Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycan musiqi alətlərinin qorunması və inkişafı haqqında


Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun 4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkilatçılığı ilə “Azərbaycanın milli musiqi alətləri: keçmişimiz – bu günümüz” mövzusunda elmi-praktik konfransda etdiyi “Azərbaycan musiqi alətlərinin qorunması və inkişafı haqqında” adlı çıxışı:

 

 

Hörmətli yığıncaq iştirakçıları!

Musiqi hər bir zamanda xüsusi bir aləm təşkil edib. Bizim mənəvi və cismani həyatımız arasında körpü və vasitəçi olan, qəlbdən gələrək, qəlblərə çatan, «düşüncələri təcəssüm edən» (Vaqner), «alovlu təfəkkürü oyadan» (Emerson), «fəlsəfi müdriklikdən artıq yüksəldən» (Betxoven), «ümumbəşəri dil olan» (Veber) musiqidir. Qısaca desək, «söz qurtardı – musiqi başlandı».

Musiqi və poeziya həmişə Azərbaycan mədəniyyətinin qəlbi, canı olmuşdur, «mədəniyyətin qəlbi, ruhu isə qəlbin, ruhun mədəniyyətidir», azərbaycanlıların qəlbidir və heç də təsədüfi deyil ki, biz azərbaycanlılar bizi ruhlandıran nə varsa, ona qəlb adı veririk.

Musiqini isə musiqi aləti olmadan təsəvvür etmək çətindir. İstər qədim mahnı və nəğmələrimiz, istərsə də gözəl aşıq mahnılarımız, musiqi-rəqs folklorumuz və sözsüz ki, xalq musiqimizin zirvəsi olan muğamdan söhbət açırıq.

Mahnılarımız kimi rəqslərimiz də xalqımızın bədii təfəkküründəki şur, segah, rast və bəzən şüştər və cahargah üstündə səslənənərək, musiqi alətlərimizlə vəhdət təşkil edir. Odur ki, Azərbaycan musiqi alətləri haqqında bugünkü yığıncaq əhəmiyyətlidir, keçmişimizin, bu günümüzün musiqi alətlərinin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi, ənənəmizin inkişaf etdirilməsi nöqteyi-nəzərindən dəstəklənməlidir. Çünki musiqimiz kimi musiqi alətləri ənənəmiz də bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün musiqisinin gələcəyi yoxdur.

Bir həqiqətdir ki, keçmişin tərəqqisi bu günümüzün ənənəsidir, bu günümüzün tərəqqisi isə sabahımızın ənənəsinə çevriləcək.

Hörmətli dostlar!

Azərbaycanın mədəni irsinin qorunması və təbliği ümummilli lider Heydər Əliyenin daim diqqət mərkəzində olmuşdur. Ulu öndər Azərbaycan xalqının qədim irsinin öyrənilməsi, musiqi mədəniyyətinin inkişafı sahəsində görülən işləri hər zaman yüksək qiymətləndirmişdi.

Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində mədəniyyətimizin yeni, intibah dövrü gerçəkləşib. Bunun bariz nümunəsi Musiqi mədəniyyəti Dövlət muzeyinin nəzdində Dövlət qədim musiqi alətləri ansamblıdır, ali musiqi məktəblərimizin nəzdində fəaliyyət göstərən alətlərə aid xüsusi laboratoriyalardır, musiqi mədəniyyətimizin təhsil ocaqlarıdır.

Bu gün Azərbaycan xalqının zəngin mədəni irsinin öyrənilməsinin genişmiqyaslı xarakter almasında və onun beynəlxalq miqyasda təbliğində Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Fondun prezidenti, Azərbaycanın Birinci Vitse-Prezidenti YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın etnik musiqisi, xüsusilə muğam və aşıq sənəti öz inkişafının yeni mərhələsini yaşayır.

Hörmətli dostlar!

Musiqi alətlərinin tarixinə nəzər salaraq, qeyd edək ki, tədqiqatçıların qənaəti belədir ki, yayılma arealından asılı olmayaraq, bütün simli musiqi alətləri eyni kökdən – ibtidai silah olan yaydan, oxun çıxardığı səsdən yaranmışdır və bu çox simvolik məna daşıyır.

Azərbaycanın musiqi alətlərinin yaranması və yayılması üç güclü təsir-mənbələrdən qaynaqlanır: türk xalqlarının ortaq mədəniyyətindən, Ön Asiyanın, Şərqin qədim sivilizasiyasından və İslam dünyasının nailiyyətlərindən.

Azərbaycan xalqının incisi, ümumtürk etnomədəni birliyinin məhsulu sayılan «Kitabi-Dədə Qorqud»da işıqlandırılan qopuz, gil qopuz simli, eləcə də yaylı musiqi alətlərinin məşhur əcdadıdır. Qədim mənbələrə əsasən, xalqımızın ifaçılıq sənətində 88 musiqi aləti, o cümlədən 32 simli və 23 nəfəs alətlərindən geniş istifadə olunurdu. Bunların izi uzaq keçmişdən gəlir.

Belə ki, Amerika professorları Pinas Delokas və Nilen Kantur tərəfindən Güney Azərbaycanın ərazisində qədim insan məskənlərindən olmuş Cığamış şəhərciyindən tapılmış 6-8 min il əvvələ aid olan nümunələr çərçivəsində bir qab üzərindəki iki təsvirdə bardaş qurub əyləşən musiqiçilər qrupu – musiqili «orkestr», dizləri üstünə görünüşcə qopuza oxşar simli musiqili alət qoymuş «ozan», arxasında «zurnaçı», hətta bu gün də Azərbaycan muğam ifaçılığına xas tərzdə – əlini qulağının arxasına qoyub oxuyan xanəndə dediklərimizin bariz nümunəsidir.

Bu sıraya Qobustanın Gəmiqaya qayaüstü rəsmləri, 10-12 min il yaşı olan qədim təbii musiqi aləti – möcüzəli qavaldaşı və s. əlavə etməliyik. Heç də təsadüfi deyil ki, qədim türklərdə «musiqi» sözünü «kü» və «küğ / küy» kəlmələri əvəz edirdi və biz azərbaycanlılarda bu gündə də «səs» mənasını verən «küy» kimi qorunub saxlanmışdır.

Hörmətli dostlar!

Müasir musiqi alətləri böyük təkmilləşdirmə və inkişaf yolunu keçiblər və bu gün etnik rəngarənglik mədəni müxtəliflik və milli özünəməxsusluq həmin alətlərdə öz əksini tapır. Musiqi alətləri əqli mülkiyyətdir və ƏM hüquqları istər yaradıcı fərdə məxsus olan, istərsə də millətimizə muvafiq qanunlarla qorunur.

İlk növbədə Azərbaycan xalqına məxsus olan musiqi alətləri üzərində dayanmaq istərdim.

«Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanunun 2-ci maddəsi, 2.1.4-cü bəndinə əsasən, musiqi alətləri duyulan tətbiqi sənət və xalq yaradıcılığı nümunələri sırasına daxildir və bu tamamilə YUNESKO-nun və ÜƏMT-nin folklor nümunələri haqqında tövsiyələrinə uyğundur.

Folklor nümunələri kimi Azərbaycan musiqi alətlərindən ərazimizdə istifadə formaları, o cümlədən kommersiya məqsədi ilə sərbəstdir. Söhbət ənənəvi və adi istifadə formalarından gedir. Əgər istifadə forması ənənəvi və adi deyilsə, o zaman nümunənin məzmununa xələl gətirməmək şərti ilə onun məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər. Aydındır ki, musiqi alətinin əsas istifadə funksiyası ifadə və müşahidə etməklə səslənmədən ibarətdir. Lakin alət ilə bağlı digər istifadə formaları mövcuddur, o cümlədən nəşrlərdə, rəsm və fotoşəkillərdə və s. müxtəlif kütləvi bildiriş formalarında onlar əks oluna bilər və belə şəraitdə nümunələrin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (icmalın) adı mütləq göstərilməlidir.

O ki qaldı digər dövlətlərin hüquqi və fiziki şəxslərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda kommersiya məqsədi ilə istifadə yalnız Müəllif Hüquqları Agentliyinin icazəsi əsasında həyata keçirilə bilər və istifadəyə görə haqq ödənilməlidir.

Hörmətli konfrans iştirakçıları!

Gündəmə belə bir sual gəlir: folklor haqqında Qanun Azərbaycanın musiqi alətləri üzərində yenidən işlənməsini, təkmilləşdirilməsini və s. işləri nəzərdə tuturmu? Şübhəsiz, Qanunun 7-ci maddəsi buna imkanlar yaradır – «Folklor nümunələri orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə» (m.7.1.1.), yəni musiqi aləti üzərində yeniliyi, yeni nümunəni yaratmaqda.

Bir incəliyə də diqqət yetirək. Təkmilləşdirilmiş musiqi alətinə orijinal olduğu halda yeni əsər kimi baxılır, yəni müəllif-hüquq obyekti kimi və «Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında» Qanunla onu yaradan şəxsin hüquqları qorunur. Bu, folklor qanunvericiliyi ilə qorunan folklor nümunəsi – bizim musiqi alətimiz və müəllif-hüquq qanunvericiliyi ilə qorunan yeniliyin arasındakı körpüdür.

O zaman növbəti bir sual çıxır – bəs patent hüququ ilə musiqi ələti qoruna bilərmi? Bəli, qoruna bilər, misal üçün yeni musiqi alətinin icadı. Bir sözlə, ixtira – yeni texniki həll kimi musiqi alətinin yaradılmasına tətbiq oluna bilər. Simli, nəfəsli, klavişli musiqi alətlərinin böyük və zəngin təkmilləşdirmə və inkişaf tarixi var və bunun nəticəsidir ki, müxtəlif ölkələrin, xalqların və millətlərin musiqi alətləri rəngarəngliklə səciyyələnir. Bununla bağlı bir nümunə gətirərək, patentləşmənin müsbət cəhətlərini göstərim.

Saksafon – orkestrin yeganə patentli alətidir. Ona Fransada Adolf Saks tərəfindən 1846-cı ildə patent alınmışdır. Sonrakı təxminən 70 il ərzində  saksofona aid daha 14 patent alınmışdır, onlardan bəziləri Adolf Saks tərəfindən,  bəziləri isə özlərini rəqib adlandıran digərləri tərəfindən. Bu patentlər saksafonun  mundştuk hissəsinin hal-hazırda bildiyimiz kimi olmasına, alt saksafonun, saksofonun digər müxtəlif növlərinə və saksofonun özünün təkmilləşdirilmiş mexanizminin yaranmasına gətirib çıxarmışdır. İndi isə bu texnologiya içtimai sərvətlər sahəsində 100 ildən artıqdır ki, mövcuddur, patentlər açıqlanıb və hər kəs saksofonu istifadə və istehsal edə bilər.

İndi isə bunun skripkanın təkamülü ilə müqayisə edilməsi maraqlı və ibrətamiz olardı.

İtaliyada, Kremonda XVII və XVIII əsrlərdə skripkanın istehsal texnologiyası ailə sirri idi və onu nəsildən-nəsilə sirr olaraq ötürürdülər. Bunun nəticəsidir ki, indiyədək heç kim dünyada məşhur Stradivari, Qvarneri və digər ən yaxşı skripkaların necə istehsal edildiyini bilmir. Onların istehsalının sirri zamanla ailə sirrlərində və onların öz biliklərinin bir-birinə ötürülməsi nəticəsində itirilmişdir.

Saksofona aid biliklərin patentin qorunma müddəti bitdikdən sonra ötürülməsinin skripka ustalarının  biliklərinin sirr kimi saxlanılması ilə müqayisəsi patent sisteminin məlumatın açıqlaması müvəffəqiyyətinin yeganə nümunəsi deyil. Xollerit perfokartası, televizor, reaktiv mühərrik, polimerizasiya katalizatoru və İnternet-telefon – bunların hamısı patent sistemində illər və hətta on illər keçmiş ixtiraların  kommersiyalaşdırılmasından sonra dərc olunan əhəmiyyətli texnologiyalar və məmulatlardır.

Hörmətli dostlar!

Mütəxəssis kimi bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. ÜƏMT-nin təcrübəsinə və məlumatına əsasən, musiqi alətlərinin patentləşməsi əsasən sənaye nümunəsi, kiçik patent kimi həyata keçirilir, yəni ƏM hüququ həmin alətlərin daha çox məhsulun estetik və ya zahiri görkəminə aid edir.

Burada istər həcmli, fəzavi (məsələn, məlumatın forması), istərsə də müstəvi (ornament, rəsm, konturlar, xətlər, rəng və s.) komponentlər və onların kombinasiyası mövcuddur və qeydiyyatı üçün yenilik, orijinallıq və individuallıq (fərdilik) meyarlarının ödənilməsi tələbi vardır.

Sənaye nümunələrinin beynəlxalq deponlaşması Qaaqa Konvensiyası və bununla bağlı «Sənaye nümunələrinin beynəlxalq təsnifatı haqqında Lokarn Razılaşması (Müqavilə)»na əsasən, musiqi alətləri təsnifat üzrə 17-ci sinfə aid edilir.

ÜƏMT-nin tövsiyələrinə görə, sənaye nümunəsi kimi kiçik patentləşmənin aparılmasını milli qanunvericiliyə və sənaye nümunəsinin növündən asılı olaraq, alternativ qorunma yolları ilə də həyata keçirmək mümkündür.

Birincisi, müəllif hüququ ilə qorunması alternativi – o zaman sənaye nümunəsi incəsənət və ya tətbiqi incəsənət əsəri kimi təqdim olunur və bir çox ölkələrdə bu mövcuddur. Azərbaycanda da belə imkan var, xüsusən nəzərə alsaq ki, Azərbaycanın müəllif-hüquq qanunvericiliyi nadir ölkələr sırasında əsərlərin könüllü dövlət qeydiyyatının aparılmasını nəzərdə tutur və Qeydiyyat haqqında Şəhadətnamə müəlliflik hüququnun prezumpsiyası kimi çıxış edir.

İkincisi, bir neçə ölkələrdə əmtəə nişanının funksiyasını yerinə yetirən sənaye nümunəsinin qorunma alternativi kimi həcmli əmtəə nişanı əsasında qorunmasıdır (məsələn, “Koka-kola” butulkası, yaxud “Toblerone” şokoladının üçbucaqlı forması).

Nəhayət, bir neçə ölkələrdə sənaye nümunəsinin qorunması alternativi – haqsız rəqabət qanunvericiliyi ilə qorunmadadır.

Beləliklə, ÜƏMT-nin tövsiyələrinə əsasən, əgər milli müəllif-hüquq qanunvericiliyi, ya da sənaye nümunələri haqqında qanunvericiliyin müddəaları ikili qorunmanı rədd etmirsə, sənaye nümunəsinin yalnız birinin vasitəsilə qorunmasını tələb etmirsə, o zaman sənaye nümunələrinə münasibətdə akkumulyativ (ikili) qorunma tətbiq edilə bilər və əksər ölkələr bu cür də hərəkət edir (məsələn, xalça, musiqi aləti dizaynı və s. münasibətdə).

Odur ki, Azərbaycan folkloru nümunələrinin qorunmasından irəli gələn nümunələrin – musiqi alətlərinin təkmilləşdirilmiş variantlarının yeni tətbiqi sənət əsərləri kimi müəlliflik hüququ ilə qorunması sənaye nümunələrinin qorunmasından irəli gələn alternativ müəlliflik hüququ ilə qorunması ilə vəhdət təşkil edərək, heç bir ziddiyyət yaratmır. Müəllif Hüquqları Agentliyinin təcrübəsi buna əsaslanır və heç də təsadüfi deyil ki, müraciət edən alət ustalarını qeydiyyatımızdan sonra biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndəririk.

Diqqət mərkəzində duran məsələ nə müəllif-hüquq üsulları, nə də patent imkanları ilə musiqi alətlərinin qorunmasının əhəmiyyətindən deyil. Qarşımızda daha yüksək ümummilli amal durur: söhbət Azərbaycan musiqisinin ayrılmaz hissəsi, folklorumuzun incisi olan musiqi alətlərimizin birgə, birləşmiş səylərlə qorunub saxlanılmasından, gələcək nəsillərə ötürülməsindən və inkişaf etdirilməsindən, qeyri-maddi, mənəvi irsimizin zirvələrdə saxlanılmasından gedir.

Bu günə qədər Agentlikdə musiqi alətləri ilə bağlı 18 əsər tətbiqi sənət nümunələri kimi qeydiyyatdan keçirilmişdir. Onlardan 10-u çertyojları və izahları ilə birgə yeni dizaynlı musiqi alətlərinə aiddir, 8-i isə mövcud musiqili alətlərimizin (tarın, kamançanın, sazın) çertyoj və izahlı təkmilləşdirilməsi ilə bağlıdır.

Hörmətli dostlar!

Zaman geçdikcə bizim qədim alətlər daha da təkmilləşdirilmiş, yeni formalar almış və səs imkanları genişləndirilmişdir. Nəticədə bir sıra musiqi alətlərinin, məsələn, sazın, tarın, qopuzun, nağaranın, udun, balabanın, zurnanın, neyin və s. yeni variantları yaradılmışdır. Təsadüfi deyildir ki, bu gün Şərqdə geniş yayılmış bir sıra musiqi alətlərinin müəllifləri və qədim ifaçıları arasında azərbaycanlıların da adları ehtiramla çəkilir. Ümüdvaram ki, gələcəkdə də belə olacaq.

Eyni zamanda, əgər biz «Azərbaycan qarmonu» deyiriksə, bu alətin ilkin yaradıcısının azərbaycanlı, vətəninin isə Azərbaycan olduğunu iddia etmək fikrində deyilik. Əksinə, burada söhbət qarmonun Azərbaycan milli musiqisinə, ladlarına uyğunlaşdırılmış variantından gedir.

Əcdadlarımızın bizə vəsiyyət etdiyi bu zəngin irsin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq, sırf siyasi-hüquqi problemə çevrilmişdir. Odur ki, maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən «zərərsiz plagiat» cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də «mədəniyyətlərarası inteqrasiya prosesi»nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların güya Cənubi Qafqaz regionunun «ən qədim köklü sakinləri» olmasına, «Böyük hay mədəniyyəti», «Böyük Ermənistan» xülyasının gerçəkləşdirilməsinə dair saxta «faktoloji materiallar» toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır.

Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir. Halbuki, ermənilərin bu gün mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi ümumtürk, Azərbaycan Şərq musiqi alətləri onların Cənubi Qafqazda kütləvi məskunlaşmasından çox-çox əvvəl yaranmışdır.

Odur ki, «Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi» «Gəldim, gördüm, …, mənimsədim» prinsipi ilə gerçəkləşsə də onun qarşısına sipər çəkilməlidir.

Biz hər zaman erməni əqli oğurluqlarına qarşı mübarizə aparmışıq və aparacağıq!

Təşəkkür edirəm!

 

04.04.2017