Azərbaycan məktəblisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradıcılıq sahəsində mükafatına layiq görülmüşdür
Dünyada əqli mülkiyyət sahəsində aparılan işlərin idarəçiliyi və koordinasiyasını həyata keçirən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq üçün hər il müxtəlif formatlı tədbirlər həyata keçirir. Belə tədbirlər sırasında ilk dəfə olaraq məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə 2015-ci ildən ÜƏMT Mükafatının verilməsi nəzərdə tutulmuşdur. Yeni qaydalara uyğun olaraq, bu müsabiqədə ÜƏMT-nin üzv dövlətlərində yaradıcılıq nailiyyətləri ilə fərqlənən məktəblilər iştirak edə bilərlər.
Ölkəmizin nümayəndəsinin qeyd olunan yaradıcılıq müsabiqəsində iştirakı ilə əlaqədar ötən il bütün zəruri tədbirlər görülmüş, bununla əlaqədar Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyi tərəfindən ÜƏMT-nin Mükafatlar Proqramının Yeni qaydalarına uyğun olaraq məktəb şagirdləri kateqoriyası üzrə namizədin müəyyən edilməsi üçün seçim turu keçirilmiş və onun nəticələrinə əsasən Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilmişdir.
Hüseyn Hacıyev “Microsoft Azərbaycan” Şirkəti və İnformatika üzrə olimpiada mərkəzinin rəhbərliyi və köməkliyi ilə bir sıra yaradıcılıq uğurları əldə etmişdir. Təhsil Nazirliyinin seçim turunun nəticələri barədə tərtib etdiyi sənədlər (Qalib namizəd haqqında şəxsi məlumatlar, həmçinin onun yaradıcılıq sahəsində nailiyyətləri və uğurları barədə ətraflı informasiya) müvafiq qaydada baxılması və qərar qəbul edilməsi üçün Müəllif Hüquqları Agentliyi tərəfindən ÜƏMT-yə təqdim olunmuşdur.
Mükafatlar Proqramının Qaydalarına uyğun olaraq, təqdim olunmuş namizəd və onun yaradıcılıq nailiyyətləri və uğurları haqqında məlumatlara ÜƏMT-nin ekspertləri tərəfindən baxılmış və Azərbaycan məktəblisinə Məktəb şagirdləri kateqoriyası üzrə ÜƏMT Mükafatının verilməsi haqqında qərar qəbul etmişdir. Mükafat ÜƏMT medalından, xatirə hədiyyəsindən və ÜƏMT-nin Baş direktoru Dr. Frensis Qarri tərəfindən imzalanmış Sertifikatdan ibarətdir.
Mükafat 29 fevral 2016-cı il tarixdə Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri təltif etmə mərasimində Hüseyn Hacıyevə təqdim olunmuşdur.
29.02.2016