Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci oldu


Tarix: 27.09.2017 | Saat: 20:00:00 


http://hafta.az/index2.php?m=yazi&id=206392

 

 

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən hafta.az-a bildiriblər ki, beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edib – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.
İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.
Yalnız iki indikator – makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq, “makroiqtisadi mühit” kateqoriyası altında “hökumətin büdcə balansı” göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada “hökumətin borcu” göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub.
Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də ölkəmizin mövqeləri daha da güclənəcək.
Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə 35-ci yerə yüksəlməsi çox böyük hadisədir. Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu ölkədə görülən müvafiq işlərin nəticəsində mümkün olub: "Biz 3 il əvvəl "Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə 37-ci yerdə idik. 2015-ci ildə 39-cu yerə düşdük. Ötən il yenidən 37-ci pilləyə qalxdıq. Bu il isə 35-ci pilləyə yüksəldik. Yəni Azərbaycan 2 il ərzində 4 pillə irəliləyə bilib. Bütün bunların hamısı Azərbaycan dövlətinin və şəxsən onun prezidentinin ölkədə iqtisadiyyatın çoxşaxəli olması, regionların və sahibkarlığın inkişafına göstərilən qayğı nəticəsinə mümkün olub. Azərbaycan manatı stabilləşib, ölkədə inkişaf mərkəzi artıq çoxdan paytaxtdan regionlara keçib, bu gün iqtisadi fəallıq üçün çox ciddi liberallaşma aparılıb. Həmçinin, hesabatlılığın, vergi ödəyiciliyinin şəffaf aparılması da bu sahəyə diqqətin arıtırılmasına gətirib çıxarıb".
A.Mirzəzadə hesab edir ki, dünyada artıq inkişafın Azərbaycan modeli yaranıb: "Azərbaycandan daha əlverişli coğrafi vəziyyətə malik və təbii sərvətləri çox olan ölkələr var ki, onlar reytinqdə bizdən qat-qat geridədirlər. Həmçinin, bizimlə yanaşı digər ölkələr də öz iqtisadiyyatını gücləndirmək üçün çalışırlar. Azərbaycanın düşdüyü ilk 40-lıqda dünyanın inkişaf etmiş ölkələri yer alıb. Kiçik bir ölkənin öz təbii resurslarına söykənərək, müstəqil daxili və xarici siyasətini yürüdərək 35-ci yeri tutması dünyada inkişafın bir Azərbaycan modelinin yarandığını, Azərbaycan standartlarının dünya tərəfindən doğurdan da, qəbul olunan standartlar olduğunu göstərir". 
Millət vəkilinin qənaətincə, bir müddət sonra Azərbaycan "Böyük 20-lik" ölkələrindən biri olacaq: "Heç bir şübhəm yoxdur ki, Azərbaycan rəqabətlilik reytintinqə 20-ci, daha sonra isə 10-cu yerlərə gedib çıxa biləcək. Şübhə etmirəm ki, vaxt gələcək heç də uzaq olmayan dövrdə Azərbaycanı təkidlə "Böyük 20-liy"ə də dəvət edəcəklər və bizimlə bir yerdə olmaq artıq dünyanın aparıcı dövlətləri üçün böyük bir fəxarət olacaq. Vaxtilə "Azərbaycan dünyaya bir günəş kimi doğacaq" deyən Ulu öndər Heydər Əliyevin sözlərində çox böyük siyasi yük və strateji uzaqgörənlik var idi. Hesab edirəm ki, ötən illər ərzində görülən işlər öz nəticəsini verib. Buna ancaq sevinmək lazımdır və hər kəs bu işdə fəallığını artırmalıdır". 
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan Prezidentinin apardığı düzgün və düşünülmüş siyasətin nəticəsidir. Bunu isə millət vəkili Bəxtiyar Sadıqov deyib. Millət vəkili bildirib ki, bu göstərici dünyada iqtisadi böhranın baş verdiyi bir ərəfədə Azərbaycan iqtisadiyyatının heç bir maneəyə baxmadan sürətlə inkişafından xəbər verir: "Dünyanın iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir vaxtda Azərbaycan nəinki öz iqtisadi göstəricilərini qoruyub saxlayır, hətta aparılan islahatlar, Prezident İlham Əliyevin uzaqgörən, məntiqli siyasəti nəticəsində bu göstəricilər daha da yaxşılaşır. Beynəlxalq qurumlar da Azərbaycanın bu dövrdə qazandığı uğurları rəqəmlərin dili ilə bir daha əks etdirir". B.Sadıqovun sözlərinə görə, Azərbaycanın reytinqdə yüksəlməsi onu göstərir ki, ölkənin inkişaf modeli düzgün qurulub: "Azərbaycanın iqtisadiyyatı möhkəm təməl üzərində olduğundan hər cür sınaqlardan uğurla çıxmağa qadirdir. Ən başlıcası isə bu iqtisadiyyat, bu inkişaf xalqın rifahının yüksəlməsinə xidmət edir, daim xalq tərəfindən dəstəklənir. Prezidentin verdiyi tapşırıqlar xalqın dəstəyi və köməyi ilə uğurla yerinə yetirilir".
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi də (MHA) bu məsələ ilə bağlı şərh verib. MHA-dan bildiriblər ki, bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib. Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – “Təsisatlar” və on ikinci göstərici – “İnnovasiyalar” böyük əhəmiyyət daşıyır. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur. Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib. “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında birinci yeri tutur və Cənubi Qafqaz ölkələri arasında mütləq lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır. “Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı, 118-ci yeri tutan Gürcüstanı geridə qoyur və MDB ölkələri arasında lider dövlətdir.
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. Ölkəmiz regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nı şərh edərkən bildirib.
Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşmasına münasibət bildirən iqtisadçı alim deyib: "Sevindirici haldır ki, Azərbaycan MDB ölkələri arasında ən rəqabətqabiliyyətli ölkədir. Eyni zamanda, Azərbaycan həm də qonşu İran və Türkiyə ilə müqayisədə rəqabət qabiliyyətinə görə daha öndədir. Bu isə ondan xəbər verir ki, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə regionun ən aparıcı ölkəsidir. Neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksək olması və bunun dünyanın ən aparıcı iqtisadi forumu tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, əslində Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Nəticə etibarilə bu, ondan xəbər verir ki, post-neft dövründə aparılan islahatlar Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarıb. Nəticədə neftin dünya bazarında qiymətinin aşağı olmasına və ölkəyə daxil olan neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə mövqeyini nəinki qoruyub saxlayıb, hətta gücləndirə bilib. Bu isə ondan xəbər verir ki, Azərbaycanda artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar həm ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsinə və mövcud infrastrukturdan və potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxarıb".
"Dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması həm də Azərbaycanda investisiyanın cəlbi və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, Azərbaycana mövcud potensialını təqdim etməyə, xüsusilə də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini davam etdirməyə imkan verir. Bu hesabatı həm də Azərbaycan iqtisadiyyatının xaricdə təqdimatında, ölkəmizin mövcud potensialının, eləcə də iqtisadi imkanlarının təqdimatında, investisiyanın cəlb edilməsində vasitə kimi xarakterizə etmək olar. Çünki aparıcı şirkətlər investisiya qərarı verən zaman məhz belə hesabatlarda ölkələrin mövqeyinə diqqət yetirirlər", - deyə V.Bayramov diqqətə çatdırıb.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması çox yaxşı göstəricidir. Bu, Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etdiyinin bariz nümunəsidir. Bu fikirləri isə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev qeyd edib. Rüfət Quliyev bildirib ki, qonşu ölkələrin iqtisadi durumuna nəzər salsaq, onlarla müqayisədə Azərbaycanın bu sahədə xeyli irəliləyişə nail olduğunu görərik. İqtisadi tərəfdaşlarımızı da ötərək bu göstəricini əldə etmişik. Azərbaycan beynəlxalq aləmin ən mötəbər reytinqində dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Bu rəqabət iqtisadiyyat üçün böyük bir meyardır. Rəqabətin nəticəsi olaraq Azərbaycanın 35-ci yerdə qərarlaşması ölkəmizdə qeyri-neft sektorunun inkişafından xəbər verir. Deputat qeyd edib ki, Azərbaycan bütün iqtisadi tədbirlərini Strateji Yol xəritələrinə uyğun olaraq həyata keçirir. Bu tədbirləri bir-birinə bağlayan iqtisadi kateqoriyalar mövcuddur. Bu müsbət hal onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qazandığı bu nailiyyət sosial-iqtisadi inkişafın davam etdiyini göstərir. Prezident İlham Əliyevin sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyinin irəliləməsi dövlətimizin başçısının apardığı kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

 

Azad