Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznetslə görüş keçirilmişdir


Cari ilin 2-3 noyabr tarixlərində Müəllif Hüquqları Agentliyində Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru cənab İvan Bliznetslə görüş keçirilmişdir. Görüşdə Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanov son illər ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işlər, yeniliklər, həmçinin aparılan islahatlar, o cümlədən rəqəmsal informasiya texnologiyalarının və elektron ticarətin inkişafının dəstəklənməsi məqsədilə rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması və idarə olunmasının təşkili, əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması, əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatda investisiya mühitinin yaxşılaşdırılması və əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması istiqamətlərində aparılan işlər, eyni zamanda ÜƏMT ilə birgə əməkdaşlıq çərçivəsində ölkəmizdə innovativ sistemlərin və elmi nəticələrin tətbiqi üzrə həyata keçirilən tədbirlər, həmçinin bu yaxınlarda Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ÜƏMT arasında imzalanmış ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması, inkişafının təşviqi və əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsini nəzərdə tutan Birgə Bəyanatın  imzalanması  barədə ətraflı məlumat verdi. Bütün bu işlərin nəticələri olaraq, Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabında ötən illərlə müqayisədə xeyli irəlilədiyini və Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyini vurğuladı.

Cənab K.İmanov daha sonra ölkəmizdə Rusiya Federasiyasının müvafiq qurumları ilə əqli mülkiyyət sahəsində əməkdaşlığa böyük önəm verildiyini də qeyd etdi.

Akademiyanın rektoru cənab İvan Bliznets Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan işləri yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın gücləndirilməsində, xüsusən Müəllif Hüquqları Agentliyi ilə Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası  arasında əlaqələrin genişləndirilməsində, o cümlədən əqli mülkiyyət sahəsində çalışan əməkdaşların ixtisas biliklərinin artırılması məqsədilə Akademiya ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ilə əməkdaşlıq sazişinin bağlanılmasında maraqlı olduqlarını qeyd etdi.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran, o cümlədən  birgə layihələrin  və tədbirlərin   keçirilməsi, informasiya və təcrübə mübadiləsi, birgə təlim kurslarının təşkil edilməsi ilə bağlı məsələlər də müzakirə edildi.

Cənab Bliznets görüş çərçivəsində həmçinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində olmuş və burada aparılan tədris prosesi ilə yaxından tanış olmuşdur. 

 

06.11.2017