəti ilə bağlı yüksək məbləğdə borclar götürmək məcburiyyəti qarşısında qaldığı zaman Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 7-8%-i təşkil edir və bu dünyada ən aşağı göstəricilərdəndir.
Sosial yönümlülük və ədalət.
Qeyd etdiyimiz kimi, davamlı inkişafa yönələn makroiqtisadi siyasətin başında iqtisadi artımla yanaşı sosial maraqların pariteti durur. Əhalinin sosial müdafiəsinə və təminatına çəkilən xərclər 9 dəfə çoxalmışdır, gəlirləri 6,9 dəfə, əməkhaqları 6,3 dəfə, pensiyalar 8,6 dəfə yüksəlmişdir. Dövlət başçısının dediyi kimi, «Mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin siması dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir. Regional inkişaf proqramlarını reallaşdırmaqla biz paytaxtla bölgələr arasında inkişaf fərqini aradan qaldırmağa müvəffəq olduq. Azərbaycanda sosial sahədə ciddi irəliləyiş əldə etmişik. Son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqlarını, sosial müavinətləri mütəmadi olaraq artırırıq və artırmaqda davam edəcəyik. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilir».
Bununla yanaşı, məcburi köçkünlərin bütün çadır şəhərcikləri ləğv olunub, 77 müasir qəsəbə salınaraq, 100 minlərlə məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2012-ci ildə 20 min köçkün yeni, müasir evlərə köçürülüb, 2013-cü ildə daha 20 min nəfərin mənzil problemi həll ediləcək. Ölkənin enerji, hərbi təhlükəsizliyi təmin edilib.
Bütün bunların nəticəsi kimi Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir, Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80%-dən artıqdır. Qısaca desək, Azərbaycan dayanıqlı iqtisadiyyata malik olan dövlətə çevrilib.
Dünya strukturları bizim uğurları xüsusi qeyd edir. Bəllidir ki, dünyanın beynəlxalq kredit agentlikləri əksər inkişaf etmiş ölkələrin reytinqlərini aşağı saldırıb. Lakin «Fitch», «Moody’s» və «Standart&Poor’s» ölkəmizin reytinqini artırıblar. Hətta Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən «yüksək insan inkişafı» ölkələri qrupuna yüksəlmişdir, ölkəmiz əhaliyə nisbətdə yuxarı orta gəlirlər sırasına daxil olunub. Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün «Qlobal Rəqabətlilik Hesabatı»nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerə nail oldu. Yeri gəlmişkən qeyd edək ki, Dünya İqtisadi Forumunun (DİF-un) “Dünya Rəqabətlilik Hesabatı”nda rəqabətqabiliyyətlilik indeksi statistik məlumatlar və sorğular nəticəsində 113 parametrdən ibarət olan və 12 göstəriciyə əsaslanan, dünya iqtisadiyyatını təsvir edən ən etibarlı və nüfuzlu göstəricidir. 113 parametrdən üçdə ikisi ölkədəki biznes strukturların qlobal sorğusu əsasında məlumatdan, qalan üçdə biri isə əldə edilə bilən statistik materiallar və beynəlxalq təşkilatların xüsusi apardığı araşdırmalardan gələn məlumatlardır. Araşdırmaların içərisində: iqtisadi-hüquqi mühit, o cümlədən dövlət institutlarının fəaliyyəti, ifrastruktur, makroiqtisadi stabillik (davamlılıq), səhiyyə (sağlamlıq) və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə sektorunun inkişafı, texnoloji inkişafı, daxili bazarın həcmi, kompaniyaların rəqabətqabiliyyətliliyi və innovasiya potensialı göstəriciləridir.
Belə araşdırmanın mahiyyəti rəqabətqabiliyyətlilik qlobal göstəricisi əsasında ölkələrin reytinqini tərtib etməklə, dövlət siyasətinin səmərəliliyini, əhalinin həyat səviyyəsini, iqtisadiyyatın artım tempini, müasir tələblərə uyğunluğunu və s., bir sözlə, bayaq qeyd etdiyimiz “davamlı inkişaf” və “ədalətli cəmiyyət” quruculuğunda nailiyyətlərini üzə çıxartmaqdadır. Belə təhlil həqiqi mənada çox əhəmiyyətlidir. Çünki yüksək yer tutan dövlətlər bir tərəfdən öz nüfuzunu artırır, yerli və xarici sahibkarlara investisiya qoyuluşunda stimul və zəmanət kimi çıxış edir, digər tərəfdən isə uzunmüddətli meyillər haqqında təsəvvür yaradaraq, gələcək perspektivlərə nail olmasına, proqnozlaşdırma üçün elmi, sistemli baza formalaşmasına və ölkənin orta müddətli zaman kəsiyində davamlı inkişafa nail olmaq qabiliyyəti və imkanlarını üzə çıxardır.
Yeni dərc olunan 2013-2014-cü illər üçün “Dünya Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha böyük nailiyyətlər əldə edə bilib və Dünya İqtisadi Forumu Azərbaycanı 7 pillə yuxarı qaldıraraq 148 ölkələr sırasında 39-cu yerdə yerləşdirir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatlarından birinə çevrilib. Artıq 5 ildir ki, Azərbaycan bu indeks üzrə MDB məkanının lideridir və hal-hazırda böyük fərqlə Qazaxıstanı (50-ci yer), Rusiyanı (64-cü yer), Gürcüstanı (72-ci yer) və digər MDB dövlətlərini üstələyir. Hətta bir sıra inkişaf etmiş Avropa dövlətlərinin göstəricilərindən də yüksəkdir: İtaliya – 49-cu yer, Portuqaliya – 51-ci yer, Yunanıstan – 91-ci yer. Şərqi Avropa dövlətlərinin də hamısı bizdən geri qalır. Üstəlik, BRIKS adlanan (dünyanın 5 ən yüksək artan iqtisadiyyatları) ölkələrdən (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika), Çin istisna olmaqla, irəlidədir.
O da bir həqiqətdir ki, bir neçə göstəricilərə əsasən, Azərbaycanın nailiyyətləri daha yüksəkdir. Misal üçün, iqtisadi mühit ilə bağlı yeni makroiqtisadi stabilliyə əsasən, ötən illə müqayisədə 16 pillə irəliləyərək, Azərbaycan dünyada 8-cidir, əmək bazarının səmərəliliyinə əsasən 30-cudur. Makroiqtisadi stabilliyin müəyyən komponentlərinə görə nailiyyətlərimiz daha yüksəkdir. Məsələn, ən aşağı inflyasiya səviyyəsinə görə 1-ci, dövlət borcunun ÜDM-ə nisbətində - 13-cü, büdcə və ÜDM ilə nisbətdə - 15-ci yer tuturuq. Ümumiyyətlə, 2010-2011-ci illərlə müqayisədə Azərbaycanın rəqabət qabiliyyəti 16 pillə irəliləyib.
Bu il Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi haqqında qərar da qəbul olunmuşdur.
Sadaladığımız beynəlxalq strukturlar tərəfindən Azərbaycan nailiyyətlərinin etirafıdır. Dövlət başçısının qeyd etdiyi kimi, «bu, ölkəmizin iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir».
Cənab Prezidentin dediyi kimi, «Azərbaycan tarixində ilk dəfə olaraq 2011-ci ildə yüksək rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 2012-ci ilin mayında isə təşkilata sədrlik etdi. Hesab edirəm ki, bu, müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur».
Getdikcə yaxşılaşan həyat tərzi ilə bağlı 2013-cü ildə Beynəlxalq Əmək Təşkilatı Azərbaycanı, digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq əhalinin gəlirlərinə əsasən, «orta səviyyədən yüksək» ölkələr sırasına daxil edib.
İqtisadiyyatın yüksək artımı, haşiyədə qeyd etdiyim təbəqələr arasındakı bərabərsizliyi nəzərə almaqla, sosial yönumlü xarakter daşıyır. Ölkədə yoxsulluğun səviyyəsinin 8 dəfə aşağı düşməsinə (50%-dən 6%-ə) gətirib çıxarmış güclü sosial siyasətlə birləşmədə onu göstərir ki, bu cür templər bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə olduğu kimi təkcə inflyasiya templərinin korreksiya edilməsi ilə bağlı deyil. Söhbət burada yoxsulluğun səviyyəsinin aşağı salınmasına və insanların rifah halının yaxşılaşdırılmasına istiqamətlənmiş sosial siyasətdən gedir. Başqa sözlərlə desək, prioritet vəzifələrin yerinə yetirilməsini təmin edən dövlət qərarlarından gedir. Rifah nəzəriyyəsində bərabərsizliyin azaldılması məsələsinə baxılaraq, gəlirin bölüşdürülməsi elə şəkildə aparılır ki, cəmiyyətin ümumi rifah halı yüksəlsin, yaxud ən azı aşağı düşməsin. Rifahın bölüşdürülməsi və onun variantlarının müqayisəsi prosesində Piqu-Dalton prinsipi vacib rol oynayır. O təsdiq edir ki, faydalılıq bir fərddən digərinə ötürüldüyü halda bu zaman ötürülməyə qədər və sonra onlardan birincisinin faydalılığı ikincisinin faydalılığını üstələyərsə, onda kollektiv rifah yüksəlir. Başqa sözlərlə, bu, gəlirin varlıdan yoxsula doğru elə bölüşdürülməsidir ki, cəmiyyətin ümumi rifah halı artır (ən azı aşağı düşmür). Bu prinsipi xarakterizə etmək üçün Lorens əyrisi və Atkinson və Cinni indeksləri kimi bərabərsizlik indekslərindən istifadə olunur. Beynəlxalq maliyyə strukturlarının məlumatlarına görə, Azərbaycanın Cinni indeksi təxminən 33% təşkil edir. Yəni gəlirlərin üçdə biri imkanlı şəxslərin payına düşür. Əgər Azərbaycanı digər neft hasilatçısı olan dövlətlərlə, məsələn, Ərəb ölkələri ilə müqayisə etsək, görərik ki, onlarda bu indeks 50%-ə çatmışdır. Bu, Azərbaycanda gəlirlərin daha ədalətli bölüşdürülməsinin göstəricisidir.
Digər tərəfdən, BMT-nin məlumatına əsasən, 2001-ci ildə, yəni Azərbaycanın qüdrətli iqtisadi artım illərindən öncəki ildə ölkədə Cinni indeksi 36,5% idi. Bu bərabərsizlik indeksinin son illərdə təxminən 3% azalması dövlət başçısının sosial yönümlü siyasətinin, kasıb təbəqələrin xeyrinə gəlirlərin bölüşdürülməsinin təzahürüdür, özü də ölkənin ümumi gəlirlərinin kəskin artdığı bir dövrdə. Odur ki, düşünülmüş və ədalətli siyasətin yürüdülməsi insanları olduğu kimi tanımaq və vəziyyətini olduğu kimi bilməklə kifayətlənmir, insanlara sevgi və məhəbbət bəxş etməklə vəziyyəti olacağı kimi görməkdən ibarətdir.
İnnovativlik və modernləşmə.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gələcəyə baxış” Azərbaycan-Amerika forumunda biliklərə və insan potensialına əsaslanan innovativ inkişafın vacibliyini xüsusi qeyd etmişdir. Həqiqətən, ölkədə ümumdaxili məhsul (ÜDM) sürətlə artaraq, 2003-cü illə müqayisədə 2012-ci ildə adambaşına duşən ÜDM-in həcmi 3 dəfədən çoxdur. Prezident İ.Əliyevin qeyd etdiyi kimi, «Hərdən müəyyən mütəxəssislər Azərbaycanın inkişafını enerji ilə əlaqələndirirlər. Əlbəttə, sirr deyildir ki, enerji Azərbaycanın transformasiyasında böyük rol oynamışdır. Amma bunu təhlil etsək görərik ki, bu, tam olaraq belə deyildir. Biz öz neft dəyərlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq. Biz bu gəlirləri müxtəlif sahələrə yönəltmişik. İnfrastruktur layihələri həyata keçirmişik. Mən deyərdim ki, radikal iqtisadi islahatlar həyata keçirmişik. Bu, bizim strategiyamızın tərkib hissəsidir. Çünki siyasi və sosial islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır. Çünki hər hansı bir sahə bir balaca geridə qalsa, biz uzunmüddətli inkişafı və uğuru təmin edə bilmərik».
Aşağıdakı sözlər də cənab Prezidentə məxsusdur:
«Əlbəttə, bu nailiyyətlərin təməlində neft amili dayanır. Amma sadəcə olaraq neft amili kimi deyil, neftdən uğurla istifadə edən dövlət siyasəti dayanır. Çünki dünyada neft-qaz hasil edən, ixrac edən ölkələr çoxdur. Hesab edirəm ki, Azərbaycan təcrübəsi böyük təqdirə layiqdir». Bir sözlə, neft məqsəd yox, vasitədir.
Azərbaycan təcrübəsinin kökündə, gələcəyə yönəlməsində dövlət başçımızın qeyd etdiyi kimi, “…biz daha çox iqtisadiyyatımızın şaxələndirilməsinə səylər göstəririk, iqtisadiyyatın enerji sahəsindən asılılığını azaldırıq, ölkənin və iqtisadiyyatın davamlı inkişafını təmin etməyə çalışırıq. Çünki neft və qaz tükənən bir sərvətdir. Azərbaycana gəldikdə, bizim sərvətlər hələ bir 100 il bizə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz bu “qara qızıl”ı insan kapitalına çevirməyə çalışırıq”.
Cənab Prezidentin fikrincə, “təbii ki, bu sahədə müasir texnologiyaların tətbiqi və təhsil böyük əhəmiyyətə malikdir. 1990-cı illərin ortalarında da bizə müasir mütərəqqi texnologiyalar lazım idi. Çünki sovet dövründə bizim 150 metrdən dərindəki ehtiyatlara əlimiz çatmırdı. İnformasiya-kommunikasi texnologiyaları və innovasiyalar bu gün bizim iqtisadiyyatımızın şaxələndirilməsində çox mühüm rol oynamışdır”.
Beləliklə, “Yeni texnologiyalar, o cümlədən İKT sferasının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim uğurlu gələcəyimizi təmin edəcəkdir”.
Son 10 ildə dövlət büdcəsindən elmin inkişafına sərf olunan xərclər 2,1 dəfə, təhsilə isə 6,9 dəfə artmışdır. Şəbəkə hazırlığı indeksi (Davos ) 61-ci yerə yüksəlib, İKT inkişaf indeksi 68-ci yerə, əhalinin 56%-i kompüter, 70%-i internet istifadəçisidir.
Bir neçə maraqlı, kəmiyyət dəyişiklikləri ilə yanaşı, keyfiyyət dəyişikliklərini təsdiqləyən, diversifikasiyanı, innovativliyi və biliklərə əsaslanan inkişafı aşkarlayan indekslər üzərində xüsusi dayanaq.
Burada söhbət hər enerji məsrəfi vahidinə görə (1 kq neftdən alınan enerji nəzərdə tutulur) məhsul və xidmətlərin dəyərini aşkara çıxarmağa imkan verən indikatordan gedir.
Bu göstərici Azərbaycanda 2003-cü ildə 2,1 ABŞ dolları təşkil edirdisə, beynəlxalq statistik rəqəmlərə görə 2010-cu ildə bu cür enerji vahidinə düşən mallar və xidmətlərin dəyəri artıq 7,6 ABŞ dolları təşkil etmişdir və hal-hazırda yüksəlməkdədir. Bu isə nef-qaz ixracatçısı olan ölkələrin analoji göstəricilərini 2-3 dəfə üstələyir, özü də dünyada liderlik edən bütün ixracatçı ölkələr arasında ən yüksək artım dinamikası ilə müşahidə edilir.
Digər göstərici texnoloji tərəqqini və insan biliklərinin davamlı inkişafda rolunu müəyyən edən Solou iqtisadi-riyazi modelindəki yenilikcilik və ya texniki tərəqqi indeksi kimi tanınır. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində aparılan araşdırmalar göstərir ki, son illərdə bu göstərici keçmiş analoji zaman kəsiyi ilə müqayisədə 13% artaraq 22%-ə çatmışdır. Bizim tədqiqatlarda həmçinin göstərilir ki, insan kapitalının yığımı da nəzərə alınmaqla, genişləndirilmiş Solou modelinin istifadəsi də son illər ərzində insan kapitalının payında davamlı artım müşahidə edilir.
Növbəti göstərici «kreativ», yəni müəlliflik hüququna əsaslanan sənayenin ÜDM-dəki payını göstərir. Əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ÜDM-də onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi BMT tərəfindən bu yaxınlarda xüsusi qeyd olunur. Apardığımız araşdırmalara əsasən, yalnız son 10 ildə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan iqtisadiyyatın ÜDM-də payı 2003-cü ildə olan 2,1%-dən 2012-ci ildə 4,5%-ə çatmış və hazırda inkişaf etmiş ölkələrin orta səviyyəsinə yaxındır.
Araşdırmalarımızı DİF “Dünya Rəqabətlilik Hesabatları” da təsdiq edilir. Belə ki, 2013-2014-cü illər üçün Azərbaycan innovasiya göstəricisinə görə 148 dövlət arasında 51-ci yerdə, texnoloji səviyyəyə görə isə 50-ci yeri tutur və bununla, MDB məkanında liderdir. Cənubi Qafqaz regionunda Azərbaycanın göstəriciləri texnoloji hazırlıq səviyyəsi üzrə 18 pillə Gürcüstandan və 22 pillə Ermənistandan yüksəkdir, innovasiyalar üzrə isə Ermənistanı 52, Gürcüstanı isə 75 pillə üstələyir. Xüsusilə qeyd edək ki, DİF-un son Hesabatında Azərbaycan texnoloji səviyyəyə görə öz göstəricisini 11 pillə yaxşılaşdırıb. O ki qaldı innovasiya göstəricisinin “innovasiya potensialı” komponenti üzrə Azərbaycan dünyada 35-ci yerdə gedir, “qabaqcıl texnologiyaların dövlət satın-alınmasına” görə isə 148 ölkə sırasında 14-cü yeri tutur.
Adı çəkilən Hesabatdan rəqəmlər Azərbaycanın hazırki yeni texnologiyalara keçidini, innovasiyaların tətbiqi və iqtisadiyyatın diversifikasiyası nailiyyətləri ilə yanaşı, aparılan dövlət siyasəti nəticəsində gələcəkdə yeni uğurlara zəmin yaradılmasından bəhs edir. Yeni texnologiyalar və İKT-nın inkişafına əsaslanan iqtisadiyyatın diversifikasiyası və modernləşdirilməsi DİF-un “Dünya Rəqabətlilik Hesabatı”nın (2013-2014-cü illər) aşağıdakı rəqəmləri təsdiqlənir: geniş zolaqlı mobil İnternetin istifadəçiləri sayına görə ölkəmiz 50-ci yeri tutur (33,3 istifadəçi hər 100 adama), İnternetin hər bir istifadəçisinin payına isə 40,1 Kbit internet-trafiki düşərək, Azərbaycan bu göstəriciyə görə dünyada 45-ci yerdə yerləşir, özü də ötən ilin Hesabatına əsasən 16 pillə vəziyyətini yaxşılaşdıra bilib. Fərdi internet-istifadəçilərinin sayına əsasən, Azərbaycan 59-cudur, geniş zolaqlı İnternet istifadəçilərinə görə isə Azərbaycan ötən ilin Hesabatındakı göstəricidən 7 pillə irəliləyərək 47-ci yerdədir.
Ölkəmizdə elektron ticarəti də sürətlə inkişaf edir. Milli statistika orqanının məlumatına əsasən, yalnız 2013-cü ilin yanvar-avqust aylarına əsasən, bu növ ticarətin artımı ötən ilin həmin müddəti ilə müqayisədə 1,7 dəfə artıb. E-hökumət xidmətləri də getdikcə genişlənir. Statistikaya əsasən, 2012-ci ilin dekabr ayından 2013-cü ilin avqust ayınadək E-gov portalına 325 mindən artıq müraciət olunmuş, 195 minə yaxın insan 420 min elektron xidmətləri həyata keçirib. Onların istifadəsinə artıq sayca 251 növ elektron xidmət təklif olunur. Yalnız bu ilin avqust ayında 22,5 min istifadəçi həmin portala daxil olub və bunların 51%-i yeni istifadəçilərdir. Bununla yanaşı, 15,5 mindən artıq istifadəçilərin elektron imzası vardır, sadələşmiş kod-parolla istifadə edənlərin sayı 20 min-ə yaxınlaşır, Facebook sosial şəbəkəsi vasitəsilə Elektron Hökumət portalının istifadəçilərinin sayı isə 74,5 mini ötüb.
Yuxarıda qeyd etdiyimiz iqtisadiyyatdakı nailiyyətləri, onun sosial yönümlülüyünü və innovativliyini ətraf mühitin qorunmasına dair qərarlarla əlaqələndirsək, Azərbaycan modelinin davamlı inkişafın hədəf kimi seçilməsi mənzərəsini tamamlayarıq.
Həqiqətən, ölkədə qorunan təbii ərazilərin ümumi sahəsi 2000-ci ildə olan 478 min hektardan 2013-cü ildə 894 hektara çatdırılmışdır. Son illər milli parkların, qoruqların sayı artırılmış, son 10 ildə 63 min hektardan çox sahədə meşə zolaqları salınmışdır.
Bir sözlə, cənab Prezident İlham Əliyev tərəfindən formalaşdırılan “Azərbaycan modeli”ndə davamlı inkişaf «yaşıl iqtisadiyyatla» bərabər addımlayır.
İlham Əliyevin “Azərbaycan modeli”nin innovasiyalı olduğunu nəzərə alaraq, innovasiyalı iqtisadiyyatın bir vacib əlamətinə fikir verək. Bu isə odur ki, belə iqtisadiyyatın ön planda insanların mənəvi, qeyri-maddi ehtiyacları dayanaraq, öz növbəsində bunlar ictimai istehsalın qüdrətli mənbələrinə çevrilir. Odur ki, mühüm innovasiya potensialına malik olan qeyri-maddi istehsalat sferası daha geniş yayılmağa başlayır, dövlətin mədəni həyatı daha da zənginləşir.
Mədəni müxtəliflik və adət-ənənəyə sadiqlik.
Həqiqətən, ölkəmizin gündəlik həyatında zəngin mədəni hadisələr baş verir, Azərbaycan sivilizasiyalararası, ümumdünya mədəniyyətlərarası dialoq Forumunun təşəbbüskarı, multikulturalizm mərkəzi, Bakı Beynəlxalq Humanitar Forumunun ev sahibi olmuşdur. Ümumiyyətlə, Azərbaycan son illər siyasi, iqtisadi, humanitar və digər sahələrlə bağlı müzakirə məkanına çevrilmişdir.
2011-ci ildə Azərbaycan Avropanın bir nömrəli musiqi yarışmasının qalibi olaraq, 2012-ci ildə Avrovizion müsabiqəsini uğurla təşkil etdi. 2012-ci ildə BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Bu da təsadüf deyil ki, İKT sahəsində ölkəmiz sürətlə inkişaf edir, 2013-cü il Azərbaycanda «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilib. Avropanın ilk olimpiya oyunları da Azərbaycanda keçiriləcək. Azərbaycan kosmik dövlətlər sırasına daxil olub, «Azərkosmos» strukturu yaradılıb, kosmik sənaye inkişaf edir, ilk Azərbaycan peyki 2013-cü ilin fevralın 8-də orbitə çıxarılıb, 2015-16-cı illərdə yeni 2 peykin orbitə buraxılması planlaşdırılır.
Burada mən xüsusən mədəni irsimizin və ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması ilə yanaşı, Azərbaycanın multikulturalizm mərkəzinə çevrilməsində dayanmaq istərdim.
Ulu Öndərin diqqət və qayğısı onun formalaşdırdığı “Azərbaycançılıq” məfkurəsinin vacib tərkib hissəsi olan mədəni ənənələrimizin qorunmasında idi.
Çünki Heydər Əliyev dühası mədəni ənənələrimizdə “Azərbaycan ruhunun arxeologiyasını”, hər birimizin və bütövlükdə etnosumuzun özünüdərketmə və özünəməxsusluğunun qüdrətli alət olmağını duyurdu, müvafiq mədəniyyətə mənsubluğun vasitəsini görurdu.
Heydər Əliyev tərəfindən daim səsləndirilən milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər və fərdi davranış qaydaları – Ulu Öndərin dahi düşüncəsinə görə bütün bunlar, milli keyfiyyətlərimizin doğma yurdla, əcdadlarımız və Ana vətənimizlə qırılmaz tellərlə bağlılığının nümayişidir, təbii relyef, torpaq, ərazi və mühitlə şərtlənir, dərk olunan torpaq – təbiətdən qaynaqlanır.
Odur ki, Heydər Əliyevə görə, mədəni adət-ənənələrimizin qocalmaq təhlükəsi yoxdur, bunlar bizim canlı və daim yeniləşən tariximizdir.
Çünki Heydər Əliyev dühası mədəni ənənələrimizdə keçmişimizin tərəqqisini görürdü və bugünkü tərəqqimizi gələcəyin ənənəsinə çevirməyə yönəldirdi.
Çünki xalqını dərindən sevən və onunla fəxr edən Heydər Əliyev bunları mədəniyyətimizin qəlbi, qəlbimizin mədəniyyəti kimi təsvir edirdi.
Heydər Əliyevdən bəhrələnən mədəni irsimizə xüsusi yanaşma bu gün dövlət başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasətdə yeni bir mərhələyə qaldırılmışdır.
Mədəni irsin qorunması sahəsində Azərbaycan muğamı 2003-cü ildə, Qobustan Milli Tarixi Qoruğu 2007-ci ildə, Aşıq sənəti və Novruz bayramı 2009-cu ildə, Azərbaycan Xalçaçılıq sənəti 2010-cu ildə, Tar ifaçılığı sənəti 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Müasir zamanımızda “mədəniyyət” anlayışı daha çox “mədəni müxtəliflik” kimi səciyyələndiyi halda mədəni irsin qorunub saxlanması mədəniyyətlərarası dialoqların vacib atributuna çevrilir. Məsələnin müasir, yeni müstəvidə baxılmasında, mədəni müxtəlifliyin idarə olunmasında Azərbaycanın multikulturalizm, tolerant olkə kimi dünyaya tanıdılmasında dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci xanımı, Millət vəkili Mehriban xanım Əliyevanın rolu danılmazdır.
Dövlət başçımızın mədəni müxtəliflik məsələsində siyasi iradə və ənənədən bəhs edən sözlərini xatırladırıq: “...hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənə lazımdır, eyni zamanda dövlət siyasəti lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”.
Biz Azərbaycanlılar öz mədəni müxtəlifliyimizi, mədəni, əqli mülkiyyət hüquqlarımızı və özünəməxsusluğumuzu qoruyub saxlamaqla yanaşı, eyni dərəcədə digər xalqların mədəni müxtəlifliyinə də hörmət və ehtiram bildiririk.
YUNESKO-nun “Mədəni müxtəliflik üzrə Universal Bəyənnaməsi”nə əsasən, hər bir mədəniyyət cəmiyyətə xas olan intellektual nailiyyətlərlə yanaşı, mənəvi, maddi və emosional əlamətlər məcmusudur. Xüsusilə qeyd etməliyəm ki, mədəniyyət millətin həyat tərzində, “birgə yaşayış bacarığında” və ənənələrindədir.
Odur ki, mədəni hüquqlar siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları rədd edir, etnik təmizləməni və assimilyasiya siyasətini, ksenofobiyanı, eyni zamanda, bir millətin “əzabkeşliyindən” irəli gələn “müstəsnalığını” və “xüsusi missiyasını”, bunun nəticəsi kimi, onun mədəni müxtəlifliyinin absurd dərəcədə şişirdilməsini və “mədəni” relyativizm bəhanəsi ilə insan haqlarının pozulmasına bəraət qazandırılmasını qəbul edə bilməz.
Bu gün Azərbaycan ərazisinin 20%-i işğal altındadır və buradakı mədəni dəyərlərimizin – irsimizin maddi və qeyri-maddi nümunələri Ermənistan tərəfindən talan və məhv edilir, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli abidə (o cümlədən 6 memarlıq və 7 arxeoloji), 292 milli əhəmiyyətli abidə (o cümlədən 119 memarlıq, 173 arxeoloji), həmçinin 330 yerli əhəmiyyətli abidə dağıdılmış və ya istifadəyə yararsız hala salınmışdır. 804 qəbiristanlıq dağıdılmış, talan edilmiş və təhqir edilmişdir. 22 muzey və 4 rəsm qalereyası barbarcasına dağıdılmış və xaraba qoyulmuşdur. 40 mindən artıq unikal tarixi və mədəni əhəmiyyətə malik olan muzey sərvətləri və eksponatları talan edilmişdir. Bunların içərisində qızıl və gümüş zinət əşyaları, nadir daş-qaşlı məmulatlar və digər əl və təsviri sənət əsəri nümunələri vardır. Talan edilmiş və yandırılmış 927 kitabxanada 4,6 mln. nüsxə kitab və qiymətsiz əlyazmalar məhv edilmişdir. Onların arasında nəinki Azərbaycanın, eləcə də bütün bəşər cəmiyyətinin qiymətsiz mədəniyyət nümunələri olmuşdur. İşğalçıların təcavüzkar vandalizminin acınacaqlı statistikasını davam etdirərək qeyd edək ki, 31 məscid, 9 tarixi saray, 6 dövlət teatrı, 368 klub, 927 kitabxana dağıdılmış və talan edilmişdir. İbtidai insanın dünyada ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası da daxil olmaqla, 200-dən artıq paleontoloji və geoloji abidə qəsb edilmişdir. 2 dövlət təbiət qoruğu, 4 dövlət müvəqqəti qoruğu talana məruz qalır, işğal altında olan 280 min hektar meşə sahəsində qiymətsiz ağac növləri kəsilməkdə davam edir. Praktiki olaraq, Hacışamlı qoruğunda bitən qırmızı palıd, Bəsitçay qoruğundakı çinar və qoz ağacları, Qubadlı meşələrindəki palıdlar konyak üçün çəllək hazırlanması məqsədilə kəsilib məhv edilmişdir. Nadir ağac növləri olan Qaragöl təbii qoruğu tamamilə məhv edilmişdir. Burada Qırmızı kitaba daxil edilmiş təbiət abidələrindən söhbət gedir. Elə bu qaydada da həmin Qırmızı kitabda olan nadir canlıların qorunan növləri ilə məşhur olan Laçın qoruğu da tamamilə məhv edilmişdir. Lakin bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyil.
Etnoloji üzvi əlaqələr yaradıcılıqda və mədəni ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücünü təbiət və doğma torpaqla, iqlim və coğrafi arealla bağlayır. Bu gün 1 milyon nəfər qaçqın və köçkünü olan azərbaycanlılar öz coğrafi məkanında – dünya ictimaiyyəti tərəfindən musiqi konservatoriyası kimi qəbul edilmiş Qarabağda yaradıcılıq və ənənələri yaşatmaqdan da məhrum olmuşlar. Bu isə Azərbaycanın mədəni irsinə vurulan digər zərbədir.
Liberalizmin klassiki, keçmiş əsrin ən böyük mütəfəkkirlərindən sayılan avstriyalı Fridrix fon Xayekə görə, mədəni ənənələr nə təbii, nə də süni məhsuldur, ortaq bir yaranmadır. Bunların təbii yaranma və inkişafı müəyyən ərazidəki iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətə çevirir. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı aləti olur. Bundan məhrum olmağımız bizə vurulan daha bir zərbədir.
Təkrarən Fridrix fon Xayekin sözlərini xatırlatmaq yerinə düşərdi: «İnsanları cəmləşdirən, həyatını mümkün edən onların fəaliyyətinin nizamlanmasıdır, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir».
Beynəlxalq normalara riayət etmədiklərinə görə ərazilərimizə göz dikənlərə qarşı hər zaman mübarizə aparılacaqdır. Çünki mədəniyyətin qəlbi qəlbin mədəniyyətidirsə, işğalçı qəlbinə mədəniyyət yaddır. Odur ki, saxtakarlıq yolu ilə qonşularının hesabına «böyük Ermənistan» və «böyük erməni mədəniyyəti» xülyası ilə yaşayanlara məşhur ingilis fəlsəfəçisi və hüquqşünası ideoloji liberalizmin və analitik liberal hüquq məktəbinin, utilitar fəlsəfənin banisi İyeremiya Bentamın XVIII əsrdə dediyi sözləri xatırlatmaq yerinə düşərdi: «Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar».
Cənab Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə 26 iyun 2013-cü il nitqindən bir fikrini gətirmək yerinə düşərdi: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzüsü deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur... Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik”.
Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında ölkəmizin artan iqtisadi və siyasi uğurları fonunda bir daha bu əminliyi ifadə etmişdir: “Mən tam əminəm ki, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət mədəni müxtəlifliyi dəstəkləyərək, multikulturalizmdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunmasını nəzərdə tutur.
Bununla belə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini erməniçilik amilinin nəzərə alınmasına cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsinə çağırmışdır. Qarşımıza yalnız Azərbaycan xalqının müdafiəsi naminə deyil, bütövlükdə saxta erməni təbliğatını ifşa etmək vəzifəsi qoyulmuşdur: “Mən dəfələrlə demişəm və yenə təkrar etmək istəyirəm ki, biz təbıiğat hücumuna keçməliyik”.
Ulu Öndərin sözləri ilə desək, “Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar”a biz “qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edirik”.
Biliklərə əsaslanan tərəqqi və əqli mülkiyyət.
Bir neçə söz də iqtisadiyyatın yenilikçiliyini və sərmayələrin qorunmasını dəstəkləyən, kreativliyi stimullaşdıran və rəqabət üstünlüyünü yaradan əqli mülkiyyət, müəlliflik hüququ haqqında demək istəyirəm.
Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. Sonrakı illərdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə müəllif-hüquq sisteminin dinamik inkişafı davam etdirilərək, yeni yanaşmalarla zənginləşdirilmiş, müasir tələblər əsasında beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Geniş beynəlxalq əlaqələrə malik olan Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv olmuş, sonrakı illərdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində bütün beynəlxalq konvensiya və müqavilələrə qoşularaq fəal mübadilə edir. Bunların nəticəsi kimi, ÜƏMT və Aİ mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir. Dövlət başçısının uzaqgörən siyasətinin nəticələridir ki, 2010-cu ildə dünyanın əksər dövlətlərinin nümayəndələrinin iştirak etdiyi ÜƏMT-nin əqli mülkiyyət avtoritetlərinin II Qlobal Simpoziumunda MDB ölkələrindən ilk dəfə olaraq Azərbaycanın müəllif-hüquq sisteminin təcrübəsi və nailiyyətləri barədə xüsusi məruzə edilmiş, 2012-ci ildə Bakıda İnternetin İdarəçiliyi üzrə Qlobal Beynəlxalq Forumda Şərqi Avropa ölkələrinin təmsilçisi kimi Azərbaycan nümayəndəsinin müəlliflik hüququ və İnternet mövzusunda prezentasiyanın təqdimatı olmuşdur.
Göstərilən qayğı və dəstək sayəsində son illər analoqu olmayan «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» Qanun qəbul edilmiş, Azərbaycan 2006-cı ildə ABŞ Hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılmış, ÜƏMT-nin Akademiyası tərkibində «Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi» fəaliyyətə başlamış, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılmış, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilmişdir.
Dediklərimiz öz əksini Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliyi ilə bağlı müvafiq Hesabatlarında da tapıb.
Əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərin Hesabatına əsasən, şərhsiz lider mövqeyindədir; 69-cu yeri tutaraq, Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyir.
Ümumiyyətlə, son illərin Hesabatlarına (2010-2011, 2011-2012, 2012-2013, 2013-2014) əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.
İnamla gələcəyə.
Beləliklə, dövlətimiz hər cəhətdən qüdrətlənir, irəli gedir. Dünya Bankının məlumatına əsasən, Azərbaycan iqtisadiyyatının həcminə görə, artıq dünyanın 67-ci ölkəsidir (67,198 mlrd. ABŞ dolları), MDB məkanında biz artıq 4-cü ölkəyik (bizdən irəlidə Rusiya – dünyanın 8-ci iqtisadiyyatı, Qazaxıstan – 49-cu və Ukrayna – 53-cü) və bununla ilk dəfədir ki, Azərbaycan Belarusiyanın sənaye iqtisadiyyatını üstəliyə bilib (69-ci yer).
Cənubi Qafqazın geniş ərazi mənasında, Türkiyə və İran daxil olmaqla, Azərbaycan 3-cü yerdədir (Türkiyə dünyanın 17-ci, İran isə 22-ci iqtisadiyyata malikdir). Misal üçün, Ermənistanın iqtisadiyyatı təxminən Azərbaycan iqtisadiyyatından 7 dəfə zəifdir və dünyada yalnız 132-ci yeri tutur.
Gələcək planlarımız da masştablıdır. Gələcək işlərimiz “Azərbaycan-2020: Gələcəyə baxış” Konsepsiyasında – sistemli təhlilə və müasir proqnostikaya əsaslanan unikal sənəddə öz əksini tapır. Bu sənədin əhəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözlərində tapmışdır: “Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk. Hesab edirəm ki, növbəti illərdə “Azərbaycan - 2020” Konsepsiyasının icrası ilə bağlı ölkəmiz inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Yəni, bu, bizim əsas hədəfimizdir”.
Konsepsiya qeyri-neft sektorunun inkişafı hesabına ölkənin iqtisadi potensialının ikiqat artırılmasını nəzərdə tutur. İKT sektoru isə bu zaman 4-5 dəfə artacaqdır.
Artıq bu gün elektron formaya keçirilməsi planlaşdırılan 417 dövlət xidmətindən 35%-i elektron qaydada göstərilir.
2020-ci ilə qədər xidmətlərin elektronlaşmasının tamamilə başa çatdırılması və əhalinin təxminən 80%-nin elektron xidmətlərə girişinin təmin olunması planlaşdırılır.
Təhsil müəssisələrinin İnternetə, özü də genişzolaqlı rabitə sisteminə qoşulma səviyyəsinin hazırda olan 40%-dən 2014-cü il ərzində 100%-ə çatdırılması nəzərdə tutulur.
Yaxın 3 il ərzində İnternetin sürəti şəhərlərdə 100 Mbit/san., kənd rayonlarında isə 30 Mbit/san.-yə çatdırılacaq və beləliklə, 2017-ci ilə qədər əhalinin 85%-nin sürətli İnternetə girişi təmin olunacaqdır. Bütün bunlar ölkəmizin son illər əldə etdiyi nəhəng iqtisadi uğurlar hesabına mümkün olacaqdır.
Bütün bunlar əsas verir ki, “Azərbaycan - 2020” Konsepsiyasında əqli mülkiyyətin əhəmiyyətinin yaradıcılıq və innovativliyi stimullaşdıran amil və bazarda rəqabəti dəstəkləyən vasitə kimi yüksəldilməsi nəzərdə tutulsun. Ona görə də bu sahə prioritetlər qismində qəbul edilmişdir. Bununla da Azərbaycan rəhbərliyi novatorluq yanaşması nümayiş etdirərək, “biliklərə əsaslanan iqtisadiyyata” və ya “kreativ iqtisadiyyata” “yaşıl küçə” açmışdır. Bu cür baxışın mahiyyəti öz əksini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı sözlərində tapmışdır: “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. Məhz buna görə Azərbaycan Prezidentinin “qara qızılı insan kapitalına çevirək” tezisi kreativliyin, yaradıcılığın və novatorluğun dəstəklənməsinin bariz nümunəsidir.
“Azərbaycan - 2020” Konsepsiyasının “Yüksək rəqabətli iqtisadiyyat” bölməsi sərmayə qoyuluşlarının artımı və yayılması üçün şəraitin yaradılmasını və intellektual fəaliyyət nəticələrinin innovativliyinin artırılmasını nəzərdə tutur. Burada «kreativ sənayenin» inkişafı və əqli mülkiyyətə dair Uzunmüddətli Milli Strategiyanın təsdiqi nəzərdə tutulur.
İKT-nın prioritet inkişafından çıxış edərək, Konsepsiya informasiya cəmiyyətinə keçilməsinin sürətləndirilməsi üçün İKT-ƏM qarşılıqlı əlaqələrinin daha da aktivləşdirilməsini, əqli mülkiyyət obyektlərinin əksəriyyətinin qlobal rəqəmli şəbəkəyə keçməsi ilə əlaqədar isə On-line liseziyalaşma recimində rəqəmli hüquqların idarə edilməsi və “one-stop-shop” formatında elektron xidmətlərin göstərilməsi sisteminin yaradılmasını nəzərdə tutur. Bu sistemin əsasları artıq Azərbaycanın Aİ-nın bir sıra ölkələri ilə əməkdaşlığı çərçivəsinə qoyulmuşdur. Bu vəzifələr Azərbaycanın analoqu olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunundan, Müəllif Hüquqları Agentliyinin tabeçiliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılması haqqında Hökumət qərarından irəli gəlir. Rəqəmsal hüquqların idarə edilməsi ilə yanaşı, Mərkəz müəlliflik hüququna əsaslanan məhsulların (kitablar, audio-, video-, CD, DVD, proqram təminatı və s.) xüsusi nəzarət markaları ilə təchiz olunması məsələlərinin tənzimlənməsini təmin edir. Sistemin əsas xüsusiyyəti onunla bağlıdır ki, o, xüsusi SMART-texnologiya ilə təchiz olunmuşdur, bu da hər bir nəzarət markasının “həyat dövranını” izləməyə və uzaq məsafədən Smartfon tipli mobil telefonlar vasitəsi ilə onun legitimliyini dəyərləndirməyə imkanı verir.
“Azərbaycan-2020” Konsepsiyasında təhsilin, İKT və ƏM-in qarşılıqlı əlaqəsinə vacib diqqət yetirilir. O cümlədən, Konsepsiya şəbəkədə hüquq sahiblərinin əmlak hüquqlarının ödənişini aparmadan təhsil resurslarının yaradılmasını nəzərdə tutur. Başqa sözlərlə, bu cür təhsil resursları tələbələr üçün əvvəlcədən müəlliflik hüququ lisenziyaları ilə təchiz olunmaqla, onların tədris prosesinə inteqrasiyasının təmin olunmasına imkan verir. Tələbələr üçün bu cür elektron dərsliklərin və dərs vəsaitlərinin yaradılması Creative Commons şəklində istifadəyə icazə lisenziyasının verilməsi hesabına təmin olunacaqdır. Əqli mülkiyyət hüquqlarının təminatı, piratçılığa və əqli mülkiyyət hüquqlarının digər pozulma hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə də “Azərbaycan-2020” Konsepsiyasında xüsusi yer ayrılmışdır. Bununla əlaqədar, yaxın vaxtlarda bu sahədə Hökumətin bir sıra prinsipial qərarlarının qəbul edilməsi gözlənilir. Bununla yanaşı, İnzibati Xətalar Məcələsinə və Cinayət Məcələsinə bir sıra dəyişiklik və əlavələr edilmiş və edilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, son beş ildə ölkəmizin əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsi müxtəlif senqmentlər üzrə 9-28 faiz aşağı düşmüşdür və onun səviyyəsinin inkişaf etmiş ölkələrdə olan səviyyəyə çatdırılması üzrə tədbirlər davam etdirilir. Artıq bu gün əqli mülkiyyət hüquqlarının pozuntuları ilə mübarizə üçün Agentlikdə 960 nömrəli “qaynar xətt”, ictimai əsaslarla “Hüquq məsləhətxanası” fəaliyyətdədir, On-line xidmətlər göstərilir.
Konsepsiyada əksini tapmış ən vacib vəzifələrdən biri də mədəni irsin qorunub saxlanılması, hüquqi qorunması və səmərəli idarə edilməsidir. Bununla əlaqədar, qeyri-maddi mədəni irsin ayrı-ayrı komponentlərinin qorunub saxlanması və hüquqi qorunması, onların itirilməsi və qeyri-qanuni mənimsənilməsinə qarşı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, muzeylərdə, kitabxanalarda və arxivlərdə saxlanılan ictimai varidata aid edilmiş bütün mədəni sərvətlərin elementlərinin əksəriyyətinin rəqəmli kontentə keçirilməsi planlaşdırılır. Buna görə də ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması, rəqəmləşdirilmiş mədəni irsin multimedia məlumat bazalarının yaradılması və bu sahədə beynəlxalq mübadilə müəllif-hüquq sisteminin fəaliyyətində ən vacib istiqamətlərdən biri olmuş və olacaqdır.
Əldə etdiyimiz nailiyyətlər və uğurlar, güclü inkişaf və açılan perspektivlər fonunda Azərbaycan xalqı öz gələcəyinə böyük inamla baxır, qədim və eyni zamanda müasir Azərbaycanda yaşamağı ilə fəxr edir.