Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət mədəni müxtəlifliyi dəstəkləyərək, multikulturalizmdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunmasını nəzərdə tutur


Bakı, 8 aprel 2011    (AzərTAc)

 

 

Bakıda öz işini davam etdirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci sessiyası bir-birindən maraqlı və əhatəli çıxışlarla yadda qalmışdır. Sessiyada Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun çıxışı da böyük maraqla qarşılanmışdır.
AzərTAc-ın müxbiri Kamran İmanovdan planetimizin mədəni həyatında son dərəcə mühüm hadisə olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı təəssüratlarını oxucularla bölüşməyi xahiş etmişdir. O demişdir:
-Əvvələn onu diqqətə çatdırım ki, bizi dünyanın digər xalqları ilə birləşdirən, eyni zamanda, ayrılıqda səciyyələndirən mədəniyyət elə bir keçmişimizdir ki, onsuz bu günümüz, sabahımız yoxdur.
“Mədəni müxtəliflik” mənasını daşıyan “mədəniyyət” anlamı həm ayrılıqda bir sistem kimi götürülən mədəniyyətə, həm də qarşılıqlı təsir vasitəsilə mədəniyyətlərarası sistemi təşkil edən fərqli mədəniyyətlər çoxluğuna aiddir.
Mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsəddir. Bunun, bəlkə də, yeganə yolu mədəniyyətlərarası dialoqun qurulması, onun yeni, səmərəli formalarının axtarışıdır. Burada “0 (sıfır)” nəticəli “biri udursa, digəri uduzur” oyun qaydalarına yer yoxdur, əksinə, çoxtərəfli əməkdaşlıq, məlumat mübadiləsi, kooperasiya tərəflərə fayda gətirir. Mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun vəhdətə gətirilməsini bir-birini zəiflətmədən əlavə kollektiv gücün, kibernetika dili ilə desək, sistemli emerjentliyin axtarışı prosesi kimi də təsəvvür etmək olar.
Ayrı-ayrı mədəniyyətlər səviyyəsində cəmiyyət və mədəniyyət mürəkkəb sistemdirsə, o zaman mövcud təcrübə və araşdırmalara əsasən üst-mədəniyyət səviyyəsindəki müxtəlifliyin artması, alt-cəmiyyət səviyyəsində müxtəlifliyə məhdudiyyətlər yaradır. Yaxud əksinə, alt-cəmiyyət səviyyəsində müxtəlifliyin artması üst-mədəniyyət səviyyəsindəki müxtəlifliyin azalmasına səbəb olur və sistemdəki entropiyanı çoxaldır. Bu isə idarəetmənin fundamental prinsipi - Uolt Eşbinin məşhur “Zəruri müxtəliflik” qanununa görə, idarəetmənin mənasını heçə endirir. Lakin “mədəniyyət”də özünü tənzimləyən və dirçəldən sistem potensialı olduğuna görə sistemdəki entropiyanı tənzimləməyə qadirdir, sosiumu yeni yaşayış şərtlərinə yönəldə bilir.
Digər tərəfdən, qərarlar da düzgün qəbul olunmalıdır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı nitqində dediyi kimi, siyasi iradə, ənənəyə əsaslanan adekvat dövlət siyasəti qurulmalıdır.
Belə bir müdrik deyim var: “Mədəniyyətin qəlbi qəlbin mədəniyyətindən irəli gəlir”. YUNESKO-nun “Mədəni müxtəliflik üzrə Universal Bəyannaməsi”nə əsasən, hər bir mədəniyyət cəmiyyətə xas olan intellektual nailiyyətlərlə yanaşı, həm də mənəvi, maddi və emosional əlamətlər məcmusudur. Xüsusilə qeyd edirəm ki, mədəniyyət millətin həyat tərzində, “birgə yaşayış bacarığında” və ənənələrindədir.
Odur ki, mədəni müxtəliflik siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları rədd edir, etnik təmizləməni və assimilyasiya siyasətini, ksenofobiyanı, eyni zamanda, bir millətin “əzabkeşliyindən” irəli gələn “müstəsnalığını” və “xüsusi missiyasını”, bunun nəticəsi kimi, onun mədəni müxtəlifliyinin absurd dərəcədə şişirdilməsini və “mədəni” relyativizm bəhanəsi ilə insan hüquqlarının pozulmasına bəraət qazandırılmasını qəbul edə bilməz.
Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və buradakı mədəni irsimizin maddi və qeyri-maddi nümunələri Ermənistan tərəfindən talan və məhv edilir, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Lakin bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyildir.
Etnoloji üzvi əlaqələr yaradıcılıqda və mədəni ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücünü təbiət və doğma torpaqla, iqlim və coğrafi arealla bağlayır. Bu gün 1 milyon nəfər qaçqın və köçkünü olan azərbaycanlılar öz coğrafi məkanında - dünya ictimaiyyəti tərəfindən musiqi konservatoriyası kimi qəbul edilmiş Qarabağda yaradıcılıq və ənənələri yaşatmaqdan da məhrum olmuşlar. Bu isə Azərbaycanın mədəni müxtəlifliyinə vurulan digər zərbədir.
Liberalizmin klassiki Fridrix fon Xayekə görə, mədəni ənənələr nə təbii, nə də süni məhsuldur, ortaq bir yaranmadır. Bunların təbii yaranma və inkişafı müəyyən ərazidəki iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətə çevirir. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı aləti olur. Bundan məhrum olmağımız bizə vurulan daha bir zərbədir.
Bütün bu səbəblərə görə ərazilərimizə göz dikənlərə qarşı həmişə mübarizə aparılmışdır və aparılacaqdır. Çünki mədəniyyətin qəlbi qəlbin mədəniyyətidirsə, işğalçı qəlbinə mədəniyyət yaddır.
Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət mədəni müxtəlifliyi dəstəkləyərək, multikulturalizmdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların qorunmasını nəzərdə tutur. Azərbaycan YUNESKO-nun mədəniyyət və mədəni irsə, WIPO-nun müəlliflik hüququ və digər əqli mülkiyyət hüququna dair bütün beynəlxalq konvensiyalarının fəal iştirakçısıdır.
Bunların bariz nümunəsi Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun aşağıdakı devizidir: “Mədəni müxtəliflik bizi ayıran və fərqləndirən məsələ deyil, faktiki surətdə bütün bəşəriyyət üçün vahid gələcəyi hazırlayan, davamlılığı və yeniləşməni ifadə edən vəzifədir”. Eyni zamanda, ölkəmizdə folklorun hüquqi qorunması haqqında qanun qəbul edilmiş, ənənəvi biliklər isə xüsusi qorunma hüququ ilə təmin olunmuşdur. Bu, Azərbaycanda yaşayan bütün xalqlara aiddir.
Əminəm ki, bu forumda aparılan dialoq mədəniyyətlərin bir-biri ilə ünsiyyət qurmaq mədəniyyətinin parlaq nümunəsi olacaq və bizim bugünkü tərəqqimiz gələcəyin ənənəsinə çevriləcəkdir.