Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Avrasiya Patent İdarəsinin vitse-prezidenti azərbaycanlı təyin olunub


29 Oktyabr 2018

 

https://az.trend.az/business/2972433.html

 

 

22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının növbəti iclası keçirilib.

Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə bir sıra məsələlər çıxarılıb, o cümlədən Avrasiya Patent Təşkilatına üzv dövlətlər ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun müzakirəsi və ölkəmizin namizədinin Avropa Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması.

Müzakirələr nəticəsində Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətni qəbul olunub və ölkəmizin namizədi Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunub.

Belə nüfuzlu beynəlxalq regional təşkilatda ölkəmizin namizədinin yüksək vəzifəyə təyin olunması ölkədə sahə üzrə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü islahatların, o cümlədən Azərbaycanın regional lider ölkəyə çevrilməsinin daha bir göstəricisidir.

Qeyd etmək lazımdır ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb, ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını (APK) imzalayıb, 1995-ci ildə isə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzv olub. Təşkilat Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələri yerinə yetirmək üçün təsis olunmuş beynəlxalq təşkilatdır. Hazırda təşkilata 8 üzv dövlət daxildir: Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan. APT-nin idarəedici orqanları İnzibati Şura və Avrasiya Patent İdarəsidir.