Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatında çalışan dövlət qulluqçularının xidməti davranış qaydaları və prinsipləri
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatında çalışan dövlət qulluqçularına təqdim olunan bu vəsait Azərbaycan Respublikası Prezidentinin16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8.maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində tərtib olunmuşdur.
Hörmətli dövlət qulluqçuları!
Bu gün müasir cəmiyyətimizin və dövlətimizin maraqlarını rəhbər tutaraq biz dövlət qulluqçuları öz vəzifə borcumuzu vicdanla, peşəkar səviyyədə yerinə yetirməli və bu məsuliyyəti dərk edərək cəmiyyətimizə nümunə olmalıyıq. Bu baxımdan dövlət qulluğunda çalışanların üzərinə böyük məsuliyyət düşür.
“Dövlət qulluqçularının etik davranış Qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 24; 21 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda əks olunduğu kimi dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu mühim sənədin təsdiq edilməsi də bir daha bütün bu məsələlərin cəmiyyətimizdə vacib və aktual olduğunu sübut edir.
Biz dövlət qulluqçuları da öz növbəmizdə bu şərəfli adı daşıyaraq, iş yerlərimizdə xidməti davranışların etik davranış qaydalarına uyğun olmasına nəzarət etməli, etik davranış qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə vaxtında müvafiq profilaktik tədbirlər görməliyik. Bununla yanaşı, həmin tələblərə riayət etməyən dövlət qulluqçuları barəsində müvafiq intizam tədbirləri tətbiq etməliyik ki, gələcəkdə dövlət qulluqçuları arasında belə hallar yer almasın.
Etik qaydalarla bağlı aşağıda qeyd olunan tələblər Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Aparatında çalışan dövlət qulluqçularına şamil edilir. Bu qaydalar dövlət qulluqçularının ictimai maraqlara cavab verən etik davranış qaydalarını müəyyən edir.
1.Əsas dəyərlər
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Aparatında çalışan dövlət qulluqçuları öz peşə davranışlarında aşağıdakı mənəvi dəyərləri rəhbər tutmalıdırlar:
1.1. Vəzifə borcuna hörmət
Agentliyin dövlət qulluqçuları tutduqları vəzifənin nüfuzunun təmin edilməsi məqsədi ilə öz vəzifə borclarını vicdanla, məsuliyyətlə və peşəkar səviyyədə həyata keçirməlidirlər.
1.2.Sui istifadənin yolverilməzliyi
Agentliyin dövlət qulluqçuları gündəlik iş rejimində tutduqları vəzifədən sui-istifadə etməməli və cəmiyyətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdırlar. Dövlət qulluqçuları onlara məlum olan xidməti məlumatı qərəzli məqsədlərlə istifadə etməməlidirlər.
1.3.Şəffaflığın qorunması
Dövlət qulluqçuları vəzifə borclarını vicdanla, aşkarlıq və şəffaf şəraitdə yerinə yetirməlidirlər. Dövlət qulluqçuları Agentliyin nüfuzunu artırmaq məqsədi ilə vətəndaşlarla və əqli mülkiyyət sahibləri ilə ünsiyyət zamanı mədəni davranmalı, korrupsiya hallarına yol verməməli və ictimaiyyətin etimadını qazanmalıdırlar.
1.4. Səmərəlilik və keyfiyyət
Dövlət qulluqçuları bütün iş vaxtlarını yalnız xidməti vəzifələrinə sərf etməli, işlərini keyfiyyətli və səmərəli yerinə yetirməli, eyni zamanda öz peşəkarlıqlarının artırılması üzərində daim çalışmalıdırlar.
1.5.Məsuliyyətlilik
Dövlət qulluqçuları onlara aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördükləri işə cavabdeh olmalı, vəzifə borcu ilə bağlı işlərin yerinə yetirilməsi zamanı əldə olunan xidməti məlumatın gizli saxlanılması üçün məsuliyyət daşımalıdırlar. Dövlət qulluqçuları dövlət qulluğunun nizam-intizam qaydalarına riayət etməli, dövlət əmlakından, maliyyə vəsaitlərindən və digər informasiya və texnologiya avadanlıqlarından qənaətlə, səmərəli istifadə etməlidirlər.
1.6. Dövlət qulluqçularının xarici görünüşü
Dövlət qulluqçularının xarici görünüşü iş saatlarında və xidməti vəzifəni yerinə yetrirərkən ümumi qəbul edilmiş şəkildə, yəni rəsmi, ənənəvi, səliqəli olmalı və görünüşcə digər insanlardan fərqlənməlidir. Agentliyin dövlət qulluqçularının iş zamanı siqaretdən istifadə etmələri yolverilməzdir.
1.7. Dövlət qulluqçuları ilə davranış
Dövlət qulluqçuları xidməti vəzifələrini yerinə yetirərkən həmkarları ilə nəzakətlə və mədəni formada davranmalı, kobudluğa yol verməməlidirlər. Dövlət qulluqçuları öz xidməti davranışları ilə Agentliyin kollektivində qarşılıqlı iş münasibətlərinin və konstruktiv əməkdaşlığın qurulmasına yardımçı olmalıdırlar. Rəhbərlər işçilərə başqaları üçün peşəkarlıq və qüsursuzluq nümunəsi olmaq, səmərəli fəaliyyət göstərmək məqsədi ilə mənəvi-psixoloji mühitin formalaşdırılması üçün əlverişli şərait yaratmaq, tabeçiliklərində olan əməkdaşların korrupsiya əməllərinə yol verməmələri üçün tədbirlər görmək, öz davranışlarında dürüstlük, ədalətlilik və qərəzsizlik prinsiplərinə əsaslanmaq tövsiyə olunur.
1.8.Vətəndaşlar və əqli mülkiyət sahibləri ilə davranış
Dövlət qulluqçuları Agentliyə müraciət edən vətəndaşların və əqli mülkiyyət sahiblərinin yaşından, cinsindən, milli, sosial, dini və dil mənsubiyyətindən asılı olmayaraq onların arasında heç bir ayrıseçkiliyə yol verməməlidirlər. Dövlət qulluqçuları öz vəzifə borclarını yerinə yetirərkən müraciət edən şəxsləri nəzakətlə qəbul etməli, onları səbr və təmkinlə dinləməli, onların müraciəti ilə maraqlanmalı və qanunvericilik çərçivəsində müvafiq izahatlar verməyi bacarmalıdırlar. Dövlət qulluqçuları əqli mülkiyyət sahiblərinin problemlərinin həlli və təkliflərinin dəyərləndirilməsi üçün öz səlahiyyətləri çərçivəsində operativ fəaliyyət göstərməlidirlər.
1.9.Kütləvi informasiya vasitələri ilə iş
Dövlət qulluqçuları Agentliyin işi barədə cəmiyyətə informasiya verən kütləvi informasiya vasitələri işçilərinə hörmətlə yanaşmalıdırlar. Dövlət qulluqçuları kütləvi informasiya vasitələrində çıxış edərkən dövlətimizin müəllif hüquqları sahəsində həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı və Agentliyin gördüyü işlər barədə qərəzsiz məlumat verməlidirlər.
1.10.Peşəkarlıq
Dövlət qulluqçuları mütəmadi olaraq öz üzərlərində işləməli, xidməti biliklərini təkmilləşdirməli, yeni bilik və nailiyyətlər əldə etmək üçün çalışmalıdırlar. Şöbə müdiri vəzifəsindəki dövlət qulluqçuları öz peşəkarlıqları, iş aparma bacarıqları, xidməti borclarını layiqincə yerinə yetirmələri ilə tabeçiliklərində çalışan işçilərə nümunə olmalıdırlar.
1.11.Səmərəlilik
Dövlət qulluqçuları Agentliyin işinin uğurlu olması və müsbət nəticə verməsi üçün şəxsi münasibətləri və problemləri unutmalı, komanda şəklində fəaliyyət göstərməlidirlər.
Hörmətli dövlət qulluqçuları!
Dövlət qulluqçusu bütün hallarda vicdanlılıq nümunəsi olmalı, öz vəzifə borcunu şəxsin, cəmiyyətin və dövlətin maraqlarının təmin edilməsi naminə səmərəli yerinə yetirməlidir. Dövlət qulluqçusu səlahiyyətlərini aşmamalı, öz peşəkar fəaliyyəti ilə insanların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, korrupsiya hallarına qarşı mübarizə aparmalı, özü də bu növ pozuntulardan çəkinməli və qərəzsiz olmalıdır.
Dövlət qulluqçusu bütün hallarda mədəni davranış nümayiş etdirməli, emosiyalarını cilovlamağı bacarmalıdır. Dövlət qulluqçusu düşdüyü vəziyyətdən asılı olmayaraq, nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.
Hörmətli dövlət qulluqçuları!
Yadda saxlayın ki, hər bir dövlət qulluqçusu çalışdığı dövlət orqanının fəaliyyətində mühüm rol oynadığını, daim diqqət mərkəzində olduğunu və fəaliyyətinin bütövlükdə dövlət və cəmiyyətin maraqlarının qorunması istiqamətində aparılan ümumi siyasətin bir hissəsi olduğunu yadda saxlamalıdır.