Azərbaycan Qlobal İnnovasiya İndeksinin “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticə əldə edib
18:06 11-07-2018
http://m.apa.az/az/xeber-az/sosial_xeberler/qlobal-innovasiya-indeksi-2018-derc-olunub-1728
126 ölkəni əhatə edən və Kornel Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa), Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksi (Qİİ) – 2018 dərc olunub.
Azərbaycan Əqli Mülkiyyət Agentliyindən APA-ya verilən məlumata görə, nəticələrə əsasən, Azərbaycan “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticəni – 26-cı yeri – 4-cü blokda (“Daxili bazarın inkişafı”) əldə etməyi bacarıb.
“Daxili bazarın inkişafı” blokunun kəsiyi olan investisiyalar göstəricisində Azərbaycan kifayət qədər yüksək mövqeyə - 3-cü yerə sahib olub, “institutlar” blokunun biznes-mühit göstəricisi üzrə isə ölkə 38-ci yerdə məskunlaşıb.
“Universitetlər və sənaye əməkdaşlığı” və “Klaster inkişafı” indikatorları üzrə də Azərbaycan müvafiq olaraq 33 və 34-cü yerləri tutub.
İnnovasiya nəticələri subindeksinin, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı” blokunun “Biliklərin yayılması” indikatorunda isə Azərbaycan 37-ci yerə yüksəlib.
Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan “İnstitutlar”, “İnsan kapitalı və elm”, “Biznesin inkişafı”, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı” blokları üzrə öz mövqelərini xeyli yaxşılaşdırıb.