“Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirildi
24.04.2015, 15:22
http://www.science.az/az/index.php?id=8592
Aprelin 24-də JW Marriott Abşeron otelində AMEA, AR Müəllif Hüquqları Agentliyi (MHA) və AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirildi.
26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilən tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 2001-ci ildə elan olunmuş Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsədindən və əhəmiyyətindən danışdı. Ölkədə son illərdə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını söyləyən R.Həsənov əqli mülkiyyətin potensialının iqtisadi inkişafın vacib alətinə çevrildiyini və Azərbaycanın iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərdiyini bildirdi: “İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir”.
Komitə sədri qeyd etdi ki, əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi, rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə MHA-nın sədri Kamran İmanov çıxış edərək, əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu diqqətə çatdırdı. Müstəqillik dövrü ərzində Azərbaycanda insanların yaradıcılıq fəaliyyətinin stimullaşdırması və müəllif hüquqlarının qorunması sahəsində olduqca mühüm işlərin görüldüyünü söyləyən K.İmanov 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsilə ölkəmizdə əqli mülkiyyət sahəsi üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələnin başlandığını bildirdi: “Bu sahədə qanunvericilik sistemimiz milli xüsusiyyətlər və beynəlxalq standartlar nəzərə alınmaqla qurulub, yeni informasiya cəmiyyətinin inkişafından və “biliklərə əsaslanan iqtisadiyyat”dan irəli gələn tələblər nəzərə alınmaqla daim təkmilləşib”.
Sonra AMEA prezidenti, akademik Akif Əlizadə “Azərbaycan alimlərinin müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin qorunması problemləri” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırış məqsədi güdülür. AMEA rəhbərinin sözlərinə görə, bu gün ölkəmizdə əsas problemlərdən biri alimlərimizin müəllif hüquqları və intellektual mülkiyyətlərinin qorunması ilə bağlıdır. Alim, belə bir şəraitdə onların öz fəaliyyətlərində maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum olduqlarını, bununla yanaşı, ölkəmizin iqtisadi təhlükəsizliyinə də müəyyən təhdidlərin yarandığını diqqətə çatdırdı. Azərbaycan alimlərinin hüquqlarını, həmçinin elmimizin nüfuzunu qorumaq üçün plagiatlıq məsələsinə son dərəcə həssaslıqla yanaşmağın vacibliyini önə çəkdi: “Biz, həmçinin elmi kadr hazırlığında informasiya və biliklər cəmiyyətinin tələblərini nəzərə almalı, alim və mütəxəssislərimizdə müvafiq mədəniyyətin, təfəkkürün formalaşdırılması üçün mühüm işlər görməliyik”.
Akademik A.Əlizadə ölkəmizdə müəllif hüquqlarının və intellektual mülkiyyətin qorunması sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, o cümlədən Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək qiymətləndirdi. AMEA ilə bu dövlət qurumları arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyini dilə gətirdi.
Tədbirdə “Əqli mülkiyyət dünən, bu gün və sabah” və “Azərbaycanda ƏMH-nın idarə olunmasının avtomatlaşdırılması. Qarşıya qoyulan məqsədlər” mövzusunda məruzələr dinlənildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AR Təhsil nazirinin müavini Ceyhun Bayramov, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri Emil Məmmədov və digər qonaqlar mövzu ətrafında çıxış etdilər.
Tədbirdə məruzələr ətrafında müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.