Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Akademik ermənilərin təndir iddiasına elmi cavab verdi


15.07.2015

http://www.baki-xeber.com

Teymur Bünyadov: "Təndir ta qədimdən Azərbaycana məxsus olub"

"Azərbaycanda çörək necə müqəddəs sayılırsa, təndirə də o cür yanaşılıb"

Tarixən mənfur düşmənimiz olan ermənilər tək Azərbaycan torpaqlarına göz dikməyib, eyni zamanda mədəniyyətimizə də yiyələnmək istəyiblər. Lavaş, dolmadan qurtarıb pitiyə keçən ermənilərin boğazında bu dəfə təndir çörəyi qalıb. Onlar təndirin onlara məxsus olduğunu iddia edir.
Bir neçə gün öncə erməni Stefan Sardaryan "YouTube" portalında paylaşdığı video ilə təndiri erməni xalqına məxsus bir dəyər kimi təqdim edib. O qeyd edib ki, guya təndir erməni mətbəxinin ilk nümunələrindəndir, ondan lavaş, yemək bişirmək və evləri qızdırmaq məqsədilə istifadə edilib. Ermənilərə görə, guya təndir yerdəki günəşi simvolizə edir.
Müəllif Hüquqları Agentliyinin məsələ ilə bağlı reaksiyasında deyilir: "Azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş "tonir" variantı da buradan yaranıb) bişirirlər. Təsadüfi deyil ki, ən qədim təndir Azərbaycan ərazisində tapılıb. Azərbaycanda təndirin "Çala", "Doyma", "Şirəli", "Qoyma", "Kürə" və digər növləri var. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir.
Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır. Bu xüsusi gil sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən istifadə edilərkən, "dəm qazı" əmələ gəlir. Elə "tindir" sözü də Azərbaycan dilində "dəm qazı" mənasını bildirir. Bütün təndirlərin, o cümlədən erməni redaksiyasında verilən "tonir"lərin hava çəkən yeri -"külfə"si var. O, Azərbaycan dilində "kül üfürən" deməkdir. Bəllidir ki, "lavaş" çörəyi türk sözü "aş"-dan yaranıb. Onun ən nazik növünü isə azərbaycanlılar "yuxa", yaxud "yayma" kimi adlandırır. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirir və onlar ermənilər tərəfindən mənimsənilib".
Akademik Teymur Bünyadov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ermənilər mədəniyyətə malik olmayan bir dövlətdir: "İndi də iddia edirlər ki, guya təndir onların olub. Məlumat üçün bildirim ki, təndirin ən azı 3 min illik tarixi var. Təndir xüsusilə də oturaq həyat sürənlər arasında yayılıb. Əkinçilik və sənətkarlıqla məşğul olanlar təndir çörəyinə üstünlük verib. Amma maldarlıqla məşğul olanlar isə sacda bişən çörəyə üstünlük verib. Çünki dağa gedənlər sacı heyvanın belinə qoyaraq istədiyi yerdə çörək bişirib qidalana bilərdi".
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda iki cür təndir olub. Yerüstü və yeraltı təndir: "Azərbaycanda çörək necə müqəddəs sayılırsa, təndirə də o cür yanaşılıb. Əcdadlarımız nahaq yerə "Təndir çörəyi, evimin dirəyi" deməyiblər. Bəzi vaxtlarda gün tutulması olanda, zəlzələ baş verəndə insanlar təndirin başına qaçıblar. Onlar təndir yanında hifz olunacaqlarına, başlarına bir iş gəlməyəcəyinə inanıblar. Həmin inam bu gün də xalq arasında yaşamaqdadır".
T.Bünyadov bildirdi ki, təndir azərbaycanlıların məişət-təsərrüfat həyatının ən vazkeçilməz elementidir. Ulularımız çörəyi, bəzən hətta ayrı-ayrı xörək növlərini təndirdə bişirib. Təndir ta qədimdən Azərbaycana məxsus olub.

Günel CƏLİLOVA